Məhkəmə qərarları › İş №2(006)-2565/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2565/2022

04.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2565/2022 04.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Nəsimi Rayon Məhkəməsi Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştiraklı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə Ağcabədi rayonu Hindarx qəsəbəsində yaşayır. İstifadə etdiyi işıq sayğacı iddiaçının adınadır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti 05 dekabr 2019-cu il tarixli akt əsasında iddiaçının adına olan işıq sayğacı ilə bağlı ona 579,65 manat məbləğində əsassız olaraq cərimə yazmışdır. Həmin cərimənin səbəbi elektrik enerjisindən sayğac olmadan istifadə edildiyi qeyd edilmişdir. İddiaçıya cərimə yazılması ilə bağlı heç bir məlumat verilməmiş, cərimə yazılması ilə bağlı aktın surəti ona verilməmiş, ödənişlə bağlı bildiriş gələndə işıq pulunun məbləğinin çox olmasını görüb idarəyə getmiş və orada ona cərimə yazılmasını bildirmişlər. İşıq idarəsinin işçilərinin iddiaçının barəsində yazdığı cərimə əsassız və qanunsuzdur. Belə ki, nə iddiaçının, nə ailəsinin heç bir üzvü tərəfindən elektrik xəttinə heç-bir müdaxilə edilməmiş və heç bir kənar xəttdən istifadə edilməmişdir. İddiaçının yaşadığı evə elektrik xətti işıq idarəsinin işçiləri tərəfindən çəkilmiş, evin yanındakı subartezyan quyusunun sayğacına qoşulmuş və ona artezyanın sayğacdan istifadə etməyi bildirmişlər, iddiaçı da həmin sayğacdan istifadə edərək hər ay elektrik enerjisinə görə borcunu ödəmiş və ödənişlə bağlı qəbzləri ərizəsinə əlavə edir. Bundan əlavə, iddiaçı işıq sayğacının quraşdırılması ilə bağlı dəfələrlə işıq idarəsinin işçilərinə müraciət etmiş, onlar yeni sayğac gələn kimi ona ayrıca sayğac quraşdırılacağını bildirdilər. İddiaçı da arxayın olub həmin sayğacdan istifadə etmiş və hər ay işlətdiyi enerjinin pulunu ödəmişdir. İddiaçı hətta 2014-cü ildə "xxxx" ASC-yə sayğac quraşdırılması ilə bağlı müraciət etmiş və onun müraciətinə X2 Şəbəkəsi MMC-dən sayğacın quraşdırılacağı barədə cavab verilmiş və iddiaçıya evinə işıq çəkilişi ilə bağlı texniki şərt alınması tövsiyyə olunmuş, həmin sənədləri də iddiaçı Ağcabədi işıq idarəsinə təqdim etmiş, yalnız 2020-ci ildə işıq idarəsinin əməkdaşları iddiaçının evinə sayğac quraşdırmışlar. Həmin cərimə Azərbaycan Respublikası qanunvericiliyin tələblərini pozmaqla qanunsuz olaraq iddiaçının üzərinə qoyulmuşdur. Göstərilənlərə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş cərimə aktının ləğv edilməsi, 579,65 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsi, həmçinin yolun uzaq olmasını və səhhəti ilə bağlı məhkəməyə gələ bilməməyini nəzərə alıb işə iddiaçının iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, həmin ünvana əməkdaşları tərəfindən baxış keçirilən zaman sayğacın olmadığı aşkar edilmişdir. İddiaçının mənzilində sayğac 2011-ci ildə quraşdırılmışdır. Faktiki olaraq 11 ay iddiaçının mənzilində sərfiyyat dəyişməmişdir. Bu hal mümkün deyil. Abonentin təqsiri olmuşdur. İcra vərəqəsinə əsasən iddiaçının hal-hazırda 554 manat borcu vardır. Ona görə də iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına olan **********01946 saylı abunə kodu üzrə abunə haqqında arayışdan görünür ki, ünvan 1 ünvanı üzrə abonentin cari borcu 778,51 manat təşkil edir. Əsaslandırıcı hissə: Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enejisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Qaydaların 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı yaşadığı evə 2011-ci ildə quraşdırılmış sayğac yerində aşkar olunmamış və bununla bağlı akt tərtib olunmuşdur. Bundan əlavə, iddiaçının həmin evdə daimi yaşamasına və elektrik enerjisindən istifadə etməsinə baxmayaraq, 11 ay ərzində sərfiyyat dəyişməmişdir. Buna görə də məhkəmə hesab edir ki, tərtib olunmuş aktın ləğvi üçün əsas yoxdur. Göründüyü kimi, iddiaçının silinməsini tələb etdiyi borcun qanunsuz hesablanması halı öz təsdiqini tapmamışdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı cərimə aktına görə 579,65 manat borcu olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı aktlara görə cəmi 480,62 manat cərimə borcu hesablandığı müəyyən olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi tələbi”nə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar