Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2486/2021 24.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 və onun vəkili X2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə, Bakı şəhəri 18 saylı Dövlət Notariat Kontoruna, Abşeron rayonu 1 saylı Notariat Kontoruna və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 qarşı "bağışlama müqavilələrin etibarsızlığına və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə, Bakı şəhəri 18 saylı Dövlət Notariat Kontoruna və Abşeron rayonu 1 saylı Notariat Kontoruna qarşı "bağışlama müqavilələrin etibarsızlığına və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 27.05.2014-cü il tarixdə Abşeron rayonu, Dilgah qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsini və üzərində inşa edilmiş təxminən 140 kv.m sahəsi olan evini mərhum qardaşı X9 müqavilə ilə bağışlamışdır. Lakin həmin müqavilə formal olaraq bağlanmışdır. Belə ki, iddiaçı həmin vaxt kreditorların ona qarşı olan borc tələbinin mülkiyyətində olan əmlakına yönəldilməməsi üçün müvəqqəti qardaşına bağışlamaq məcburiyyətində oldu. Əslində iddiaçının torpaq sahəsini heç vaxt bağışlamaq və ya satmaq niyyəti olmamışdır. 15.06.2020-ci tarixdə iddiaçının qardaşı vəfat etmişdir. Bu yaxınlarda isə iddiaçıya məlum olmuşdur ki, mərhum qardaşı Abşeron rayonu, Dilgah qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsini və üzərində inşa edilmiş evi 04.12.2019-cu il tarixdə ondan xəbərsiz bacısı Cavabdeh1 bağışlamışdır. İddiaçı mərhum qardaşı ilə aralarında bağlanmış əqd (bağışlama müqaviləsi) uydurma əqd olduğundan bağışlama müqavilələrin etibarsız hesab edilməsini və onların əsasında verilmiş çıxarışların ləğv edilməsini tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən X3 ilə X11 arasında bağlanmış 4Ə seriyalı 2467 nömrəli 27.05.2014-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməklə onun əsasında X16 adına AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 19.06.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, o cümlədən, X11 ilə Cavabdeh1 arasında həmin torpaq sahəsinin bağışlanmasına dair 14.12.2019-cu il tarixli, 4Ə seriyalı 408 nömrəli müqavilənin etibarsız hesab edilməklə, onun əsasında Cavabdeh1 adına ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 13.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəməmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 və onun vəkili X5 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 18 saylı Dövlət Notariat Kontorunun nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Abşeron rayonu 1 saylı Notariat Kontoru tərəfindən ərizə təqdim edilərək, işə onların nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş edilmişdir. Məhkəmə işə cavabdeh Abşeron rayonu 1 saylı Notariat Kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarındakı notariat qaydasında təsdiq olunmuş 27 may 2014-cü il tarixdə Abşeron rayon 1 saylı Notariat kontorunun xüsusi notariusu B.S.İslamov tərəfindən təsdiq edilmiş torpaq sahəsinin bağışlanma müqaviləsindən görünür ki, hədiyyə verən İddiaçı ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən 27.05.2014-cü il tarixdə verilmiş 3183 №-li arayışa və Azərbaycan Repsublikası torpağın mülkiyyətə verilməsinə dair JN-1136A KOD 30800066 olan şəhadətnamə əsasında Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsini bütövlükdə hədiyyə alan X7 mülkiyyətinə verir, hədiyyə alan isə torpaq sahəsini xüsusi mülkiyyətinə qəbul edir. İş materiallarındakı notariat qaydasında təsdiq olunmuş 04 dekabr 2019-cu il tarixdə Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu C.B.Məlikov tərəfindən təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən X1 rayonu, Digah qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsini bütövlükdə hədiyyə alan Cavabdeh1 mülkiyyətinə verir, hədiyyə alan isə torpaq sahəsini xüsusi mülkiyyətinə qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 13.12.2019-cu il tarixli Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi Cavabdeh1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 105 saylı reyestr kitabının 17 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Göründüyü kimi iddiaçı etibarsız hesab etdiyi bağışlanma müqaviləsini qardaşı (vəfat etmiş) X11 ilə könüllü şəkildə bağlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Eyni Məcəllənin 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göstərilən Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.4-cü maddəsi). Həmin Məcəllənin 337.3-cü maddəsinin tələbinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Eyni Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər-hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Digər tərəfdən, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilibverilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqinə dair ərizə verməsi də tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur. İş materiallarından göründüyü kimi iddiaçı hazırki iddia tələbi ilə MM-nin 354.2-ci maddəsində göstərilən kəsici müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə, Bakı şəhəri 18 saylı Dövlət Notariat Kontoruna, Abşeron rayonu 1 saylı Notariat Kontoruna və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 qarşı "bağışlama müqavilələrin etibarsızlığına və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbi"nə dair iddia ərizəsi qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş kəsici müddət keçdiyinə görə təmin edilməməlidir . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə, Bakı şəhəri 18 saylı Dövlət Notariat Kontoruna, Abşeron rayonu 1 saylı Notariat Kontoruna və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 qarşı "bağışlama müqavilələrin etibarsızlığına və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbi"nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-2486/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2486/2021
24.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver