Məhkəmə qərarları › İş №2(006)-2640/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2640/2021

01.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2640/2021 01.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “borc məbləğinin tələb edilməməsi, yeni abunə kodu açılmaqla sayğacın quraşdırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “borc məbləğinin tələb edilməməsi, yeni abunə kodu açılmaqla sayğacın quraşdırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüquqları əsasənda ona məxsus olan Abşeron rayonu Masazır kəndi ərazisində yerləşən 523 kv.m torpaq sahəsində **********01131 saylı abunə kodu üzrə yaranmış borc məbləğinin ondan tələb edilməməsi, həmin sahəyə elektrik xətti çəkilməklə, sayğacın quraşdırılması yeni abunə kodunnu verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, xx xxxxxxx 2020-ci tarixdə onunla “xxxx’' ASC arasında bağlanmış AN-1 N-0883139 saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən ümumi sahəsi 523 kv.metr olan torpaq sahəsini almışdır. Bununla bağlı torpaq sahəsi üzərində mülkiyyət hüquqları DƏDRX-nin Abşeron ərazi idarəsi tərəfindən qeydiyyata alınaraq müvafiq çıxarış ona təqdim edilmişdir. Qeyd etmək istəyir ki, torpaq sahəsinin üzərində fərdi yaşayış evi tikmək məqsədlə müvafiq sənədləşmə işlərini başlamış, evin layihəsini İH ilə razılaşdırmışdır. xx.xx.2020ci il tarixində torpaq sahəsinə işıq xəttinin çəkilməsi və sayğacın quraşdırılması ilə bağlı ASAN xidmətə müraciət etmişdir. Lakin ona qeyri-rəsmi olaraq (rəsmi hər hansı bir cavab verilməmişdir) bildirilmişdir ki, mülkiyyətində olan torpaq sahəsində sayğac mövcud olmuş abunə kodu üzrə əvvəlki illərdə yaranmış borc məbləği tərəfindən tam şəkildə ödənilməyincə yeni kod və sayğac araşdırılmayacaqdır. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əldə etdiyi məlumata görə borc məbləği 2018-ci ilədək yaranmış borcdur ki, bunun da ona hər hansı bir aidiyyatı ola bilməz. Bir daha qeyd etmək istəyir ki, birincisi fərdi yaşayış evi deyil, boş torpaq sahəsi əldə etmişdir. Həmin sahədə nə vaxtsa evin olduğu və evdə elektrik enerjisinə görə borcun yarandığını bilməməyi təbiidir. İkincisi hətta bu barədə məlumat əldə etmiş olsaydı belə qeyd etdiyi kimi mülkiyyət hüquqları xx.xx.2020-ci il tarixindən yaranmışdır ki, bu tarixdən əvvəlki dövrdə istifadə edilmiş elektrik enerjisinə görə borc ondan tələb edilə bilməz. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı “xxxx” QSC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ № 08831139 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Abşeron rayonu, Masazır kəndin ünvanında yerləşən, ümumi sahəsi 0.0523 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə onlara məxsus hissəsindən aşağıda göstərilən hissəni alıcının mülkiyyətinə verir. İş materiallarında olan “xxxx” ASC-nin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, müraciətiniz əsasənda Abşerion rayonu, Masazır qəsəbəsi ünvanında yerləşən sizə məxsus torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həmin ünvanda əvvəllər “xxxx” ASC-nin abonent informasiya bazasında Nizami Quliyev adına **********01131 saylı abonent kodu və ********** nömrəli elektrik sayğacı mövcud olmuşdur. Qeyd edilən ünvan üzrə istehlak edilmiş elektrik enerjisinə görə yaranmış debitor borc ödənilmədiyindən **********01131 nömrəli abonent koduna verilən elektrik enerjisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “elektrik enerjisindən istifadə qaydaları”nın tələblərinə uyğun olaraq, dayandırılmışdır. X1 və Satışı İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixində ünvana baxış keçirilən zaman həmin sayğacın yerində olmadığı məlum olmuş və R 212413 nömrəli AKT-la rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, İddiaçı Abşeron rayonu Masazır kəndi ərazisində yerləşən 523 kv.m torpaq sahəsinin xüsusi mülkiyyətçisidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enejisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qeyd olunan qaydaların 8.17-ci maddəsinin tələblərinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “yeni abunə kodu açılmaqla sayğacın quraşdırılması” tələbi məhkəmə səlahiyyətinə aid olmadığı ücün, iddia tələbi həmin hissədə rədd edilməlidir. Odur ki, istinad olunan hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı məxsus olan Abşeron rayonu Masazır kəndi ərazisində yerləşən 523 kv.m torpaq sahəsində **********01131 saylı abunə kodu üzrə yaranmış borc məbləği iddiaçıdan tələb edilməməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Qeyd olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdiqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus olan Abşeron rayonu Masazır kəndi ərazisində yerləşən 523 kv.m torpaq sahəsində **********01131 saylı abunə kodu üzrə yaranmış borc məbləği iddiaçıdan tələb edilməsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar