Məhkəmə qərarları › İş №2(006)-271/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-271/2022

06.01.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-271/2022 06.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, Cavabdeh1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qanunsuz aparılmış özbaşına tikililərin sökülməsi, ərazinin cavabdehlərin vəsaiti hesabına ilkin vəziyyətə gətirilməsi və ümumi istifadədə olan yolun açılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qanunsuz aparılmış özbaşına tikililərin sökülməsi, ərazinin cavabdehlərin vəsaiti hesabına ilkin vəziyyətə gətirilməsi və ümumi istifadədə olan yolun açılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanda sahəsi 12 m2 olan dəmir və taxta konstruksiyadan ibarət artırmanın cavabdehlərin vəsaiti hesabına sökülməsi, ərazinin əvvəlki vəziyyətinə qaytarılması və Bakı şəhəri Nəsimi rayonu Mirzəağa Əliyev küçəsi 244 saylı evin həyətinə keçid yolunun cavabdehlər tərəfindən açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh1 və onun anası Cavabdeh2 onun qonşuluğunda yaşayırlar. Hər iki şəxs birgə yaşayış qaydalarını pozaraq qəzalı vəziyyətdə olan binanın ikinci mərtəbəsində artırmalar edir, binada daha da qəzalı vəziyyət yaradırlar. Cavabdeh1 və Cavabdeh2 binanın həyətinə daxil olmaq üçün ümumi istifadədə olan giriş qapısını bağlayaraq başqa sakinlərin həyətə girişini mümkünsüz etmişlər. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadıqları mənzilin qarşısında tikinti norma və qaydalarını pozaraq dəmir dirəklər üzərində sahəsi 12 m2 olan dəmir və taxta konstruksiyadan ibarət artırma edərək qəzalı vəziyyətdə olan binanı daha da qəzalı vəziyyətə salmışlar. Bundan başqa, hər iki cavabdeh binanın həyətinə ümumi girişi bağlayaraq bina sakinlərinin, o cümlədən onun həmin yoldan istifadəsini qadağan etmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sakinlərin yaşayışına təhlükə törədir, onların rahat yaşayışına maneçilik törədir, sakinləri təhqirlərə məruz qoyur, rahatlıqlarını pozurlar. Onların belə qanunsuz hərəkətləri nəticəsində oğlu X1 mənzili tərk edərək kirayədə yaşamağa məcbur olub. Cavabdeh1 və Cavabdeh2 bir çox qanunsuz hərəkətlərini Laçın rayonundan məcburi köçkün olan Mərdan Fərhadovun əli ilə həyata keçirirlər. Yolun açılması və qanunsuz tikililərin sökülməsi ilə bağlı Bakı şəhər Nəsimi rayon İcra hakimiyyətinə ünvanladığı müraciətə 23 aprel 2021-ci il tarixli T-01 saylı məktubla cavab olaraq bildirilmişdir ki, Cavabdeh1 və onun anası Cavabdeh2 binanın girişinin açılması, aparılmış qeyri-qanuni artırmaların sökülməsi və əvvəlki vəziyyətinə qaytarılması barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması üçün aidiyyəti orqanlara müraciəti heç bir səmərə verməmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ünvan 1 ünvanda sahəsi 12 m2 olan dəmir və taxta konstruksiyadan ibarət qanunsuz tikili (artırma) cavabdehlərin vəsaiti hesabına sökülməli, ərazi əvvəlki vəziyyətinə qaytarılmalı, Bakı şəhəri Nəsimi rayonu Mirzəağa Əliyev küçəsi 244 saylı evin həyətinə keçid yolu açılmalıdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etmədi, iddianın əsassız olduğunu bildirdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh2 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, Cavabdeh1 və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2021-ci il tarixli 10/5046 saylı ekspert rəyindən görünür ki, ünvan 3 ünvanda yerləşən dəmir və taxta konstruksiyadan ibarət artırmasına dair (eyvan) 14 iyun 2021-ci il tarixli 132 saylı Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti başçısı tərəfindən sərəncam verildiyini, 11 iyun 2021-ci tarixli tikilinin istismara qəbul aktının Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini R.Quliyev tərəfindən təstiqləniyini və tədqiq olunan tikilinin plan sxemə uyğun gəldiyini nəzərə alaraq tədqiq olunan dəmir və taxta konstruksiyadan ibarət artırma (eyvan) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdınlması Qaydalarının» 4.1 və 4.2-ci bəndlərində uyğun şəhərsalma, tikinti norma və qaydalarına uyğun inşa olunduğu müəyyən edilir (1-ci sual üzrə). ünvan 3 ünvanda cavabdehlər X2 və Cavabdeh2 tərəfindən inşa olunmuş dəmir və taxta konstruksiyadan ibarət artırma (eyvan) tikilisi yaşayış evinin ikinci mərtəbəsində yerləşdiyini nəzərə alaraq sakinlərin giriş-çıxışına və mənzillərdən istifadəsinə maneəçilik törətmədiyi müəyyən edilmişdir (2-ci sual üzrə). Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Ekspert rəyindən göründüyü kimi, mübahisələndirilən konstruksiya şəhərsalma, tikinti norma və qaydalarına uyğun inşa olunmuşdur, sakinlərin giriş-çıxışına və mənzillərdən istifadəsinə maneəçilik törətmir. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qanunsuz aparılmış özbaşına tikililərin sökülməsi, ərazinin cavabdehlərin vəsaiti hesabına ilkin vəziyyətə gətirilməsi və ümumi istifadədə olan yolun açılması» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qanunsuz aparılmış özbaşına tikililərin sökülməsi, ərazinin cavabdehlərin vəsaiti hesabına ilkin vəziyyətə gətirilməsi və ümumi istifadədə olan yolun açılması» tələbinə dair iddiası rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar