Məhkəmə qərarları › İş №2(006)-2508/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2508/2024

04.06.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2508/2024 04.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhər Nəsimi rayon İcra hakimiyyətinə qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətini maraqlı şəxs qismində göstərməklə, «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2004-cü il təvəllüdlü qızı X5 xx.xx.2023-ci il tarixdən İİ dərəcə müddətsiz əlillik dərəcəsi verilmişdir. Belə ki, qızı ağır kəmağıllıq, kəsin imbesillik, kobud nitq və davranış pozuntuları xəstəliyindən əziyyət çəkir və onda psixo-fiziki inkişaf ləngiməsi müşayiət edilir. Qeyd olunanlara əsasən, qızı X1 şəxsin daimi nəzarətində olması zəruridir. X6 əziyyət çəkdiyi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir, öz hərəkətlərini idarə edə bilmir. Ona görə də qızının qəyyumu kimi təyin olunmaq niyyətindədir. Lakin, İcra hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasından bildirilmişdir ki, qızı üzərində qəyyum və ya himayəçi kimi yalnız məhkəmə qətnaməsinə əsasən təyin edilə bilər. Ona görə də Nəsimi Rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Bu səbəbdən iddaçı idda tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, Ərizəçi xx.xx.2004-cü il təvəllüdlü qızı X4 anasıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasının arayışının surətindən görünür ki, X6 müddətsiz İl qrup əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 xx.xx.2023-cü il tarixli 1/6172 saylı Həkim Psixiatr Komissiyasının 5279 saylı rəyindən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü qızı X6 “ağır kəmağıllıq, kəsin imbesillik, kobud nitq və davranış pozuntuları xəstəliyindən əziyyət çəkir və onun kənar şəxslərin himayəsinə ehtiyacı vardır. İş materiallarında olan “X8” X9 668 nömrəli epikrizindən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü qızı X5 “KRVİ.Parsial epiletik qıcolma statusu” sol klinik diaqnozu qoyulmuşdur. Bununla yanaşı “sağ orta kəllə çuxurunda araxnoidal kista” yanaşı xəstəlik olaraq qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli 3-17-4/2-H-14334/2023 nömrəli məktubundan görünür ki, xx.xx.2004-cü il təvəllüdlü qızı X5 xx.xx.2022-ci il tarixidə orqanizmin funksiyalarının 65 faiz pozulması ilə ümumi xəstəlik səbəbindən müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi“ X9 xx.xx.2024-cü il tarixli 18-1/2-H-52xx-xx-8509/2024 saylı müraciətə baxılmasının nəticəsi haqqında məktubdan görünür ki, xx.xx.2004-cü il təvəllüdlü qızı X4 əlilliyinin qiymətləndirilməsi məqsədi ilə tibbi sənədlərinin Bakı 2 nömrəli X2 tərkibində fəaliyyət göstərən Həkim Psixiatr Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 altsisteminə yerləşdirildiyi və ikinci dərəcə əlillik (orqanizmin funksiyalarının pozulma faizi:70%) təyin edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilərlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, öz hərəkətlərinin mənasını dərk etməyən və onları idarə etmək iqtidarında olmayan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə,məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə,hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 xx.xx.2023cü il tarixli 1/6172 saylı Həkim Psixiatr Komissiyasının 5279 saylı rəyinə əsasən xx.xx.2004-cü il təvəllüdlü X4 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları təsdiq edildiyindən, ərizə təmin olunmalı, xx.xx.2004-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə qeyd edir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 320ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2004-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə xx.xx.2004-cü il təvəllüdlü X6 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar