Məhkəmə qərarları › İş №2(006)-2483/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2483/2023

28.09.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2483/2023 28.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı X2 cavabdeh "xxxx" ASC-yə qarşı «müqavilə şərtinin etibarsız hesab edilməsi, kredit borcunun akseptsiz qaydada tutulmasının dayandırılması, tutulmuş 822,76 manat məbləğin kart hesabına geri qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdeh "xxxx" ASC-yə qarşı «müqavilə şərtinin etibarsız hesab edilməsi, kredit borcunun akseptsiz qaydada tutulmasının dayandırılması, tutulmuş 822,76 manat məbləğin kart hesabına geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC ilə aralarında bağlanmış kredit müqaviləsinin 100 faiz akseptsiz silinmə ilə bağlı şərtinin etibarsız hesab edilməsi, kredit borcunun akseptsiz qaydada tutulmasının dayandırılması, tutulmuş 822,76 manat məbləğin kart hesabına geri qaytarılması və ödədiyi dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X4 iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, "xxxx" ASC-dən bir neçə il qabaq kredit kartı əldə etmişdir. Kredit ödənişlərində gecikmə olmuşdur. 2023-cü ilin mart ayından başlayaraq bank hər hansı icra sənədi, məhkəmə qərarı olmadan, bank kredit ödənişlərini əmək haqqına yönəltmişdir. Artıq 3 aydır ki, bank qanunsuz şəkildə əmək haqqının yüz faizini kredit ödənişinə yönəldir. Bunun hansı sənədlər əsasında həyata keçirildiyi ilə bağlı suallarına bankın səlahiyyətli şəxsləri açıqlama vermir, yaranmış halla bağlı mənkəməyə miraciət etməli olduğunu bildirir. xx.xx.2023-ciil tarixdə ərizə ilə cavabdehə miraciət edərək vəziyyətin açıqlanmasını, müvafiq sənədlərin ona təqdim edilməsini və tutmanın dayandırılmasını tələb etmişdir. Lakin bank tərəfindən onun nə elektron, nə məktub formasında göndərdiyi ərizəsi cavablandırılmamışdır. Bu səbəbdən, məhkəməyə miraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, bankın kredit borcunu özbaşına əmək haqqına tam şəkildə yönəldilməsi qanunsuz və əsassızdır. Belə ki, kreditora borclunun əmək haqqının 20 faizindən artıq həcmdə akseptsiz qaydada pul vəsaiti tutmaq hüququ verən müqavilə şərtinin etibarsız olmasına dair Miilki və Kommersiya kollegiyalarının Qərardadı qəbul edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, kreditora borclunun əmək haqqından qanunla müəyyən edilmiş hədlərdən artıq həcmdə akseptsiz qaydada tutmaq hiququ verən əqd və yaxud əqdin buna dair şərti şəxsin konstitusion hüquqlarına, mülki və əmək qanunvericiliyinin əsas prinsiplərinə və şərtlərinə, eyni zamanda dövlətin bu sahədə həyala keçirdiyi siyasətin məqsədlərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 176.1-176.3-ci maddələrinə əsasən hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz. Əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əmək haqqının əlli faizi saxlanmalıdır. Bu maddənin birinci və ikinci hissələri ilə müəyyən edilmiş məhdudiyyətlər islah işləri çəkərkən, habelə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı işçiyə verilən əmək haqqından məbləğlərin tutulmasına şamil edilmir. Həmçinin, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 65.1-65.3-cü maddələrinin tələblərinə görə, icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Tələb, bir neçə icra sənədi izrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. Alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. Göründüyü kimi, əmək qanunvericiliyi şəxsin əmək haqqından tutulmaların aparılması hədlərini konkret əsaslar istisna olmaqla əmək haqqının 20 faizi həcmində məhdudlaşdırmışdır. Bu qaydanın tətbiq olunmasında əsas məqsəd şəxsin sosial müdafiəsini təmin etməklə ona yaşayış üçün minimum dolanacaq imkanı verməkdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Milki və Kommersiya kollegiyalarının gəldiyi nəticə ondan ibarət olmuşdur ki, kreditora borclunun əmək haqqının 20 faizindən artıq həcmdə akseptsiz qaydada pul vəsaiti tutmaq hüququ verən müqavilə şərti əhəmiyyətsiz olmaqla, etibarsızdır. İddiaçı X3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Cavabdehin nümayəndəsi X5 məhkəmədən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını tələb etdi. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı öz iddia ərizəsində bildirmişdir ki, bank 2023-cü ilin mart ayından etibarən heç bir məhkəmə qərarı və ya icra sənədi olmadan onun əmək haqqı hesabından 100 % həcmdə məbləği akseptsiz olaraq silmişdir və tərəflər arasında bağlanmış bu tutmanı əks etdirən müqavilə şərti etibarsızdır. Bildirir ki, sözügedən mübahisənin kökündə dayanan hüquqi əsas özünü Əmək Məcəlləsinin 176-cı maddəsində tapır və həmin maddə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı ilə şərh olunmuşdur. Belə ki, həmin qərarda deyilir: «...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən bin kimi çıxış edən müqavilə azadlığı mülki dövriyyə iştirakçılarına azad qaydada müqavilə bağlamaq və onun məzmununu müəyyən etmək imkanını tanıyır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Bu prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan, öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar. Mülki Məcəllənin 390-cı maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələrdə bağlaya bilərlər...». Qərarda həmçinin deyilir: «...Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın yuxarıda göstərilən normalarının, habelə Əmək Məcəlləsinin 175 və 176-cı maddələrinin məzmununun və hüquqi mahiyyətinin təhlili əsasında hesab edir ki, kreditorla bağlanmış könüllü razılaşmaya əsasən borclunun əmək haqqından akseptsiz qaydada tutma zamanı tutmanın həddi müəyyənləşdirilərkən qanunvericiliyin «əmək haqqının əlli faizinin saxlanması» barədə imperativ tələbi tətbiq edilməlidir... Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, bu Qərarın qüvvəyə mindiyi tarixdən etibarən borclunun əmək haqqından akseptsiz qaydada tutma Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqeyə uyğun olaraq əlli faiz həddində aparıla bilər. Bu məhdudiyyət həmçinin hazırda məhkəmələrin icraatında olan müvafiq işlər üzrə də tətbiq edilməlidir.» Göründüyü kimi Konstitusiya Məhkəməsi öz qərarında tərəflər arasında bağlanılan müqavilələrin məzmununun onların qarşılıqlı razılığı ilə formalaşdırma azadlığının mövcudluğunu qeyd etmiş, həmçinin qərarın heç bir hissəsində aksepsiz silinmə ilə bağlı müqavilə şərtinin etibarsız hesab edilməsi ilə bağlı hər hansı müddəa mövcud deyildir. O cümlədən, sonuncu öz qərarında həmin qərar çıxarılanadək aparılan tutulmalarla bağlı hansısa mövqe göstərməmiş, xüsusən «Bu Qərarın qüvvəyə mindiyi tarixdən etibarən borclunun əmək haqqından akseptsiz qaydada tutma Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqeyə uyğun olaraq əlli faiz həddində aparıla bilər» ifadəsini qeyd etmişdir. Bu da o deməkdir ki, KM-nin mövqeyinə görə valnız həmin qərarın qüvvəyə mindiyi tarixdən sonra əgər kreditor tərəfindən borclunun əmək haqqından tutulmalar aparılacaqsa, əmək haqqının 50 %-indən çox olmamaqla aparılmalı, əgər 50 %dən yuxarı tutulma aparılmışdırsa, yalnız həmin qərarın qüvvəyə mindiyi tarixdən sonra aparılmış tutulmalar üzrə məbləğlər geri qaytarılmalıdır. Sözügedən qərarın «Qərara aldı» hissəsinin 2-ci bəndində qərarın dərc olunduğu gündən qüvvəyə minməsi qeyd olunmuşdur və qərar xx.xx.2023-cü il tarixdə rəsmi formada «Respublika» Qəzetində dərc olunmuşdur (Saytdan çıxarış əlavə edilir). Bu da o deməkdir ki, KM-nin hazırki mövqeyi tətbiq olunması xx.xx.2023-cü il tarixdən etibarən tətbiq olunmalıdır. Hazırki məhkəmə mübahisəsinin detallarına fikir verdikdə, X2 əmək haqqı hesabından sonuncu dəfə xx.xx.2023-cü il tarixdə əmək haqqının 100 % həcmində tutulma aparılmışdır. Sonralar iddiaçı tərəfindən müvəqqəti təminat tədbiri barədə ərizə verildiyindən və həmin ərizə bankın icraatına gec daxil olduğundan xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə tutulmalar aparılsa da, dərhal tutulan məbləğlər iddiaçıya geri qaytarılmışdır. Bu da o deməkdir ki, iddiaçıdan aparılan 100 % həcmdə tutulma Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarının qəbul edilməsindən öncə həyata keçirilmişdir və sonuncunun mövqeyinə görə yalnız həmin qərarın qüvvəsini almasından sonra aparılan 50 %-dən artıq tutulmaların geri qaytarılması nəzərdə tutulmuşdur. Göründüyü kimi xx.xx.2023-cü il tarixdən sonra iddiaçının əmək haqqının 50 %-dən artıq tutulma və ya tutularaq geri qaytarılmama kimi bir hal baş verməmişdir. Ona görə də, hazırda iddiaçının ondan tutulan 822,76 manat məbləğin qaytarılmasına heç bir hüquqi əsas mövcud deyildir. Yuxarıda qeyd olunanlardan da görünür ki, iddiaçının əmək haqqından aksepsiz qaydada tutulmaların aparılması onunla bank arasında bağlanılan müqavilənin şərtindən irəli gəlmiş, xx.xx.2023-cü il tarixədək onun əmək haqqından tutulan 822,76 manat məbləğinin geri qaytarılması KM-nin də qərarındakı hüquqi mövqedə nəzərdə tutulmamış və həmin tarixdən sonra tutma aparılmadığından qaytarılmalı hansısa məbləğ mövcud olmamışdır. Bu səbəbdən, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli BPM**********70 saylı tam kart çərçivə müqaviləsindən, kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən, hesabdan çıxarışdan, maliyyə arayışından və Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 24 iyun 2023-cü il tarixli icra qeydindən görünür ki, tərəflər arasında müqavilə münasibətləri mövcuddur. İddiaçı cavabdeh qarşısında götürdüyü öhdəlikləri tam və vaxtında icra etmədiyindən, cavabdeh bütün zəruri sənədlər təqdim olunmaqla notariat ofisinə müraciət edərək, borcun tutulmasına dair icra qeydi verilməsini xahiş etmişdir. Notariat ofisində sənədlər araşdırılaraq, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən həmin sənədlər üzrə iddiaçıdan cavabdehin xeyrinə müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 3.113 manat 57 qəpik pul vəsaiti, edəcə də, 25 manat dövlət rüsumu olmaqla, cəmi 3.138 manat 57 qəpiyin tutulmasına dair icra qeydi verilmişdir. İcra qeydi xx.xx.2023-cü il tarixdə aparılmışdır. İddiaya dair cavabdeh tərəfin təqdim etdiyi etirazda (mülahizələrdə) qeyd edildiyi kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 176-cı maddəsinin bəzi müddəalarının şərh edilməsi»nə dair qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 12, 16 və 35-ci maddələrinin, habelə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175 və 176-cı maddələrinin hüquqi mahiyyəti və təyinatına uyğun olaraq, əmək haqqının sosial-iqtisadi funksiyasının təmin edilməsi baxımından kreditorla bağlanmış könüllü razılaşmaya əsasən borclunun əmək haqqından akseptsiz qaydada tutmanın əlli faiz həddində aparılması mümkün hesab edilmişdir. Qərar dərc olunduğu gündən qüvvəyə minmişdir. Təqdim edilmiş sənədlərdən də göründüyü kimi, iddiaçı X2 əmək haqqı hesabından sonuncu dəfə xx.xx.2023-cü il tarixdə əmək haqqının 100 % həcmində tutulma aparılmışdır. Sonralar iddiaçı tərəfindən müvəqqəti təminat tədbiri barədə ərizə verildiyindən və həmin ərizə cavabdeh "xxxx" ASC-nin icraatına gec daxil olduğundan xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə tutulmalar aparılsa da, dərhal tutulan məbləğlər iddiaçıya geri qaytarılmışdır. İddiaçıdan aparılan 100 % həcmdə tutulma Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarının qəbul edilməsindən öncə həyata keçirilmişdir və sonuncunun mövqeyinə görə yalnız həmin qərarın qüvvəsini almasından sonra aparılan 50 %-dən artıq tutulmaların geri qaytarılması nəzərdə tutulmuşdur. Göründüyü kimi, xx.xx.2023-cü il tarixdən sonra iddiaçının əmək haqqının 50 %-dən artıq tutulma və ya tutularaq geri qaytarılmama kimi bir hal baş verməmişdir. Ona görə də, hazırda iddiaçının ondan tutulan 822,76 manat məbləğin qaytarılmasına heç bir hüquqi əsas mövcud deyildir. İddiaçının əmək haqqından aksepsiz qaydada tutulmaların aparılması onunla cavabdeh arasında bağlanmış müqavilənin şərtindən irəli gəlir, xx.xx.2023-cü il tarixədək iddiaçının əmək haqqından tutulan 822,76 manat məbləğinin geri qaytarılması KM-nin qərarındakı hüquqi mövqedə nəzərdə tutulmamışdır və həmin tarixdən sonra tutma aparılmadığından qaytarılmalı hansısa məbləğ mövcud deyildir. Bu səbəbdən, hazırkı mülki iş üzrə iddia tələbi təmin edilə bilməz. Ödəniş (mədaxil) qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30.40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı X2 cavabdeh "xxxx" ASC-yə qarşı «müqavilə şərtinin etibarsız hesab edilməsi, kredit borcunun akseptsiz qaydada tutulmasının dayandırılması, tutulmuş 822,76 manat məbləğin kart hesabına geri qaytarılması» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Ödənilmiş 30.40 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X2 cavabdeh "xxxx" ASC-yə qarşı «müqavilə şərtinin etibarsız hesab edilməsi, kredit borcunun akseptsiz qaydada tutulmasının dayandırılması, tutulmuş 822,76 manat məbləğin kart hesabına geri qaytarılması» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30.40 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar