Məhkəmə qərarları › İş №2(006)-2550/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2550/2021

14.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2550/2021 14.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "əsassız borcun silinməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC tərəfindən Bakı şəhəri, Hövsan qəsəbəsi, Bağlar massivi ünvanında quraşdırılmış **********60224 abonent kodlu işıq sayğacına əsassız olaraq hesablanmış 3200 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçının yaşadığı Bakı şəhəri, Hövsan qəsəbəsi, Bağlar massivi ünvanında quraşdırılmış işıq sayğacına onun xəbəri olmadan baxış keçirilmiş və guya sayğacdan kənar xətt aşkarlanmışdır. Bunun əsasında iddiaçıya ümumilikdə 3200 manat məbləğində borc yazılmışdır. Bu barədə iddiaçıya heç bir rəsmi bildiriş göndərilməmişdir. İddiaçı yalnız borca görə tutulmalar aparıldıqda bu barədə şifahi olaraq məlumatlandırılmışdır. İddiaçı onun iştirakı olmadan keçirilmiş baxışla və onun nəticələri ilə razı deyil. İddiaçıya məxsus sayğacda heç vaxt kənar xətdən istifadə edilməmişdir. Sayğac çöldə quraşdırıldığı üçün “xxxx” ASC-nin əməkdaşları iddiaçıdan xəbərsiz sayğaca baxış keçirmişlər. Lakin bu baxışın necə aparılması, onun nəticələri və akt tərtib olunub-olunmaması ilə bağlı iddiaçının xəbəri olmamışdır. Belə ki, bundan sonrakı dövrdə yazılan borclar haqqında da ona xəbərdarlıq edilməmiş, o yalnız şifahi olaraq 3200 manat məbləğində borcunun olduğunu öyrənmişdir. Lakin bu məbləğdə borcun yazılmasına heç bir əsas olmamışdır. İddiaçı artıq uzun illərdir ki, işıq enerjisindən istifadə edir və bunun qarşılığında istehlak dəyərini vaxtlı-vaxtında ödəyir. Bu qədər borcun birdən-birə yaranması tamamilə absurddur. Hal-hazırda da sayğaca baxdıqda onun yaxşı vəziyyətdə, tam qaydasında olduğu və sayğaca qoşulmuş heç bir kənar xəttin mövcud olmadığı açıq-aşkar görünür. İddiaçı heç vaxt kənar xətdən istifadə etməmişdir. Bundan əlavə, iddiaçı “xxxx” ASC-nin binasına yaxınlaşaraq bu borcların hüquqi əsasını, yəni müvafiq aktları tələb etsə də, bir vətəndaş olaraq onun müraciətinə lazımi cavab verilməmiş və aktların təqdim edilməsindən imtina edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, 25 fevral 2020-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları abonent İddiaçı məxsus Bakı şəhəri, Hövsan qəsəbəsi Bağlar massivi ünvanında 10.03.2017-ci il tarixdə quraşdırılmış 3307725M784831 nömrəli VİKO-T5100DBOT tipli elektrik sayğacına baxış keçirmiş, baxış zamanı sayğacın yandığı aşkar olunmuşdur. Aşkar olunmuş faktla bağlı Rİ N° 175491 nömrəli 25.02.2020-ci il tarixli akt tərtib edilmişdir. "xxxx" ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarına əsasən 730 kvts. itirilmiş elektrik enerjisinin dəyəri (456 x 0.07 / 274 x 0.11) = 62.06 manat məbləğində müəyyən edilməklə abonentin **********60224 nömrəli abunə haqqında məlumatına daxil edilmiş və ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Həmin qərarla həmçinin abonentin mənzilinə yeni sayğac quraşdırılması qərara alınmışdır. 04 iyun 2020-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları abonent İddiaçı məxsus Bakı şəhəri, Hövsan qəsəbəsi Bağlar massivi ünvanında 10.04.2020-ci il tarixdə quraşdırılmış **********7M1547397 nömrəli PAUD-MP-306(3 FAZ) tipli elektrik sayğacına baxış keçirmiş, baxış zamanı sayğaca kənar xəttin daxil olması və abonentin sayğacdan kənar istifadə etməsi aşkar olunmuşdur. Aşkar olunmuş faktla bağlı Rİ № 185848 nömrəli 04.06.2020-ci il tarixli akt tərtib edilmişdir. "xxxx" ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarına əsasən 10777 kvts. itirilmiş elektrik enerjisinin dəyəri (3650 x 0.07 / 7127 x 0.11) = 1039,47 manat məbləğində müəyyən edilməklə abonentin **********60224 nömrəli abunə haqqında məlumatına daxil edilmiş və ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Həmin qərarla həmçinin abonentin mənzilinə yeni sayğac quraşdırılması qərara alınmışdır. Həmçinin iddiaçının hal-hazırki tarixədək limitdən artıq elektrik enerjisi sərfiyyatına görə olan borcunu da nəzərə aldıqda onun 14.09.2020-ci il tarixə istifadə etdiyi elektrik enerjisinə görə ümumi borcu 3114,06 manat edir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 04.06.2020-ci il tarixli, R 185848 saylı aktın təsdiq olunmuş surətindən görünür ki, həmin tarixdə “xxxx” ASC əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu-**********60224) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, baxış keçirən zaman məlum olmuşdur ki, abonentin SMART tipli sayğacı TM 1292-dən qidalanır. Abonent həyət evinin arxa tərəfindən birbaşa xətt götürərək elektrik enerjisindən istifadə edir. Kənar xətt ampermaşa ilə ölçülmüşdür. İş materiallarında olan “xxxx” ASC-nin 18.06.2020-ci il tarixli icra vərəqinin təsdiq olunmuş surətindən görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar ünvanında (abunə kodu-**********60224) sayğacdan kənar istifadə edildiyi müəyyən edilmişdir. İstehlakçıya 1,188 kvt x 24 saat x 0,7 x 540 gün = 10777 kvts hesablanması və kənar xəttin ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan 25.02.2020-ci il tarixli, R 195491 saylı aktın təsdiq olunmuş surətindən görünür ki, abonentin ərizəsinə əsasən həmin tarixdə “xxxx” ASC əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvana (abunə kodu-**********60224) baxış keçirən zaman məlum olmuşdur ki, elektrik sayğacı yanaraq sıradan çıxmışdır. abonentin SMART tipli sayğacı TM 1292-dən qidalanır. Abonent həyət evinin arxa tərəfindən birbaşa xətt götürərək elektrik enerjisindən istifadə edir. Kənar xətt ampermaşa ilə ölçülmüşdür. İş materiallarında olan “xxxx” ASC-nin 04.05.2020-ci il tarixli icra vərəqinin təsdiq olunmuş surətindən görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar ünvanında (abunə kodu-**********60224) elekrik sayğacının yandığı müəyyən edilmişdir. İstehlakçıya 1,144 kvt x 24 saat x 0,7 x 38 gün = 730 kvts hesablanması və elekrik sayğacının yenisi ilə əvəz olunması qərara alınmışdır. İş materiallarında olan Abunə kodu **********60224 olan abunə haqqında sənəddən görünür ki, İddiaçı 3.114,06 manat borc hesablanmışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğaclarıilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələricəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot vənəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.32-ci bəndinin 2-ci hissəsinə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Beləliklə, iş materiallarından göründüyü kimi məhkəməyə təqdim edilmiş 04.06.2020ci il tarixli, R 185848 saylı və 25.02.2020-ci il tarixli, R 195491 saylı aktların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na riayət edilmədən tərtib edildiyi müəyyən edilmişdir. Belə ki, akt yalnız cavabdehin əməkdaşları tərəfindən imzalanmış, aktın tərtib edilməsi zamanı iddiaçının (abonentin), eləcə də hal şahidlərinin iştirakı təmin edilməmişdir. Eyni zamanda iddiaçının Aktı imza etməkdən imtina etməsi barədə qeydin aparılması da aktdan müəyyən edilmir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının yaşadığı ünvanda quraşdırılmış sayğaca kənar xəttin daxil olması da sübut edilmir. Eyni zamanda iş materialları ilə sayğacın hasarda quraşdırılması müəyyən edilmişdir. «Elektrik enerjisindən istifadə Qaydaları»nın yuxarıda qeyd edilən bəndlərinin tələblərinə görə evin daxilində quraşdırılmamış sayğaclarda aşkar edilmiş qüsurlara görə abonent məsuliyyət daşımamalıdır. Bundan başqa iddiaçıya məxsus sayğacda aşkar edilmiş qüsurların məhz iddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsinə dair hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Qaydaların tələblərinə riayət edilmədən tərtib edilmiş yuxarıda göstərilən aktlar etibarlı deyildir və beləliklə də onların əsasında hesablanmış borc silinməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı iddia tələbində 3200 manat borcun silinməsini tələb etsə də, məhkəmə araşdırması zamanı iddiaçıya cəmi 3.114,06 manat borcun əsassız olaraq hesablandığı müəyyən edildiyindən, iddia qismən təmin edilməli, 3.114,06 manat borc İddiaçı **********60224 nömrəli abunə hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 3.114,06 (üç min yüz on dörd manat, altı qəpik) manat borc İddiaçı **********60224 nömrəli abunə hesabından silinsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar