Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2502/2021 18.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər «xxxx» Açıq Səhmdar Cəmiyyətinə və «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Binəqədi rayonu üzrə bölməsinə qarşı “aktın etibarsız hesab edilməsi, borcun silinməsi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər «xxxx» Açıq Səhmdar Cəmiyyətinə və «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Binəqədi rayonu üzrə bölməsinə qarşı “aktın etibarsız hesab edilməsi, borcun silinməsi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxx» ASC-nin (Binəqədi rayonu üzrə bölməsinin) əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 206128 saylı aktın etibarsız hesab edilməsi, həmin akt əsasında Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İ Mədən, korpus-7 ünvanında yerləşən evində quraşdırılmış elektrik sayğacının abonent hesabına «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Binəqədi rayonu üzrə bölməsinin əməkdaşları tərəfindən əsassız yazılmış 607,09 manat məbləğində əlavə borcun silinməsi, məhkəmə üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumunun əvəzinin və «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Binəqədi rayonu üzrə bölməsinin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində 1000 manat məbləğində mənəvi zərərin əvəzinin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində yalnız «xxxx» Açıq Səhmdar Cəmiyyətini göstərmiş, həmçinin iddia ərizəsində 30 manat dövlət rüsumunun ödənilməsi səfv olaraq qeyd edildiyini bildirmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 2021-ci il tarixində yaşadığı Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İ Mədən, korpus-7 ünvanında yerləşən həyət evinin çölündə yerləşən elektrik sayğacına baxarkən «xxxx» ASC tərəfindən elektrik enerjisi sərfiyyatına görə qəbzin olduğunu görmüş, qəbzə baxanda sərf edilən elektrik enerjisinə görə həddindən artıq borc, yəni əlavə olaraq 607,09 manat borc məbləğinin yazıldığını görmüşdür. İddiaçı məsələni aydınlaşdırmaq üçün «xxxx» ASC-nin Binəqədi rayonu üzrə bölməsində olarkən ona həmin idarə tərəfindən özünün, ailə üzvlərinin iştirakı və xəbəri və hal şahidlərinin iştirakı olmadan tərtib edilmiş akt təqdim edilmişdir. İddiaçı aktın nəyə əsasən tərtib edildiyini soruşduqda, guya yoxlama zamanı elektrik sayğacının alt qapağının möhürünün olmaması və sayğaca gələn naqillərin divarın üst hissəsindən suvaqaltı sayğaca daxil olması aşkar edilmişdir. Həmin aktın tələb hissəsində elektrik sayğacının sxeminin yoxlanılıb möhürlənməsi qeyd edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixində verilən icra vərəqinin qüsur qrafasında ilkin olaraq – “alt qapaq möhürü yoxdur”, lakin sonradan onun üstündən əlavə olaraq yazılmışdır ki, guya kənar xətt qüsuru var. Qərar qrafasında ilkin olaraq sərf etdiyi elektrik enerjisinə görə İddiaçı hesabına 65,5 manat borc yazılmışdır. Lakin sonradan onun üstündən xətt çəkilib, icra vərəqinin yuxarısında “sayğacın kənar xətləri ləğv etmək” qrafasında 2020-ci ilin dekabr ayında 5519 kvt elektrik enerjisi sərf etməsi ifadəsini gördükdən sonra İddiaçı idarə əməkdaşlarının qanunsuz hərəkətləri, mənzilinə aid olan sayğaca onun xəbəri, onunla birlikdə hal şahidlərinin iştirakı olmadan baxış keçirilib əlavə borc yazmalarına görə iradını bildirmişdir. İddiaçı sonra «xxxx» ASC-yə müraciət etdikdə heç bir araşdırma aparılmamış, yalnız xx.xx.2021-ci il tarixində məlumat verilmişdir ki, guya o, dekabr 2020-ci ildə bir ayda 5519 Kvt.s elektrik enerjisi sərf etmiş və buna görə də onun 607,09 manat əlavə borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, «xxxx» ASC-nin əməkdaşları özlərini sığortalamaq, müdafiə etmək məqsədilə törətdikləri qanunazidd əməllərini ört-basdır etmək üçün onun iştirakı və xəbəri olmadan, üzərində isə heç bir təsdiqləyici möhür olmadan xx.xx.2020-ci il tarixli, 206128 saylı aktı tərtib etmiş, aktda isə onun adının qarşısında qapını açmadı sözləri yazılmışdır ki, bu da ASC-nin əməkdaşlarının saxtakarlığını bir daha sübuta yetirir. İddianın əsassız olmasını nəzərə alıb rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli 206128 saylı Aktdan görünür ki, istehlakçı İddiaçı (abonent kodu: **********20790) yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İ Mədən, korpus-7 ünvanında yerləşən həyət evinin çölündə yerləşən elektrik sayğacının alt qapağının möhürünün olmaması və sayğaca gələn naqillərin divarın üst hissəsində suvaqaltı sayğaca daxil olması aşkar edilmiş, amperkəlbətinlə axan cərəyan ölçülmüş, akt «xxxx» ASC-nin əməkdaşları Cəlaləddin Vəliyev, Hafis Əliyev tərəfindən imzalansa da, məişət abonentinin qapını açmadığı barədə qeyd edilmişdir. Mülki işin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli icra vərəqindən görünür ki, xx xxxxxx 2020-ci il tarixli 206128 saylı Akta əsasən kənar xətt və elektrik sayğacının alt qapağının möhürünün olmaması qüsuru aşkar edilmiş, istehlakçı İddiaçı 2020-ci ilin dekabr ayında 5519 kvt elektrik enerjisi sərf etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, istehlakçı tərəfindən elektrik sayğacına hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçıdan tələb olunan borcun hansı akta əsasən abonent hesabına borc olaraq hesablanması və borcun yaranması əsası müəyyən edilmədiyindən həmin məbləğ iddiaçıdan tələb edilə bilməz. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına istinadən əsaslı hesab edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.3-cü bəndində göstərilmişdir ki, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qərarın 7.11-ci bəndində göstərilmişdir ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, «xxxx» ASC-nin əməkdaşları Cəlaləddin Vəliyev, Hafis Əliyev tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli 206128 saylı Akt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq tərtib edilməmişdir. Belə ki, qeyd edilən qərarda abonent tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə aktın tərtib edilməsi zamanı enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı zəruri hesab edilsə də, mübahisəli aktın tərtibi zamanı iki nəfər hal şahidinin iştirakı təmin edilməmişdir. Bundan başqa hazırki iş üzrə iddiaçı abonent İddiaçı məxsus elektrik sayğacı evdə deyil, həyət evinin çölündə olduğundan hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıdığından «xxxx» ASC-nin (Binəqədi rayonu üzrə bölməsinin) əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 206128 saylı akt etibarsız hesab edilməli, həmin akt əsasında Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İ Mədən, korpus-7 ünvanında yerləşən evdə quraşdırılmış elektrik sayğacının abonent hesabına əsassız yazılmış 607,09 manat məbləğində əlavə borc silinməlidir. İddiaçı cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində 1000 manat məbləğində mənəvi zərərin əvəzinin cavabdehlərdən tutularaq ona ödənilməsi hissəsində iddia ərizəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu xx xxxxxx 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddı formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı isə ona mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, bu hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Həmin Məcəllənin 77.2-ci maddəsi imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İ Mədən, korpus-7 ünvanında yerləşən həyət evinin çölündə yerləşən elektrik sayğacının və o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı-istehlakçı İddiaçı (abonent kodu: **********20790) deyil, cavabdeh-enerjitəchizatı müəssisəsi özü daşıdığından, elektrik sayğacının işlək vəziyyətdə olmaması onun təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) səbəbindən baş vermədiyindən İddiaçı (**********20790 nömrəli abonent kodu) adına tərtib edilmiş 206128 nömrəli, xx.xx.2020-ci il tarixli akt etibarsız hesab edilməli, sərf olunmuş elektrik enerjisinin bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna 5519 kvt enerjinin sərfiyyatına dair əsassız olaraq hesablanmış 607,09 manat borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 9.1.15-ci maddəsində göstərilmişdir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də cavabdehdən 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməli, İddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu (xx.xx.2021-ci il tarixli ********** nömrəli qəbzə əsasən) büdcədən iddiaçıya geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı (**********20790 nömrəli abonent kodu) adına tərtib edilmiş 206128 nömrəli, xx.xx.2020-ci il tarixli akt etibarsız hesab edilsin və həmin akta əsasən hesablanmış 607,09 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu büdcədən iddiaçıya geri qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-2502/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2502/2021
18.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver