Məhkəmə qərarları › İş №2(006)-249/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-249/2021

13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-249/2021 13.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “qorunan əmanət üzrə kompensasiya ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət üzrə kompensasiya ödənilməsi və s.” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, əmanətin sığortalanmış hesab edilməsi və həmin əmanət üzrə 18000 manat məbləğində kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, hazırda ləğv prosesində olan "xxxx" ASC-nin “Universal” filialı ilə ididaçı İddiaçı arasında bağlanan 28.01.2014-ci il tarixli, ******* nömrəli “Standart” əmanət hesabı haqqında müqaviləyə əsasən həmin filialda 12 ay müddətinə, illik 10% dərəcəsi ilə 18.000 (on səkkiz min) manat məbləğində əmanət yerləşdirilmişdir. Əmanət yerləşdirilən vaxtda yuxarıdakı şərtlərlə olan əmanət qorunan əmanətlər siyahısına aid idi. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən qəbul edilmiş qərara görə 19 may 2014-cü il tarixindən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 10%-dən 9%-dək endirilmişdir. Lakin iddiaçı ilə bağlanmış müqavilənin müddəti 28 yanvar 2015-ci il tarixində bitdiyi üçün bütün qüvvədə olan illik 10% dərəcəsi ilə yerləşdirilmiş əmanətlər kimi bu müqavilə də qüvvədə olma müddətinin sonuna qədər sığortalanmış hesab edilirdi. Qeyd edilən əmanət müqaviləsinin müddəti bitdikdən sonra iddiaçıya bu barədə heç bir şifahi və yaazılı məlumat verilməmişdir. Bu halda isə iddiaçı öz hüquqlarından doğru istifadə edə bilmək imkanından əhəmiyyətli dərəcədə məhrum olmuş və nəticədə əmanəti bankda qalmağa davam etmişdir. Nəticə etibarı ilə müqavilə müddəti bitdikdən sonra yəni, 28 yanvar 2015- ci il tarixindən sonra Himayəçilik Şurasının yuxanda qeyd edilən qərarına əsasən illik 10% dərəcəsi artıq qorunan əmanət hesab edilmirdi. Lakin əmanətçi bankın hərəkətsizliyi nəticəsində əmanətinin artıq qorunan əmanət statusundan çıxdığından məlumatı olmamışdır. Belə ki, Mərkəzi Bank tərəfindən banklara verilmiş yazılı göstərişə əsasən banklar tərtib etdikləri əmanət müqavilələrində mütləq əmanətlərin sığortalanması ilə bağlı münasibətlərə, o cümlədən hansı əmanətlərin qorunan əmanət hesab edilməsi və sığorta hadisəsi baş verdikdə hansı qaydada hərəkət etmələri barədə maddə yerləşdirilməli idi. Lakin tərəflər arasında bağlanmış müqavilədə əmanətlərin sığortalanması barədə yuxarıda sadalanan kriteriyalara uyğun gələn maddəyə rast gəlinmir. Bu da iddiaçını həmin göstərişin mahiyyəti olan əmanətçini maarifləndirmək və onu mümkün risklər barədə məlumatlı olmaq imkanından məhrum etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin olunmalıdır. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 28.01.2014-cü il tarixli, ******* saylı “Standart əmanət (depozit) hesabı haqqında” müqavilədən görünür ki, bank əmanətçidən daxil olmuş 18.000 manat məbləğində pul vəsaitini qəbul etməyi, müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada əmanətçiyə qaytarmağı və onun üçün faizlər (illik 10% dərəcəsi ilə) ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 12 ay müddətinə bağlanmışdır. Müqavilənin 10.1-ci bəndinə əsasən əmanət Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan qaydada sığortalanır. Nağd pul verilməsi üçün 15.05.2014-cü il tarixli ərizədən görünür ki, İddiaçı adından "xxxx" ASC-nin Universal Filialına ərizə ilə müraciət olunaraq ******************** nömrəli hesabdan 18.000 AZN məbləğdə nağd vəsaitin verilməsi xahiş edilmişdir. 15.05.2014-cü il tarixli məxaric orderindən görünür ki, İddiaçı adından imzalanmaqla "xxxx" ASC-nin 18.000 AZN məbləğində pul götürülmüşdür. LPO "xxxx" ASC tərəfindən 21 saylı vəkil Bürosuna ünvanlanmış 28.01.2020-ci il tarixli məktubdan görünür ki, X1 əmanəti barədə vəkil sorğusuna ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən baxılmışdır. Sorğuya əsasən bildirilir ki, İddiaçı əmanəti 15.05.2014-cü il tarixində məxaric olunmuş və hal hazırda heç bir vəsait mövcud deyil. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09.06.2021-ci il tarixli, 4/510 saylı ekspertiza rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 15.05.2014-cü il tarixli nağd pulun verilməsi üçün ərizədə və 15.05.2014-cü il tarixli məxaric orderində “Müştərinin imzası”qrafalarındakı imzalar – İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 127 manat təşkil edir. Ödəniş qəbzindən (№ 6********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, "xxxx" ASC ilə İddiaçı arasında 28.01.2014-cü il tarixli “Standart əmanət (depozit) hesabı haqqında” müqavilə bağlanmış və həmin müqaviləyə əsasən bank əmanətçidən 18.000 manat məbləğində pul vəsaitini (əmanəti) hesaba qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanətçiyə qaytarmağı öhdəsinə götürmüşdür. Əmanət 12 ay müddətinə, illik 10%-lə qoyulmuşdur. Azərbaycan Respublikası Mərkəzi X5 qərarı ilə "xxxx" ASC–yə bank fəaliyyəti üçün verilmiş lisenziya ləğv edilmiş, bank tərəfindən hər hansı əməliyyatın keçirilməsinə moratorium tətbiq edilmiş, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 04.02.2016-cı il tarixi "xxxx" ASC-də sığorta hadisəsinin baş verdiyi gün hesab olunmuşdur. Hazırda iddiaçı “Əmanətlərin Sığortalanması haqqında” Qanunun müvafiq maddələrinə, həmçinin Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən qəbul edilmiş qərarlara istinad edərək məhkəmədən tərəf olduğu əmanət müqaviləsinə əsasən banka yerləşdirilmiş məbləğin sığortalanmış əmanət hesab edilməsi və əmanət üzrə kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh isə məhkəməyə 15.05.2014-cü il tarixli məxaric orderini təqdim edərək, 28.01.2014-cü il tarixli, ******* saylı “Standart əmanət (depozit) hesabı haqqında” müqaviləyə əsasən LPO "xxxx" ASC-yə yerləşdirilmiş əmanət məbləğinin iddiaçı tərəfindən məxaric edilməsini göstərməklə Əmanətlərin Sığortalanması Fondunun iddiaçı qarşısında icra edilməmiş öhdəliyin qalmadığına əsaslanaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı öz növbəsində mübahisə predmeti olan əmanət məbləğinin ona ödənildiyini təkzib edərək, məxaric orderinin onun tərəfindən imzalanmadığını bildirmişdir. Tərəflərin istinad etdikləri halların mövcud olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09.06.2021-ci il tarixli, 4/510 saylı ekspert rəyinə əsasən ekspertizaya təqdim olunmuş 15.05.2014-cü il tarixli nağd pulun verilməsi üçün ərizədə və 15.05.2014-cü il tarixli məxaric orderində “Müştərinin imzası” qrafasındakı imzanın İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra edildiyi müəyyən edilmişdir. 28.01.2014-cü il tarixli “Standart əmanət (depozit) hesabı haqqında” müqaviləyə əsasən yerləşdirilmiş əmanət üzrə kompensasiyanın ödənilmədiyini müəyyən edərək məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına davam etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1 və 950.1-ci maddələrinin tələblərinə görə bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.1-ci maddəsinə əsasən əmanət - hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir; 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir; 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir; 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir; 4.1.4-cü maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə, əmanətçilərin tələblərinin uçotunu aparır və kompensasiya ödəyir; 8.1.20-ci maddəsinə əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir; 25.1.4-cü maddəsinə əsasən əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüquqları vardır; 26.2-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir; 27.2-ci maddəsinə əsasən əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir, bu şərtlə ki, kompensasiya bu qanunun 26.1ci maddəsində göstərilən məbləğdən artıq olmasın. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla X3 16 sentyabr 2016cı il tarixli növbədənkənar iclasında qəbul olunmuş qərarına əsasən banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanması müəyyən edilmişdir. Eyni zamanda qeyd edilən qərara əsasən yeni müəyyən edilmiş faiz dərəcəsi 16 sentyabr 2016-cı il tarixinə qədər iştirakçı banklarda illik maksimum 15 faizlə milli valyutada qəbul edilmiş əmanətlərin də, 16 sentyabr 2016-cı il tarixindən etibarən qorunan əmanət hesab olunması və Fond tərəfindən sığortalanması üçün zəmin yaratmışdır. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 sentyabr 2018-ci il tarixli Qərarına əsasən, X4 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. Belə ki, 2009-cu il 10 iyun tarixli qərar ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 01 avqust tarixli qərar ilə 10 faiz, 2015-ci il 24 fevral tarixli qərar ilə 12 faiz, 2016-cı il 2 mart tarixli qərar ilə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz müəyyən edilmişdir. X3 2016-cı il 16 sentyabr tarixli qərar ilə isə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanması müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 01 avqust 2013-cü il tarixli qərarına əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 10 faiz müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla X3 növbədənkənar iclasında qəbul olunmuş 16 sentyabr 2016-cı il tarixli qərarda həmin tarixə kimi üzv banklar tərəfindən bankın əməliyyat sisteminə qorunan əmanət kimi illik 15 faiz dərəcəsi həddində daxil edilmiş əmanətlərin qorunan əmanət hesab olunması, bununla da bu cür əmanət üzrə kompensasiyanın ödənilməsinin mümkünlüyü öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC ilə İddiaçı arasında 28.01.2014-cü il tarixdə bağlanmış “Standart əmanət (depozit) hesabı haqqında” müqavilədən göründüyü kimi bank əmanətçidən 18.000 manat məbləğində pul vəsaitini (əmanəti) illik 10 faiz dərəcəsi ilə qorunan əmanət kimi qəbul etmiş, bu əmanət X3 qərarlarında əmanət üzrə faiz dərəcələrinin dəyişdirilməsinə baxmayaraq öz “qorunan əmanət” statusunu saxlamışdır. Beləliklə, “Əmanətlərin sığortalanması haqqında” və “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələblərinə və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla X3 16 sentyabr 2016-cı il tarixli növbədənkənar iclasında qəbul olunmuş qərara əsasən, məhkəmə "xxxx" ASC-nin 04.02.2016-cı il tarixdən müflis elan edildiyini, yəni “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.9-cu maddəsinə uyğun olaraq sığorta hadisəsinin baş verdiyini, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 28.01.2014-cü il tarixli “Bank Əmanəti” müqaviləsinə əsasən milli valyutada olan əmanət üzrə illik faiz dərəcəsi 10% müəyyən olunduğu, yuxarıda göstərilən qərara əsasən qeyd edilən əmanət məbləğinin sığortalandığını nəzərə alaraq hesab edir ki, iddiaçının əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir, ona görə də tam şəkildə kompensasiya olunmalı və kompensasiya məbləği tam şəkildə iddiaçıya ödənilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Təqdim olunmuş sənədlər əsasında iddiaçının 30 manat məbləğində dövlət rüsumu ödədiyi müəyyən olunmuşdur. Həmçinin iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 127 manat isə cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı "xxxx" ASC ilə bağladığı 28.01.2014-cü il tarixli, ******* saylı “Standart əmanət (depozit) hesabı haqqında” müqaviləyə əsasən yerləşdirilmiş əmanət məbləği qorunan əmanət hesab edilsin. Əmanət üzrə kompensasiya olaraq 18.000 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 18.030 manat məbləğində pul cavabdeh Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 127 manat cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar