Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2560/2024 15.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən, ona məxsus olmuş 13 nömrəli mənzilə dair Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 21 sentyabr 2018-ci il tarixli ******* saylı akta əsasən **********00130 saylı abonent hesabına yazılmış 1944 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 13 nömrəli mənzil ona məxsus olmuşdur. Qeyd edilən mənzilin təbii qazla bağlı təchizatını əlbəttə ki Cavabdeh İB həyata keçirmiş, **********00130 saylı abonent hesabı ona məxsus olmuş və həmin hesab nömrəsi ilə sayğac göstəriciləri əsasında istehlak olunmuş təbii qazın dəyəri vaxtlı-vaxtında cavabdeh quruma ödənilmişdir. 2018-ci ildə pilot layihə əsasında ona məxsus olan ünvan 2 ünvanda yerləşən mənzil də "xxxx" MMC tərəfindən sökülmüşdür. Mənzilin sökülməsindən əvvəl onunla aidiyyəti qurum arasında müqavilə bağlanmış və həmin vaxt onun qeyd edilən mənzillə bağlı heç bir kommunal borcunun olmaması barədə arayışlar da alınaraq müqaviləyə əlavə olunmuşdur. Göründüyü kimi, 2018-ci ildə mənzil söküldüyü üçün o, həmin mənzildə yaşaya bilməzdi. Lakin üzərindən 6 il keçməsinə və sökülərək mövcud olmayan, faktiki olaraq heç bir yaşayış olmayan mənzillə bağlı iş üzrə Cavabdeh tərəfindən onun telefon nömrəsinə sms bildiriş göndərilərək guya onun təbii qazın istehlakına görə borcunun olduğu bildirilmişdir. Bundan sonra ona məlum olmuşdur ki, cavabdeh qurum tərəfindən ona məxsus olmuş mənzillə bağlı «1602AZ**********51 zavod nömrəli sayğacın çıxış plastmas borusu deşilmişdir» qeydi aparılaraq 21 sentyabr 2018-ci il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Bununla bağlı 21 sentyabr 2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə «Qərar» qəbul edilmiş və 9720 m3 qazdan istifadəyə görə 1.944 manat məbləğində borc hesablanmışdır. O, aktda qeyd edilənlərlə razılaşmır. Belə ki, o, sayğaca zərər vuran hər hansı təqsirli hərəkət etməmişdir. İstehlak edilmiş təbii qazın dəyəri sayğac göstəriciləri əsasında vaxtlıvaxtında ödənilmişdir. Mənzil söküldükdən və bununla bağlı müvafiq şirkətlə aralarında müqavilə bağlandıqdan sonra baş verən hallara görə də o, heç bir məsuliyyət daşımır. Onun mənzilinə çöldə quraşdırılmış qaz sayğacının işlək vəziyyətdə saxlanmasına görə məsuliyyəti cavabdeh qurum özü daşıyır. Hesablanmış 1.944 manat məbləğində zərər həqiqəti və reallığı özündə əks etdirmir. Eyni zamanda sayğac yoxlanışda olarkən onun xəbəri, məlumatı olmamış və iştirakı təmin edilməmişdir, bu da həmin yoxlamanın ədalətli keçirilməsini istisna edir. İnandırıcı olmayan bir digər məsələ isə ondan ibarətdir ki, əgər onun həqiqətən sayğaca qanunsuz müdaxilə halı və ya digər təqsirli hərəkəti vardısa, cavabdeh qurum nəyə görə 6 ilə yaxın müddət gözləyərək ondan həmin borcu tələb etmirdi? Bütün bunlar isə bir daha onu göstərir ki, cavabdeh qurum öz hüquqlarından suiistifadə edərək onun 2018-ci ildə sökülmüş və mövcud olmayan mənzilinə tamamilə əsassız borc yazmışdır. Ona görə də, əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Hesab edir ki, o, Cavabdeh İB-yə zərər vurulmasına gətirib çıxara bilən təqsirli, hüquqa zidd əməl törətməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılması və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İB-nin nümayəndəsi F.M.Seyidov həmçinin məhkəməyə ərizə göndərərək, mülki işə onun iştirakı olmadan baxılması və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizələri nəzərə alaraq, mülki işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 41 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarxili, 90 nömrəli arayışdan görünür ki, İddiaçı Ş.Əzizbəyov küçəsində yerləşən 119 saylı evdə qeydiyyatdadır. Əlavə olaraq qeyd edilmişdir ki, sözügedən mənzil 2018-ci ildə "xxxx" MMC tərəfindən sökülmüşdür. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 29 avqust 2018-ci il tarixli 147 saylı müqavilədən görünür ki, iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi 119 saylı evin 13 saylı mənzilini sökülmək üçün "xxxx" MMC-yə təhvil vermiş, "xxxx" MMC isə öz növbəsində müqavilədə razılaşdırılmış şərtlərə əsasən həmin ərazidə inşa ediləcək çoxmərtəbəli yaşayış evində iddiaçı üçün mənzil ayıracağını öhdəsinə götürmüşdür. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş Təbii X1nın pozulması haqqında 21 sentyabr 2018-ci il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh İB-nin QŞN-29/1710-01648/5-13 saylı rəyinə əsasən istehlakçı İddiaçı məxsus mənzildə quraşdırılmış 160AZ**********51 nömrəli sayğacın çıxış plastmas borusunun deşilmişdir, bu əsasla dəymiş ziyanın ödənilməsi barədə tələb qeyd edilmişdir. Cavabdeh İB-nin Qaz sayğaclarına nəzarəti komissiyasının təsdiq etdiyi QSN- 29/1710-01648/5-13 saylı aktdan müəyyən olunur ki, **********00130 abunə kodu olan G4 markalı 1602AZ**********51 zavod nömrəli sayğacın çıxış plastmas borusu deşilmişdir, yararsız hesab olunur. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən tərtib edilmiş 21 sentyabr 2018-ci il tarixli itirilmiş təbii qazın dəyərinin hesablanması barədə hesabatdan görünür ki, **********00130 abunə kodu olan iddiaçıya 9720 m3 qaz sərfiyyatı (itirilməsi) hesablanmışdır. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 28 sentyabr 2018-ci il tarixli ******* saylı aktdan görünür ki, Əzizbəyov küçəsi 119, mənzil 13 ünvanında quraşdırılmış 1602AZ**********51 nömrəli sayğac söküntü ilə əlaqədar ünvandan çıxarılmışdır. Cavabdeh İB-nin nümayəndəsi F.M.Seyidov məhkəməyə iddiaya etiraz göndərərək göstərmişdir ki, İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanda yerləşən ona məxsus olmuş 13 nömrəli mənzilə dair Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən **********00130 saylı abonent hesabına yazılmış 1.944 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirir ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00130 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış 1602AZ**********51 sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, «Qaz sayğacının yoxlanılması barədə» 29/1710-01648/5-13 akta əsasən «sayğacın çıxış plastmas borusu deşilmişdir, qaz itikisi, müdaxilə» barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2018-ci il tarixli ******* saylı «Təbii X1nın pozulması haqqında» Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2018-ci il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 9720 m3 təşkil etmişdir. Hesablanmış 1.944 manat məbləğində dəymiş ziyan 2018-ci ilin sentyabr ayından abonentin koduna yerləşdirilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi, iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş «X1»nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alğı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. Bir daha bildirir ki, **********00130 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə»nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinin 8-ci bəndinə əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). «Smart-kart» tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi «Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 8-1-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «X1»nın : 4.2-ci maddəsinin tələblərinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8-ci maddəsinin tələblərinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu maddəsinin tələblərinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin faktiki hallarından görünür ki, cavabdeh tərəfin əməkdaşlarının tərtib etdiyi ilk sənəd faktiki olaraq 28 sentyabr 2018-ci il tarixli ******* saylı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdır. Həmin vaxt sayğac çıxarılaraq aidiyyatı üzrə təhvil verilmişdir. Bu zaman və daha sonra aparılmış yoxlama zamanı iddiaçının iştirakı təmin edilməmişdir. Tərtib olunmuş sənədlərdə xronoloji ardıcıllıq pozulmuş, 28 sentyabr 2018-ci il tarixdə çıxarılmış sayğaca baxış 01 oktyabr 2018-ci il tarixdə keçirilmiş, 02 oktyabr 2018-ci il tarixdə bununla bağlı akt tərtib edilmişdir. Cavabdehin əməkdaşları həmin sənədlərə istinad edərək xronoloji baxımdan arxa/geri tarixə, yəni 21 sentyabr 2018-ci il tarixə akt tərtib etmişlər. Göründüyü kimi, sayğaca müdaxilə edilməsinin və bunun nəticəsində zərər vurulmasının iddiaçının qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, zərərin məhz onun təqsiri üzündən baş verməsi, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə müəyyən edilmir. Digər tərəfdən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, ünvan 2 ünvanda yerləşmiş, iddiaçıya məxsus olmuş 13 nömrəli mənzilə dair Cavabdeh İB-nin əməkdarları tərəfindən tərtib edilmiş 21 sentyabr 2018-ci il tarixli ******* saylı akta əsasən **********00130 saylı abonent hesabına yazılmış 1944 manat məbləğində borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 3 ünvanda yerləşmiş, iddiaçıya məxsus olmuş 13 nömrəli mənzilə dair Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 21 sentyabr 2018-ci il tarixli ******* saylı akta əsasən **********00130 saylı abonent hesabına yazılmış 1944 (min doqquz yüz qırx dörd) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2560/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2560/2024
15.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver