Məhkəmə qərarları › İş №2(006)-269/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-269/2020

29.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-269/2020 29.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 27 saylı dövlət notariat kontoruna qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 27 saylı dövlət notariat kontoruna qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X9 ilə xx xxxx 1969-cu ildə rəsmi nikaha daxil olmuş və həyat yoldaşı H.Qafarov xx xxxx 2008-ci ildə vəfat etmişdir. İbrahim Məmmədəli oğlu iddiaçının həyat yoldaşı H.Qafarovun dayısı olmuş, həmin şəxs X17 ilə rəsmi nikahda olmuşdur. Lakin onların birgə nikahından övladları olmamış, iddiaçının həyat yoldaşının dayısının sağlamlıq problemləri olduğundan, işləməmiş, həyat yoldaşı H.Qafarov onları həmişə öz himayəsində saxlayaraq, bütün maddi və mənəvi ehtiyaclarını ödəmişdir. Belə ki, iddiaçının həyat yoldaşı X1 Məmmədəli oğlunun bacısı oğlu olduğundan o, İbrahim Məmmədəli oğlunun ikinci növbə vərəsəsidir. Keçmiş Bakı şəhəri, Nəsimi rayonu, Dobrolyubov küçəsi, ev 20, 11 saylı mənzil, hazırkı Bakı şəhəri, Nəsimi rayonu, İ.Həmidov küçəsində yerləşən 20 saylı bina tikilib istifadəyə verilən vaxtdan həmin binada yerləşən 11 saylı mənzil Nəsimi rayon İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə iddiaçının qayınanası Əzizə Məmmədəli qızının istifadəsinə verilmiş, o vəfat etdikdən sonra isə Nəsimi rayon İcra Hakimiyyətinin xx xxx 1992-ci il tarixli, 449/10 saylı sərəncamına əsasən oğlu İbrahim Məmmədəli oğlunun istifadəsinə verilmişdir. Sonradan həmin mənzilin İbrahim Məmmədəli oğlunun xüsusi mülkiyyətinə keçirilməsi üçün sənədləşmə işləri aparılarkən qeyd edilən şəxs vəfat etmişdir. Bu səbəbdən də qeyd edilən mənzil 13 saylı DNK-nın 2-V/l -105 reyestr nömrəli xx.xx.1994-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Azərbaycan Respublikası Bakı şəhər İHBA Texniki İnventarlaşdıma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən İbrahim Məmmədəli oğlunun həyat yoldaşı olan X10 adına qeydiyyatdan keçirilmişdir. İddiaçının həyat yoldaşı H.Qafarov öz dayısı İbrahim Məmmədəli oğlunu və onun həyat yoldaşı olan X13 hər zaman öz himayəsində saxladığı üçün onların birgə yaşadığı mənzil özəlləşdirildikdən sonra X17 xx xxxxxx 1994-cü il tarixli vəsiyyətnamə ilə həmin mənzili iddiaçının həyat yoldaşı X5 vəsiyyət etdi. X17 2018-ci ilin iyun ayında vəfat etdikdən sonra ona X17 tərəfindən vəsiyyət edilmiş mənzili iddiaçının həyat yoldaşı vəfat etdiyi üçün iddiaçı öz adına keçirmək üçün sənədləşmə işlərini aparmaq istəyərkən qeyd edilən vəsiyyətnamənin X17 tərəfindən Cavabdeh1 verilmiş digər vəsiyyatnamə ilə ləğv edildiyi müəyyən edildi. Həmçinin tərəflərindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə verilmiş cavab əsasında ünvan 1 ünvanının 27 saylı DNK-nın 4Ə-04/546 reyestr nömrəli xx xxxxxx 2007-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 adına özgəninkiləşdirildiyi müəyyən edildi. Halbuki, iddiaçının həyat yoldaşı H.Qafarov 2008-ci ildə vəfat etdikdən sonra da X14 iddiaçı baxmışdı və onun bütün maddi və mənəvi ehtiyaclarını, həmçinin mənzil ilə yaranan bütün xərcləri o ödəmişdir. Həmin bağışlama müqaviləsi saxta olmaqla etibarsızdır. Belə ki, xx xxxxxx 1994-cü il tarixli vəsiyyatnamədəki və X10 adına verilmiş şəxsiyyət vəsiqəsindəki imzalar eyni olsa da, bağışlama müqaviləsi üzrə notariat işində mövcud olan bağışlama müqaviləsindəki imzalar fərqlidir. Bundan başqa, yuxarıda qeyd edildiyi kimi, iddiaçının həyat yoldaşı H.Qafarov vəfat edənədək, onun vəfatından sonra isə X10 vəfatınadək X10 və onun həyat yoldaşı İbrahim Məmmədəli oğlunun bütün maddi xərcləri iddiaçı və onun həyat yoldaşı H.Qafarov tərəfindən ödənilmiş, onlara maddi və mənəvi dəstək olan başqa bir insan olmamışdır. Buradan da müəyyən olunur ki, Cavabdeh1 X10 yaşlı olmasından istifadə etmiş, onu aldadaraq Bakı şəhəri, Nəsimi rayonu, Dobrolyubov küçəsi, ev 20, 11 saylı mənzilə dair həyat yoldaşı X3 adına verilmiş xx xxxxxx 1994-cü il tarixli vəsiyyətnaməni öz adına yazdırdığı vəsiyyətnamə ilə ləğv etdirmiş, bununla da kifayətlənməyərək, gələcəkdə həmin vəsiyyətnaməni başqa bir vəsiyyətnamə ilə ləğv etdiriləcəyindən ehtiyat etmiş və saxta yollarla bağışlama müqaviləsi tərtib etdirmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Dobrolyubov küçəsi, 20 saylı binanın 11-ci mənzilinin X17 tərəfindən Cavabdeh1 bağışlanmasına dair 27 saylı Dövlət Notariat Kontoru tərəfindən xx xxxxxx 2007-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə/04-546 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X7 iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilsə də, onun həmin ünvanda yaşamaması səbəbindən bildiriş ona çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri 27 saylı dövlət notariat kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İşin materiallarında olan xx.xx.1944-cü il tarixdə verilmiş İ-JQ № 265912 saylı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 ilə X4 nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1969-cu il tarixdə 723 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Qafarova soyadı verilmişdir. İş materiallarında olan Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, AZ-İ № 278010 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli arayışda qeyd edilmişdir ki, X20 xx xxxxx 1992-ci il tarixdə ölmüşdür. İş materiallarındakı Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli qeydiyyat vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Dobrolyubov küçəsi, ev 20, 11 saylı mənziləX11 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 154 saylı reyestr kitabının 25741 nömrəli vərəqində, 30/4614 nömrə ilə qeydiyyat aparılmışdır. İşin materiallarında olan xx xxxxxx 1994-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X18 öləcəyi günü ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Dobrolyubov küçəsi, 20 nömrəli evin, 11 saylı mənzilini X5, ev əşyalarını isə Cavabdeh1 vəsiyyət etmişdir. İşin materiallarında olan Bakı şəhəri 27 saylı notariat kontorunun dövlət notariusu A.K.Məmmədov tərəfindən təsdiq olunmuş, 4ə04/546 reyestrlə qeydə alınmış xx xxxxxx 2007-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X18 ona məxsus olan y/s 20 kv.m, ü/s 39,4 kv.m bir otaqlı olan Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsi, 20 nömrəli ünvanda yerləşən 11 nömrəli mənzilini qardaşı qızı Cavabdeh1 bağışlamışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24034 №-li, xx xxxxxxx 2019-cu il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, X18 ilə Cavabdeh1 adlarından bağlanmış olan xx xxxxxx 2007-ci il tarixli müqavilədə “imza” qarafasındakı “X21” yazılarından ibarət olan imza – X18 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, X11 adına olan xx xxxxxx 1994-cü il tarixli vəsiyyətnamənin hər 2 nüsxəsində “İmza” qrafalarındakı “Seara” yazısından ibarət olan imzalar və X18 ilə Cavabdeh1 adlarından bağlanmış olan xx xxxxxx 2007-ci il tarixli müqavilədə “imza” qrafasındakı “X21” yazılarından ibarət olan imza – öz aralarında eyni şəxs tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 126 (bir yüz iyirmi altı) manat təşkil etmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2283 №-li, xx xxxxxx 2020-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, X11 adından olan xx.xx.1994-cü il tarixli vəsiyyətnamədə (hər iki nüsxəsində) “imza” qarafasındakı “Seara” yazısından ibarət olan imzalar; 4ə04/546 nömrəli notariat işinin 2-ci vərəqəsində X18 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli müqavilədə “imza” qrafasındakı “Seyarə Mirzəağa qızı” əlyazmaları; əksi mülki işin 35-ci vərəqəsində X11 adına olan AZE seriyalı 02715025 nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətində “vəsiqə sahibinin imzası” qrafasında olan “Seara” yazısından ibarət imza; mülki işin 86-cı vərəqəsində X11 adına olan fərdi uçot vərəqəsində “18.Vəsiqə sahibinin imzası” qrafasında “Seara” yazısından ibarət imza; 4ə04/546 nömrəli notariat işinin 13-cü vərəqəsində olan X12 adından Bakı şəhəri 27 saylı dövlət notariat kontoruna ünvanlanmış ərizədə “Ərizə mənim sözlərimlə yazılmışdı Seyarə Mirzəağa qızı” əlyazmaları – X18 tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 173 (bir yüz yetmiş üç) manat təşkil etmişdir. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1 və 6.1.2-cı maddələrinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri də mülki hüquq subyektlərinin iradə sərbəstliyidir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Eyni Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İş materiallarından göründüyü kimi sözügedən əmlak onun mülkiyyətçisi tərəfindən hələ sağlığında ikən öz iradəsi ilə qardaşı qızı Cavabdeh1 bağışlanmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının bağışlama müqaviləsinin etibarsız hesab olunmasına əsas kimi göstərdiyi hallar (saxta imza və s.) işə məhkəmədə baxılarkən öz təsdiqini tapmadığından iddianın təmin olunması üçün əsas kimi qəbul oluna bilməz. Belə ki, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizaları keçirilmişdir. Ekspert rəylərindən görünür ki, mübahisələndirilən bağışlama müqaviləsinin üzərindəki imza həqiqətən də X17 tərəfindən icra edilmişdir. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 27 saylı dövlət notariat kontoruna qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbi»nə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, ekspertiza tədqiqatlarının dəyəri 299 (iki yüz doxsan doqquz) manat məbləğində pul İddiaçı alınaraq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 27 saylı dövlət notariat kontoruna qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbi»nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatlarının dəyəri 299 (iki yüz doxsan doqquz) manat məbləğində pul İddiaçı alınaraq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar