Məhkəmə qərarları › İş №2(006)-2639/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2639/2021

24.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2639/2021 24.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 18.01.2021-ci il tarixli 205990 saylı aktın ləğv edilməsi və 1.400 manat əsassız hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onun barəsində cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 18.01.2021-ci il tarixli 205990 saylı aktın ləğv edilməsi, 1.337 manat 90 qəpik əsassız hesablanmış borcun silinməsi və mənəvi zərər olaraq 50.000 manatın cavabdeh "xxxx" ASC-dən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 18 yanvar 2021-ci il tarixdə cavabdeh təşkilatın nümayəndələri tərəfindən yaşadığı Bakı şəhəri Xəzər rayonunda yerləşən fərdi evdə 205990 saylı akt tərtib edilmişdir. Akt tərtib olunarkən əsas kimi sayğacdan kənar xətt göstərilmişdir. Akt onun iştirakı olmadan tərtib edilmişdir. 28.01.2021-ci il tarixdə cavabdeh təşkilatın nümayəndəsi yaşadığı evə gələrək aktı ona təqdim etmişdir. O, sonuncuya etirazını bildirmişdir ki, əgər hər hansı bir akt tərtib ediblərsə, onun da iştirakını təmin edərdilər. Nümayəndə isə ona aktı təqdim edərək, əgər şikayəti varsa, edə bilər deyərək cavab vermişdir. Aktın arxa səhifəsinə imza etməklə, 28.01.2021-ci il tarixdə aktı ona təqdim etmişdir. Məlumat üçün qeyd edir ki, əgər yaşadığı evdə kənar xətdən istifadə olunurdusa, hər ay nəzarətçi tərəfindən sayğaca və elektrik xəttinə baxış keçirilirdi, bu niyə indiyədək aşkar olunmayıb? Akt tərtib olunarkən o, iştirak etmədiyindən (aktdan da görünür ki, o, iştirak etməmişdir) iki hal şahidinin olması vacibdir. Qanunvericilik iki hal şahidinin imzasını da məcburi hesab etmişdir. Akt tərtib olunarkən onun iştirakı təmin edilməmiş, iki hal şahidi olmadan akt tərtib edilərək, yalnız cavabdeh təşkilatın nümayəndələri tərəfindən bir tərəfli qaydada imzalanmışdır. Akt ümumiyyətlə yerində deyil, cavabdeh idarədə tərtib edilmiş və imzalanmışdır. Halbuki, mövcud qanunvericilik aktın yerində tərtib edilməsinin məcburiliyini özündə ehtiva edir. Akt sonradan iddiaçıya təqdim edilsə də, borc bildirişi təqdim edilməmişdir. Akt sonradan ona təqdim edilsə də, borc bildirişi təqdim edilməmişdir. Sonradan ona 1.400 manat məbləğində əlavə sərfiyyat yazıldığı məlum olmuşdur. Bundan başqa, akt tərtib olunan vaxtdan hal-hazıradək cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən dəfələrlə onun elektrik xətti şəbəkədən ayrılmış və nəticədə o, işıqsız qalmışdır. Bu baxımdan o, həmçinin ailə üzvləri mənəvi sarsıntı keçirmişlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçının 1 ay ərzində işlətdiyi real elektrik enerjisi sərfiyyatı da aktda göstərilən sərf olunmamış enerjiyə görə hesablanmış məbləğin üzərinə əlavə edilmişdir. Həmin ay işlətdiyi real elektrik enerjisi sərfiyyatı təxminən 77 manat civarında olmuşdur. Gündəlik sərf etdiyi elektrik enerjisi 2,2 kvt, bir ay ərzində istifadə etdiyi elektrik enerjisi 1108,8 kvt təşkil edir. Mövcud tarif üzrə 0,7 manat hesabı ilə sərf edilmiş ümumi elektrik enerjisinin dəyəri 77,56 qəpik təşkil edir. Bu səbəbdən, akt üzrə hesablanmış əsassız borcdan 77 manat 56 qəpik çıxılmalı, yerdə qalan məbləğ silinməlidir. İddiaçı sərf etdiyi elektrik enerjisinə görə 77 manat 56 qəpik real borcu ödəməkdən imtina etmir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia ərizəsinə etiraz edərək, rədd edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin, habelə cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı yaşadığı, ünvan 1 ünvanda yerləşən evə verilən elektrik enerjisinin sərfiyyatının hesablanması üçün sayğac quraşdırılmışdır. İddiaçıya **********20000 saylı abonent kodu verilmişdir. 18 yanvar 2021-ci il tarixdə tərtib edilmiş R seriyalı 205990 saylı aktda qeyd olunmuşdur ki, həmin ünvanda elektrik enerjisinin istifadə qaydalarına riayət edilməsi yoxlanılmışdır. Məlum olmuşdur ki, abonent sayğacdan kənar xəttdən istifadə edir. Kənar xəttən axan yük ampermaşa vasitəsi ilə ölçülmüşdür. Sxemin bərpa edilməsi barədə tələb göstərilmişdir. Bundan sonra, iddiaçıya itirilmiş elektrik enerjisinə görə cəmi 1.337 manat 90 qəpik borcu olması barədə müvafiq bildiriş göndərilmişdir. Akta əsasən iddiaçıya əlavə sərfiyyat üçün cəmi 1.337 manat 90 qəpik borc hesablanmışdır. Akt tərtib olunarkən abonent və şahidlərin iştirakı təmin edilməmişdir. İddiaçı tərəf iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim etməsə də, izahatında göstərmişdir ki, hesablanmış 1.337 manat 90 qəpik məbləğdən 77 manat 56 qəpik real olaraq sərf edilmiş elektrik enerjisinə görə borcdur ki, həmin borc da itirilməsi güman edilməklə hesablanmış məbləğə əlavə edilmişdir. Göründüyü kimi, akt üzrə əsassız olaraq hesablanmış məbləğ 1.337,90 manat – 77,56 manat = 1.260 manat 34 qəpik təşkil edir. Məhkəmə qeyd edir ki, «Elektroenergetika haqqında» 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.17-ci maddəsinin tələblərinə əsasən istehsalçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qopardıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda, enerjitəhcizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən istehlakçının (məişət abonenti istina olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Həmin Qaydaların 8.32-ci bəndinin tələblərinə görə məişət abonenti (mənzillər üçün hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verdiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacınının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qeyd edilən Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalanmaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İşin faktiki hallarından göründüyü kimi, akt tərtib olunarkən qanunvericiliyin tələbləri pozulmuş, məişət abonenti və hal şahidlərinin iştirakı təmin edilməmişdir və bu səbəbdən, akt ləğv edilməlidir. Həmçinin, İddiaçı adına olan **********20000 saylı abonent koduna hesablanmış 1.260 manat 34 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 18 yanvar 2021-ci il tarixdə tərtib edilmiş R seriyalı 205990 saylı akt ləğv edilməli, ünvan 1 ünvanı üzrə abunəçi İddiaçı adına olan **********20000 saylı abunə koduna hesablanmış 1.260 manat 34 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. İddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı ona 50.000 manat real ziyan vurulmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 18 yanvar 2021-ci il tarixdə tərtib edilmiş R seriyalı 205990 saylı akt ləğv edilsin. ünvan 1 ünvanı üzrə abunəçi İddiaçı adına olan **********20000 saylı abunə koduna hesablanmış 1.260 manat 34 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar