Məhkəmə qərarları › İş №2(006)-2538/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2538/2024

04.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2538/2024 04.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi Alıeva Zümrüdün iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının nümayəndəsinin qeydiyyatda olduğu ünvan 1 ünvanın kommunalları, yəni işıq, qaz, su İddiaçı adınadır. Lakin orada anası, bacısı ilə birgə yaşayır. Həmin evə quraşdırılmış qaz sayğacına xx.xx.2023-cü il tarixdə akt tərtib edilmişdir. Bir müddət əvvəl müəyyən edilmişdir ki, adına olan **********00000 saylı abonent hesabında 5732.80 manat borc yazılmışdır. Borcun yazılma səbəbini araşdırmaq üçün X1nə müraciət edəndə orada ona sənədlər təqdim edilmişdi. Aktda qeyd olunmuşdur ki, 14-2-2/3-5-1425 saylı əsasən **********1 saylı sayğaca baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın çıxış plasmas borusu deşilib. Xəta normadan artıqdır, sayğac normal sərfiyyatda 100 faiz nisbi xəta ilə işləyir. Hesablama sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sayğac istifadəyə yararsızdır. Dəymiş ziyanın hesablanıb ödənilməsini tələb edirlər. Göründüyü kimi Cavabdeh əməkdaşları ona heç bir məlumat vermədən, qaz sayğacını başqa sayğacla əvəz etmiş, sayğacda aşkarlanan qüsurlara görə onun təqsirini sübut etmədən, qaz itkisi hesablamış və onun hesabına 5732.80 manat borc yazmışlar. Bildirilir ki, evindən çıxarılmış qaz sayğacında baş verən nasazlıq onun müdaxiləsi və ya səhvi ucbatından baş verməyib. Cavabdeh aktlarında sayğacda aşkarlanan qüsur kimi sayğacın çıxış plasmas borusu deşilib-olması qeyd olunub. Sayğacın küçədə yerləşdiyi nəzərə alınsa, istənilən bir şəxs sayğaca zərər vura bilər. Həmçinin, sayğac çıxarıldıqdan sonra xüsusi qablaşdırmaya yerləşdirilərək yoxlanılması üçün laboratoriyaya aparılmalı olduğu halda Cavabdeh əməkdaşları bunu da etməmişlər. Belə olan halda sayğac yoxlamaya aparılarkən də olan qüsurlara bir əsas, sübut da yoxdur. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı həyata keçirir. Göründüyü kimi qeyd olunan müqavilə şərtlərində qaz paylayıcısının heç bir halda istehlakçıya münasibətdə güc və ya məcburetmə tədbirinin tətbiq etməsi hüququ, eləcə də istehlakçının məcburetmə tələbləri ilə müəyyən hərəkətlərin edilməsi vəzifəsi nəzərdə tutulmamışdır. Əksinə, qazın mövcud alqı-satqı müqaviləsində göstərilmişdir ki, istehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Həmçinin, həmin müqavilədə göstərilmişdir ki, tərəflər arasında yaranmış və bu müqavilədə nəzərdə tutulmayan mübahisəli hallar üzrə münasibətlər “Qazdan istifadə qaydaları”na və digər normativ hüquqi aktlara əsasən tənzimlənir. Bu müqavilə üzrə yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, tərəflər məhkəməyə müraciət edə bilərlər. Göründüyü kimi, hazırkı iddia ərizəsi üzrə cavabdeh olan Cavabdeh tərəfindən birtərəfli qaydada istehlakçı olaraq onun barəsində hər hansı məsuliyyət tədbirinin tətbiq edilməsi, qanunvericiliklə nəzərdə tutulan müxtəlif məbləğlərdə maliyyəpul sanksiyasının tətbiq edilməsi və həmin məbləğ birbaşa və məcburi qaydada istehlakçı olaraq ondan ödənilməsinin tələb edilməsi “Qazdan istifadə qaydaları”nın tələblərinə, cavabdehlə onun arasında bağlanılmış qazın alqı-satqı müqaviləsinin şərtlərinə və digər normativ hüquqi aktların tələblərinə ziddir. Nəzərə alınmalıdır ki, güc və ya məcburetmə tətbiq olunması yalnız dövlətin inhisarındadır və dövlət bu məqsədlə mülki prosessual qanunla və icra haqqında qanunvericiliklə tənzimlənən metodlar tətbiq edir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 561-ci maddəsi baxımından mülki hüquqların həyata keçirilməsinin təmin edilməsi, güc və ya məcbur tətbiq olunması dövlətin inhisarına aid edilmiş, bu məqsədlə dövlət mülki prosessual qanunla və icra haqqında qanunvericiliklə tənzimlənən metodlar tətbiq ediməsi nəzərdə tutulmuşdur. Belə olduğu halda qanunvericiliyin müəyyən etdiyi imkanlardan istifadə edərək müqavilə tərəfinin digər tərəfə münasibətdə məcburetmə tədbirlərin tətbiq edilməsi mümküsüz olur və məcburetmə aktının etibarsızlığını, bunun əsasında isə pul tələbinin əhəmiyyətsizliyini təsdiq edir. Göstərilənlərə əsasən, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən dəymiş zərər kimi müəyyən olunan 5732.80 manat borcun silinməsi və həmin borca görə tutulan pulların hesablanaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılması xahiş edilmişdir.

3. Daha sonra Cavabdeh nümayəndəsi X2 xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00 000 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış 1602AZ1301 16052151 sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə" 14-2-2/3-5-4425-1 Akta əsasən "sayğacın çıxış plastmas borusu deşilib, qaz itkisi, müdaxilə" barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 25920 m3 təşkil etmişdir. Hesablanmış 3110,40 manat məbləğində dəymiş ziyan 2023-cü ilin aprel ayından abonentin koduna yerləşdirilmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 201 1-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqısatqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. Bir daha bildirilir ki, **********000 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi iddiaçının sayğaca müdaxilə etməsi Cavabdeh İB-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiş ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə qurşadırılan sayğaca guya müdaxilə etməməsini qeyd edərək, məhkəmədə yanlış təsəvvür yaradaraq dəymiş ziyanın silinməsinə və uydurma məbləğ əldə edərək əsassız varlanmağa çalışır. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-2538/2024 saylı qərardadı ilə iddia tələbinin “Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən dəymiş zərər kimi müəyyən olunan borcun 2391 manat məbləğində silinməsi hissəsində” icraatına xitam verilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, izahatında qeyd etmişdir ki, iddiaçı onun qardaşıdır. O, hazırda azadlıqdan məhrumetmə yerində cazə çəkir. ünvan 2 ünvanında yerləşən mənzildə olan bütün kommunal xidmətlər onun adınadır. Həmin mənzildə yerləşən qaz sayğacına xx.xx.2023-cü il tarixdə akt tərtib edilmişdir. Bu hal onlara bir müddət öncə məlum olmuşdur. Həmin akta əsasən onun balansına 5732.80 manat borc yazılmışdır. Bunun səbəbi ilə bağlı cavabdeh quruma müraciət etmiş və oradan onlara bəzi sənədlər təqdim edilmişdi. Həmin sənədlərdən məlum olmuşdur ki, sayğaca baxış keçirilmiş, sayğacın çıxış plasma borsunun deşilməsi, sayğacın normal sərfiyyatda 100 faiz nisbi xəta ilə işləməsi müəyyən edilmişdir. Nəzərə çatdırılır ki, həmin aktın tərtib edilməsi ilə bağlı onlara heç bir məlumat verilməmiş, sayğac yeni sayğacla əvəz edilmiş, sayğacda aşkarlanan qüsura görə təqsir müəyyən olunmadan qaz itkisi hesablanmış və qardaşının hesabına 5732.80 manat borc yazılmışdır. O da qeyd edilir ki, sayğacda müəyyən olunmuş qüsur onların təqsiri ucbatından baş verməmişdir. Sayğac küçədə yerləşdiyindən ona istənilən şəxs ziyan vurmuş ola bilər. Hesab edir ki, tərtib edilmiş akt və onun əsasında heablanmış cərimə tam əsassızdır. Odur ki, bütün bu qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Alıeva Zümrüd iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, akt tərtib edərkən bununla bağlı müvafiq dövlət orqanlarına müraciət etmişlər, lakin hazırda bununla bağlı heç bir sənəd təqdim edə bilmir.

8. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 1 İddiaçı məxsusdur. İddiaçıya məxsus həmin ünvanda olan qaz sayğacına xx.xx.2023-cü il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, sayğacın çıxış plasmas borusunun deşilməsi, xətanın normadan artıqolması, sayğacın minimal sərfiyyatda 100% nisbi xəta ilə işləməsi, hesablamanın sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi və sayğacın istifadəyə yararsız olması barədə akt tərtib edilmişdir. Bununla bağlı iddiaçıya verilmiş abonent koduna borc yazılmışdır. Sonradan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-1831/2022 saylı qətnaməsinə əsasən təbii qazdan sayğacdan kənar istifadə edilməsinə görə yaranmış cəmi 2391 manat 40 qəpik borcun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdehnə ödənilməsi qət edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(006)-2538/2024 saylı qərardadı ilə iddia tələbinin “Cavabdeh İBnin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən dəymiş zərər kimi müəyyən olunan borcun 2391 manat məbləğində silinməsi hissəsində” icraatına xitam verilmişdir. Hazırda iddiaçı həmin borcun əsassız yazıldığını iddia edərək, qaz sayğacına edilən müdaxiləyə görə özünün deyil, cavabdehin məsuliyyət daşıdığını bildirib, əsassız yazılmış borcun silinməsini məhkəmədən xahiş edir. Cavabdeh tərəf isə borcun əsaslı yazıldığını bildirərək, iddiaçının sayğacın hesablama mexanizmini pozmaqda maraqlı ola biləcəyini və itirilmiş qaza görə yaranmış borcun məhz iddiaçı tərəfindən ödənilməli olduğunu qeyd edir.

b) Mülki işin materialları:

10. Mülki işin materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Namiq Məlikov küçəsində istehlakçı İddiaçı adına olan qaz sayğacına baxış keçirilmiş, sayğacın çıxış borusunun panelində dəlik aşkarlanmışdır.

11. Mülki işin materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, ünvan 3 ünvanda qaz sayğacına baxış keçirilmiş və baxış keçirilən zaman müəyyən edilmişdir ki, 14-2-2/3-5- 1425 nömrəli akta əsasən **********1 nömrəli sayğaca baxış keçirilmişdir. Sayğacın çıxış plasmas borusu deşilib. Xəta normadan artıqdır. Sayğac minimal sərfiyyatda 100% nisbi xəta ilə işləyir. Hesablama sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sayğac istifadəyə yararsızdır. Dəymiş ziyanın hesablanıb ödənilməsini tələb edirlər.

12. Mülki işin materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən belə məlum olur ki, qaz sayğacının maksimal qaz sərfi 6 kub.m orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparlmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. 6 x 24 x 180=25920 kub metr əlavə sərfiyyat hesablanmışdır.

13. Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli abonent saldosundan görünür ki, abonent kodu 100**********000 olan İddiaçı məxsus ünvan 4 ünvanına xx.xx.2023-cü il tarixdə quraşdırılan sayğac üzərində 3110,40 manat məbləğində qalıq borc görünür.

14. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-1831/2022 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh İB-nin cavabdeh İddiaçı qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinin təmin edilməsi, təbii qazdan sayğacdan kənar istifadə edilməsinə görə yaranmış cəmi 2.391 manat 40 qəpik borc, pozulmuş hüquqların bərpası üçün hüquq şirkətinə ödənilmiş 300 manat pul vəsaiti və ödənilmiş 51 manat 10 qəpik məbləğində dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdehnə (iddia ərizəsində qeyd edilən bank rekvizitləri üzrə) ödənilməsi qət edilmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, iddia tələbinin dəlilləri iş materialları ilə öz təsdiqini tapdığından və qanunvericiliyə müvafiq olaraq, iddiaçının mənzilinə məxsus sayğacın işlək vəziyyətdə saxlanılmasına məsuliyyəti cavabdeh daşıdığından, cavabdeh isə qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini, həmçinin etirazda göstərdiyi dəlilləri təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir.

16. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa, rədd edilir.

17. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.

18. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiqvə təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

19. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

20. Həmin qanunun 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: 4.2-ci bəndinə görə, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə görə, qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə görə, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə görə, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

22. Məhkəmə hesab edir ki, iddiaçı fiziki şəxs olmaqla, eyni zamanda məişət qaz qurğusundan istifadə etdiyindən, qanunvericiliyin tələblərinə əsasən qaz sayğacının saz vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşımır. Habelə, sayğacın nasaz vəziyyətə düşməsinin iddiaçının təqsirindən baş verməsi iş materialları, cavabdehin dəlil və sübutları ilə təsdiq olunmur. Cavabdeh tərəfindən sayğacın iddiaçının təqsiri ucbatından yararsız vəziyyətə düşməsi barədə sübutlar məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə, ******* nömrəli aktda qeyd olunanlara görə itirilmiş qazın dəyərinin iddiaçıdan tutulmasını əsaslı hesab etmir. Odur ki, iddia tələbi əsaslı olmaqla qismən təmin edilməlidir.

23. Məhkəmə tələbin təmin olunmayan hissəsinə münasibətdə isə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 5732.80 manat məbləğində borcun silinməsini tələb etsə də, yuxarıda qeyd edildiyi kimi məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(006)-2538/2024 saylı qərardadı ilə həmin borcun 2391 manat məbləğində silinməsi hissəsində iddia tələbinin icraatına xitam verilmiş, həmçinin iş materiallarında olan abonent saldosundan göründüyü kimi 2023-cü ilin aprel ayı üzrə qalıq borc 3110.40 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilən borc isə abonentə yazılmış xx.xx.2023-cü il tarixli akta görə müəyyən edilmiş və birbaşa iddiaçının abone saldosuna köçürülmüşdür ki, yuxarıda qeyd edilən qanunun tələblərinə uyğun həyata keçirilməmişdir.

24. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 5 ünvanı üzrə (abonent kodu: **********00000) əsassız hesablanmış ******* saylı akt üzrə yaranmı 3110.40 (üç min yüz on manat, qırx qəpik) manat məbləğində borc cavabdeh X1 tərəfindən silinməli, iddia qalan hissədə rədd edilməlidir.

25. Daha sonra məhkəmə iddia tələbinin ikinci hissəsinə, yəni borca görə tutulan pulların hesablanaraq iddiaçıya qaytarılması hissəsinə münasibətdə isə qeyd edir ki, həmin tələb mahiyyət etibarı ilə ilkin tələblə eynilik təşkil etdiyindən, ilkin tələb qismən təmin edilən hissə icra olunarkən ikinci tələbdə avtomatik icra ediləcəyindən prosessual qənaət prinsipini nəzərə almaqla həmin tələblə bağlı əlavə araşdırılma aparılmasına zərurət qalmamışdır.

26. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı dövlət rüsumundan azad edilmiş şəxs kateqoriyasına aid edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən dövlət büdcəsinin hesabına dövlət rüsumu tutulmalıdır.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

28. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir.

29. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi 3110.40 manatın tutulması hissəsində təmin edildiyindən, Cavabdehndən 51.10 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

32. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən ünvan 5 ünvanı üzrə (abonent kodu: **********00000) ******* saylı akt üzrə hesablanmış 3110.40 (üç min yüz on manat, qırx qəpik) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdehndən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 51.10 (əlli bir manat, on qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar