Məhkəmə qərarları › İş №2(006)-2622/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2622/2024

21.08.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2622/2024 21.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «ödənilməmiş əmək haqqının ödənilməsi, əsassız tutulmuş pulun geri qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh MMC-yə qarşı «ödənilməmiş əmək haqqının ödənilməsi, əsassız tutulmuş pulun geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixdə əsassız olaraq ödənilmiş 588 manat pul vəsaitinin, son haqq-hesab ödənilən zaman əsassız yerə tutulmuş 150 manat pul vəsaitinin, 1 ay boş dayanmaya görə aylıq əmək haqqı məbləğinə uyğun olaraq 407 manat pul vəsaiti olmaqla, cəmi 1.145 manat pul vəsaitinin, ilkin mediasiya sessiyasında iştiraka görə ödənilmiş 61 manat dövlət rüsumunun, qanunsuz işdən azad olunması nəticəsində dəymiş mənəvi ziyana görə 1.000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-də satıcı nəzarətçi-kassir vəzifəsinə işə qəbul edilmişdir və xx.xx.2023-cü il tarixdə işdən azad olunmuşdur. Cavabdeh MMC-yə məxsus Abşeron rayonu Məhəmmədi kəndində yerləşən marketdə satıcı-nəzarətçi-kassir vəzifəsində işlədiyi zaman marketdə satılmış malların qiymətinə müvafiq olaraq bonusların geri qaytarılması barədə bonus kartı olmuşdur. Həmin kart işlədiyi müddətdən onun üzərində olmuş və marketdə alış edən müştərilərin bonus kartı olmadığı halda, o, özünə məxsus bonus kartına yükləmələr etmişdir. Bununla bağlı, ona hər hansı məhdudiyyətin olması barədə məlumat verilməmiş, bonus kartından istifadə etməsi ilə bağlı hər hansı formada xəbərdarlıq edilməmişdir. Lakin, 2023-cü ilin iyul ayının əvvəllərində ona Cavabdeh MMC-nin ofisindən zəng vurularaq, ofisə dəvət etmişlər və etiraz etməyərək, cavabdehin nümayəndələrinə yaxınlaşmışdır. Bu zaman ona marketdə alış-veriş edən müştərilərin bonus kartı olmadığı halda, özu bonus kartına yükləmələr etməsi ilə bağlı ona xəbərdarlıq olunmuş və guya bonus kartından 713 manat məbləğində bonuslara uyğun məbləğ toplandığı bildirilərək, 713 manat məbləğin geri qaytarılması tələb edilmişdir. Həmin məbləği geri qaytarmadığı təqdirdə onu Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmək müqaviləsinə xitam veriləcəyi ilə hədələmişlər. O, bonus kartında həmin məbləğin toplana biləcəyinin mümkünsüz olmasını bildirsə də, ondan 712 manat məbləğində pulun geri qaytarılmasını tələb etməyə başlamışlar. O isə məcburiyyət qarşısında qalaraq, xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-nin hesabına 588 manat məbləğində pulu nağd şəkildə ödəmişdir. Bunu təsdiq edən ödəniş qəbzi də mövcuddur. Bundan sonra, onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İşdən azad olunması barədə əmr verildikdən sonra son haqq-hesab ödənilərkən, 150 manat isə ona ödəniləcək məbləğdən tutulmuşdur. 2023-cü ilin iyul ayından dəfələrlə X5, daha sonra Mediasiya Təşkilatına müraciət edən zaman, 713 manat məbləğində pulun tutulmasına əsas olmuş sənədləri təqdim etməmişlər. O isə cavabdehin ondan əsassız olaraq 713 manat pulun tutulmasını anladıqda, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh onunla əmək müqaviləsinə xitam verilərkən, qabaqcadan xəbərdarlıq etməmiş, onun barəsində hər hansı intizam tənbehi tətbiq edilməmişdir. Dəfələrlə Cavabdeh MMC-yə müraciət edərək, ödənilməmiş əmək haqqının ödənilməsini tələb etməsinə baxmayaraq, əmək haqqının ödənilməsi təmin edilməmişdir. Hesab edir ki, Cavabdeh MMC-nin direktoru X7 xx.xx.2023-cü il tarixli əmri ilə onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə işdən azad edilməsi barədə əmr qəbul edərkən Əmək Məcəlləsinin bir sıra müddəalarına riayət etməli olduğu halda etməmişdir. Belə ki, işəgötürən kimi Əmək Məcəlləsi ilə müəyyən edilmiş tədbirlər görməli, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndi ilə onunla əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl onu rəsmi xəbərdar etməli, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə azı bir iş günü əmək funksiyasının icrasından azad etməli olmuşdur. Hesab edir ki, iddiası təmin edilməlidir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirmişdir ki, iş yerində bonus kartdan istifadəsi ilə bağlı yazmış olduğu ərizəni təzyiq altında yazmışdır. Bununla bağlı X5 müraciət etsə də, müraciəti müsbət həll edilməmişdir. Bildirir ki, o, həmin kartdan öz şəxsi alış-verişi zamanı istifadə etmişdir. Ümumiyyətlə ona kartdan istifadənin qadağan olunmasına dair iltizam alınmamışdır. Marketin xeyrinə ödədiyi 588 manat məbləği ödədikdən sonra ona qalan məbləğin son haqq hesabından çıxılacağını bildirsələr də, o, 165 manat məbləğində son haqq hesab almışdır. Sonrakı müddətdə bir ay işsiz qalmışdır, ona görə də tələb edir ki, işsiz qaldığı bir ayın pulu da cavabdehdən tutulsun. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı bütün yazılı izahatlarından və məhkəmə iclaslarında verdiyi izahatlardan məlum olur ki, 738 manat xərcləmiş və bonus kartdan istifadə etmişdir. Həmçinin, iddiaçı bonus kartından istifadə etdiyini etiraf edir. Lakin o, kassir vəzifəsində işlədiyi müddətdə ona iş vaxtı həmin kartdan istifadənin qadağan edilməsinə baxmayaraq o, həmin kartdan davamlı olaraq istifadə etmiş və bunun nəticəsində onun kartında 738 manat bonus toplanmış və o, sonradan həmin bonuslardan faydalanmışdır. İddiaçının son haqq hesabı 150 manat civarında hesablandığı üçün iddiaçıya 588 manatı özü ödəməsi təklif edilmiş, lakin o işdən azad olunduqda onun son haqq hesabından heç bir tutulma aparılmamışdır. Məhkəməyə təqdim etdikləri sənədlərdən də görünür ki, şəxs 400-500 manat əmək haqqı aldığı halda bir ay ərzində 18.000 manatlıq alış-veriş edib. Bununla da o, işəgötürənə zərər vurub, həmin bonus kartları müştəriləri cəlb etmək üçündür, işçi isə marketin müştərilər üçün tədbirlərdən faydalanmağa mane olub. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəsatətinə əsasən şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, o, əvvəllər Məhəmmədi-3 filialının müdiri vəzifəsində işləmişdir. Cavabdeh MMC-də prosedur qaydaları vardır. Belə ki, həmin qaydalarda iş vaxtında bonus kartdan istifadə qəti şəkildə işçilərə qadağan edilmişdir. Tək sözügedən filialda yox, bütün filiallarda prosedur belədir. İddiaçı törətdiyi pozuntunu onlar yox, daxili nəzarət şöbəsi aşkar etmişdir. Onlar İddiaçı daim savadlı və çalışqan işçi kimi tanımışlar. Həmçinin prosedur qaydalarına görə işçi yalnız iş vaxtı bitdikdən sonra müştəri kimi bonus kartla alış-veriş edə bilər. İddiaçının əməlindən yalnız daxili nəzarət şöbəsi məlumat verdikdən sonra onların xəbəri olmuşdur. Belə ki, bir bonus kartından davamlı istifadə edilməsi araşdırılmışdır. Çünki bir kartın sahibi marketdə gündə neçə dəfə alış veriş edə bilər, bir ağlabatanlıq olmalıdır. İş materialları: Müştərilər tərəfindən bonus kartlarının istifadə edilməsinə nəzarət təlimatından (MMC-nin icrası direktoru tərəfindən 28 noyabr 2022-ci il tarixdə təsdiq edilmişdir) görünür ki, kassir əməkdaşların iş başında ikən bonus kartdan istifadə etmələri qadağandır. Digər əməkdaşlar iş zamanı bonus kartdan istifadə edə bilərlər. Təlimatın 5-ci bəndinə əsasən hər bir şirkət əməkdaşı təlimat barədə əvvəlcədən məlumatlandırılmalıdır. əməkdaşın təlimatla tanış olmasından əməkdaşın struktur bölmə rəhbəri və təlimatın müvafiq proqram təminatına əlavə edilməsinə görə isə İR Layihələrin İdarə Olunması Şöbəsi məsuliyyət daşıyır. Məlumat ötürülməsində yaranan səhvlərə görə məlumatı təqdim edən struktur məsuliyyət daşıyır. Təlimatın 6-cı bəndində göstərilmişdir ki, təlimatda göstərilən qaydalara əməl edilməməsi intizam pozuntusu hesab olunur və aşkarlanmış pozuntu haqqında Nizam-intizam Komissiyasına təqdimat edilməlidir. Təlimatı bilməmək heç bir əməkdaşı məsuliyyətdən azad etmir. Cərimələr və inzibati tənbehlər yaranmış neqativ halın mürəkkəbliyindən asılı olaraq işdən azad edilmə həddinə qədər yüksəldilə bilər. Bonus kart sahibi və bonus kartının xal tarixçəsi barədə çıxarışdan görünür ki, Cavabdeh MMC-nin nəzdində olan **********793320 nömrəli bonus kartı ***-***-**-** mobil nömrəsinin istifadəçisinə məxsusdur. Həmçinin, bonus kartının sahibi haqqında məlumatlar hissəsində ata adı - “Ələddin” və doğum tarixi – “xx.xx.1997” qeyd edilmişdir. Sözügedən bonus kartı üzrə əməliyyatlarla xərclənmiş pul məbləği 741 manat 40 qəpik təşkil etmişdir. Cavabdeh MMC-nin İddiaçı iyul 2023 üçün hesablanmış əmək haqqı cədvəlindən görünür ki, İddiaçı iyul 2023 üçün hesablanmış əmək haqqı və istifadə olunmayan məzuniyyət günlərinə görə ödəniləcək məbləğ 164,63 manat təşkil edir. İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə 324-K nömrəli əmr ilə Cavabdeh MMC-nin Satış Əməliyyatları Departamentinin “Araz Marketlər” şəbəkəsinə “satıcı-kassir” vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə 234-K nömrəli əmr ilə həmin şöbənin “kassir” vəzifəsinə keçirilmiş, xx.xx.2023-cü il tarixdə 265-K nömrəli əmr ilə həmin şöbənin “satıcı” vəzifəsinə keçirilmiş və xx.xx.2023-cü il tarixdə 306-K nömrəli əmr ilə həmin vəzifədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı X6 xx.xx.2022-ci il tarixdə əsas iş yeri olmaqla əmək müqaviləsi üzrə satıcı işinə başlamışdır. Əmək müqaviləsi müddətli olmaqla xx.xx.2022-ci il tarixinədək bağlanmışdır. İddiaçı aylıq əmək haqqı 407 manat təşkil edir. İddiaçı aid sosial arayışdan görünür ki, o, xx.xx.2023-cü il tarixədək Cavabdeh MMCdə satıcı-kassir işləmiş və əmək haqqı məbləği 407 manat təşkil etmişdir. "xxxx" ASC-nin AZ33PAHA41010AZNFK********** nömrəli hesabdan xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan çıxarışdan görünür ki, İddiaçı son dəfə əmək haqqı xx.xx.2023-cü il tarixdə 424,34 manat köçürülmüş və “son haqq-hesab” başlığında köçürmə isə xx.xx.2023-cü il tarixdə 164,63 manat məbləğində edilmişdir. İddiaçı Cavabdeh MMC-nin direktoru Rəşad İbrahimova ünvanladığı xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, o, verilmiş suallara cavab olaraq 2022-ci ilin avqust ayından Cavabdeh MMC-də işlədiyini, hazırda Məhəmmədi 3 filialında kassir kimi çalışdığını, işlədiyi vaxt ərzində müştərilərin alış-verişinin öz bonus kartına yükləyərək müxtəlif marketlərdə xərclədiyini, marketdə alış-veriş edən müştəriyə yaxınlaşaraq ona bonus kartında pul olduğunu və nağd pul qarşılığında bonus ödəmə edə biləcəyini təklif etdiyini, nəticədə bir neçə dəfə bonus kartdakı məbləği nağd pula çevirdiyini, digər hallarda isə özünün xərclədiyini, bunu heç kimin bilmədiyini, cəmiyyətə vurduğu zərəri ödəməyə hazır olduğunu bildirmişdir. İddiaçı Cavabdeh MMC-nin direktoru Rəşad İbrahimova ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, Məhəmmədi-3 filialında kassir vəzifəsində çalışdığı müddət ərzində cəmiyyətə 738 manat ziyan vurduğunu bildirmiş, cəmiyyətə vurduğu ziyana görə aylıq əmək haqqından və məzuniyyət qalığından 150 manat cəmiyyətin xeyrinə tutulmasına razılıq vermişdir. Cavabdeh MMC-yə vurulmuş ziyanın geri qaytarılmasına dair xx.xx.2023-cü il tarixli aktdan görünür ki, DND-də şöbə müdiri, DND aparıcı mütəxəssisi və ziyanı ödəyən şəxs İddiaçı iştirakı ilə Cavabdeh MMC-yə vurulmuş ziyanın geri qaytarılmasına dair akt tərtib edilmiş, aktı imzalayan şəxslər Cavabdeh MMC-nin Məhəmmədi-3 filialında kassir vəzifəsində çalışan İddiaçı tərəfindən iş fəaliyyəti zamanı cəmiyyətə dəyən ziyana görə, dəymiş ziyanın geri qaytarılması məqsədi ilə onun (SAP kod: 27211) cari hesabından 150 manat məbləğində azaldılaraq, «Təftiş əməliyyatları» hesabına atılmasını öz imzaları ilə təsdiq etmişlər. MPAY ödəmə terminalı vasitəsilə edilmiş korporativ hesaba xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı “mənimsəmə” təyinatlı 588 manat məbləğində pulu “Araz Supermarketi”nin hesabına ödəmişdir. Cavabdeh MMC-nin direktoru Rəşad İbrahimovun xx.xx.2023-cü il tarixli 306-K nömrəli əmrindən görünür ki, İddiaçı ilə bağlanmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2023-cü il tarixli 3-17-5/2-M-33824/3/2024 saylı məktubundan görünür ki, İddiaçı Cavabdeh MMC-də əmək hüquqlarının pozulması barədə Xidmətə ünvanladığı müraciətə Xidmətin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətlə əlaqədar izahatın alınması və əmək haqqı barədə bank çıxarışının təqdim olunması məqsədilə İddiaçı ünvanına (AZ0125 Abşeron rayonu Məhəmmədi kəndi) xx.xx.2023-cü il tarixli 3-17-5/2-M- 27871/2/2023 nömrəli məktub göndərilmiş, eyni zamanda müraciətdə qeyd olunan telefon nömrəsi ilə (***-***-**-**) əlaqə saxlanılmış, lakin o, sənədləri araşdırmaya təqdim etməmişdir. Eyni zamanda müraciətin araşdırılmasına dair müvafiq sənədlərin təqdim olunması məqsədilə Cavabdeh MMC-nin ünvanına (AZ1078 Bakı şəhəri Nəsimi rayonu Mərdanov qardaşları ev 137) xx.xx.2023-cü il tarixli 3-17-5/2-M-27872/2/2023 nömrəli məktubla İddiaçı aid olan sənədlərin, «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuş, məktub müəssisəyə xx.xx.2023-cü il tarixdə çatdırılsa da, lakin heç bir sənəd təqdim edilməmişdir. Xidmət tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin «Əmək və Məşğulluq» altsisteminə baxış keçirilərkən İddiaçı ilə Cavabdeh MMC-nin işəgötürəni arasında xx.xx.2022-cı il tarixdə satıcı vəzifəsi üzrə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin «a» bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi və istifadə edilməmiş 11.7 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə həvalə edildiyi xitam əmrində öz əksini tapmışdır. İddiaçı nəzərinə çatdırılmışdır ki, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2024-cü il tarixədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün olmamışdır. Bildirilmişdir ki, Cavabdeh MMC-nin işəgötürəni tərəfindən ona aid sənədlər təqdim ediləcəyi təqdirdə müraciətinə yenidən baxılaraq cavab veriləcək. Müraciətdə qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olduğu İddiaçı izah edilmişdir. Bakı 8 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/8/2024-00652 saylı arayışından görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə saat 12:30-13:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya xərci və 10 manat poçt-kargüzarlıq xərci ödənilmişdir. İlkin Qazıyevin İddiaçı barədə Rafiq Atakişiyevə ünvanladığı xx.xx.2024-cü il tarixli təqdimat başlıqlı elektron məktubdan görünür ki, şəxsin mənimsəmə etməsi ilə bağlı müraciət birbaşa çalışdığı filialdan daxil olmuşdur. Bundan əlavə DND əməkdaşları tərəfindən heç kəsə heç bir halda hər hansı təzyiq olunmur. Şəxsin istifadə etdiyi bonus karta aid bütün hərəkətlər əlavədə qeyd olunub. Ortalama aylıq məvacibi 380-400 manat olan şəxs ay ərzində tək bir bonus kartla 18.329 manatlıq alış-veriş edir. Bu təbii ki, mümkün deyil. Şəxs tutulma olunmuş məbləğin ona qaytarılmasını tələb edir. Hansı haqla? Cavabdeh MMC-nin müştərilərinə təqdim etdiyi loyallıq kompaniyasının məhsulu olan və həqiqətən də digər müştərilərə məxsus olan bonus məbləğinin mənimsəyərək şirkətin imicinə və digər müştərilərin haqlı narazılığına səbəb olan şəxs bunu necə iddia edə bilər? Yuxarıda qeyd edilənlərin nəzərə alınması xahiş olunmuşdur. Məktubun mətninə daxil edilmiş yanvar və iyul aylarını əhatə edən cədvəldən görünür ki, yanvar ayında 176 dəfə olmaqla bonus kartından istifadə nəticəsində 531,25 manatlıq, mart ayında 1371 dəfə olmaqla 4.950,79 manat, aprel ayında 1823 dəfə olmaqla 5.938,98 manat, may ayında 4472 dəfə olmaqla 13.670,9 manat, iyun ayında 6124 dəfə olmaqla 18.328,29 manat, iyul ayında 1123 dəfə olmaqla 3.627,9 manat məbləğində alış veriş edilmişdir. Həmin kart üzrə toplanmış bonus məbləği 741,40 manat təşkil etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikanın Əmək Məcəlləsinin: 10-cu maddəsinin ç) yarımbəndinə əsasən işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aiddir. 11-ci maddəsinin 1-ci bəndinin e) yarımbəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarına işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək aiddir. 68.2-ci maddəsinin a bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. 154.1-ci maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 175.2-ci maddəsinin c bəndinə əsasən işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği işçinin yazılı razılığı ilə əmək haqqısından tutula bilər. 191-ci maddəsinə əsasən :

1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 192-ci maddəsinə əsasən:

1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.

2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 193-cü maddəsinə əsasən:

1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.

2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 198-ci maddəsinə əsasən bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. 199-cu maddəsinin ç) yarımbəndinə əsasən əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda;işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. 203-cü maddəsinin 1-ci bəndinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. 204-cü maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə ziyan vurmaqda təqsirkar olan işçi həmin ziyanı könüllü surətdə tam və ya qismən ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Göründüyü kimi, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçının tələbi özündə bir neçə halı birləşdirmişdir. İddiaçının ilkin olaraq işəgötürənə vurmuş olduğu ziyana görə 588 manat məbləğində ödədiyi vəsaitin geri qaytarlmasıdır ki, bu hissədə işin araşdırılmış hallarından aydın olmuşdur ki, iddiaçı məhz daxili təlimata əsasən ona qadağan olunmuş işəgötürənin müştərilərinə qarşı loyallıq kampaniyası çərçivəsində təklif etdiyi, lakin işçilərin işdən kənar saatlarda istifadələrinə qadağan edilməsə də, məhz satıcı-kassirlərə istifadəsi qadağan edilmiş bonus kartlarından istifadə nəticəsində işəgötürənə vurmuş olduğu ziyana görə etdiyi ödənişdir ki, bunu da işçi ilkin izahatlarında səmimi olaraq etiraf etmiş və vurduğu ziyanı könüllü şəkildə ödəmişdir. Göründüyü kimi qanunvericilikdə qeyd edilən məsələ tam tənzimlənir və burada hər hansı pozuntu müəyyən edilmir. Əksinə, toplanmış və tədqiq olunmuş sənədlərdən görünür ki, iddiaçı yuxarıda istinad olunan təlimatın tələblərinə zidd olaraq işlədiyi supermarketdə özü etmədiyi alışlara görə bonus məbləğlərini öz bonus kartına yükləmiş, bununla da iş yerində intizam pozuntusuna yol vermişdir. Məhkəmə vurğulayır ki, istənilən supermarket şəbəkəsində bonus kartdan istifadə edilməsinə o zaman yol verilir ki, işçi öz pul vəsaiti hesabına işlədiyi supermarketdən məhsulları əldə etsin. Digər hallarda, başqa insanların bonus kartı olmamasından istifadə edərək, alıcıların aldığı məhsula görə onlara verilməsi nəzərdə tutulan bonusların işçilərin bonus kartına vurulması intizam pozuntusu hesab olunur. Hazırki halda, müştərilər tərəfindən bonus kartlarının istifadə edilməsinə nəzarət təlimatının tələblərinin iddiaçı tərəfindən pozulması aşkardır və həmin hala yol verdiyinə görə məsuliyyət iddiaçının üzərinə düşməklə, ondan cavabdeh tərəfindən müvafiq məbləğin tutulması əsaslı olmuşdur. Cavabdeh iddiaçıya münasibətdə onun Əmək Məcəlləsində təsbit olunmuş hüquqlarını pozmamışdır. Həmçinin məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi digər tələb - 150 manat son haqq hesab olaraq ödənilməmiş pulun geri qaytarılmasıdır ki, məhkəmə iclaslarında iddiaçının özünün vermiş olduğu izahatlardan, həmçinin təqdim edilmiş kart hesabı əməliyyatlarından müəyyən edilmişdir ki, həmin məbləğ məhz işçi (hazırki iş üzrə iddiaçı) işdən azad olunduğu gün onun kart hesabına köçürülmüşdür. Odur ki, bu hissədə iddia tələbi ümumiyyətlə əsassızdır. İddia tələbinin digər hissəsi iddiaçının bir ay ərzində boşdayanmaya görə əmək haqqı məbləğinə uyğun olaraq 407 manat məbləğində pulun tutulmasıdır ki, Əmək qanunvericiliyində boşdayanmaya verilən ümumi anlayışa əsasən bu hal məhz işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılmasının yolverilməzliyinə görə əmək haqqı ödənilməsini şərtləndirir. Hazırki halda isə işçi işdən azad edildikdən sonra işsiz qaldığı müddət üçün ona əmək haqqı ödənilməsini tələb edir. Qeyd edilməlidir ki, işçi məhz öz ərizəsinə əsasən işdən azad edilmişdir və işçinin işdən azad edilməsində işəgötürənin qanunsuzluğa yol verməsi təsbit olunmamışdır. Nəhayət iddia tələbinin işçinin işdən qanunsuz azad edilməsi ilə əlaqədar ona mənəvi zərər yetirilməsi ilə bağlı da qeyd edir ki, işəgötürən tərəfindən təqsirli olaraq hüquqazidd əməl törədilməsi və həmin törədilmiş əməllə işçiyə mənəvi ziyan vurulması arasında səbəbli-əlaqə olması halı müəyyən edilmədiyindən iddia tələbi bu hissədə də əsaslı hesab edilə bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı «ödənilməmiş əmək haqqının ödənilməsi, əsassız tutulmuş pulun geri qaytarılması» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 50 manat mediasiya xərci və 10 manat poçt-kargüzarlıq xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh MMC-yə qarşı «ödənilməmiş əmək haqqının ödənilməsi, əsassız tutulmuş pulun geri qaytarılması» tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar