Məhkəmə qərarları › İş №2(006)-2482/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2482/2025

16.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Şərəf və ləyaqətin müdafiəsi üzrə - Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2482/2025 16.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X8 oğlunun sədrliyi, X5 qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Nəcəfova (Əkbərova) Natəvan Telman qızının Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Nəcəfova (Əkbərova) Natəvan Telman qızı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının özünə və hər bir uşağına Cavabdeh 50.000 (əlli min) manat təzminat və təhqiramiz ifadələrə və hərəkətlərinə görə iddiaçıdan üzr istəməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Nəcəfova (Əkbərova) Natəvan Telman qızı xx.xx.2010-cu il tarixdə Cavabdeh ilə nikah bağlamış, birgə nikahdan 2 övladları olmuşdur: xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2. İddiaçı xx.xx.2021-ci il tarixdə nikahın pozulması barədə ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. 3 il 8 ay davam edən çəkişməli məhkəmə proseslərindən sonra nəhayət, xx.xx.2024-cü il tarixdə Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(001)-25/2024 nömrəli qətnamə ilə tərəflərin nikahı pozulmuşdur. Bu müddət ərzində Cavabdeh məhkəməyə müraciət edərək, DNK analizi verilməsini tələb etmişdir. Bu tələb təsdiq olunduqda ikinci dəfə də DNK analizi verilməsi tələb edilib. Bu DNK analizi ilə bağlı iş Ali Məhkəməyə qədər getmişdir və iddiaçı hər birində haqlı olmuşdur. İddiaçı onun adına və ləyaqətinə kölgə salmaq istəməsinə, qohumlarına, xüsusilə də qohum qızların həyat yoldaşlarına zəng vuraraq iddiaçı haqqında mənfi rəy formalaşdırmaq istədiyinə, uşaqların gələcəyinə cəmiyyət içində göstəriləcək münasibətə, dəfələrlə DNK analizi tələb edib uşaqlara qan verdirərək, həm fiziki, həm də psixologiyalarına mənfi təsir göstərdiyinə görə, iddiaçının özünə və hər bir uşağa, hərçənd ki, bunun mənəvi zərərinin maddi qarşılığı sonsuzdur, cavabdehdən 50.000 manat təzminat və təhqiramiz ifadələrə və hərəkətlərinə görə üzrxahlıq etməsini tələb edir.

3. İddiaçı Nəcəfova (Əkbərova) Natəvan Telman qızı iddia tələbi ilə bağlı yazılı izahatında qeyd etmişdir ki, cavabdehin “atalığın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi əsasında xx.xx.2022-ci il tarixli, 2(001)-2817/2022 nömrəli işə Binəqədi Rayon Məhkəməsində baxılmışdır. Cavabdeh həmin iş üzrə iddia ərizəsində iddiaçının haqqında nalayiq kəlmələrdən istifadə etmiş, ona şər atmış, şəxsiyyətini və Azərbaycan xanımına xas milli dəyərlər və mentalitet qaydaları ilə böyüdülmüş, tərbiyə olunmuş, cəmiyyət içində hər zaman bu xüsusiyyətləri daşıdığına görə hörmətlə yanaşılan qadın qürurunu təhqir etmişdir. Bu iddiaları digər iddia ərizələrində də dəfələrlə daha iyrənc şəkildə təkrarlamışdır. Həmin iş Ali Məhkəməyə qədər davam etmiş və hər bir məhkəmədə ciddi və rəsmi dəlillərlə bu iddiaların əsassız olduğu sübut olunmuşdur. Binəqədi Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli qərardadla həmin iş üzrə 1-ci DNT ekspertizası, xx.xx.2022-ci il tarixli qərardadla isə 2-ci DNT ekspertizası təyin etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-59/2024 nömrəli qətnaməsi ilə analizlərin nəticəsi Cavabdeh atalığını təsdiq etmişdir. Nəticələrdən narazı qalan Cavabdeh Bakı Apellyasiya Məhkəməsinə etdiyi xx.xx.2024-cü il tarixli, 2(103)-2635/2024 nömrəli şikayət və vəsatətlərində iddiaçının ünvanına son dərəcə tərbiyəsiz və təhqiramiz sözlərdən, cümlələrdən istifadə edərək, onun şəxsiyyətini dəfələrlə alçaltmışdır. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-2635/2024 nömrəli qətnaməsində Cavabdeh təhqiramiz sözləri onun müraciətinə əsaslanaraq əks olunmuşdur. Bu qətnamələr, qərardadlar bu sahədə çalışan insanlar tərəfindən yazılıb tərtib olunur. Bu, iddiaçının haqqında mənfi fikir formalaşdırır, bu cür cümlələr onun həyat dəyərlərinə tamamilə ziddir və ünvana göndərilərkən bunları oxumaq iddiaçıya, onun doğmalarına, övladlarına mənfi psixoloji təsir göstərir. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-2866/2024 nömrəli bildirişində və xx.xx.2024-cü il tarixli, 2(102)-2866/2024 nömrəli qərarında da Cavabdeh təhqiramiz sözləri onun müraciətinə əsaslanaraq əks olunmuşdur. Bu proseslər dövründə onun vəkili X3 olmuşdur və bir qadın üçün şər, heç bir əsası olmayan ifadələr və fikirlərlə məktublarda, müraciətlərdə, vəsatətlərdə iddiaçının adının hallanması, haqqında yazılanların vəkillər, hakimlər, bu işlə məşğul olan işçilər tərəfindən oxunması ona mənəvi zərbədir. İddiaçı onun adına və ləyaqətinə kölgə salmaq istəməsinə, qohumlarına zəng vuraraq, xüsusilə də qohum qızların həyat yoldaşlarına zəng vuraraq iddiaçı haqqında mənfi rəy formalaşdırmaq istədiyinə, uşaqların gələcəyinə cəmiyyət içində göstəriləcək münasibətə, dəfələrlə DNK analizi tələb edib uşaqlara qan verdirərək, həm fiziki, həm də psixologiyalarına mənfi təsir göstərdiyinə görə, iddiaçının özünə və hər bir uşağa, hərçənd ki, bunun mənəvi zərərinin maddi qarşılığı sonsuzdur, cavabdehdən 50.000 manat təzminat və təhqiramiz ifadələrə və hərəkətlərinə görə üzrxahlıq etməsini tələb edir. İddiaçı Cavabdehla ailədə müntəzəm olaraq yaratdığı və illər ötdükcə daha da artan, iddiaçı və uşaqları üçün yaranan təhlükə, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli, 951 saylı rəyi ilə də təsdiqlədiyi “Xroniki sayıqlama pozuntusu (F22) (qısqanclıq sayıqlamaları)” diaqnozu səbəbindən ayrılmışdır. Qısqanclıq səbəbindən ayrılması onun həyat və iş fəaliyyətinə məhdudiyyətlər qoymasına səbəb olur. Doğmalarının ona görə təşvişi, həmçinin, iki övlad anası olaraq məsuliyyəti, ehtiyatlı olmaq və potensial təhlükə mənbəyi Cavabdeh tərəfindən fiziki zərər yetirə biləcəyi səbəbindən (gedib-gəlmək, izlənmək, proses sonrası dava salmaq) məhkəmələrdə də iştirakına ehtiyat edir. Son zamanlar qısqanclıq səbəbindən qadınların belə insanlar tərəfindən öldürülməsi və uşaqların valideynsiz qalması iddiaçını rahat həyat yaşamağa və fəaliyyətini həyata keçirməyə ehtiyatlandırır. Cavabdeh "xxxx" MMC-də fəaliyyət göstərir. Biləcəridə obyekti var. Maşın alqı-satqısı ilə məşğul olur. Bütün daşınar-daşınmaz əmlaklarını məqsədli şəkildə bir bacısının və digər bacısının həyat yoldaşının adına sənədləşdirmişdir. İddiaçının tələb etdiyi 50.000 manat təzminatı cavabdeh tamamilə ödəmək iqtidarındadır. a) Məhkəmə prosesi:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı Nəcəfova (Əkbərova) Natəvan Telman qızı məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, bundan əvvəl cavabdeh qanunvericiliyin tələbinə uyğun qaydada iddiaçıya qarşı iddia irəli sürmüş, həmçinin, ekspertiza keçirilməsi ilə bağlı vəsatətlər vermişdir. Vəsatətlərin verilməsi də, ekspertizanın keçirilməsi də qanunvericiliklə tənzimlənən məsələlərdir. Əgər mənəvi zərərə səbəb olursa, bu hərəkətlər qanunvericilikdə nəzərdə tutulmaz və məhkəmə tərəfindən vəsatət təmin edilməzdi. Cavabdeh hər hansı bir sosial şəbəkədə, kütləvi informasiya vasitələrində çıxış etməmiş, kütləvi çıxışlarda iştirak etməmiş, iddiaçının qohumlarına mesajlar yazmamışdır. Cavabdehin uşaqların atası olmaması ilə bağlı əsaslı şübhələri isə iddiaçının özünün nikahın pozulması ərəfəsində ona “sən bu uşaqların atası deyilsən” kimi sözləri deməsi səbəbindən yaranmışdır. Cavabdeh hazırda işləyir, uşaqlarına aliment ödəyir və onlarla ünsiyyətdə olur. Qeyd edilənləri nəzərə alınaraq, cavabdehin nümayəndəsi və vəkili iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) İş materialları:

6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2022-ci il tarixli, 951 saylı rəyindən görünür ki, Cavabdeh xroniki sayıqlama pozuntusu (qısqanclıq sayıqlamaları) müəyyən edilir. Qeyd olunan psixi pozuntunun müalicəyə ehtiyacı var.

7. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2635/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-59/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “atalığın mübahisə olunması” tələbinə dair iddia ərizəsi təmin edilməmiş; - iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-59/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2866/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2635/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. İş materiallarına dövlət rüsumunun ödənilməsinə dair sənəd, uşaqların şəxsiyyət vəsiqələrinin surətləri, tərəflər arasında olmuş əvvəlki mübahisə ilə bağlı tərtib edilmiş iddia ərizəsi, apellyasiya və kassasiya şikayətləri, vəsatət, məhkəmə bildirişləri əlavə edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ilə cavabdehin birgə nikahından iki övladları anadan olmuş, sonradan onların nikahı pozulmuşdur. Cavabdeh iddiaçıya qarşı “atalığın mübahisələndirilməsi barədə” iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, uşaqların atasının özünün olmaması ilə bağlı dəlillərini irəli sürmüş, onun vəsatəti əsasında keçirilmiş müvafiq ekspertizalardan sonra uşaqların bioloji atası olması faktı təsdiqləndiyindən, onun iddiası təmin edilməmişdir. Cavabdehin həmin iş üzrə qətnamədən verdiyi apellyasiya və kassasiya şikayətləri də təmin edilməmiş, beləliklə, onun iddiasının əsassız olması qanuni qüvvəsini almış məhkəmə qərarı ilə təsdiqlənmişdir.

11. Hazırda iddiaçı həmin məhkəmə mübahisəsi ilə əlaqədar şərəf və ləyaqətinin cavabdeh tərəfindən alçaldığını iddia edərək, özünə və övladlarının hər birinə 50.000 manat mənəvi zərər ödənilməsini, həmçinin, cavabdehin təhqiramiz ifadələrinə və hərəkətlərinə görə ondan üzr istəməsinin təmin edilməsini; cavabdeh tərəf isə qanunda nəzərdə tutulmuş hərəkətləri etməsinə (iddia irəli sürmək, vəsatətlər və şikayətlər vermək və s.) görə iddiaçıya mənəvi zərəri ödəməli olmadığını bildirərək, iddianın təmin edilməməsini xahiş etmişdir. c) Məhkəmənin mövqeyi:

12. Məhkəmə hesab edir ki, cavabdehin öz konstitusion hüququndan istifadə edərək irəli sürdüyü iddiasının və şikayətlərinin əsassız hesab edilib təmin edilməməsi ilə yekunlaşan məhkəmə prosesləri dövründə qarşı tərəf olan hazırkı iş üzrə iddiaçının mənəvi zərərə məruz qalması (stress keçirməsi, əzab çəkməsi və s.) ağlabatandır. Lakin məhkəmənin mövqeyinə görə, iddiaçının mənəvi zərərin əvəzinin ödənilməsini və üzr istənilməsini cavabdehdən tələb etməsi əsassızdır. Belə ki, şəxsə vurulmuş zərərin əvəzinin ödənilməsi barədə tələbin təmin edilməsi üçün zəruri şərtlərdən biri də qarşı tərəfin təqsirli, hüquqazidd davranışının olmasıdır (mülki hüquq pozuntusu, yəni delikt törətmək). Hazırkı işin hallarından isə müəyyən edilir ki, cavabdeh beynəlxalq hüquqi aktlarla, habelə konstitusion qaydada təminat verilən insan hüquqlarından biri olan ədalətli məhkəmə araşdırmasına olan hüququndan istifadə etmişdir. Onun iddiasının əsassız olması, iddia ərizəsində, şikayətlər və vəsatətlərində qeyd etdiyi dəlillərin məhkəmə araşdırmaları nəticəsində öz təsdiqini tapmaması şəxsin mülki hüquqi məsuliyyətə cəlb edilməsinə ona görə əsas vermir ki, onun bu hərəkətləri hüquqazidd, təqsirli davranış deyildir. O, hüququnun pozulduğunu ehtimal edərək bu pozuntunun qarşısını almaq məqsədilə məhkəməyə müraciət etmişdir. Bu isə cavabdehin beynəlxalq və milli hüquq normalarından irəli gələn hüququ olmuşdur. Şəxs iddiaçı barəsində olan mülahizələrini 2 və daha çox şəxs üçün əlçatan olan hər hansı açıq ənənəvi və ya internet informasiya ehtiyatında (sosial şəbəkə hesabı, internet səhifəsi və s.) deyil, məhz məhkəməyə ünvanlanmış ərizələr, şikayətlər və vəsatətlərdə qeyd etmişdir. Bu isə onu deməyə əsas verir ki, hazırkı iş üzrə cavabdehin əsl niyyəti qarşı tərəfi qaralamaq (ləkələmək, şərəf və ləyaqətini alçaltmaq və s.) yox, məhz şəxsi mülahizələrinə əsasən pozulduğunu ehtimal etdiyi hüququnu müdafiə etmək olmuşdur. Belə sənədlərlə işləmək işə baxan məhkəmələrin (hakimlər və məhkəmə işçilərinin) xidməti vəzifələridir, ona görə də “cavabdehin yazdıqlarını məhkəmələrin (hakimlər və məhkəmə işçilərinin) görməsinin iddiaçının şəxsiyyəti barədə həqiqətə uyğun olmayan məlumatların yayılması barədə” iddiaçının dəlilləri həqiqətə uyğun olmayan məlumatların yayılması faktı kimi qiymətləndirilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin etirazının dəlilləri haqlı olmaqla, iddiaçının dəlilləri əsassızdır. Beləliklə, iddiaçı barəsində həqiqətə uyğun olmayan məlumatların yayılması faktı, cavabdehin hüquqazidd davranışı (təqsirli hərəkəti, delikt törətməsi) müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia tələbinin “mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, bu tələbə əks yanaşma şəxsin ədalətli məhkəmə araşdırmasına olan hüququna əsassız müdaxilə hesab olunmalıdır.

13. İddia tələbinin “cavabdehin təhqiramiz ifadələrə və hərəkətlərinə görə iddiaçıdan üzr istəməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, bu tələb ilkin tələbdən törədiyindən, yuxarıda göstərilən əsaslara görə tələbin bu hissəsi də təmin edilməməlidir. d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 23.1, 23.4. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

16. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı: 8-ci bənd. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14 may 1999-cu il tarixli 4 №-li Qərarı: 3-cü bənd. Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

19. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Nəcəfova (Əkbərova) Natəvan Telman qızının Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməli, iddia təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Nəticə hissəsi:

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Nəcəfova (Əkbərova) Natəvan Telman qızının Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar