Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2575/2021 23.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, “Cavabdeh2 ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, “Cavabdeh2 ASC-dən müştərək qaydada “Cavabdeh2 ASC-yə ödədiyi 4116.51 ABŞ dolları, avtomobilin təmirinə xərclədiyi 694.43 (altı yüz doxsan dörd manat qırx üç qəpik) manat pul, 2000 manat mənəvi ziyanın və 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsini rəhbər tutaraq “iddia tələbinin dəqiqlədirilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, “Cavabdeh2 ASC-dən müştərək qaydada “Cavabdeh2 ASC-yə ödədiyi 7579,18 (yeddi min beş yüz yetmiş doqquz manat on səkkiz qəpik) manat, avtomobilin təmirinə xərclədiyi 694.43 (altı yüz doxsan dörd manat qırx üç qəpik) manat pul, 2000 manat mənəvi ziyanın və 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinin göstərişinə uyğun olduğundan Məhkəmə iddianın bu formada dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı Cavabdeh1 ilə bir yerlərdə işləmişdi. İş yoldaşı kimi münasibətləri daim yaxşı olmuşdur. Cavabdeh1 28.11.2012-ci il tarixdə Cavabdeh2 ASC ilə 60 ay müddətinə “Chevrolet” markalı “Aveo” modelli avtomobil almaq üçün “avtomobil kredit müqaviləsi” bağlamışdır. 2014-cü ilin son aylarında Cavabdeh1 ona “Chevrolet” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq istədiyini bildirmişdir. O da çoxdan maşın almaq istədiyi və Cavabdeh1ı tanıdığı üçün avtomobili ondan almaq istədiyini demişdir. Cavabdeh isə onunla razılığa gələrək ilkin ödəniş üçün 3500 (üç min beş yüz) manat məbləğində pul tələb etmişdir. O, da şahidlərin iştirakı ilə ilkin ödəniş kimi 3500 (üç min beş yüz) manat məbləğində pul ödəmişdir. O, cavabdehdən avtomobili etibarnamə əsasında alıb idarə etmişdir. Razılığı belə olmuşdur ki, onun Cavabdeh2 ASC-yə olan kredit borcunu ödəsin. Yəni ödənişlər onun tərəfindən həyata keçirilsə də, müqavilə üzrə borclu qismində Cavabdeh1 iştirak etmiş və avtomobil rəsmən onun adına qeydiyyatda olmuşdur. Faktiki olaraq isə avtomobil etibarnamə əsasında onun istifadəsində olmuşdur. 28.01.2015-ci il tarixdən dolların məzənnəsi dəyişənə kimi hər ay vaxtında 411 (dörd yüz on bir) ABŞ dolları məbləğində Cavabdeh2 ASC-yə ödəniş etmişdir. Ümumiyyətlə iddia ərizəsinə əlavə edilən ödəniş qəbzlərində də göründüyü kimi 06.12.2016-cı il tarixədək 4116.51 ABŞ dolları məbləğində pul Cavabdeh2 ASC-yə ödənilmişdir. Lakin sonradan maddi vəziyyəti pisləşdiyi üçün banka ödənişləri edə bilməmişdi. Bankla ödəniş şərtlərində güzəştlər edilməsi üçün dəfələrlə müraciət etsə də, bir razılığa gəlmək mümkün olmamışdı. Ödənişləri həyata keçirə bilmədiyi üçün Cavabdeh2 ASC tərəfindən Şabıyev Daşqın cavabdeh kimi məhkəməyə cəlb edilmişdir. Dəfələrlə söhbət əsnasında ödənişlərin tərəfindən həyata keçiriləcəyini bildirmiş və buna iş yoldaşları da şahiddir. Bir gün Şabıyev Daşqın avtomobili kredit ödənilən ana kimi onun həyətində saxlamağı təklif etdi. O da ona olan inanına əsaslanaraq öz əşyalarını və sənədlərini belə götürmədən maşını ona təhvil vermişdir. Sonradan Cavabdeh1 avtomobili ona verməkdən imtina edərək onun öz mülkiyyəti olduğunu qeyd etdi. Həqiqətində maşın onun mülkiyyətində olduğu üçün avtomobili geri ala bilmir. Avtomobilə sahibliyi həyata keçirə bilmədiyi və artıq faktiki olaraq onun mülkiyyətində olmadığı üçün ödədiyi məbləğ ona qaytarılmalıdır. Avtomobili etibarnamə əsasında idarə etdiyi müddətdə onu təmir etdirmiş, müəyyən hissələrinin dəyişdirilməsi və bərpasını təmin etmişdir. Servis kartından da göründüyü kimi təmir işlərinə 694.43 AZN məbləğində pul xərcləmişdi. Buna görə də, Cavabdeh1 əvəzinə Cavabdeh2 ASC ödədiyi 4116.51 ABŞ dolları pul, ilkin olaraq ödədiyi 3500 AZN manat pul, təmir işlərinə xərclədiyi 694.43 AZN məbləğində pul ona ödənilməlidir. Belə ki, ümumilikdə çəkdiyi xərc ona maddi və mənəvi ziyan vurmuşdur. Əgər işin nəticəsinin bu cür olacağını bilsəydi avtomobili etibarnamə əsasında əldə edib cavabdeh Şabıyev Daşqının əvəzinə kredit ödəməz, avtomobili təmir etdirməzdi. Şabıyev Daşqın tərəfindən edilən hərəkət qanunvericiliyin tələblərinə ziddir. Dəfələrlə əgər avtomobili vermirsə ödədiyi pulu qaytarmasını tələb etsə də, buna etiraz etmişdir. Bütün bu hərəkətlər bankın təqsiri üzündən baş vermişdir. Yəni vaxtında bank tərəfindən onun adına keçirilsə problemlərlə üzləşməzdi. Bankın bu hərəkətləri nəticəsində ona mənəvi ziyan dəymişdir. Həmin mənəvi ziyanı 2000 manat dəyərləndirmişdir. Sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 izahatında bildirmişdir ki, iddiaçı məzənnə qalxdıqdan sonra borcunu ödəmək iqtidarında olmadı. Maşın isə üç aya yaxın idi ki, Vüqarda idi. O, maşını ona verəndə maşının kilometr göstərici 30 idi, hazırda isə 180-dir. Yardımlı Rayon Məhkəməsinin qətnaməsində maşının hərraca çıxarılması və bundan sonra da onun Banka olan borcunun ödənilməsi nəzərdə tutulurdu. Yəni maşını Vüqarın əlindən almamışdı. Maşın məhkəmə qərarına əsasən onda olmalı idi. Vüqar maşından taksi kimi istifadə edirdi. Maşını ona etibarnamə ilə vermişdir. 2014-cü ilin sonunda maşını almış və 2015, 2016, hətta 2017-ci illərdə də ödənişləri etməyə davam etdiyi barədə qəbzlərini mövcuddur. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh “Cavabdeh2 ASC-nin nümayəndəsi izahatında bildirmişdir ki, Bankın iddiaçı ilə müqaviləsi yoxdur. Müqavilələrdə Şabiyevin adı keçir. İddia tələbi əsassızdır. Bankın iddiaçıya münasibətdə heç bir öhdəliyi mövcud deyildir. İddiaçının bu iş üzrə bizi cavabdeh kimi nəzərdə tutması prosessual baxımdan doğru deyil. 28 noyabr 2021-ci il tarixdə Şabiyevin Bank ilə bağlanmış müqaviləyə əsasən Şabiyev 16051 dollar məbləğində kredit götürüb. Daha sonra bu məbləğ restrukturizasiya olunub və Şabiyevə düşən kompensasiya borca yönəldilmiş və onun borcu azaldılmışdır. Odur iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edib, aşağıda qeyd olunan maddi və prosessual hüquq normalarına uyğun olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh2 ASC ilə Cavabdeh1 arasında bağlanmış 28.11.2012-ci il tarixli kredit müqaviləsindən görünür ki, 60 ay müddətinə “Chevrolet” markalı “Aveo” modelli avtomobil almaq üçün “avtomobil kredit müqaviləsi” bağlamışdır. İş materiallarında olan F00582973 saylı Servis kartından da görünür ki, İddiaçı təmir işlərinə görə 694.43 AZN məbləğində pul xərcləmişdir. İş materiallarında olan Cavabdeh2 ASC ilə Cavabdeh1 arasında bağlanmış 28.11.2012-ci il tarixli Avtomobilin alqı-satqısı üzrə C-2 554A-PCC-12 №-li Müqaviləsindən görünür ki, Satıcı Müqavilənin 01 №-li Əlavəsində göstərilmiş avtomobil müqaviləsində “Chevrolet” markalı “Aveo” modelli avtomobili Alıcının mülkiyyətinə verir. İş materiallarında olan 27.11.2012-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Chevrolet” markalı “Aveo” modelli avtomobili Cavabdeh1 təhvil verilmişdi. İş materiallarında olan 28 noyabr 2012-ci il tarixli 109010 -16-5691 saylı ipoteka müqaviləsindən görünür ki, “İpoteka Qoyan”ın “Bank” qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə bu müqavilədən göstərilən əşyanın bankın xeyrinə ipoteka ilə yüklü edilmişdi. İpotekanın predmeti “Chevrolet” markalı, buraxılış ili 2012-ci il ağ rəngli, mirvari avtomobildir. İş materiallarında olan sığorta haqları üçün mədaxil üçün 09.2237 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı sığorta məbləğini ödəmişdir. İş materiallarında olan ödəniş qəbzlərdən görünür ki, İddiaçı Cavabdeh2 ASC-nin 03 saylı filialına cəmi 7579,18 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Beləliklə, iş materiallarında olan sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh1 28.11.2012-ci il tarixdə Cavabdeh2 ASC ilə 60 ay müddətinə “Chevrolet” markalı “Aveo” modelli avtomobil almaq üçün “avtomobil kredit müqaviləsi” bağlamışdır. 2014-cü ilin son aylarında Cavabdeh1 ona “Chevrolet” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq istədiyini bildirmişdir. O da çoxdan maşın almaq istədiyi və Cavabdeh1ı tanıdığı üçün avtomobili ondan almaq istədiyini demişdir. Cavabdeh isə onunla razılığa gələrək ilkin ödəniş üçün 3500 (üç min beş yüz) manat məbləğində pul tələb etmişdir. O, da şahidlərin iştirakı ilə ilkin ödəniş kimi 3500 (üç min beş yüz) manat məbləğində pul ödəmişdir. Razılığı belə olmuşdur ki, onun Cavabdeh2 ASC-yə olan kredit borcunu ödəsin. Yəni ödənişlər onun tərəfindən həyata keçirilsə də, müqavilə üzrə borclu qismində Cavabdeh1 iştirak etmiş və avtomobil rəsmən onun adına qeydiyyatda olmuşdur. Faktiki olaraq isə avtomobil etibarnamə əsasında onun istifadəsində olmuşdur. 28.01.2015-ci il tarixdən dolların məzənnəsi dəyişənə kimi hər ay vaxtında 411 (dörd yüz on bir) ABŞ dolları məbləğində Cavabdeh2 ASC-yə ödəniş etmişdir. Lakin sonradan maddi vəziyyəti pisləşdiyi üçün banka ödənişləri edə bilməmişdi. Avtomobili etibarnamə əsasında idarə etdiyi müddətdə onu təmir etdirmiş, müəyyən hissələrinin dəyişdirilməsi və bərpasını təmin etmişdir. Seviş kartından da göründüyü kimi təmir işlərinə 694.43 AZN məbləğində pul xərcləmişdi. Ümumilikdə çəkdiyi xərc ona maddi və mənəvi ziyan vurmuşdur. Bankın hərəkətləri nəticəsində ona mənəvi ziyan dəymişdir. Həmin mənəvi ziyanı 2000 manat dəyərləndirmişdir. Sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hesab edir ki, Cavabdeh1 Cavabdeh2 ASC-yə olan kredit borcuna görə 7579,18 ABŞ Dolları məbləğində pul İddiaçı tərəfindən ödənildiyindən qeyd olunan öhdəlik üzrə ödənilmiş 7579,18 ABŞ Dolları məbləğində pul Cavabdeh1 alınaraq İddiaçı verilməlidir. Məhkəmə, İddiaçı Cavabdeh2 ASC-yə qarşı olan 2000 manat mənəvi ziyanın tutulması barədə tələbi ilə bağlı qeyd edir ki, həmin tələb əsassızdır və rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd olunduğu kimi, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üzrə hüquq varisliyinə yol verilmir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.» “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən, «mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 7579,18 (yeddi min beş yüz yetmiş doqquz manat on səkkiz qəpik) manat, avtomobilin təmirinə xərclədiyi 694.43 (altı yüz doxsan dörd manat qırx üç qəpik) manat pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 7579,18 (yeddi min beş yüz yetmiş doqquz manat on səkkiz qəpik) manat məbləğində borc, avtomobilin təmirinə xərclədiyi 694.43 (altı yüz doxsan dörd manat qırx üç qəpik) manat pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Nülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-2575/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2575/2021
23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver