Məhkəmə qərarları › İş №2(006)-2623/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2623/2020

31.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2623/2020 31.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «alqı-satqı müqaviləsinin və həmin müqavilənin əsasında verilmiş çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «alqı-satqı müqaviləsinin və həmin müqavilənin əsasında verilmiş çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 adına ünvan 1 saylıünvanda yerləşən qeyri-yaşayış binasına dair cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilmişdir. Belə ki, Cavabdeh1 adına ünvan 1 saylı ünvanda yerləşən qeyri-yaşayış binasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vermiş olduğu Çıxarış qanunun tələblərinə zidd alındığı ücün ləğv edilməlidir. Çünki notariat kontorunda alqı-satqı qanunun pozulması ilə baş vermişdir və buna görə də qanunsuzdur. Belə ki, yuxarıda qeyd edilən ünvandakı qeyri-yaşayış sahəsinin əvvəlki sahibi Ələsgərov X3 iddiaçıya 38.000 ABŞ dolları borcu vardır. Həmin borcun iddiaçıya qaytarılması ilə bağlı Sabunçu ravon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(08)-874/2016 saylı qiyabi qətnaməsi mövcuddur. Həmin qətnamə əsasında Sabunçu rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən təqdimat verilmiş və xx.xx.2018-ci il tarixli qərardadla ünvan 1 ünvandakı Ələsgərov X2 mülkiyyətində olan qeyrı-yaşayış obyektinin üzərinə həbs qoyulmuşdur. Lakin sonradan qevd edilən borclu tərəfindən iddiaçıya ödənilməli olan 38.000 ABŞ dolları ödənilmədən Sabunçu rayon Məhkəməsi tərəfindən xx.xx.2018-ci il tarixli 8(08)-328/20l6 saylı qanunsuz qərardadla həmin qeyd edilən qeyri-yaşayış sahəsi üzərindən həbs götürülmüşdür. Həmin həbsin götürülməsi iddiaçının hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır.Göstərilənlərə əsasən ünvan 1 saylı qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsinin və həmin müqavilənin əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cavabdeh1 adına verilmiş Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 qeyd olunan əmlakı alqı-satqı yolu ilə aldığını, borc barədə məlumatsız olduğunu, evi beh verdikdən sonra aldığını və bu səbəbdən iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında digər cavabdeh rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Odur ki, məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılması məqsədə müvafiq hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işin materiallarında olan MA seriyalı ******* saylı "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən" Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu (indiki Xəzər rayonu) Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 2-ci döngə, bina 5C ünvanında yerləşən qeyri-yaşayış binası "Ticarət Mərkəzi" mülkiyyət hüququ əsasında Ələsgərov X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan xx xxxx 2018-ci il tarixli AN-İ seriyalı ******* saylı Daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, Ələsgərov X3 Bakı şəhəri, Əzizbəyov rayonu (indiki Xəzər rayonu) Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 2-ci döngə, bina 5C ünvanında yerləşən qeyri-yaşayış binasını Cavabdeh1 satmışdır. İş materiallarına əlavə olunmuş RX seriyalı ******* saylı "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən" Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası mülkiyyət hüququ əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ələsgərov X3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasını xx xxxx 2018-ci il tarixli AN-İ seriyalı ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satmışdır. Həmin əmlak üzərində Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq RX seriyalı ******* saylı "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən" Çıxarışla rəsmiləşdirilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsinin tərəfi deyil. Ümumi qaydaya görə müqaviləni mübahisələndirmək hüququ müqavilə tərəflərinə aid olan hüquqdur. Mülki Məcəllənin 337.2-ci maddəsinin 2-ci cümləsində qeyd olunmuşdur: “Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir”. Bu maddədə “müqavilənin digər tərəfinə” ifadəsinin işlədilməsi ona işarə edir ki, müqaviləni mübahisələndirmək hüququ müqavilənin tərəflərinə aiddir. Belə ki, “müqavilənin digər tərəfinə” ifadəsi müqavilənin əks tərəfinə nəzərən işlədilən ifadədir. Yəni müqavilənin mübahisə edilməsi üçün müqavilənin bir tərəfi müqavilənin digər tərəfinə iradə ifadəsini bildirməlidir. Əgər müqaviləni mübahisələndirmək hüququ müqavilənin tərəfi olmayan şəxslərə də aid olsayıdı, bu halda qanunverici “müqavilənin digər tərəfinə” deyil, “müqavilənin tərəflərinə” ifadəsini işlədərdi. Yəni müqaviləni mübahisələndirmək niyyətində olan istənilən şəxs müqavilənin tərəflərinə iradə ifadəsini bildirməlidir. Ona görə də hesab olunur ki, qanunverici “müqavilənin digər tərəfinə” ifadəsini işlətməklə müqaviləni mübahisələndirmək hüququ olan subyektlərin dairəsini məyyən edib. Bu qaydanın məntiqi ondan ibarətdir ki, müqavilə yalnız müqavilə tərəfi olan şəxslər üçün vəzifə (məcburi davranış qaydası) yaradır, müqavilə tərəfi olmayan şəxslər üçün isə müqavilənin vəzifə yaratması mümkün deyil, müqavilə onlar üçün yalnız hüquq (mümkün davranış qaydası) yarada bilər: məsələn, üçüncü şəxsin xeyrinə müqavilə (Mülki Məcəllə, maddə 403). Hüquq isə mümkün davranış qaydası olduğundan üçüncü şəxs həmin hüquqdan istifadə etməyə bilər və ya ondan imtina edə bilər. Ona görə də müqavilə tərəfi olmayan şəxsin müqaviləni mübahisələndirməsi yersizdir. Lakin nəzərə alınmalıdır ki, 337.2-ci maddənin 2-ci cümləsində müqavilə tərəfi olmayan şəxslərə müqaviləni mübahisələndirmək qadağan olunmayıb. Müqavilə əqdir, bəzi hallarda əqdin tərəfi olmayan şəxslərin də əqdi mübahisələndirmək hüququ tanınmalıdır. Əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququ o halda tanına bilər ki, əqd onun hüququna, vəzifəsinə və ya qanuni mənafeyinə toxunmuş olsun. Toxunma müxtəlif formalarda ola bilər: a) hüququn və ya qanuni mənafenin pozulması üçün şərait yarada bilər; b) hüququ və ya qanuni mənafeni mübahisəli edə bilər; c) vəzifənin icrasını çətinləşdirə bilər və s. Toxunmanın olub-olmadığı müəyyən edilərkən əqdin yaratdığı nəticə əsas götürülür. Belə ki, Mülki Məcllənin 324.1-ci maddəsinə görə bütün əqdlər nəticə yaratmağa yönəlir, həmin nəticə isə ümumilikdə 3 yerə bölünür. hüquq münasibəti əmələ gəlir; hüquq münasibəti dəyişir; hüquq münasibəti xitam olunur. Əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna 3 element daxildir: münasibətin subyekti; münasibətin obyekti; münasibətin məzmunu. Əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna daxil olan 3 elementdən hər hansı birinin şəxsə aidiyyəti yoxdursa, həmin şəxs əqdi mübahisələndirmək hüququna malik olmur. Əks yanaşma ona səbəb ola bilər ki, ölkədə istənilən şəxs istənilən əqdi mübahisələndirə bilər. Beləliklə, əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququnun olduğunu müəyyən edən meyar əqdin əmələ gətirdiyi, dəyişdiyi və ya xitam etdiyi hüquq münasibətinin strukturuna daxil olan 3 elementdən heç olmasa birinin həmin şəxsə aid olmasıdır. Hazırkı işdə mübahisələndirilən müqavilə hüquq münasibətinin əmələ gəlməsinə yönəlmişdir. Belə ki, müqavilənin nəticəsi olaraq hədiyyə verənlə hədiyyə alanın arasında öhdəlik hüquq münasibəti əmələ gəlmişdir. Əmələ gələn münasibətinin strukturuna daxil olan 3 elementdən heç birinin iddiaçıya aidiyyəti yoxdur. Məhkəmə bunu aşağıda göstərilənlərlə izah edir: Birincisi, iddiaçı öhdəlik münasibətinin subyekti (satıcı və ya alıcı) deyil. İkincisi, iddiaçının, öhdəlik münasibətinin obyektinə (mənzilin) aid olan hər hansı hüququ, vəzifəsi və ya qanuni mənafeyi yoxdur. Mənzil onun mülkiyyəti deyil, yaxud iddiaçının həmin mənzilə hər hansı başqa hüququ yoxdur. Mövcud olmayan hüququn müdafiəsi tələb edə bilməz, hüququn müdafəsi üçün ya o, mövcud olmalı, ya da gözlənilən olmalıdır. Üçüncüsü, öhdəlik münasibətinin məzmununun (subyektiv hüquqların və hüquqi vəzifələrin) iddiaçıya hər hansı aidiyyəti yoxdur. Belə ki, subyektiv hüquq (alıcının malı qəbul etmək hüququ) və hüquqi vəzifə (satıcının malı vermək vəzifəsi) müqavilənin tərəflərinə aiddir. Beləliklə, hazırkı vəziyyətdə iddiaçı müqaviləni, o cümlədən onun əsasında verilmiş reyestrdən çıxarışı mübahisələndirmək hüququna malik deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxx 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz». Yuxarıda qeyd olunan halları araşdıraraq, məhkəmə belə qənaətə gəlir ki, iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «alqı-satqı müqaviləsinin və həmin müqavilənin əsasında verilmiş çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «alqı-satqı müqaviləsinin və həmin müqavilənin əsasında verilmiş çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar