Məhkəmə qərarları › İş №2(006)-2641/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2641/2021

19.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2641/2021 19.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 ilə 24 dekabr 2004-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan 16.11.2005-ci il tarixdə Leyla Həsənova anadan olmuş, övladı anadangəlmə serebral iflic xəstəliyindən əziyyət çəkir və hazırda da yataq xəstəsidir. Nəsimi Rayon Məhkəməsinin 13.02.2007-ci il tarixli qətnaməsi ilə aralarındakı nikaha xitam verilərək aylıq 60 manat məbləğində aliment, əlavə xərc kimi 40 manat, övladı 3 yaşına çatana qədər isə əlavə 20 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Daha sonra, alimentin artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Nəsimi Rayon Məhkəməsinin 22.05.2019-cu il tarixli qətnaməsi ilə 160 manat aliment və 100 manat əlavə xərc olmaqla 260 manat pulun Cavabdeh1 tutularaq ona ödənilməsi qət edilmişdir. Buna baxmayaraq, bu günə qədər Cavabdeh1 tərəfindən heç bir məbləğdə aliment ödənişi edilməmişdir. İcra edilmədən qalan digər bir məhkəmə qərarı isə Bakı Apellyasiya Məhkəməsinin 17.09.2008-ci il tarixli, 2(103)-3734/2008 saylı qətnaməsidir. Belə ki, həmin qətnaməyə əsasən “BMW 530 i” markalı **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş vəsaitin 3/5 hissəsi - 39.000 ABŞ dolları məbləğində pul, ödənildiyi günə məzənnə nisbətində manatla Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli olan külli miqdarda məbləğ vardır. Belə ki, ödənilməli olan aliment borcuna əsasən 20.000 manat məbləğində Nəsimi rayon İcra və Probasiya şöbəsində və 39.000 ABŞ dollarının ödənilən gün məzənnəsinə uyğun manat məbləğində Nərimanov rayon İcra və Probasiya şöbəsində icra işləri mövcuddur. Hazırki tələbi isə Nəsimi rayon İcra və Probasiya şöbəsində olan icra işi ilə əlaqədar üzərinə həbs qoyulmuş avtomobilin satılmasına dair müqavilənin etibarsız hesab edilməsi ilə əlaqədardır. Belə ki, Cavabdeh1 tutularaq ona ödənilməli olan alimentlə bağlı iş icraya yönəldikdən sonra heç bir ödəniş etmədiyi üçün Cavabdeh1 əmlaklarının üzərinə həbs qoyulmağa başlanmış, ilk başda Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Kiçik Dəniz küçəsi, ev 18, 1 saylı mənzilin üzərinə həbs qoyulmuş, sonra isə hazırki iddia ərizəsinin predmeti olan “Mersedes Benz S600” minik markalı 99- CY-969 dövlət nömrə nişanlı avtomobilin üzərinə də həbs qoyulmuşdur. Belə ki, qərar 08.01.2021-ci il tarixində qəbul edilmiş və AR X3 İdarəsinə göndərilmiş, lakin icra məmurunun bildirdiyinə əsasən 15.01.2021-ci il tarixdə idarəyə çatmışdır. Lakin “Mersedes Benz S600” minik markalı **-CY-*** dövlət nömrə nişanlı avtomobil 12.01.2021-ci il tarixdə Cavabdeh1 tərəfindən Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Halbuki, həmin tarixdə artıq avtomobil barədə həbs qərarı qəbul edilmişdi. Həmçinin, 12.03.2020-ci il tarixdən etibarən Cavabdeh1 barəsində axtarış da elan olunmuşdur. Lakin bütün bunlara baxmayaraq, cavabdeh üzərinə həbs qoyulmuş avtomobilə dair addan-ada keçirmə işlərini həyata keçirmiş və avtomobil Cavabdeh1 mülkiyyətindən çıxarılmışdır. Ümumilikdə isə, Cavabdeh1 cinayət törətməyə meyilli bir şəxs olmuşdur. Ailə münasibətlərinin korlanmasında da Cavabdeh1 narkotik vasitələrlə yaxınlığı mühüm rol oynamışdır. Belə ki, Yasamal Rayon Məhkəməsinin 20.12.2010-cu il tarixli hökmü ilə Cavabdeh1 AR CM-nin 176.1-cı və 234.4.1-ci maddəsi ilə təqsirli bilinərək, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, lakin vaxtından əvvəl azad olunmuşdur. Bildirir ki, sözügedən avtomobilin bu formada satılması tamamilə qanunaziddir və həmin alqı-satqı birbaşa olaraq etibarsızdır. Buna görə də hesab edir ki, həmin alqı-satqı müqaviləsi ləğv edilməli və avtomobillə bağlı hüquqi vəziyyət əvvəlki formasına qaytarılaraq icra işi davam etdirilməlidir. Əks halda onun hüquqları pozulmağa davam edəcəkdir. Yuxarıda qeyd etdiyi kimi sözügedən avtomobilin üzərinə həbs qoyulmuşdu və avtomobil satılarkən də Cavabdeh1 barəsində qüvvədə olan axtarış olmuşdur. Avtomobil üzərinə həbs qoyulduqdan sonra satılması isə birbaşa olaraq dövlət orqanlarının səhlənkarlığı və Cavabdeh1 qoyulmuş həbsdən hər hansı yolla məlumatlanıb qısa vaxtda əmlakı adından çıxarması ilə bağlıdır. Halbuki, cavabdehdən tutularaq iddiaçıya ödənilməli olan həmin pul məbləğləri yataq xəstəsi olan övladının müalicə xərcləri üçün olduqca vacibdir. Qeyd olunanlara əsasən, hesab edir ki, Cavabdeh1 ilə digər Cavabdeh2 arasında “Mersedes Benz S600” minik markalı 99- CY-969 dövlət nömrə nişanlı avtomobilin özgəninkiləşdirilməsinə dair müqavilənin etibarsız hesab edilməsi və avtomobilə münasibətdə əvvəlki hüquqi vəziyyətin bərpa edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh1 ilə 24.12.2004cü il tarixdə rəsmi nikaha daxil olmuş, 13.02.2007-ci il tarixdə isə aralarındakı nikaha xitam verilmiş, aylıq 60 manat aliment, əlavə xərc kimi 20 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Sonradan iddiaçı alimentin artırılması tələbi ilə müraciət etmiş, bunun əsasında Nəsimi Rayon Məhkəməsinin 2(006)-3395/2019 nömrəli, 22.05.2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə 160 manat alimentin və 100 manat əlavə xarcin tutulması müəyyən olunmuşdur. Bu müddət ərzində cavabdeh alimentin və uşağın xəstəliyinə görə əlavə xərcin ödənilməsindən boyun qaçırmış, nəticədə qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etmədiyinə görə Yasamal Rayon Məhkəməsinin 20.12.2010-cu il tarixli hökmü ilə məhkum edilmişdir. Tərəflər arasında aliment öhdəliklərinin icra olunmaması səbəbindən məhkəmə çəkişmələri davam etmiş, Cavabdeh1 məxsus müxtəlif əmlak barəsində icra qurumları tərəfindən həbs qoyulmuş, cavabdehin özü barəsində isə axtarış elan edilmişdir. (Nəsimi Rayon İcra və Probasiya şöbəsinin 12.03.2020-ci il tarixli qərarı) İş materiallarında olan Nəsimi rayon İcra və Probasiya şöbəsinin 08.01.2021-ci il tarixli qərarı ilə Cavabdeh1 məxsus olmuş ** CY *** dövlət qeydiyyat nişanlı Mercedes Benz S600 dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin 92934-1221 nömrəli, 11.08.2021-ci il tarixli məktubunun qoşmasındakı nəqliyyat vasitəsinin alqı-satqısı müqaviləsindən görünür ki, Cavabdeh1 Cavabdeh2 buraxılış ili 2006-cı il, ** CY *** dövlət qeydiyyat nişanlı Mercedes Benz S600 minik markalı avtomobili 12.01.2020-ci il tarixdə, 15000 manata satmışdır. Hazırda, iddiaçı qeyd olunan alqı-satqı müqaviləsinin onun birbaşa maraqlarına toxunduğunu, Cavabdeh1 mübahisələndirilən ** CY *** dövlət qeydiyyat nişanlı Mercedes Benz S600 markalı avtomobili uydurma əqd əsasında digər cavabdehə satdığını və bununla da üzərində olan aliment öhdəliklərinin yerinə yetirməsindən boyun qaçırmaq istəməsini iddia edərək, 12.01.2021-ci il tarixli Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Göründüyü kimi, qanunverici mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirməkdə, istədikləri məzmunda və formada müqavilə bağlamaqda sərbəst olmalarını müəyyən etsə də, eyni zamanda mülki hüquq münasibətlərinin digər iştirakçılarının da hüquq və mənafeyini qorumaq prizmasından yanaşaraq, onların hüquqlarına, əqd bağlamaq və sair ilə bağlı hərəkətlərinə - üçüncü şəxslərin mənafeyinə zərər vurmamaq, xətər yetirməmək, hüquqlarını pozmamaq kimi sədd məhduduyyətlərini qoyaraq, hüquqdan sui-istifadənin qarşısını alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Mülki qanunvericilik müəyyən edir ki, əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenum qərarında gösrərilmişdir ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. İş materiallarına əlavə olunmuş sənədlərin tədqiqi zamanı məhkəmə müəyyən etmişdir ki, digər əmlakları ilə bərabər, Cavabdeh1 məxsus ** CY *** dövlət qeydiyyat nişanlı Mercedes Benz S600 dövlət nömrə nişanlı avtomobilin üzərinə onun iddiaçı qarşısında illərlə yığılıb qalmış alment öhdəliklərinin təmin olunması məqsədilə Nəsimi rayon İcra və Probasiya şöbəsinin 08.01.2021-ci il tarixli qərarı ilə həbs qoyulmuşdur. Həmçinin işdə olan alqı-satqı müqaviləsinin bağlanmasına dair məlumatdan göründüyü kimi, qoyulmuş həbsdən dərhal sonra, yəni, 12.01.2021-ci il tarixdə, Cavabdeh1 mübahisə predmeti olan avtomobili digər Cavabdeh2 satmışdır. Qeyd olunan alqı-satqı müqaviləsinin adı çəkilən müqavilə üzrə “alıcı və satıcı” arasındakı əmlakın həqiqi iradə əsasında özgəninkiləşdirilməsi şübhə altına alınsa da, məhkəmə sözügedən əqdin etibarsızlığının əsasını – mülki münasibətin üçüncü şəxs kimi iddiaçının hüquq və mənafeyinə toxunması səbəbindən müəyyən edilməsini daha məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında ** CY *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz S600” markalı dövlət nömrə nişanlı avtomobilin özgəninkiləşdirilməsinə dair 12.01.2021-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin avtomobilə münasibətdə əvvəlki hüquqi vəziyyət bərpa olunmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında ** CY *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz S600” markalı dövlət nömrə nişanlı avtomobilin özgəninkiləşdirilməsinə dair 12.01.2021-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Həmin avtomobilə münasibətdə əvvəlki hüquqi vəziyyət bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar