Məhkəmə qərarları › İş №2(006)-2523/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2523/2024

01.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2523/2024 01.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “borcun olmaması barədə məlumatın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli, 1285/14 nömrəli kredit müqaviləsinin etibarsız hesab edilmsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sonradan, İddiaçı MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onun 2014-cü il tarixdə bağlanmış kredit müqaviləsi üzrə borcunun olmaması barədə Mərkəzi Kredit Reyestri Xidmətinə məlumat verilməsi öhdəliyinin LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxıldığı dövrdə "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, kredit götürmək məqsədi ilə banklardan birinə yaxınlaşmışdır. Ona "xxxx" ASC-yə kredit borcunun olması səbəbilə kredit verilməmişdir. Qəti və birmənalı olaraq bildirir ki, o, heç vaxt "xxxx" ASC-dən kredit götürməmişdir. Bununla bağlı cavabdeh təşkilata müraciət etmişdir. Orada ona bildirmişlər ki, adına "xxxx" ASC-də kredit borcu vardır. "xxxx" ASC ilə aralarında guya bağlanmış xx.xx.2014-cü il tarixli 1285/14 №-li kredit müqaviləsinə əsasən 36 ay müddətinə 300 manat məbləğində kredit verilmişdir. Bankda araşdırma zamanı məlum olmuşdur ki, 534665 saylı kredit hesabına bağlı olan şəxs İddiaçı Oktay oğludur. Cavabdeh təşkilat ona ərizə yazmasını və köməklik göstərəcəklərini bildirmişlər. Həmin şəxslə onun ad və soyadı eyni olduğundan səhvən kredit borcu onun adına köçmüşdür. Onun adına olan kredit borcu ona məxsus deyil. Həmin kreditin onun adından silinməsi və ona MKR-dən gecikmə günlərinin sıfırlanmasına köməklik göstərilməsi ilə bağlı müraciət etsə də, lakin heç bir köməklik göstərməmişlər. Daha sonra borcun silinməsi ilə bağlı cavabdeh təşkilata yenidən müraciət etmişdir. Cavabdeh təşkilat ona ləğv prosesində olan "xxxx" ASC-yə xx.xx.2014-cü il tarixli, 1285/14 №-li kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə bank əməliyyat sistemində 210.05 manat məbləğində əsas, 320.65 manat məbləğində cərimə olmaqla, 530.7 manat məbləğində borc öhdəliyinin olduğunu bildirmişlər. Bir sözlə cavabdeh təşkilat onun müraciətinə aidiyyatı üzrə cavab verməmiş, aidiyyatı olmayan cavablar verərək, öz səhvlərini düzəltmək istəməmişlər. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İştirak etdiyi əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 izahatında bildirmişdir ki, iddia tələbi ilə əlaqədar bankla iddiaçı arasında bağlanmış müqavilənin əslinin məhkəməyə təqdim edilməsi üçün tərəfindən sorğu verilmiş, lakin həmin müqavilənin əslinin tapılması mümkün olmamışdır. Ləğvedici kimi Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Ola bilər ki, təhvil-təslim aparılarkən həmin müqavilə məhv olmuş və ya korlanmışdır. Sonda iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X1 tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsi və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan ərizəni nəzərə alıb, mülki işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - kredit müqaviləsi məlumatlarından görünür ki, kredit müqaviləsi xx.xx.2014-cü il tarixdə Cavabdeh ASC ilə İddiaçı Oqtay oğlu arasında bağlanmışdır. Müqavilə 1285/14 nömrə ilə qeydə alınmış, İddiaçı Oqtay oğluna 36 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə 300 manat məbləğində kredit verilmişdir. - "xxxx" MMC-nin çıxarışına əsasən, çıxarışda İddiaçı kredit tarixçəsi məlumatları öz əksini tapmışdır. Çıxarışın 3.1-ci bəndinə əsasən İddiaçı aktiv öhdəlikləri sırasında LPO Cavabdeh ASC-yə olan qalıq borcu əks etdirilmiş, borcun əsas hissədən (210.05 manat) və faiz hissəsindən (320.65 manat) ibarət olduğu qeyd edilmişdir. - İddiaçı müqavilənin surətinin təqdim edilməsinə dair ərizəsinə cavab olaraq LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən bildirilmişdir ki, kredit müqaviləsi rəsmiləşdirilərkən biri borcalanda, digəri isə bankda saxlanılmaqla, eyni hüquqi qüvvəyə malik 2 nüsxədə tərtib edilir. Odur ki, İddiaçı sözügedən sənədlərin borcalana təqdim edilmiş nüsxələrindən istifadə etməsi xahiş edilmişdir. - İddiaçı tərəfindən cavabdeh banka ünvanlanmış ərizədən görünür ki, İddiaçı bankdan kredit götürmədiyini, lakin adına borc hesablandığını qeyd edib, ona köməklik göstərilməsini xahiş etmişdir. - LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, ərizədə bankla İddiaçı arasında xx.xx.2014-cü il tarixli, 1285/14 nömrəli müqavilənin bağlandığı, müqaviləyə görə İddiaçı 36 ay müddətinə 300 manat məbləğində kredit verildiyi, qeyd edilən müqavilə üzrə İddiaçı xx.xx.2023-cü il tarixinə bank əməliyyat sistemində 210.05 manat əsas, 320.65 manat cərimə olmaqla, 530.7 manat məbləğində borc öhdəliyinin mövcud olduğu bildirilmişdir. - Məhkəmənin müxtəlif qurumlara ünvanlanmış sorğusuna cavab olaraq daxil olmuş: * Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı DİN-in İAMAS sistemində şəxsiyyət vəsiqəsində ad, soyad və ata adının dəyişdirilməsi barədə heç bir məlumat aşkar edilməmişdir. * Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində məlumat müəyyən edilməmişdir. * Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən İddiaçı soyadının, adının və ata adının dəyişdirilməsi haqqında akt qeydinə dair məlumat aşkar edilməmişdir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş halı ondan ibarətdir ki, İddiaçı kredit götürmək məqsədilə müvafiq banka müraciət etmiş, lakin bu müraciəti zamanı icra edilməmiş öhdəliyinin olmasını aşkar etmişdir. İcra edilməmiş öhdəliyi haqqında məlumat əldə etmək üçün "xxxx" MMC-dən çıxarış əldə etmiş və kredit tarixçəsi məlumatlarına görə LPO Cavabdeh ASC-yə icra edilməmiş öhdəliyi mövcuddur. Məhkəməyə müraciət etmədən öncə iddiaçı məsələ ilə əlaqədar banka müraciət etmiş olsa da, müsbət nəticə əldə edə bilməmiş və nəticə etibarı ilə pozulmuş hüququnun məhkəmə qaydasında bərpasını tələb etmək məcbiriyyətində qalmışdır. İddia tələbinin məhkəmədə araşdırılması zamanı tərəflərin iştirakı təmin edilmiş və bankdan mübahisənin yaranmasına əsas olan müqavilənin əsli və yaxud təsdiq edilmiş surəti tələb edilmişdir. Lakin cavabdehin nümayəndəsi müqavilənin əslinin təqdim edilməsinin mümkünsüzlüyünü (məhv olması və yaxud korlanması səbəbindən) qeyd edərək, sözügedən kredit müqaviləsinə dair məlumatları əks etdirən çıxarış təqdim etmişdir. Çıxarışda müqaviləyə dair zəruri məlumatlar əks olunsa da, əsas diqqət çəkən məqam müqavilə tərəfinin İddiaçı deyil İddiaçı Oqtay oğlu olmasıdır. Məhkəmə qeyd edir ki, müqavilə tərəfinin İddiaçı deyil başqa şəxs olmasına, bununla da borc öhdəliyinin iddiaçıya aid olmadığı halda "xxxx" MMC-nin məlumat bazasında əks olunması sonuncunun hüquqlarının əsassız olaraq pozulmasına səbəb olmuşdur. İşin araşdırılması nəticəsində məhkəmənin əldə etdiyi dəlillər iddiaçının pozulmuş hüququnun bərpasına əsas yaradır. “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun: - 6.1-ci bəndinə əsasən kredit bürosu kredit tarixçəsi subyektinin kredit tarixçəsini təşkil edən məlumatları toplayır, saxlayır, təhlil edir və kredit hesabatlarını verir. - 6.3-cü bəndinə əsasən kredit tarixçələrinin formalaşdırılması və kredit hesabatlarının verilməsi üzrə kredit bürosunun fəaliyyəti məlumat təchizatçıları və məlumat istifadəçiləri ilə (bu Qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş neqativ məlumatları təqdim edən məlumat təchizatçıları, 13.2.2-ci və 13.2.3-cü maddələrində nəzərdə tutulmuş məlumat istifadəçiləri istisna olmaqla) bağlanan müqavilələr əsasında həyata keçirilir. Müqavilədə tərəflərin qarşılıqlı hüquq və öhdəlikləri, o cümlədən məlumat təchizatçısının və məlumat istifadəçisinin bu Qanunla nəzərdə tutulmuş vəzifələri, təqdim edilən məlumatın tərkibi və təqdimetmə müddətləri, kredit hesabatının alınması üçün sorğuların təqdim edilməsi və kredit hesabatlarının verilməsi qaydası, habelə tərəflərin məsuliyyəti öz əksini tapmalıdır. - 10.1-ci bəndinə əsasən kredit bürosu topladığı məlumatı həmin məlumatda edilmiş son dəyişiklikdən sonra 10 il müddətində saxlayır və həmin məlumatın istifadəçilərə verilməsini təmin edir. Bu müddət başa çatdıqdan sonra məlumat məhv edilir və ya kredit tarixçəsi subyektinin razılığına əsasən arxivləşdirilir. - 10.2-ci bəndinə əsasən kredit tarixçəsinin subyekti neqativ məlumatın bu Qanunun 10.1-ci maddəsində göstərilən müddətdən tez məhv olunmasını tələb edə bilməz. - 18.1-ci bəndinə əsasən kredit tarixçəsinin subyekti öz kredit hesabatını təşkil edən məlumatın yanlış olmasını aşkar etdikdə, düzgün olmayan məlumatın aradan qaldırılması üçün müvafiq kredit bürosuna və məlumat təchizatçısına müraciət edə bilər. Müraciətə məlumatın düzgün olmamasını təsdiq edən sənədlərin surətləri əlavə edilməlidir. “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2021-ci il tarixli, 32/1 saylı Qərarının 3-cü bəndinə əsasən kreditlər haqqında məlumatlar kreditin eyniləşdirmə nömrəsi və mühasibat uçotu sənədlərində əks etdirilmiş qalıq dəyəri ilə təqdim edilir. Məlumatlar hər təqvim ayının 1-i tarixinə olan vəziyyətə növbəti 4 (dörd) iş günü ərzində təqdim edilir. MKR-ə yeni kreditlər haqqında məlumatlar kreditin verildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir. Məlumatın son verilmə tarixi qeyri-iş gününə düşdükdə məlumat növbəti iş günü təqdim edilir. Kredit öhdəliyinin tam icra edilməsi haqqında məlumatlar MKR-ə kreditin tam ödənildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir. Məlumat elektron formada MKR-in avtomatlaşdırılmış sisteminin tələblərinə uyğun olaraq təqdim edilir. Hər bir kredit üzrə MKR-ə təqdim olunan məlumat bu Qaydaya Əlavə 1-də göstərilmiş informasiyanı əks etdirməlidir. Hər hansı kreditin eyniləşdirmə nömrəsində dəyişiklik tələb olunarsa, bu haqda MKR-ə kredit təşkilatı tərəfindən yazılı məlumat verilməklə, köhnə və yeni nömrələrin siyahısı təqdim edilir. Məlumat təchizatçıları MKR-ə təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidirlər. MKR-də olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının yazılı müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlərlə Mərkəzləşdirilmiş Kredit Reyestri məlumatlarında iddiaçının barəsində mövcud olmadığı halda borc öhdəliyinin qeyd edilməsi öz təsdiqini tapdığından, həmin məlumatlarda düzəlişlərin edilməsi zəruridir. Bununla da məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı 2014-cü il tarixli kredit müqaviləsi üzrə LPO Cavabdeh ASC-yə borcunun olmaması barədə Mərkəzi Kredit Reyestri Xidmətinə məlumat verilməsi öhdəliyi LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı 2014-cü il tarixli kredit müqaviləsi üzrə LPO Cavabdeh ASC-yə borcunun olmaması barədə Mərkəzi Kredit Reyestri Xidmətinə məlumat verilməsi öhdəliyi LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. Bu qətnamə mərkəzləşdirilmiş kredit reyestrindən 2014-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı borcunun olmasına dair qeydin silinməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar