Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2712/2022 07.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş ******* nömrəli, 30.12.2021-ci il tarixli aktın və qərarın ləğv edilməsi, barəsində 4320 m3 sərfiyyata hesablanmış cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzilin qazlaşdırılması üçün “G-4” markalı 120AQ**********21 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin həmin qaz sayğacı 29.10.2021-ci il tarixində iddiaçıya məlum olmayan səbəblərdən yenisi ilə əvəz edilmişdir. Sonradan aidiyyəti qurumun əməkdaşları tərəfindən guya nasazlığın yaranması səbəbindən sayğacın yoxlanılması üçün dövlət yoxlayıcısının (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına nəzarət Dövlət Xidmətinin Metereologiya İnstitutunun) nəzarəti altında "Azəriqaz" İB-nin Meteorologiya Departamentində Dövlət yoxlamasından keçirilmişdir. Sayğacların müayinəsi laboratoriyasının 23.11.2021-ci il tarixli MSK 29/1710-04437-1 saylı aktlna əsasən sayğaca keçirilmiş baxış zamanı “sayğacın çıxış plastmas borusunun deşilməsi, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırılması aşkar edilmişdir. Xətaların normadan artıq olması, qazın normal sərfiyatda 100 faiz nisbi xəta ilə işləməsi müəyyən edilmişdir. Kamera vasitəsilə sayğacın daxilinə keçirilmiş baxış zamanı da “plastmas boruda deşik aşkar olunmuş, hesablama mexanizmi minimal sərfiyyatdan keçən qazın həcmini qeyd etmir” kimi rəy verilmişdir. Cavabdeh tərəf Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə qaydaları”nın 4.9-cu bəndinə əsaslanaraq zədələnmə istehlahkçının təqsiri üzündən baş verdiyi qərarına gələrək ******* nömrəli, 30.12.2021-ci il tarixli aktla barəsində 4320 m3 itirilmiş təbii qazın həcmi müəyənləşdirilmiş və cərimə tətbiq edilmişdir. İddiaçı tərəfindən hüquqi və s. savadsızlığı üzündən heç bir quruma cavabdehin qanunsuz hərəkətlərindən müraciətlər və şikayətlər edilməmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ******* nömrəli, 30.12.2021-ci il tarixli akta əsasən hesablanmış 432 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ******* nömrəli, 22.12.2021-ci il tarixli akta əsasən hesablanmış 432 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib bildirdi ki, qaz sayğacının quraşdırıldığı evdə daimi yaşamırlar. Kənar qaz xətləri quraşdırılmamış və sayğaca hər hansı bir müdaxilə edilməmişdir. Həmçinin qaz sayğacı və boru xətləri Cavabdeh İB-nin Bakı Regional Satışı Departamenti tərəfindən mənzildən kənar yerdə quraşdırılmışdır. Bundan başqa Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş ******* nömrəli, 30.12.2021-ci il tarixli akt əsassızdır. Akt onun və digər şəxslərin iştirakı və xəbəri olmadan tərtib edilmişdir. Belə ki, akt tərtib edilərkən abonentin və ya digər şəxslərin iştirakı və xəbəri olmaqla tərtib və təsdiq edilir. Qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə dair laboratoriya nəticələri isə formal qaydalara söykənməklə həqiqəti əks etdirmir. Həmçinin, qaz sayğacının işlək vəziyyətdə olub-olmamasına görə o məsuliyyət daşımır. İddia ərizəsində qeyd edilən ünvan 1 ilə ünvan 2 ünvan olduğunun nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilsə də, Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, nümayəndə X1 AZEMİS “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsi ilə iddia ərizəsinə etiraz ərizəsi təqdim etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı iddia tələbi əsassızdır. Belə ki, Cavabdeh İB tərəfindən istehlakçı İddiaçı məxsus **********00270 №-li abonent kodu verilmişdir. Cavabdeh İB əməkdaşları tərəfindən iddiaçıya məxsus mənzildə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanıldıqda, qaz sayğacının çıxış plastmas borusunun deşilməsi aşkar edilmişdir. Qeyd olunanlara əsasən itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunveriliciyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. İddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. **********00270 №-li abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan, itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qurğusu istifadəçisi arasında qazın altı-satqısı barədə” müqavilənin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin nümayəndəsinin iddia ərizəsinə etirazını nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan MH seriyalı ******* №-li Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu, Eldar Tağızadə küçəsində yerləşən 45 saylı evin 27 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 653 nömrəli reyestr kitabının 59890 nömrəli vərəqində 23.02.2008-ci il tarixində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 29.10.2021-ci il tarixli ******* №-li aktdan görünür ki, ünvan 1-də yerləşən mənzildən (abonent kodu **********00270) Cavabdeh İB əməkdaşları tərəfindən 1202AQ**********1 nömrəli “G-4” markalı itron tipli qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz edilmişdir. Mülki işin materiallarında olan Bakı Regional Qazın Satışı Departamenti tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 22.12.2021-ci il tarixli ******* nömrəli aktdan görünür ki, 29/1710-04437-1 nömrəli MSK-ya əsasən 1202AQ**********1 №-li sayğaca baxış keçirilmiş, sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar olunmuşdur. Qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır. Xətalar normadan artıqdır. Sayğac normal sərfiyyatda 100% nisbi xəta ilə işləyir. Kamera vasitəsilə sayğacın daxilinə keçirilmiş baxış zamanı plastmas boruda deşik aşkar edilmişdir. Hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Akt Cavabdeh İB-nin əməkdaşları Əlihüseyn Əzizov və Ağamirzə Vəliyev tərəfindən imzalanmış, abonent İddiaçı aktı imzalamaqdan imtina etmişdir. Mülki işin materiallarında olan Bakı Regional Qazın Satışı Departamentinin “İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası” tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 30.12.2021-ci il tarixli tələbnamədən görünür ki, 10.12.2021-ci il tarixli 29/1710-04437-1 nömrəli Akta əsasən “G-4” markalı 1202AQ**********1 №-li sayğacın çıxış plastmas borusu deşilmişdir. Qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 4320 m3 qazın itkiyə getdiyi hesablanmışdır. Mülki işin materiallarında olan Cavabdeh İB-nin İddiaçı ünvanladığı müraciətə cavab məktubundan görünür ki, Cavabdeh İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması” haqqında tərtib edilmiş akta əsasən, qaz sayğacının zədələnməsi nəticəsində 4320 m3 itirilmiş təbii qazın həcmi müəyyənləşdirilmişdir. Lakin məsələyə dair tərəflər arasında qarşılıqlı anlaşmanın əldə edilməsi mümkün olmadığı halda “Qaz paylayıcısı ilə məişət qurğusu istifadəçisi arasında qazın altı-satqısı barədə” müqavilənin 5.2-ci bəndinə əsasən tərəflər məhkəməyə müraciət edə bilərlər. Hal-hazırda iş məhkəmə qaydasında mübahisələndirilmə ərəfəsindədir. Mülki işin materiallarında olan Nəsimi RİH-nin Nəsimi MKTB-nin 12.04.2022-ci il tarixli 146 №-li arayışından görünür ki, İddiaçı 23.02.2008-ci ildən MH seriyalı ******* №-li Çıxarışa əsasən Bakı şəhəri, ünvan 4 ünvanda qeydiyyatsız yaşayır. Mülki işin materiallarında olan 12.05.2022-ci il tarixli abonent saldosundan görünür ki, İddiaçı (**********00270 nömrəli abonent kodu) qazdan istifadəyə görə 2021-ci ilin dekabr ayında müvafiq akta əsasən 432,00 manat borcu yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, istehlakçı tərəfindən qaz sayğacına hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçıdan tələb olunan borcun hansı akta əsasən abonent hesabına borc olaraq hesablanması və borcun yaranması əsası müəyyən edilmədiyindən həmin məbləğ iddiaçıdan tələb edilə bilməz. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına istinadən əsaslı hesab edir: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9-cu hissəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın (bundan sonra – Qaydalar) 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli Əlavə) əlavə edilir. Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirlməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Qaydaların 6.1-ci bəndinə əsasən qaz paylayıcısı tərəfindən aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq müraciəti olduqda, təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğın və ya qaz sızmasının qarşısı alındıqda, istehlakçının qaz qurğusunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənilmədikdə, qaz paylayıcısı ilə müqavilə bağlanmadıqda, məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Beləliklə də məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. İşin materiallarından da göründüyü kimi qaz sayğacı mənzildən kənarda quraşdırılmışdır. Belə olan vəziyyətdə isə abonent sayğacda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır. Eyni zamanda müvafiq qaydalara əsasən qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, qaz paylayıcısı daşıyır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı (**********00270 nömrəli abonent kodu) fiziki şəxs kimi qazdan istifadə etdiyindən, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdehin özü daşıdığından, 1202AQ**********1 nömrəli “G-4” markalı itron tipli qaz sayğacının çıxış plastmas borusunun deşilməsi və qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olması onun təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) səbəbindən baş vermədiyindən, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna 4320 m3 qazın sərfiyyatına dair hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində əsassız borc silinməlidir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 9.1.15-ci maddəsində göstərilmişdir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 22.12.2021-ci il tarixli ******* nömrəli akta əsasən İddiaçı (abonent kodu **********00270) itirilmiş qazın bərpası üzrə hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində borc silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-2712/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2712/2022
07.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver