Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2661/2024 17.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh1 iştirakları ilə İddiaçı 1 saylı Bakı «ASAN xidmət» mərkəzi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «4Ə-1406 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsızlığı» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı 1 saylı Bakı «ASAN xidmət» mərkəzi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «4Ə-1406 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsızlığı» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçının keçmiş həyat yoldaşıdır. Tərəflər arasında nikah xx.xx.2022-ci il tarixdə pozulmuşdur. Digər Cavabdeh2 iddiaçının oğludur. İddiaçı Cavabdeh1 ilə nikah münasibətlərində olduğu dövrdə daimi olaraq işi ilə əlaqəli Rusiya Federsiyasında işləmiş, Azərbaycanda zəruri olduğu halda müəyyən işlərin aparılması üçün sonuncuya Bakı şəhər 43 saylı dövlət notariat ofisində xx.xx.2009-cu il tarixdə etibarnamə vermişdir. xx.xx.2021-ci tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinə əsasən ünvan 1 Cavabdeh1 tərəfindən digər cavabdeh (onun oğlu) Cavabdeh2 bağışlanmışdır. İddiaçının bağışlama müqaviləsindən xx.xx.2023-cü il tarixdə məlumatı olmuş və həmin tarixdə də müqavilənin bir surətini əldə etmişdir. Bu müddət ərzində iddiaçı cavabdehləri qanunsuz əməllərindən daşındırmağa çağırmış, lakin heç bir fayda əldə etməmişdir. Nəticədə, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh1 ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən verilmiş çıxarış əsasında tam mülkiyyət hüququ ilə iddiaçıya məxsus ünvan 1 ünvanı iddiaçı tərəfindən ona verilmiş xx.xx.2009-cu il tarixli etibarnamə əsasında xx.xx.2021-ci il tarixdə digər Cavabdeh2 bağışlamışdır. İddiaçının bağışlama müqaviləsindən xx.xx.2023-cü il tarixdə məlumatı olmuşdur. Cavabdeh1 iddiaçı tərəfindən ona verilmiş etibarnamədən digər Cavabdeh2la əlbir hərəkət etməklə öz məqsədləri üçün istifadə etmişlər, iddiaçının həqiqi iradəsini əks etdirməyən əqd bağlamaqla iddiaçının mülkiyyətindən məhrum olmasına səbəb olmuşlar. Hazırda cavabdehlər iddiaçını həmin mənzildə yaşamağa icazə vermirlər, onu mənzildən qovmaqla maneələr yaradırlar. İlkin olaraq işin faktiki hallarına nəzər saldıqda görünür ki, bağışlama müqaviləsinə əsasən iddiaçıya məxsus olan mənzil Cavabdeh1 tərəfindən oğlu digər Cavabdeh2 bağışlansa belə, bağışlama müqaviləsi məhz Cavabdeh1 mənafeyinə xidmət edirdi. Eyni zamanda, digər cavabdehin də Cavabdeh1 oğlu olması faktı əqdin bağlanmasında onun mənafeyini sübut edən haldır. Faktiki bağışlama müqaviləsinin predmeti olan mənzildən faktiki olaraq sahiblik və istifadə hüququ cavabdehlərə məxsusdur. Mülki qanunvericiliyə görə bu cür əqd sonradan iddiaçı tərəfindən bəyənilmiş olsa idi, bu zaman etibarlı ola bilərdi. Əgər təmsil edilənin (İddiaçı) adından əqdi bağlayan təmsilçi (S.Məlikovanın) təmsil edilənin adından hərəkət etmək səlahiyyəti aşmış, təmsil edilənin (İddiaçı) mülkiyyətindən məhrum etmişdir. Bundan başqa, ilk növbədə aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə aıınmalıdır. Burada nəzərə alınmalıdır ki, etibarnamə verilərkən İddiaçı (təmsil olunan), Cavabdeh1 bu etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və Cavabdeh1 özünün maraqları daxilində deyil, İddiaçı maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir. Etibarnamənin verilməsi tarixi və bağışlama müqaviləsinin imzalanma tarixlərinə xronoloji ardıcıllıqla baxdıqda açıq-aydın görünür ki, iddiaçı tərəfindən etibarnamənin verilməsi əsas olan iradə ona məxsus mənzilin oğluna bağışlanması olmamışdır. Belə etibarnamənin 2009-cu il tarixdə verilmiş, bağışlama müqaviləsi isə 2021-ci il tarixdə, 12 il sonra bağlanmışdır. Bu hal özü də bir daha təsdiq edir ki, etibarnamənin bağışlama müqaviləsinin realizəsi məqsədilə verilməsi cəfəngiyyatdır. Cavabdehlər iddiaçıya qarşı əlbir formada hərəkət etməklə etibarnamədən öz məqsəd və mənafeləri üçün istifadə edərək iddiaçıya məxsus evi ələ keçirmişlər. Göstərilənlərə əsasən, 1 saylı Bakı «ASAN xidmət» mərkəzində təsdiq edilmiş 4Ə-1406 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız sayılması və həmin müqaviləyə əsasən dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. 3.Daha sonra Cavabdeh1 iddia ərizəsinə etiraz təqdim edərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ona və birgə nikahlarından anadan olmuş Cavabdeh2 qarşı 4Ə-1406 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsızlığı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd etmişdir ki, iddiaçının əmlakın oğluna bağışlanmasını guya xx.xx.2023-cü il tarixdə məlumatı olmuşdur. Halbuki, xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi 1 saylı Bakı şəhəri Asan xidmət mərkəzində qeydiyyata alınarkən iddiaçı M.Ədalət özü də onlarla birgə asan xidmət mərkəzinə getmişdir. Bununla bağlı 1 saylı Bakı şəhəri Asan xidmət mərkəzinin kamera görüntüləri məhkəmənin sorğusu ilə əldə edilə bilər. İddia ərizəsində qeyd olunmuşdur ki, M.Ədalət tərəfindən 2009-cu ildə ona verilən etibarnamənin verilməsi tarixi və bağışlanma müqaviləsinin imzalanma tarixlərinə xronoloji ardıcıllıqla baxdıqda açıq-aydın görünür ki, bağışlanma müqaviləsini 12 il sonra 2021-ci il tarixdə etmişdir. İddiaçı tərəfindən etibarnamənin verilməsinə əsas olan iradə ona məxsus mənzilin bağışlanması olmamışdır. İlk öncə qeyd edilir ki, iddia ərizəsində qeyd olunduğu kimi bağışlanma müqaviləsini etibarnamənin verildiyi müddətdən 12 il sonra verilməsinin səbəbi oğlunun biraz böyüməsi, öz ayaqları üzərində durması, ailə qurması ilə bağlı olmuşdur, çünki 2009-cu ildə oğlu Cavabdeh2 20, 2021-ci ildə isə 32 yaşı olmuşdur. İddiaçı M.Ədalət Bakı şəhəri 43 saylı Notariat Ofisində 17 sentyabr 2009-cu il tarixdə ona etibarnamə verərkən və həmin etibarnamədə ona hansı səlahiyyətlərinin verilməsini xüsusi notarius ondan soruşarkən etibarnamədə qeyd olunan bütün səlahiyyətləri özü söyləmişdir. Belə ki, etibarsızlığı tələb olunan müvafiq bağışlanma müqaviləsi qanunun tələblərinə uyğun bağlanmışdır və iddiaçının ona verdiyi qüvvədə olan etibarnaməyə əsasən iddiaçının adından və əvəzindən iradə ifadəsi bildirilmişdir. İddiaçı qeyd edir ki, onun səlahiyyətlərindən suiistifadə etmişdir, halbuki onun məqsədi etibarnaməni başqa işlər üçün verilməsi ilə bağlı etibarnamə verilməsi olsaydı, o halda etibarnamənin sırf hansı məqsədlə verilməsini göstərə bilər və sərəncam hüququnun verilməsini qeyd etdirməzdi. Xüsusən də notariuslarda etibarnamə veriləndə sərəncam hüququnun verilib-verilmədiyi diqqətlə öyrənilir və tərəfə izah edilməklə etibarnaməyə imza etdirilir. Ona görə iddiaçının qeyd olunan mövqeyi ağlabatan və inandırıcı olmamaqla tamamilə uydurmadır. O cümlədən, qanunvericilik əqdin etibarsızlığı üçün şərtləri dəqiq müəyyən etməklə yanaşı, həmçinin hansı hallarda etibarsız sayıla biləcəyini də göstərmişdir. Beləliklə, hesab edir ki, hazırki iş üzrə mübahisə edilən daşınmaz əmlakın bağışlanması müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanılmış və əqdin etibarsızlığı üçün qanunla tələb olunan heç bir şərt pozulmamışdır. Odur ki, göstərilənlərə əsasən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, bağışlama müqaviləsi bağlanılan gün iddiaçı da “Asan Xidmət” mərkəzinə olmuşdur. Lakin iddiaçıın ora getməsində məqsəd bağışlama müqaviləsi bağlamaq deyil, Cavabdeh1 ilə aralarında bağlanmış nikahın pozulması ilə əlaqədar olmuşdur. Belə ki, cavabeh Cavabdeh1 iddiaçı ilə birlikdə nikahlarının pozulması barədə ərizə verdikdən sonra iddiaçıya artıq işin bitməsini bildirmiş və onu yola salmışdır. Daha sonra isə ona məlumat vermədən iddiaçının mülkiyyətində olan mənzili iddiaçının adından oğluna bağışlamışdır. Keçən məhkəmə iclasında Cavabdeh1 bildirmişdir ki, guya bağışlama müqaviləsi bağlanılarkən iddiaçı da orada iştirak etmiş, lakin “Asan Xidmət” mərkəzində çalışan xanım əməkdaş iddiaçıya ehtiyacın olmadığını onun adından mövcud etibarnamə əsasında Cavabdeh1 bağışlama müqaviləsi bağlaya biləcəyini onlara bildirmişdir. Lakin mövcud paktikaya əsasən etibarnamə ilə notariuslarda müqavilə bağlanılarkən notariuslar maksimum şəkildə çalışır ki, etibarnamə verənin iştirakını təmin etsin və ya onunla ən azından telefon bağlantısı edərək onun fikrini alsın. Bundan başqa, cavabdeh qeyd etmişdir ki, müqavilə bağlanılan gün iddiaçı da orada olmuşdur. Belə olan halda iddiaçı özü qala-qala etibarnamədən istifadə olunması da absurd səslənir. Bundan başqa, keçən məhkəmə iclasında tərəfimdən Cavabdeh1 sual ünvanlandı ki, mənzil bağışlanmadan öncə iddiaçının həmin mənzilə giriş-çıxışına maneə yaradırdınızmı? O bildirdi ki, xeyr. Lakin müqavilə bağlanılandan sonra bizim onu evə buraxmamaq hüququmuz yarandı. Mübahisəli mənzil iddiaçı ilə Cavabdeh1 birgə nikahları dövründə alınıb. Cavabdehin də həmin mənzildə payı var. Digər cavabdehin həmin mənzildə istifadə hüququ var. Onlar bunları inkar etmirlər. Onların mənzildən uzaqlaşdırılması niyyətində də deyillər. Lakin mənzilin əsas mülkiyyətçisi olan iddiaçı hazırda həmin mənzildən istifadə edə bilmir. Oradan kənarlaşdırılıb. Digər cavabdeh olan Cavabdeh2 da atası, yəni iddiaçıya qarşı təhqiramiz ifadələr işlətmiş və onu qovmuşdur. Belə bir övlada iddiaçının bağışlama etmək niyyətində olması özü inandırıcı səslənmir. İddiaçının əvvəlcədən Cavabdeh1 ilə aralarında danışıq olub ki, oğulları Cavabdeh2 nə vaxt ailə qurarsa, mübahisəli mənzil ona veriləcəkdir. İddiaçının buna etirazı olmayıb. Lakin Cavabdeh2 bugünə kimi ailə qurmamış və iddiaçıya heç bir məlumat verilmədən və onun razılığı alınmadan mənzil etibarnamə əsasında Cavabdeh1 tərəfindən də Cavabdeh2 bağışlanılıb. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 6.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, 2009-cu ildə Cavabdeh1 etibarnaməni verərkən bunda məqsədi o olmuşdur ki, onun RF-da başqa uşaqları var idi. Həmçinin, məhkəmə mübahisələri gedirdi. Cavabdeh Mikayılova narahat idi ki, o, birdən mübahisəli mənzili satar və ya mənzil başqa bir yolla əlindən çıxar. O da sırf onu rahatlatmaq üçün etibarnamə vermişdi ki, özü mənzil barədə nə etmək istiyirsə, onun adından etsin. Onun mənzili Cavabdeh2 bağışlamaq niyyət olub, onlar bununla bağlı Cavabdeh1 ilə razılaşmışdılar. 7.Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz edərək izahatında qeyd etmişdir ki, iddiaçı 2021-ci ilin noyabr ayından RF-dan gəldi. O, gah Bakı şəhərində, gah da rayonda yaşayırdı. Onlar bir-birlərini görmək istəmirdilər, çünki o onları atıb getmiş və RF-da yeni ailə qurmuşdu. Orada onun övladları da var idi. Həmin vaxt iddiaçı ona bildirdi ki, onun RF-da məhkəmə mübahisələri var. O, evi keçirsin Cavabdeh2 adına, o da işlərini həll etmək üçün ona pul versin. Onlar bununla bağlı razılaşdılar. Birlikdə “Asan xidmət” mərkəzinə getdilər. Oradan onlardan mənzili kimin adına keçirmək istədiklərini soruşdular. Onlar da Cavabdeh2ya bağışlamaq istədiklərini bildirdilər. Bu zaman onlar onlara bildirdilər ki, Cavabdeh2 da iştirakı zəruridir. Həftəiçi oğlu işdə olduğundan o yalnız şənbə günü gələ bilərdi. İddiaçı isə həmin günün sabahı Naftalan rayonuna qayıtmalı idi. Bu zaman əməkdaş onlara bildirdi ki, etibarnamə olduğundan iddiaçının iştirakına ehtiyac yoxdur. Ona görə də iddiaçı səhəri gün rayona qayıtdı. Onlar isə oğlu ilə şənbə günü “Asan xidmət” mərkəzinə gedərək bağışlamanı rəmsiləşdirdilər. Yəni bütün prosedurlar birbaşa iddiaçının razılığı və məlumatı olmaqla həyata keçirilib. Ona görə də iddia tələbi tam əsassızdır və təmin olunmamalıdır. Sonda iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, bağışlama ilə bağlı söhbət 2021-ci ildə olub. Bundan öncə, 2009-cu ildə onların aralarında mübahisə yarananda o, ona bildirmişdir ki, Bakıda yaşaya bilmirsə, evi satsın, rayonda yaşasın. O da bildirmişdi ki, ev onun adına olduğu üçün bunu edə bilməz. O isə bildirmişdi ki, ona 500 manat versin, evi adına keçirsin. Bu zaman o ona etibarnamə vermişdi ki, mənzil barədə nə etmək istiyirsə, etsin. 8.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə işə digər cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 9.Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 10.Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli ünvan 1 iddiaçının mülkiyyətində olmuşdur. xx.xx.2009-cu il tarixli etibarnaməyə əsasən iddiaçı bütün əmlakı idarə etməyi, onun üzərində sərəncam verməyi, bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq və s. səlahiyyətlərini həyat yoldaşı Cavabdeh1 etibar etmişdir. 1 saylı Bakı «ASAN xidmət» mərkəzinin notariat kontorunda təsdiq edilmiş xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı (etibarnamə əsasında İddiaçı əvəzinə Cavabdeh1 imza etmişdir) mülkiyyətində olan ünvan 1-ni birgə nikahdan doğulmuş oğulları Cavabdeh2 bağışlamışdır. Daha sonra ünvan 1 Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ kimi rəsmi olaraq qeydiyyata alınmışdır. Daha sonra İddiaçı və Cavabdeh1 arasında bağlanmış nikahın xx.xx.2022-ci il tarixdə pozulması barədə qeydiyyat aparılmışdır. Hazırda iddiaçı xx.xx.2009-cu il tarixli etibarnaməni cavabdehə başqa məqdəslər üçün verdiyini və xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsindən xx.xx.2023cü il tarixində məlumatlığı olduğunu iddia edərək, həmin bağışlanma müqaviləsinin etibarsız sayılmasını və bu müqavilə əsasında dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsini, Cavabdeh1 isə iddiaçının həmin müqavilədən məlumatlı olduğunu və onun razılığı əsasında müqaviləni bağladığını qeyd edərək, iddia tələbinin rədd edilməsini tələb edir. b) Mülki işin materialları: 11.Bakı şəhəri 1 saylı Asan xidmət Notariat Ofisi tərəfindən verilən 25 dekabr 2021-ci il tarixli, 4Ə-1406 nömrəli Notariat işinin materiallarında olan xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsindən görünür ki, İddiaçı (hədiyyə verən) adından Cavabdeh1 və Cavabdeh2 (hədiyyə alan) arasında bağlanmış bu müqaviləyə əsasən hədiyyə verən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 41.23 kv.m yaşayış sahəsi 27.73 kv.m olan 2 otaqlı mənzili hədiyyə alana bağışlamışdır. 12.25 dekabr 2021-ci il tarixli, 4Ə-1406 nömrəli Notariat işinin materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən ******* nömrəli, MH seriyalı Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində istifadədə olan 0.13 ha torpaq sahəsində yerləşən 36 nömrəli, 5 mərtəbəli binanın 6-cı girişində, 1-ci mərtəbəsində, 41.23 kv.m ümumi, 27.73 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 77 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1034 nömrəli reyestr kitabının 93073 nömrəli vərəqində qeydiyyata alınmışdır. 13.25 dekabr 2021-ci il tarixli, 4Ə-1406 nömrəli Notariat işinin materiallarında olan Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən verilən Arayışdan görünür ki, mənzil üzərində İddiaçı adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2009-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə 1034 nömrəli reyestr kitabının 93073 nömrəli vərəqində qeydiyyata alınmışdır. 14.25 dekabr 2021-ci il tarixli, 4Ə-1406 nömrəli Notariat işinin materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında 501392 nömrəli Arayışdan görünür ki, ünvan 1-də İddiaçı, Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdadırlar. 15.25 dekabr 2021-ci il tarixli, 4Ə-1406 nömrəli Notariat işinin materiallarında olan 17 sentyabr 2009-cu il tarixli Bakı şəhəri 43 saylı dövlət notariat ofisi tərəfindən təsdiq edilən etibarnamənin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 xx.xx.2029-cu il tarixədək özünün bütün əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi və s. hərəkətlərlə bağlı etibarnamə vermişdir. 16.25 dekabr 2021-ci il tarixli, 4Ə-1406 nömrəli Notariat işinin materiallarında olan xx.xx.1989-cu il tarixdə verilən Xİİİ-ЖГ seriyalı, 412348 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1989-cu il tarixdə anadan olmuş, atası qrafasında İddiaçı, anası qrafasında Cavabdeh1 qeyd edilmişdir. 17.25 dekabr 2021-ci il tarixli, 4Ə-1406 nömrəli Notariat işinin materiallarında olan Cavabdeh1 tərəfindən notariat ofisinə ünvanlanan **********545 nömrəli ərizədən görünür ki, Cavabdeh1 qeydiyyatda olduğu birgə nikah dövründə əldə edilmiş əri İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 36, ünvanında yerləçən 77 saylı mənzilin bağışlanmasına etiraz etmir. Eyni zamanda bəyan edir ki, aralarında bağlanan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır. 18.25 dekabr 2021-ci il tarixli, 4Ə-1406 nömrəli Notariat işinin materiallarında olan Cavabdeh2 tərəfindən daşınmaz əmlakın dövlət reyestri xidmətinə ünvanlanan **********546 nömrəli ərizədən görünür ki, bağışlama yolu ilə əldə etdiyi Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 36, ünvanında yerləçən 77 saylı mənzilə dair mülkiyyətçi hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində rəsmi qeydiyyata alınmasını xahiş etmişdir. 19.Mülki işin materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən 94315 nömrəli Çıxarışdan görünür ki, ünvan 1 Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ kimi xx.xx.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 1034 nömrəli reyestr kitabının 93073 nömrəli vərəqində qeydiyyata alınmışdır. 20.Mülki işin materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayışdan görünür ki, ünvan 1-də Cavabdeh2 və Cavabdeh1 qeydiyyatdadırlar. 21.Mülki işin materiallarında olan 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilən AZ-İ seriyalı, 391612 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh1 arasında bağlanmış nikah pozulmuşdur. Bu barədə xx.xx.2022-ci il tarixdə 15 nömrə ilə qeyd edilmişdir. 22.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 23.Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 24.Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 25.Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). 26.Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. 27.Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). 28.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 29.Məhkəmə qeyd edir ki, bağışlama müqaviləsi əvəzsiz əqd olmaqla daşınmaz əmlaklar barəsində notariat qaydasında təsdiq edildiyi andan etibarlı olur və daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan əldə edənə keçir. Bağışlama müqaviləsinə əsasən hədiyyə verən sağ ikən öz əmlakının bir hissəsinin heç bir cavab xidməti ilə şərtləndirilmədən hədiyyə alana bağışlayaraq onu zənginləşdirir. Bağışlama müqaviləsi şəxsin təmənnasız xeyirxah iradəsinin ifadəsinə əsaslanır. Lakin bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Digər tərəfdən, bağışlamanın heç bir cavab xidməti ilə şərtləndirilməsinə yol verilmədiyi nəzərdə tutulmuşsa da, Mülki Məcəllənin 670-ci maddəsinə əsasən bağılama müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Belə bir müqavilə şərti tərəflərin razılaşmaları nəticəsində qəbul edilir. Buna görə də əgər bağışlama hansısa bir öhdəliklə şərtləndirilməyibsə bağışlama üzrə hədiyyənin hədiyyə alan tərəfindən qəbul edildiyi ehtimal olunur. 30.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. 31.Həmin Məcəllənin 670.3-cü maddəsinə əsasən bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyinin icra etməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. 32.Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 33.Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 34.İddiaçı bağışlama müqaviləsinin etibarsızlığının əsası kimi ona məxsus əmlakın bağışlanmasında hər hansı iradə ifadəsinin olmamasını qeyd etmişdir. 35.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 36.Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir (maddə 362.2). 37.Məhkəmə qeyd edir ki, xx.xx.2021-ci il tarixdə bağlanılmış bağışlama müqaviləsi iddiaçının iradə ifadəsinə uyğun olmaması və həmin əqd bağlanılarkən hər hansı qanunsuzluğa yol verilməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. 38.İddiaçı tərəfindən verilmiş etibarnamədən görünür ki, həmin etibarnamədə o, bütün əmlaklarına dair sərəncam vermək, həmçinin bağışlamaq səlahiyyətini Cavabdeh1 etibar etmişdir. Həmin etibarnamə ümumi, yəni bütün əmlaklarla bağlı verilmişdir. Bu səbəbdən hal-hazırda iddiaçının ona məxsus əmlakın bağışlanmasına iradə ifadəsinin olmaması əsaslı hesab edilə bilməz. 39.Həmçinin, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı həqiqətən də xx.xx.2009cu il tarixdə Cavabdeh1 verdiyi etibarnaməni məhz oğlu Cavabdeh2 ailə qurması ilə əlaqədar sözügedən mənzilin bağışlanması ilə bağlı olaraq vermişdir. İddiaçı bu faktı özü məhkəmə iclaslarında dəfələrlə etiraf etmişdir. Yəni hazırki iddiaçı mülkiyyətində olmuş əmlakı oğluna bağışlamaq niyyəti ilə etibarnamə institutundan istifadə etməklə Cavabdeh1 vasistəsilə realizə etmiş və daha sonradan fikrindən daşınmamış və etibarnamə qüvvədə olduğu müddətdə sözügedən bağışlama müqaviləsi bağlanmışdır. Bu halda isə heç bir hüquqa zidd hərəkət , aldatma və s olmamışdır. 40.Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. 41.«S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarında qeyd edilir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmışdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. 42.Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı). 43.Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 44.Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. 45.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). 46.Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. 47.Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, 1 saylı Bakı «ASAN xidmət» mərkəzinin notariat kontorunda təsdiq edilmiş 4Ə-1406 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab olunması üçün hüquqi əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. 48.Məhkəmə qeyd edir ki, iddia tələbi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən, prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırmanın aparılmasına zərurət qalmadığından iddia tələbi 4Ə-1406 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi hissəsində də əsassız hesab edilməli və təmin edilməməlidir. 49.Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 50.Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. 51.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 53.Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. 54.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı 1 saylı Bakı «ASAN xidmət» mərkəzi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «4Ə-1406 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsızlığı» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-2661/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2661/2024
17.07.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver