Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2668/2022 21.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, Ərizəçinin vəkili Vəkil iştirakı ilə Ərizəçi Müseyib qızının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etdiyi "hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi Müseyib qızı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etdiyi "hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı" tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 18 oktyabr 1991-ci il tarixli, 214 №-li əmri ilə ərizəçiyə fərdi yaşayış evinin tikintisi üçün 0,10 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 saylı Zeytun Sovxozu ərazisində yerləşən həmin torpaq sahəsi üzərində inşa edilmiş 90 nömrəli iki otaqlı fərdi yaşayış evi Qeydiyyat Vəsiqəsinə əsasən ərizəçinin mülkiyyətindədir. Abşeron rayon XDS İcraiyyə Komitəsinin 18 oktyabr 1991-ci il tarixli, 214 №-li sözü gedən əmrində, Qeydiyyat Vəsiqəsində və yaşayış evinin texniki pasportunda ərizəçinin adı yanlışlıqla “Simuzər” yazılmışdır. Halbuki onun şəxsiyyətini təsdiq edən sənəddə adı “Simzar”-dır və ona dair bütün hüquq müəyyənedici sənədlərdə, habelə Abşeron rayon XDS İcraiyyə Komitəsinin 18 oktyabr 1991-ci il tarixli, 214 №-li əmrinə dair arxiv çıxarışında da “Simzar” kimi qeyd olunmuşdur. Hazırda ərizəçi Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 saylı Zeytun Sovxozu ərazisində yerləşən ona ayrılmış və istifadəsində olan torpəq sahəsini özəlləşdirmək istəyir və bu məqsədlə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin həmin torpaq sahəsinə dair Qeydiyyat Vəsiqəsində adında uyğunsuzluğun mövcud olması səbəbindən və ata adının sonradan əlavə edilməsi göstərilərək idarə tərəfindən imtina məktubu verilmiş, ərizənin icrası mümkün olmamışdır. Göründüyü kimi ərizəçiyə aid hüquq müəyyənedici sənədlərdə uyğunsuzluqların olması onun Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 saylı Zeytun Sovxozu ərazisində yerləşən və onun istifadəsində olan torpaq sahəsini öz adına özəlləşdirməsinə əngəllər yaradır. Göstərilənlərə əsasən, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 18 oktyabr 1991-ci il tarixli, 214 №-li əmrinin, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 saylı Zeytun Sovxozu ərazisində inşa edilmiş 90 nömrəli, ikiotaqlı fərdi yaşayış evinə dair Qeydiyyat Vəsiqəsinin və həmin yaşayış evinin texniki pasportunun Ərizəçi Müseyib qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında ərizəçinin vəkili Vəkil ərizədə qeyd olunanları təsdiq edərək ərzəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə ərizəçinin vəkili Vəkil izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Belə ki, iş materiallarında olan AZE seriyalı, № 0******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi Müseyib qızı xx.xx.1960-cı ildə Ermənistan, Quqark rayonunda anadan olmuşdur.
8. İşin materiallarında olan 18 oktyabr 1991-ci il tarixli Abşeron rayon XDS İcraiyyə Komitəsinin notarial qaydada təsdiqlənmiş qərarının surətindən görünür ki, X2 fərdi yaşayış evi tikintisi üçün 0,10 hektar həyətyanı torpaq sahəsi ayrılması haqqında 3 №-li zeytun sovxozunun əmək kollektivi şurasının və həmkarlar komitəsinin 25 iyun 1991-ci il tarixli, 3,4 №-li birgə qərarları və həmin sovxozun 25 sentyabr 1991-ci il tarixli, 70 №-li əmrinin nəzərə alınması, vətəndaşa verilmiş torpaqda fərdi yaşayış evi tikintisinə icazə verilməsi qərara alınmışdır.
9. İşin materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin 31 yanvar 2022-ci il tarixli, E-101 saylı arxiv çıxarışından görünür ki, Abşeron RİK-in 11 aprel 1991-ci il tarixli, 64 №-li qərarına əsasən, 3 №-li Zeytun sovxozuna 100 ailəlik, hər ailəyə 0,10 hektar həyətyanı torpaq fondu ayrılmışdır. Ayrılmış torpaqdan 17 ailəyə torpaq verilməsi haqqında sovxoz tərəfindən tələb olunan sənədlər tərtib olunmuş, baxılması üçün Abşeron RİK-ə təqdim edilmişdir. Vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün hər birinə 0,10 hektar həyyatyanı torpaq sahəsi ayrılması haqqında 3 №-li Zeytun Sovxozunun əmək kollektivi şurasının və həmkarlar komitəsinin 25 iyun 1991-ci il, 3 №-li və 25 sentyabr 1991-ci il tarixli, 4 №-li birgə qərarları və həmin sovxozun 25 sentyabr 1991-ci il tarixli, 70 №-li əmrinin nəzərə alınması, həmin vətəndaşa verilmiş torpaqda fərdi yaşayış evi tikintisinə icazə verilməsi qərara alınmışdır.
10. İşin materiallarında olan fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, 3 saylı Zeytun sovxozu küçəsi, 90 saylı evin sahibi kimi Süleymanova Simuzər kimi göstərilmişdir.
11. İşin materiallarında olan notarial qaydada təsdiqlənmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Əzizbəyov rayonu, Qala kəndində, 3 №-li Zeytun Sovxozu küçəsində yerləşən 2 yaşayış otaqlı, yaşayış sahəsi 57,2 kv.m, köməkçi sahəsi 58 kv.m ibarət olan 90 №-li yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Abşeron rayon 08/08 №li, 29 yanvar 1988 tarixli qərarı əsasında X1 adına qeydə alınmışdır.
12. İşin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Ərizəçi Müseyib qızının etibarnamə üzrə nümayəndəsi X4 ünvanlanmış **********46 №-li məktubundan görünür ki, Ərizəçi Müseyib qızının ərizəsinə cavab olaraq bildirilmişdir ki, ərizəyə əlavə edilmiş qeydiyyat vəsiqəsində hüquq sahibinin adında uyğunsuzluq mövcuddur və ata adı sonradan əlavə edilmişdir. Bundan əlavə, fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda qeyd olunan perimetrik ölçü ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Beləliklə məhkəmədə müəyyən olundu ki, Ərizəçi Müseyib qızı ona ayrılmış və istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 saylı Zeytun Sovxozu ərazisində yerləşən torpaq sahəsini özəlləşdirmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi bundan imtina etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
15. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir.
16. Eyni Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir.
17. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
18. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur.
19. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
20. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iş materiallarına əsasən qeyd olunan sənədlərin texniki səhvlik nəticəsində iddiaçının adının Simuzər kimi yazılması müəyyən edildiyindən ərizə təmin edilməli, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 18 oktyabr 1991-ci il tarixli, 214 №-li əmrinin, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 saylı Zeytun Sovxozu ərazisində inşa edilmiş 90 nömrəli, ikiotaqlı fərdi yaşayış evinə dair Qeydiyyat Vəsiqəsinin və həmin yaşayış evinin texniki pasportunun Ərizəçi Müseyib qızına məxsus olması faktı müəyyən edilməlidir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
23. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
24. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Həmçinin, Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi Müseyib qızının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etdiyi "hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı" tələbinə dair ərizəsi təmin edilsin. Abşeron rayon XDS İcraiyyə Komitəsinin 18 oktyabr 1991-ci il tarixli, 214 №-li əmrinin, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 saylı Zeytun Sovxozu ərazisində inşa edilmiş 90 nömrəli, ikiotaqlı fərdi yaşayış evinə dair Qeydiyyat Vəsiqəsinin və həmin yaşayış evinin texniki pasportunun Ərizəçi Müseyib qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov