Məhkəmə qərarları › İş №2(006)-2559/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2559/2024

14.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2559/2024 14.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı **********30022 abonent kodu üzrə hesablanmış 140,426 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı Azbər oğlu arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən istehlakçı **********30022 abonent kodu ilə qeydiyyata alınmış və ona məxsus elektrik təchizatı şəbəkəsinə 22035846M2411212 nömrəli sayğac quraşdırılmışdır. Qeyd edilən sayğacın göstəricilərinə uyğun olaraq tərtib edilmiş elektrik təchizatı müəssisəsinin bildirişlərinə əsasən xx.xx.2024-cü il tarixinədək istehlakçı 940 kvts elektrik enerjisi sərf etmiş bu səbəbdən ona 108.2 manat borc hesablanmış, xx.xx.2024-cü il tarixində sayğacın göstəricisi 1578 kvts olmuş, aylıq sərfiyyat 638 kvts olmuş (1578 kvts-940 kvts=638 kvts) 68.94 manat borc hesablanmış, xx.xx.2024-cü il tarixində göstərici 1760 kvts, aylıq sərfiyyat 182 kvts (1760 kvts-1578 kvts=182 kvts), hesablanmış borc məbləği 14.56 manat olmuşdur. Sözügedən bildirişlərə görə, xx.xx.2024-cü il tarixində abonentin qalıq borcu olmamış, yeganə borc aylıq sərfiyyata uyğun olaraq hesablanmış 108.2 manat olmuş, xx.xx.2024-cü il tarixində abonentin qalıq borcu 0.096 manat olaraq müəyyən edilmiş, aylıq sərfiyyatla birlikdə yekun ödənilməli məbləğ 69.04 manat olmuş, xx.xx.2024cü il tarixində isə qalıq borc heç kimə məlum olmayan səbəblərdən olaraq 140.426 manat göstərilmiş, aylıq sərfiyyatla birlikdə 154.99 manat yekun borc ödənilməli olduğu qeyd edilmişdir. Qeyd edilir ki, istehlakçı yalnız yanvar və mart ayı üzrə yaranmış borcları ödəmişdir. Məlum məsələdir ki, cari ilin yanvar ayından sonra istehlakçı tərəfindən heç bir ödəniş həyata keçirilməsə belə mart ayında qalıq borcun 140.426 manat olması mümkünsüzdür. Qeyd edilən məsələnin həlli ilə əlaqədar "xxxx" ASC-nin Nərimanov RETSİ-nə müraciət edilmiş, lakin onlar heç bir əsas gətirmədən, bu cür hesablanmış borcun qanunsuz olmadığı qənaətinə gəlmişlər. Hesab edilir ki, "xxxx" ASC tərəfindən hesablanmış 140.426 manat borc əsassızdır və silinməlidir. Azərbaycan Respublikasının Tarif Şurasının xx.xx.2021-ci il tarixli, 14 nömrəli Qərarı ilə təsdiq edilmiş Elektrik enerjisinin ölkədaxili tariflərinə əsasən, əhali abonentləri üçün aylıq istehlak həcminin 200 kVts-a qədər (200 kVts daxil) olan hissəsi 0.08 manat, aylıq istehlak həcminin 200 kVtsdan 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün 0.09 manat, aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün 0.13 manat olaraq müəyyənləşdirilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 bildirmişdir ki, həmin mənzildə 22 oktyabr 2023-cü il tarixində yoxlama aparılmışdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, sayğac yanmışdır. Sayğac yandığı üçün 71 gün əlavə sərfiyyat verilmişdir. İddia ərizəsini qəbul etməyərək məhkəmədən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehin nümayəndəsinə məlumat verilsədə o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin “abonentin hərəkət cədvəli”ndən görünür ki, **********30022 abunə kodu ilə qeydiyyata alınmış İddiaçı 2024cü il tarixə 140,49 manat borcu yaranmışdır. "xxxx" ASC tərəfindən tərtib olunmuş 22 sentyabr 2023-cü il tarixli 276581 nömrəli aktdan görünür ki, ümumi elektrik şitində baş vermiş qısa qapanma zamanı elektrik sayğacı tamamilə yararsız hala düşdüyündən elektrik sayğacının yenisi ilə əvəz edilməsi tələb olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 516618 nömrəli protokoldan görünür ki, **********30022 abonent kodu üzrə istehlakçıya 276581 nömrəli akta əsasən 22035846 nömrəli n600 tipli sayğac quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş 276581 nömrəli aktın əsasında təsdiq edilmiş xx.xx.2024-cü il tarixli razılaşdırılma aktında qüsur olaraq sayğacın yanması göstərilmişdir. İş materiallarında olan abonentin saldosuna əsasən **********30022 abonent kodu üzrə xx.xx.2024-cü il tarixdə EİQ pozulması səbəbi ilə 12,22 manat, xx.xx.2024-cü il tarixdə aktın yeni tarifi səbəbi ilə 37,84 manat, xx.xx.2024-cü il tarixdə EİQ pozulması səbəbi ilə 21,33 manat borc hesablanmışdır. İş materiallarından göründüyü kimi həmin tarixdə hər hansı bir hadisə baş verməmiş, yalnız xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Qeyd etmək lazımdır ki, «Elektroenergetika haqqında» 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.17-ci maddəsinin tələblərinə əsasən istehsalçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qopardıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda, enerjitəhcizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Həmin Qaydaların 8.32-ci bəndinin tələblərinə görə məişət abonenti (mənzillər üçün hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verdiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacınının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qeyd edilən Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalanmaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, ev 83, mənzil 22 ünvanı üzrə **********30022 abunə koduna hesablanmış 71 manat 39 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. Belə ki, əsassız hesablanmış məbləğdən (71,39 manat) əlavə qalan məbləğ istehlakçının istifadə etdiyi sərfiyyatdır. İşin faktiki hallarından göründüyü kimi, akt tərtib olunarkən məişət abonentinin iştirakı təmin edilməmiş, EİQ pozulması qeyd edilərək, əsassız borc məbləği hesablanmışdır. Digər tərəfdən, sayğac iddiaçının cavabdehliyi sərhəddində quraşdırılmamışdır. Elektrik enerjisindən sayğacdankənar istifadə edilməsini təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. Bu səbəbdən, iddia qismən təmin edilməli, həmin akta əsasən hesablanmış 71 manat 39 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, ev 83, mənzil 22 ünvanı üzrə **********30022 abunə koduna hesablanmış 71 manat 39 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, ev 83, mənzil 22 ünvanı üzrə **********30022 abunə koduna hesablanmış 71 manat 39 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar