Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2638/2023 21.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun abonent kodunda olan 245 manat 59 qəpik borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən evdə ailəsi ilə birlikdə yaşayır. "xxxx" ASC tərəfindən bildirişlər təqdim edilərək mənbəyi məlum olmayan borc ondan tələb edilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********3000Z olan onun elektrik enerjisindən istifadə etməsi ilə bağlı cavabdeh "xxxx" ASC-yə 245 manat 59 qəpik borcu yaranmışdır. Lakin məhkəmənin nəzərinə çatdırır ki, hər ay istifadə edilmiş enerjinin dəyəri onun tərəfindən tam ödənilmiş və borcu olmamışdır. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının hüquqi varisi X5 məhkəmə iclasında bildirdi ki, o, İddiaçı oğludur. Atası İddiaçı təəssüf ki, 01 iyun 2023-cü il tarixdə, Bakı şəhərində sol mədəcik çatmamazlığından vəfat etmişdir. Atasının vəfatı ilə bağlı müvafiq akt qeydi aparılmaqla onlara 05 iyun 2023-cü il tarixdə AZ-İİ seriyalı 362726 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Mərhumun oğlu kimi, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Çünki, onlara həqiqətən istifadə etmədikləri elektrik enerjisinə görə əsassız borc yazılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 58-ci maddəsinə əsasən X5 iddiaçının prosessual hüquq varisidir. Azərbaycan Respublikası MPM-nin 58-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında borcun tələb olumayan borc olduğunu, bununla belə iddianı qəbul etməyərək məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının prosessual hüquq varisinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş abonentin hərəkət cədvəlindən görünür ki, ünvan 2 ünvanda yaşamış X2 (abunə kodu **********3000Z) 2017-2023-cü illər ərzində istifadə etdiyi elektrik enerjisinə görə enerji təchizatçısı olan "xxxx" ASC-yə borcu yoxdur. İddiaçı sağlığında istifadə edilən elektrik enerjisinə görə ödənişləri mütəmadi olaraq müvafiq hesaba köçürmüşdür. Cavabdeh tərəf iddiaçıdan elektrik enerjisi borcu kimi tələb olunan 245 manat 59 qəpiyin mənşəyini izah edə, borcun necə yarandığını göstərə bilmədi. İddiaçının adına verilmiş abunə haqqında çıxarışdan çıxarışdan görünür ki, 245 manat 59 qəpik borc “BARMEK borcu” olaraq tələb olunmayan borc kimi silinmişdir. «Elektroenergetika haqqında» 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qanunun birmənalı tələbindən göründüyü kimi, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərinin ödənilməsi istehlakçıdan tələb edilə bilməz. İşin faktiki hallarından göründüyü kimi, ünvan 2 ünvanda yaşamış X3 (abunə kodu **********3000Z) 245 manat 59 qəpik borc əsassız yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 2 ünvanda X2 adına olan **********3000Z saylı abunə koduna hesablanmış 245 manat 59 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 2 ünvanda X2 adına olan **********3000Z saylı abunə koduna hesablanmış 245 manat 59 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-2638/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2638/2023
21.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver