Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2586/2024 14.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 Əlimusa oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Əlimusa oğluna və Cavabdeh2 (Bakı şəhəri 14 saylı Notariat ofisi və "xxxx" MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «alğı-satqı müqaviləsinin etibarsız sayılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Əlimusa oğluna və Cavabdeh2 (Bakı şəhəri 14 saylı Notariat ofisi və "xxxx" MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «alğı-satqı müqaviləsinin etibarsız sayılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Əlimusa oğlu ilə Cavabdeh2 arasında Bakı şəhəri, Nəsimi rayonu, Y.V.Çəmənzəminli küçəsi, 6 A saylı evə dair Bakı şəhəri 14 saylı Notariat ofisində 19 mart 2024-cü il tarixdə bağlanmış 3M-1638 reyestr saylı alğı-satqı müqaviləsinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC cavabdeh – dayısı Cavabdeh1, qeyrilərinə və üçüncü şəxs kimi ona qarşı Bakı şəhəri, Nəsimi rayonu, Y.V.Çəmənzəminli küçəsi, 6 A saylı ev üzərində sahiblik, istifadə və digər hüquqlarına xitam verilməsi, onların həmin evdən çıxarılmaqla evin boşaldılması və sökülməsi, həmin evin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 105 m2 ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə bir neçə dəfə dəqiqləşmə verilmişdir. İddia ərizəsi üzrə mülki iş e-2(006)-22/2024 sayla qeydiyyatdan keçmiş, hakim Günay Abidovanın icraatına verilmişdir. Ona və uşaqlarına aid hissədə iddia tələbini qəbul etməmişdir və müstəqil tələb irəli sürən üçüncü şəxs kimi 30.000 manat kompensasiya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olmuş və məhkəmənin növbəti qərardadı ilə iş üzrə ekspertiza təyin edilmişdir. Mülki iş rəy verilməsi üçün ekspertizaya göndərildikdən sonra iddiaçı cavabdehlə razılaşma əldə edərək alğısatqı müqaviləsinin bağlanması barədə razılığa gəlmiş və iş üzrə cavabdeh olan dayısı onu 14 saylı notariusa dəvət edərək alğı-satqı müqaviləsinə razı olması barədə ərizəyə imza etməsini bildirmiş və pulu aldıqdan sonra iddia tələbində göstərilən 30.000 manatı ona ödəyəcəyinə söz vermişdir. O, həmin gün xəstəxanada uşaqlarının yanında olmuşdur. Lakin dayısı onu məcbur etmişdir ki, mütləq gəlməlidir. O, məcbur qalıb uşaqları tənha qoyaraq, notariusa gəlmiş və cavabdeh ona bildirmişdir ki, ərizəni imzalamalıdır, bundan sonra pul veriləcəkdir. O, oxumadan ərizəni imzalamış və ona ödəyəcəyi pulu tələb etmişdir. «Sabah verərəm» deyərək sabaha saxlamışdır. Sabahı gün isə dəfələrlə zəng etsə də, telefona cavab verməmişdir. O, notariusa gedərək sənədlərin surətini götürmüş və oxuyandan sonra ona məlum olmuşdur ki, qeydiyyatda olduğu ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin sökülməsinə və satılmasına razılıq verməsi barədə ərizəyə imza etdirmişlər. O, notariatda verdiyi həmin ərizəni ləğv etdirmişdir. Notariatda ona məlum olmuşdur ki, iddiaçı - dayısı Cavabdeh1 ilə alıcı Cavabdeh2 arasında ("xxxx" MMCnin əməkdaşıdır) ilkin alqı-satqı müqaviləsi bağlanmış və mübahisə predmeti olan evi 226.100 manata qiymətləndirmişlər. Müqavilə 14 saylı notariat kontorunda 19 mart 2024cü il tarixdə bağlanmış və 3M-1638 nömrə ilə reyestrdə qeydə alınmışdır. Bundan sonra dayısına dəfələrlə zəng vursa da, ona cavab verməmiş, arvadı telefonu götürərək ağır sözlərlə onu təhqir etmişdir. Bu səbəbdən, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi etibarsız sayılmalıdır. Göründüyü kimi, mübahisə predmeti barəsində "xxxx" MMC-nin iddia ərizəsi uzun müddətdir ki, məhkəmənin icraatındadır. Dəfələrlə iş üzrə ekspertiza təyin edilmiş, tərəflər razılığa gələ bilməmiş, iddia tələbinin uğursuzluğunu düşünən həmin iş üzrə iddiaçı cavabdehlə razılığa gəlmiş və qabaqcadan onu kənarlaşdırmaq üçün hər iki tərəf hazırlıq görmüş, nəticədə məqsədlərinə nail olmuşlar. Hər iki cavabdehin hərəkətləri nəticəsində o, kompensasiya almaq hüququndan məhrum olmuşdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdiyini və əlavə olaraq hakimin suallarına cavab olaraq bildirmişdir ki, o heç vaxt dayısıgildə, yəni Cavabdeh1 Əlimusa oğlugildə yaşamasa da, orada qeydiyyatda olmuşdur. İddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 Əlimusa oğlu məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, bacısı boşanıb geri qayıtmışdır. Atası bacısı və övladlarına evlərində yer vermiş və onlar həmin evdə yaşamışlar. Sonra atası rəhmətə getdikdən sonra həmin ev bacısı və onun övladlarına qalmışdır. Sonra həmin ev sökülmüş, bacısı və övladlarına pul verilmişdir. Bacısı oğluna ev almış, iki qızınada pul vermişdir. İddiaçı onun evində bir gün belə olsun ki qalmamışdır. İddiaçını həmin məhlədə heç kim tanımır. Gülşən öz evini keçmiş həyat yoldaşının təkidi ilə satanda ona deyibdir ki, evini satma, sonra bayırda qalacaqsan. O isə cavabdehə qulaq asmamış və evi satmışdır. Sonra isə Gülşən həyat yoldaşından boşanmış və problemləri başlamışdır. İddiaçı bir neçə dəfə cavabdehə müraciət edərək, maddi imkanının olmadığını, xəstə olduğunu və ona köməklik etməyini cavabdehdən xahiş etmişdir. Cavabdeh də buna görə ona bir neçə dəfə fərqli vaxtlarda 100 manat, 200 manat və 400 manat maddi yardım etmiş, lakin heç vaxt iddiaçıya 30000 manat verəcəyinə söz verməmişdir. İddia ərizəsini qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 14 saylı Notariat ofisinin və "xxxx" MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh2, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 14 saylı Notariat ofisinin və "xxxx" MMC-nin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, Cavabdeh1 izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri 14 saylı notariat ofisində 19 mart 2024-cü il tarixdə 8İ-6476 reyestr sayı ilə təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsinə və satılmasına etiraz etmədiyini bildirmişdir. - Bakı şəhəri 14 saylı notariat ofisində 19 mart 2024-cü il tarixdə bağlanmış 3M- 1638 reyestr saylı ilkin alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 Əlimusa oğlu ilə Cavabdeh2 arasında ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 213 m2 olan 2 mərtəbəli fərdi yaşayış evinə dair alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün öhdəliklərin götürülməsi barədə ilkin müqavilə bağlanmışdır. - Bakı şəhəri 14 saylı notariat ofisinin 08 aprel 2024-cü il tarixli, 1020 saylı məktubundan görünür ki, Bakı şəhəri 14 saylı notariat ofisində 19 mart 2024-cü il tarixdə 8İ-6476 reyestr sayı ilə təsdiq edilmiş razılıq ərizəsi iddiaçının müraciətinə əsasən ləğv edilmiş və «Elektron notariat» AİS-də müvafiq qeydiyyat aparılmışdır. - xx.xx.2024-cü il tarixli qonşular tərəfindən imzalanmış aktdan görünür ki, qonşuları Cavabdeh1 Əlimusa oğlunun evində (X1 küç. ev 6 A ünvanında) qeydiyyatda olan İddiaçı heç vaxt yaşamayıb. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 bildirdi ki, o, iddiaçının anasıdır. Cavabdeh A.Haqverdı̇ yev onun qardaşıdır. Övladlarını böyütməyində qardaşı ona çox köməklik etmişdir. İddiaçı öz evini satmışdır və indi orda burda kirayə yaşayır. İddiaçının həmin əmlaka heç bir hüququ yoxdur. Qızı ərə gedəndən sonra onlarla yaşamamışdır. Evləri söküləndən sonra oğluna ev almış və qızlarına pul vermişdir. İddiaçı heç vaxt dayısı ilə yaşamamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 bildirdi ki, iddiaçı onun bacısı, Cavabdeh1 isə dayısıdır. Onlar, 1995-ci ildə Siyəzən şəhərində yaşamışlar. Atası və anası ayrıldıqdan sonra onlar babasının yanına köçmüşlər. Babası onlara ev vermiş, dayısı isə onları böyütmüşdür. Dayısı onların toyunu etmiş və cehiz vermişdir. 2013-cü ildə evləri plana düşmüş, ev sökülmüş və onlara pul verilmişdir. Anası isə həmin puldan qardaşına ev almış, ona və bacısına isə pul paylarını vermişdir. Bacısı dayısının evində bir gün belə yaşamamışdır. Bacısı dayısına bildirmişdir ki, xəstədir və ona kömək lazımdır. Dayısı isə öz növbəsində bacısına gücü çatacağı qədər kömək etmişdir. Lakin 30000 manat verməsi barədə söhbət olmamışdır. Beləliklə müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Y.V.Çəmənzəminli küçəsi, 6 A saylı evə hüququnun olmasını və həmin evin satılmasına dair razılığın ondan aldatma yolu ilə alınmasını əsas gətirərək Cavabdeh1 Əlimusa oğlu ilə Cavabdeh2 arasında Bakı şəhəri, Nəsimi rayonu, Y.V.Çəmənzəminli küçəsi, 6 A saylı evə dair Bakı şəhəri 14 saylı Notariat ofisində 19 mart 2024-cü il tarixdə bağlanmış 3M-1638 reyestr saylı alğı-satqı müqaviləsinin etibarsız sayılmasını iddia edir. Cavabdeh isə iddiaçının onun evində formal qeydiyyatda olmaqla heç vaxt yaşamamasını və evinin satılması zamanı razılıq ərizəsinin könüllü olaraq verməsini, ona tələb etdiyi məbləği ödəməyə vəd verməməsini göstərərək iddiaya etiraz edir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. (Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 324.5 və 390-cı maddələri). Həmçinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). İşin faktiki hallarından göründüyü kimi, iddiaçı mübahisələndirdiyi müqavilənin predmeti olan daşınmaz əmlakda qeydiyyatda olmuş, ümumiyyətlə həmin ünvanda yaşamamış, başqa ünvanda - anasının yanında yaşamış, ailə quraraq ər evinə köçmüş, ümumiyyətlə ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində istifadə hüququ olmamışdır. O, mənzildə qeydiyyatda olan şəxs kimi könüllü şəkildə notariat ofisinə gedərək, daşınmaz əmlakın sökülməsi və satılmasına etiraz etməməsi barədə ərizə vermişdir. İddiaçı onun və cavabdehin tərəf kimi iştirak etdiyi digər məhkəmə icraatı ilə bağlı ("xxxx" MMC-nin Cavabdeh1, qeyrilərinə və üçüncü şəxs kimi ona qarşı Bakı şəhəri, Nəsimi rayonu, Y.V.Çəmənzəminli küçəsi, 6 A saylı ev üzərində sahiblik, istifadə və digər hüquqlarına xitam verilməsi, onların həmin evdən çıxarılmaqla evin boşaldılması və sökülməsi, həmin evin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 105 m2 ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi və iddiaçının müstəqil tələb irəli sürən üçüncü şəxs kimi 30.000 manat kompensasiya verilməsi barədə iddiaları) mülki işin aparıldığı vaxt cavabdeh olan dayısının onu 14 saylı notariusa dəvət edərək alğı-satqı müqaviləsinə razı olması barədə ərizəyə imza etməsini və pulu aldıqdan sonra iddia tələbində göstərilən 30.000 manatı ona ödəyəcəyinə söz verməsini, Notariat Kontorunda razılıq ərizəsini oxumadan imzalamasını göstərsə də, bu halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normaların tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddələrin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. İş üzrə sübut növlərindən biri də tərəflərin izahatlarıdır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə daha sonra qeyd edir ki, müqavilənin etibarsız hesab edilməsinin qanuni əsasları müvafiq maddi hüquq normalarında öz əksini tapsa da tərəflərin izahatlarından, şahid ifadələrindən göründüyü kimi, iddiaçının mübahisələndirdiyi əqdin etibarsız hesab edilməsi üçün bu əsaslar araşdırma zamanı müəyyən edilməmişdir. Notariat ofisi tərəfindən təsdiq edilmiş sənədlərdən də göründüyü kimi, ilkin alğı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış və təsdiq olunmuşdur. Məhkəmə həmçinin qeyd etməyi də zəruri sayır ki, "xxxx" MMC-nin Cavabdeh1, qeyrilərinə və üçüncü şəxs kimi ona qarşı Bakı şəhəri, Nəsimi rayonu, Y.V.Çəmənzəminli küçəsi, 6 A saylı ev üzərində sahiblik, istifadə və digər hüquqlarına xitam verilməsi, onların həmin evdən çıxarılmaqla evin boşaldılması və sökülməsi, həmin evin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 105 m2 ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi və iddiaçının müstəqil tələb irəli sürən üçüncü şəxs kimi 30.000 manat kompensasiya verilməsi barədə iddiaları üzrə qəbul edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-22/2024 saylı qərardadından görünür ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh1 qarşı iddiası və ona əlavə edilmiş sənədlərin geri qaytarılması ilə yanaşı İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı kompensasiya tələbinə dair iddia ərizəsinə dair tələbinə ayrı icraatda baxılması və mülki işə yeni nömrə verilməsi məhkəmənin kargüzarlıq xidmətinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan bildirişlərdən görünür ki, iddiaçının müstəqil tələb irəli sürən üçüncü şəxs kimi 30.000 manat kompensasiya verilməsi barədə iddiası üzrə məhkəmə icraatı davam edərək yekunlaşmamışdır. Göründüyü kimi, iddiaçının "xxxx" MMC-i ilə kompensasiya tələbinə dair mübahisəsi davam edir. Bu halın mövcuduğu da iddiaçının hazırki iddiası üzrə alğı-satqı müqaviləsinin etibarsızlığına dair dəlillərinin əsassız olmasını bir daha təsdiq edir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 Əlimusa oğluna və Cavabdeh2 (Bakı şəhəri 14 saylı Notariat ofisi və "xxxx" MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «Cavabdeh1 Əlimusa oğlu ilə Cavabdeh2 arasında Bakı şəhəri, Nəsimi rayonu, Y.V.Çəmənzəminli küçəsi, 6 A saylı evə dair Bakı şəhəri 14 saylı Notariat ofisində 19 mart 2024-cü il tarixdə bağlanmış 3M-1638 reyestr saylı alğı-satqı müqaviləsinin etibarsız sayılması» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməli, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Əlimusa oğluna və Cavabdeh2 (Bakı şəhəri 14 saylı Notariat ofisi və "xxxx" MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «Cavabdeh1 Əlimusa oğlu ilə Cavabdeh2 arasında Bakı şəhəri, Nəsimi rayonu, Y.V.Çəmənzəminli küçəsi, 6 A saylı evə dair Bakı şəhəri 14 saylı Notariat ofisində 19 mart 2024-cü il tarixdə bağlanmış 3M-1638 reyestr saylı alğı-satqı müqaviləsinin etibarsız sayılması» tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2586/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2586/2024
14.06.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver