Məhkəmə qərarları › İş №2(006)-2567/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2567/2025

19.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2567/2025 19.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Əliyev Əmrah Səbuhi oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təssərrüfatı Müəssisəsi tərəfindən Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Tərəvəzçilik-Südçülük Sovxozunda verilmiş 21 may 2003-cü il tarixli, 28 saylı əmrdən çıxarışın ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı, tərəvəzçilik-südçülük sovxozu Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd X1 Təşkilatının 17 may 2003-cü il tarixli 02 saylı Protokolunun nəzərə alaraq baş plana uyğun olaraq Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Tərəvəzçilik-Südçülük sovxozu ünvanda fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş əraziyə ona Ərizəçi 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmaqla istifadəsinə verilmişdir. Həmin torpaq sahəsini sənədləşdirməkdən ötrü Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai Siyasi Sənədlər arxivinə müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd X2 soyadı Mirzəyev, adı Xatirə, ata adı Həzmətoviç qeyd olunması səbəbindən müvafiq arxiv sənədlərində soyadı və ata adı qeyd olunan şəxslə eyniliyini təsdiq edən təqdim olunmalıdır. Bu səbəbdən də qeyd olunan məsələnin həlli məqsədilə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Qeyd olunan sənədin əsasında ona verilmiş torpaq sahəsi faktiki istifadəsindədir. Həmin torpaq sahəsində ev tikməklə halhazırda həmin evdə yaşayır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təssərrüfatı Müəssisəsinin 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən 2-1263 saylı kodla fərdi mənzil tikintisi üçün ona yəni Ərizəçi 0,10 hektar torpaq sahəsi ayrılmışdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimai-siyasi sənədlər arxivi tərəfindən xx.xx.2024-cü il tarixdə Ərizəçi nümayəndəsinə ünvanlanmış məktubda göstərilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 30 oktyabr tarixli 664 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, vətəndaşın torpaq sahəsinin ayrılması ilə bağlı təqdim etdiyi sənədlər və göstərdiyi ərazi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi halda, müvafiq arxiv arayışı və plancizginin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etmək üçün vətəndaşa verilməsi nəzərdə tutulur. Müvafiq arxivdə aparılmış araşdırma zamanı ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin (keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozu) 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən fərdi mənzil tikintisi üçün 2-1263 saylı kodla X5 həyətyanı torpaq sahəsinin ayrıldığı müəyyən edilmişdir. Təqdim edilən sənədlərdə X4, arxivdə isə X7 qeyd olunması səbəbindən müvafiq arxiv arayışının verilməsi üçün sözügedən şəxsin arxiv sənədlərində soyadı və ata adı qeyd olunan şəxslə eyniliyini təsdiq edən sənəd təqdim olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti üzrə sərəncamından xx.xx.1999-cu il tarixli çıxarışdan görünür ki, Ərizəçi 0.10 ha torpaq sahəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin xx.xx.1999-cu il tarixli qərarı və sovxozun xx.xx.1999-cu il tarixli 27/K №li əmrinin nəzərə alınması qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd X3 Təşkilatı Komitəsinin xx.xx.2003-cü il tarixli 02 saylı protokolundan çıxarışdan görünür ki, Ərizəçi 1263 № sırasında 0.10 ha hesabı ilə fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması qərara alınmış, 1263 A № sırasında isə X6 qeyd edilmişdir. Göründüyü kimi, fərdi ev tikmək üçün Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti tərəfindən Buzovna qəsəbəsində 0,10 ha torpaq sahəsinin 1263 № sırasında “Ərizəçi” verilməsi göstərilsə də, 1263A sırasında “X6” qeydi ondan öncə əks olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır. Məhkəmə qeyd edir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hazırki iş üzrə ərizəçiyə mülkiyyət hüququna dair həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsi göstərilən sənəddə həmin torpaq sahəsinə dair onun hüquqlarını reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənəddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd X3 Təşkilatı Komitəsinin xx.xx.2003-cü il tarixli 02 saylı protokolundan çıxarışda 1263№ sırasında olan qeyd olunan şəxsin Ərizəçi ilə eyni şəxs olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd X3 Təşkilatı Komitəsinin xx.xx.2003-cü il tarixli 02 saylı protokolundan çıxarışda 1263№ sırasında olan qeyd olunan şəxsin Ərizəçi ilə eyni şəxs olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar