Məhkəmə qərarları › İş №2(006)-2712/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2712/2025

04.11.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2712/2025 04.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və ünvan n xüsusi notariusu Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə faizlərin akseptsiz qaydada tutulmasının qadağan edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi, təqaüddən tutulmaların və faizlərin akseptsiz qaydada tutulmaların qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon prokuroru, ədliyyə müşaviri H.Nurəlibəyovun xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı şikayət ərizəsi əsasında Bakı şəhəri Nərimanov RPİ tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, xx.xx.2025-ci il tarixli qərara əsasən qeyd edilən cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. İşin mahiyyəti ondan ibarət olmuşdur ki, xx.xx.2024-cü il tarixdə iddiaçının oğlu X4 internet vasitəsilə tapdığı gəmiçilik ixtisası üzrə Qazaxıstan Respublikasında işə düzəlmək üçün 1200 manat pulun köçürülməsi üçün iddiaçının "xxxx" kartından istifadə edilməsi ilə sonuncudan Qazaxıstanın vətəndaşları ilə danışmasını xahiş etmişdir. Bundan sonra X4 iddiaçını həmin Qazaxıstanın vətəndaşları ilə əlaqələndirmiş, iddiaçı ilə Qazaxıstandan “+7 908 351-38-05” telefon nömrəsi ilə Fatimə adlı bir xanım rus dilində danışmış və 1200 manat pulu göndərmək üçün iddiaçının kartının nömrəsini, həmçinin onun telefonuna “SMS”lə gələn 6 rəqəmli nömrəni də öyrənmiş, saat yarım keçdikdən sonra Fatimə bildirmişdir ki, güya onların 7000 manat məbləğdən çox olan pul vəsaiti təcrübəsiz qızının “səhvinə görə” iddiaçının hesabına oturmuşdur ki, həmin vəsaiti geri ala bilmir. İddiaçı isə artıq saat 18:00-ı keçdiyini, əgər belə olubsa sabah onların pulunu qaytaracağını bildirmişdir. Növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə iddiaçı "xxxx"-nin Nəsimi filialına getmiş, baş vermiş əhvalatı opertator F.Namazov adlı əməkdaşa danışmış və hesabında 7300 manat pulun yenicə gəlib-gəlməməsini və həmin pulun gəlmə səbəbini soruşduqda operator kartın xarici müdaxiləyə görə bağlandığını və həqiqətən hesabında 7300 manat pulun təzəlikcə karta oturduğunu bildirmişdir. Lakin, F.Namazov pulun əmələ gəlməsinin səbəbi barədə heç bir məlumat vermədiyinə görə iddiaçı belə hesab etmişdir ki, həmin məbləğ ona məxsus deyil. Fatimə adlı həmin şəxs iddiaçıya demişdir ki, “oğlu Elçinin işi hələ ki düzəlmir və həmin 7300 manat pul vəsaitindən 1200 manatı + 200 manatı, əziyyət çəkdiyinizə görə çıxın, qalan 5900 manatı isə Bakıda qalan tanışı X2 adına kodu B38791 "xxxx" bank kartının kart nömrəsi “5315 9921 5643 7391” göndərin”. İddiaçı hesab edir ki, bu onun pulu deyil, o xx.xx.2024-cü il tarixdə "xxxx"-nin Binəqdi filialından 7300 manat hesabından çıxararaq Fatimə adlı şəxsin dediyi adamın adına göndərmişdir. Bundan sonra Fatimə adlı şəxs iddiaçının zənglərinə cavab verməmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı təqaüdünü almaq istədikdə kartı işləmədiyindən yenidən "xxxx"-nin Nəsimi filialına müraciət etmiş və ona bildirilmişdir ki, təqaüd kartları xarici müdaxiləyə görə dayandırılmış və bu dəfə iddiaçıya “yeni xəbər” bildirilmişdir ki, guya o "xxxx"dən Tam kartına 7500 manat limit məbləğini istəmiş və almışdır. Hazırda isə kartda 200 manat pul qalmışdır. İddiaçı həmin limiti almaq üçün heç yerə müraciət etmədiyini, heç bir yerə imza atmadığını bildirmiş və bunun necə mümkün ola biləcəyini soruşduqda cavab verilmişdir ki, güya iddiaçı onlayn müraciət etmiş və 310 manat məbləğ təqaüdü alması buna imkan vermişdir. İddiaçı bunu biləndən sonra polisə müraciət etmiş və həmin “limit krediti”ndən onda qalan 1400 manat pulun xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə isə 900 manat hissəsini cavabdeh ABB-yə qaytarmışdır. Qeyd edilən cinayət işindən görünür ki, ifadə verən X2 bildirdiyinə görə onun bu işdən heç bir xəbəri olmamış, nəqliyyat vasitəsini satmaq üçün elan verdiyinə görə Qazaxıstandan naməlum şəxs onun kartından istifadə edib xəbəri olmadan pul köçürmələri etmişdirlər. xx.xx.2025-ci il tarixdə iddiaçının ABB-yə verdiyi kredit borcunun, yəni tutulmaların alınmasının dayandırılması barədə müraciətinə xx.xx.2025-ci il tarixli məktubla imtina cavabı verilmişdir. Bu azmış kimi “limit krediti”ni vaxtında ödəmədiyinə görə iddiaçı minimal təqaüdündən məhrum edilmiş, üstəlik 24 faiz tətbiq edilərək “-828.53” manata borclu çıxarılmışdır. İddiaçının xx.xx.2025-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinə verdiyi müvəqqəti təminat tədbirlərinin tətbiqi haqqında ərizəsi e-16(006)-103/2025 saylı qərardadla (hakim Vüsalə Musayeva) təmin edilmiş və xx.xx.2025-ci il tarixədək ABB tərəfindən iddiaçıya qarşı təqaüdündən akseptsiz qaydada tutulmaların aparılması dayandırılmışdır. Daha sonra, "xxxx" ASC-nin verdiyi şikayət qismən təmin edilərək iddiaçının təqaüdündən akseptsiz qaydada tutulmaların aparılması dayandırılması xx.xx.2025-ci il tarixdə qərardadla qərara alınmışdır. Cavabdeh bank cavab məkubunda və şikayətində qeyd etmişdir ki, ərizəçi məhkəməyə kredit müqaviləsini və tutmaların mövcud olması ilə bağlı heç bir sübut təqdim etməmişdir. Həmçinin, həmin kredit müqaviləsində ərizəçinin imzası mövcuddur. Lakin, iddiaçı hazırkı iddia ərizəsində qeyd etdiyi tutmaların mövcud olmasını sübut edən cavabdehin qəbzlərini əlavə etmişdir. İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış və imzalanmış xx.xx.2024-cü il tarixli TL-EE003823084 nömrəli istehlak krediti müqaviləsinin (tam kart vasitəsilə) 8-ci bəndi ilə kredit xətti üzrə illik faiz dərəcəsi 24,0 (iyirmi dörd) faiz müəyyən edilmişdir. Həmin müqavilənin 10-cu bəndində göstərilmişdir ki, kreditin (tam kartın) təyinatı şəxsi ehtiyacların ödənilməsi/istehlak məqsədləri, tam kartdan sahibkarlıq fəaliyyəti ilə bağlı hesablaşmaların və ya üçüncü şəxslərin ödənişlərinin (bu ödənişlər sui-istifadə hallarına yol verilərək süni yolla “cashback” qazanmaqla nəticələndikdə) həyata keçirilməsi qadağandır. Bundan başqa baxmayaraq ki, cavabdeh tərəfindən iddiaçının cüzi miqdarlı təqaüdündən 50%-in tutulması qərara alınmışdır, hələ də illik 24% cərimə hesablanmışdır ki, iddiaçının borclu olduğu 5900 manat məbləğin süni olaraq xeyli miqdarda qanunsuz artırılmışdır. Hazırkı vəziyyətdə "xxxx" iddiaçıya qarşı tətbiq etdiyi tutmalarla nəinki onun cüzi miqdarda olan təqaüdünü tam olaraq kəsmişdir, hətta gələcəkdə də daha çox böyüyən, hələ ki, balans 828,53 manata iddiaçını borclu çıxartmışdır. Buna görə iddiaçı hesab edir ki, onun kobud şəkildə pozulmuş, qanunla qorunan hüquq və mənafeləri qorunmalıdır.

3. İddiaçı iddia tələbinə dəyişiklik barədə ərizə təqdim edərək, cavabdeh "xxxx" ASC-yə qarşı ilkin iddia tələbinin “kredit müqaviləsinin etibarsız hesab edilməsi” hissəsindən imtina etməsini, qalan iddia tələblərindən təqaüddən tutulmaların 50%-nə və 24 faizlə akseptsiz tutulmalara qadağa edilməsi barədə iddia tələblərinin təmin edilməsini xahiş etmişdir.

4. İddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixli “iddia tələbinə yeni dəqiqləşmə” təqdim edərək, "xxxx" ASC tərəfindən təqaüdündən qanun üzrə 50 %-lik tutulmalara etiraz etmədiyini, lakin həmin kredit müqaviləsində qeyd edilən faizlərin akseptsiz qaydada tutulmalarına qadağa qoyulması barədə iddia tələbini müdafiə etdiyini bildirmişdir.

5. İddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixli “iddia ərizəsinə əlavə” təqdim edərək, cavabdeh tərəfindən kredit borcunun məcburi ödənişi barədə notariat qeydinin ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edərək, mülki işə baxılmasında əlavə cavabdeh qismində Cavabdeh1 notariusu Cavabdeh3 cəlb edilməsini xahiş etmişdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı hazırkı iş üzrə iddia tələbinin “cavabdeh "xxxx" ASC-yə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində iddiadan imtinasının qəbul edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmış, iddiaçıya eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmədiyi izah edilmişdir.

a) Məhkəmə prosesi:

8. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər "xxxx" ASC-nin nümayəndəsi və ünvan n xüsusi notariusu Cavabdeh3 məhkəmə iclasında iştirak etməmiş, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini üzrlü hesab edib baxış iclasının başqa vaxta təyin edilməsini xahiş etmiş, digər cavabdeh ünvan n xüsusi notariusu Cavabdeh3 isə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehlərin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir.

10. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

11. "xxxx" ASC-nin “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsi üzrə Xidmət müqavilələrinin Standart Şərtləri”; - 4.1-ci bənd. ABB müştərinin müraciəti əsasında ABB tərəfindən emissiya edilən, Azərbaycan Respublikası ərazisində və Azərbaycan Respublikasının hüdudlarından kənarda istifadə edilə bilən ödəniş kartının verilməsini, istifadə edilməsini, ödəniş kartı vasitəsilə hesablaşmaların aparılması üçün kart hesabının açılmasını təmin etməyi və müştəri ödəniş kartı vasitəsilə aparılmış əməliyyatlara, ödəniş kartından istifadəyə görə xidmət haqlarını ABB-yə ödəməyi öhdəsinə götürür. - 4.2.-ci bənd. Ödəniş kartı vasitəsilə əməliyyatların aparılması üzrə bank xidmətlərinin haqqı ABB-nin Tariflərinə uyğun olaraq müəyyən olunur və ABB tərəfindən müştərinin kart hesabındakı pul vəsaitindən akseptsiz qaydada tutulur. - 18.5 və 18.5.8-ci bənd. Müştərinin ABB, o cümlədən onun törəmə müəssisələri və əməkdaşlıq etdiyi şəxslər qarşısında, habelə məcburi ödənişlər və rüsumlarla bağlı dövlət qarşısında icra edilməmiş hər hansı öhdəliyi olduqda onun hesabdakı, habelə müştəriyə çatacaq bütün vəsaitlərdən pul vəsaitini akseptsiz qaydada (Müştərinin sərəncamı olmadan) silmək və/və ya həmin öhdəliklərin icrasını təmin etmək üçün müvafiq pul vəsaitlərini bloklaşdırmaq ABB-nin ödəniş kartı üzrə hüquqlarındandır. Müştərinin müvafiq öhdəlikləri hesabın valyutasından fərqli valyuta olduqda, hesabdakı vəsaitlər müştəriyə məlumat verilmədən ABB-nin həmin gün üçün müəyyən olunan məzənnəsinə və ya çarpaz məzənnəyə əsasən konvertasiya edilərək hesabdan silinir.

12. "xxxx" ASC (Bank) ilə İddiaçı (Müştəri və ya Borcalan) arasında bağlanmış xx.xx.2024cü il tarixli, TL-EE003823084 nömrəli istehlak krediti müqaviləsindən görünür ki, bank tərəfindən borcalan üçün şəxsi ehtiyacların ödənilməsi/istehlak məqsədilə 59 ay müddətinə illik faiz dərəcəsi 24 % olmaqla 7.500 manat məbləğində kredit limiti rəsmiləşdirilmişdir. Borcalan ********** nömrəsinin ona məxsus olduğunu və yalnız özü tərəfindən istifadə edildiyini təsdiq etmişdir. Müştərinin əlaqə vasitələrində dəyişiklik baş verdikdə o, müvafiq dəyişikliyin baş verdiyi tarixdən 5 (beş) iş günü müddətində bankı yazılı surətdə xəbərdar etməlidir. Borcalanın banka təqdim etdiyi telefon nömrəsi hər hansı səbəbdən istifadəsindən çıxdıqda və bununla bağlı məlumat banka təqdim edilmədikdə, həmin nömrə vasitəsilə edilən təsdiqlər, əməliyyatlar müştəri tərəfindən edilmiş hesab edilir və buna görə məsuliyyəti borcalan daşıyır. Müştəri bu müqaviləni imzaladığını və “müştərinin sərəncamı olmadan (akseptsiz qaydada) hesabdan vəsaitin silinməsi şərtlərini, Tam kartla aparılan əməliyyatlar üzrə limitlər, faiz dərəcələrinin müəyyən olunmasını qəbul etdiyini təsdiq etmişdir.

13. "xxxx" tərəfindən göndərilmiş SMS-dən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 17:05:42-də **********27 nömrəsinə “DİQQƏT! Təhlükəsizliyiniz üçün bu kodu digər şəxslərə bildirməyin. Mobil tətbiqə daxil olmaq üçün kodunuz: “****48” məzmununda xəbərdarlıq göndərilmişdir.

14. "xxxx" tərəfindən göndərilmiş SMS-dən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 17:06:47-də **********27 nömrəsinə “DİQQƏT! Təhlükəsizliyiniz üçün bu kodu digər şəxslərə bildirməyin. Tamkart limitinin artırılmasını sifariş etmək üçün kodunuz: “****27”” məzmununda xəbərdarlıq göndərilmişdir.

15. "xxxx" tərəfindən göndərilmiş SMS-dən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 17:10:04-də **********27 nömrəsinə “Hörmətli müştəri, kredit müraciətinizlə bağlı sənədi təsdiqləmək üçün OTP ****55 daxil edin” məzmununda xəbərdarlıq göndərilmişdir.

16. "xxxx" tərəfindən göndərilmiş SMS-dən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 17:10:23-də **********27 nömrəsinə “Hörmətli müştəri, TamKart kart limitinizin artırılması ilə bağlı sorğunuz uğurla təsdiqləndi. Tel: 937” məzmununda xəbərdarlıq göndərilmişdir.

17. "xxxx" tərəfindən göndərilmiş SMS-dən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 17:11:26-da **********27 nömrəsinə “DİQQƏT! Təhlükəsizliyiniz üçün bu kodu digər şəxslərə bildirməyin. Rəqəmsal kart rekvizitlərini görmək üçün kodunuz: “****66”” məzmununda xəbərdarlıq göndərilmişdir.

18. "xxxx" tərəfindən göndərilmiş SMS-dən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 17:35:44-də **********27 nömrəsinə “DİQQƏT! Təhlükəsizliyiniz üçün bu kodu digər şəxslərə bildirməyin. Mobil tətbiqə daxil olmaq üçün kodunuz: “****47”” məzmununda xəbərdarlıq göndərilmişdir.

19. "xxxx" tərəfindən göndərilmiş SMS-dən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 17:39:08-də **********27 nömrəsinə “DİQQƏT! Təhlükəsizliyiniz üçün bu kodu digər şəxslərə bildirməyin. Rəqəmsal kart rekvizitlərini görmək üçün kodunuz: “****50”” məzmununda xəbərdarlıq göndərilmişdir.

20. "xxxx" tərəfindən göndərilmiş SMS-dən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 17:45:59-da **********27 nömrəsinə “Hörmətli müştəri! Xahiş edirik, SMS bildiriş xidmətinə qoşulma mobil nömrəni təsdiqləmək üçün “****05” birdəfəlik şifrəsini daxil edəsiniz” məzmununda xəbərdarlıq göndərilmişdir.

21. "xxxx" tərəfindən göndərilmiş SMS-dən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 17:50:28-də **********27 nömrəsinə “Hörmətli müştəri! Xahiş edirik, SMS bildiriş xidmətinə qoşulma mobil nömrəni təsdiqləmək üçün “****02” birdəfəlik şifrəsini daxil edəsiniz” məzmununda xəbərdarlıq göndərilmişdir.

22. "xxxx" tərəfindən göndərilmiş SMS-dən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 17:52:10-da **********27 nömrəsinə “Hörmətli müştəri! Xahiş edirik, SMS bildiriş xidmətinə qoşulma mobil nömrəni təsdiqləmək üçün “****65” birdəfəlik şifrəsini daxil edəsiniz” məzmununda xəbərdarlıq göndərilmişdir.

23. "xxxx" tərəfindən göndərilmiş SMS-dən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18:28:20-də **********27 nömrəsinə “DİQQƏT! Təhlükəsizliyiniz üçün bu kodu digər şəxslərə bildirməyin. Mobil tətbiqə daxil olmaq üçün kodunuz: “****24”” məzmununda xəbərdarlıq göndərilmişdir.

24. "xxxx" tərəfindən göndərilmiş SMS-dən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 11:30:41-də **********27 nömrəsinə “DİQQƏT! Təhlükəsizliyiniz üçün bu kodu digər şəxslərə bildirməyin. Mobil tətbiqə daxil olmaq üçün kodunuz: “****06”” məzmununda xəbərdarlıq göndərilmişdir.

25. “Limitsiz müqavilə _Autentifikasiya "süzgəcdən keçirilib”” adlı sənəddən görünür ki, İddiaçı müqavilə üzrə “7500 manat” kredit limiti artımı uğurla başa vurdu” məzmununda qeyd edilmişdir.

26. xx.xx.2024-cü il tarixli 1053 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən “3801000HD6393429AA3” hesab nömrəsi plastik karta ("xxxx" ASC) 5900 manat məbləğində pul vəsaiti göndərilmişdir.

27. xx.xx.2024-cü il tarixli BPM**********80 nömrəli mədaxil qəbzindən görünür ki, müştəri İddiaçı tərəfindən "xxxx" ASC-nin hesabına 500 manat məbləğində ödəniş edilmişdir.

28. xx.xx.2024-cü il tarixli BPM**********62 nömrəli mədaxil qəbzindən görünür ki, müştəri İddiaçı tərəfindən "xxxx" ASC-nin hesabına 900 manat məbləğində ödəniş edilmişdir.

29. "xxxx" ASC tərəfindən təsdiq edilmiş İddiaçı məxsus (hesab nömrəsi: “********************”) hesabdan xx.xx.2024-xx.xx.2024-cü il tarixləri əhatə edən çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə hesab boş olmuş (0,00 manat), xx.xx.2024-cü il tarixdə isə göstərici - 7.409,50 manat olmuşdur. xx.xx.2024-cü il tarixdə Credit dövriyyə 0,00 manat, debit dövriyyə isə 7,409.50 manat, balans-7.409,50 manat olmuşdur.

30. Nərimanov rayon prokurorunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Nərmin Məmmədova tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın əsassız və qanunsuz olduğuna görə ləğv edilməsi və material üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə fakta görə cinayət işinin başlanması, ibtidai istintaqın aparılması üçün Nərimanov RPİ-nin İŞ-nə göndərilməsi, cinayət işinə ********* sayının verilməsi qərara alınmışdır.

31. Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X1 xx.xx.2025-ci il tarixli qərarından görünür ki, İddiaçı ona məxsus "xxxx" ASC tərəfindən verilmiş “4127 2093 0855 1750 nömrəli “Tam kart” kredit kartından naməlum şəxslərin onlayn yolla 7500 manat kredit götürərək həmin pulun oğurlanmasını bildirməsi faktı ilə bağlı ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.

32. İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, aralarında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə onun adına rəsmiləşdirilmiş 7.409,50 manat kredit borcunun və həmin məbləğdən qalan 5.900 manatın, bununla bağlı digər bank ödəmələrinin dayandırılmasını və adından silinməsi xahiş edilmişdir.

33. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli TL-EE003823084 müqaviləyə əsasən Tam kart ödəniş kartı (ön tərəfi kredit kartı, arxa tərəfi debet və ya əmək haqqı kartı) rəsmiləşdirilmişdir. Rəsmiləşdirilmiş kredit müqavilələrinin və təqdim edilmiş ödəniş cədvəllərinin şərtləri özü tərəfindən razılaşdırılaraq imzası ilə təsdiqlənmişdir. Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmədiyi təqdirdə bank tərəfindən problemli kreditləri tənzimləyən prosedurlara uyğun olaraq tədbirlər görüləcəkdir. Kreditə tətbiq edilə biləcək güzəştlərin dəyərləndirilməsi məqsədi üçün "xxxx" ASC-nin “Binəqədi” filialına müraciət edilməsi tövsiyyə olunmuşdur.

34. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı məxsus kartın balansı -828.53 manat qeyd edilmişdir.

35. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə iddiaçı tərəfindən 80 (səksən) manat məbləğində dövlət rüsumu ödənilmişdir.

36. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, borc 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində icra qeydinin aparılması ilə bağlı xəbərdar edilmişdir.

37. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə həmin tarixə "xxxx" ASC-yə əsas borc üzrə 6047.41 manat, faiz borcu üzrə 72.57 manat, bank tərəfindən ödənilmiş dövlət rüsumuna görə 25,40 manat məbləğində borcu vardır.

38. xx.xx.2025-ci il tarixdə göndərilmiş “Notariat icra qeydi haqqında” ərizədən görünür ki, tələbkar "xxxx" ASC borclu İddiaçı xx.xx.2024-cü il tarixli, TL-EE003823084 nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 6047.41 manat, faiz borcu üzrə 72.57 manat, 0,40 manat komissiya haqqı olmaqla, cəmi 6120.38 manat məbləğində borcun və 25 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir.

39. ünvan n xüsusi notariusu Cavabdeh3 tərəfindən xx.xx.2025-ci il tarixdə aparılmış 8İ- 6520 reyestr nömrəli icra qeydindən görünür ki, "xxxx" ASC-nin xeyrinə İddiaçı EE003823084 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 6120 manat 38 qəpik və 25 manat dövlət rüsumunun tutulması təklif edilmiş və icra qeydi aparılmışdır.

40. "xxxx" ASC tərəfindən Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, ünvan n 8İ-6520 reyestr nömrəli, xx.xx.2025-ci il tarixli icra qeydi üzrə icraatın dayandırılmasının təmin edilməsi xahiş olunmuşdur.

41. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-16(006)-103/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, ərizəçi İddiaçı "xxxx" ASC-yə qarşı “təqaüddən tutulmanın cavabdehə qadağan edilməsi” barədə müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilmiş, "xxxx" ASC tərəfindən İddiaçı təqaüdündən akseptsiz qaydada tutulmaların aparılması dayandırılmış, qərardadın müvəqqəti xarakter daşıması və işi qabaqcadan mahiyyəti üzrə həll etməməsi tərəflərə izah olunmuş, qərardadın xx.xx.2025-ci il tarixdə qüvvədən düşməsi, dərhal icra edilməsi və icrasının Nəsimi rayon İcra Şöbəsinə və "xxxx" ASC-yə həvalə edilməsi qərara alınmışdır.

42. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-16(006)-103/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, həmin məhkəmənin e-16(006)-103/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından "xxxx" ASC tərəfindən verilmiş şikayət qismən təmin edilərək Nəsimi Rayon Məhkəməsinin e-16(006)-103/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmiş, ərizəçi İddiaçı "xxxx" ASC-yə qarşı “təqaüddən tutulmanın cavabdehə qadağan edilməsi” barədə müvəqqəti təminat tədbiri barədə ərizə qismən təmin edilmiş, "xxxx" ASC tərəfindən İddiaçı təqaüdündən təqaüdün 50%-i qədərində akseptsiz qaydada tutulmaların aparılması dayandırılmış, qərardadın müvəqqəti xarakter daşıması və işi qabaqcadan mahiyyəti üzrə həll etməməsi tərəflərə izah olunmuş, qərardadın xx.xx.2025-ci il tarixdə qüvvədən düşməsi, dərhal icra edilməsi və icrasının Nəsimi rayon İcra Şöbəsinə və "xxxx" ASC-yə həvalə edilməsi qərara alınmışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

43. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında xx.xx.2024-cü il tarixdə Müştərinin adına ABB tərəfindən ikitərəfli ödəniş kartının buraxılmasına, Müştərinin adına bank hesablarının açılmasına, Müştəri tərəfindən Tam kart vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən Tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarının ödənilməsinə, Tam kartdan 10-cu bənddə göstərilmiş təyinat üzrə istifadə edilməsinə, bu müqvilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada Kreditin qaytarılmasına və ona hesablanmış faizlərin ABB-yə ödənilməsinə dair xüsusi şərtləri tənzimləyən istehlak krediti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank tərəfindən borcalan üçün şəxsi ehtiyacların ödənilməsi/istehlak məqsədilə 59 ay müddətinə (kredit xəttindən istifadə müddəti 35 ay) illik faiz dərəcəsi 24 % olmaqla 7.500 manat məbləğində kredit limiti rəsmiləşdirilmişdir.

44. Müqavilədə ********** mobil nömrəsinin iddiaçıya məxsus olması qeyd edilmiş, iddiaçının əlaqə vasitələrində dəyişiklik baş verdikdə onun müvafiq dəyişikliyin baş verdiyi tarixdən 5 (beş) iş günü müddətində bankı yazılı surətdə xəbərdar etməli olması, banka təqdim edilmiş telefon nömrəsinin hər hansı səbəbdən iddiaçının istifadəsindən çıxdıqda və bununla bağlı məlumat banka təqdim edilmədikdə, həmin nömrə vasitəsilə edilən təsdiqlərin, əməliyyatların iddiaçı tərəfindən edilmiş hesab edilməsi və buna görə məsuliyyəti onun daşıması razılaşdırılmışdır.

45. İş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixində cavabdeh bank tərəfindən iddiaçıya məxsus ********** mobil nömrəyə: - “DİQQƏT! Təhlükəsizliyiniz üçün bu kodu digər şəxslərə bildirməyin. Mobil tətbiqə daxil olmaq üçün kodunuz: “****48”, “****47”, “****24”” və “****06””; - “Hörmətli müştəri! Xahiş edirik, SMS bildiriş xidmətinə qoşulma mobil nömrəni təsdiqləmək üçün “****05”, “****02” və “****65” birdəfəlik şifrəsini daxil edəsiniz”; - “DİQQƏT! Təhlükəsizliyiniz üçün bu kodu digər şəxslərə bildirməyin. Tamkart limitinin artırılmasını sifariş etmək üçün kodunuz: “****27”; - “Hörmətli müştəri, kredit müraciətinizlə bağlı sənədi təsdiqləmək üçün OTP ****55 daxil edin.”; - “Hörmətli müştəri, TamKart kart limitinizin artırılması ilə bağlı sorğunuz uğurla təsdiqləndi. Tel: 937”” məzmununda xəbərdarlıqlar göndərilmişdir. - “DİQQƏT! Təhlükəsizliyiniz üçün bu kodu digər şəxslərə bildirməyin. Rəqəmsal kart rekvizitlərini görmək üçün kodunuz: “****50”” və “****66”” məzmununda SMS-lər göndərilmişdir.

46. İddiaçı onunla cavabdeh bank arasında bağlanmış xx.xx.2024-cü il tarixli istehlak krediti müqaviləsində ABB tərəfindən müştərinin kart hesabındakı pul vəsaitindən akseptsiz qaydada tutulmasına razılıq vermişdir.

47. İddiaçı özünə məxsus cavabdeh bank tərəfindən verilmiş plastik kartın balansından naməlum şəxslər tərəfindən onlayn qaydada 7500 manat məbləğində pul vəsaitinin oğurlanması faktı barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə müraciət etmiş və o zərərçəkmiş şəxs qismində tanınmışdır.

48. İddiaçı cavabdeh banka ərizə ünvanlayaraq, onun kartından pul vəsaitinin oğurlanması faktının hüquq mühafizə orqanı tərəfindən təsdiqini tapdığını və bu fakt üzrə təqsirləndirilən şəxslərin ifşa edilənədək onun adına rəsmiləşdirilmiş 7.409,50 manat kredit borcunun və həmin məbləğdən qalan 5900 manatın, bununla bağlı digər bank ödəmələrinin dayandırılmasını və adından silinməsini xahiş etmiş, bank tərəfindən rəsmiləşdirilmiş kredit müqavilələrinin və təqdim edilmiş ödəniş cədvəllərinin şərtləri iddiaçı tərəfindən razılaşdırılaraq imzası ilə təsdiqləndiyi, bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icra edilmədiyi təqdirdə qanunamüvafiq tədbirlərin görüləcəyi, kreditə tətbiq edilə biləcək güzəştlərin dəyərləndirilməsi məqsədi üçün "xxxx" ASC-nin “Binəqədi” filialına müraciət edilməsi bildirilmişdir.

49. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi, təqaüddən tutulmaların və faizlərin akseptsiz qaydada tutulmasının qadağan edilməsini xahiş etmişdir.

50. Bir neçə dəfə iddia ərizəsinə dəqiqləşmə vermiş, daha sonra banka qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair tələbindən imtina etməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbinin həmin hissədə icraatına xitam verilməsi barədə qərardad qəbul etmişdir.

51. Cavabdeh bank xx.xx.2025-ci ildə iddiaçıya bildiriş göndərərək, onun bank qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış 6097.2 manat əsas borc məbləği və bu məbləğə müvafiq olaraq hesablanmış faiz borcu məbləği barədə notariusun icra qeydinin aparılacağı ilə bağlı iddiaçını məlumatlandırmış, xx.xx.2025-ci il tarixdə əsas borc üzrə 6047.41 manat, faiz borcu üzrə 72.57 manat, 0,40 manat komissiya haqqı olmaqla, cəmi 6120.38 manat məbləğində borcun və 25 manat dövlət rüsumunun tutulması barədə notariat icra qeydi haqqında ərizə vermiş, xx.xx.2025-ci il tarixdə ünvan n xüsusi notariusu Cavabdeh3 tərəfindən İddiaçı TL- EE003823084 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 6120 manat 38 qəpik və 25 manat dövlət rüsumunun tutulması barədə 8İ-6520 reyestr nömrəli icra qeydi aparılmışdır.

52. Bundan sonra iddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək icra qeydinin ləğv edilməsini də məhkəmədən xahiş etmişdir.

53. Hazırda iddiaçı ünvan n tərəfindən aparılmış icra qeydinin ləğv edilməsini və kredit müqaviləsinə münasibətdə hesablanmış faiz borclarının akseptsiz qaydada tutulmasına qadağa qoyulmasını məhkəmədən xahiş edir.

c) Məhkəmənin mövqeyi:

54. Məhkəmə iddia tələbinin “icra qeydinin ləğv edilməsi” hissəsi ilə əlaqədar hesab edir ki, tələb bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, notariat haqqında qanunvericiliyin tələbinə görə icra qeydləri mübahisəsiz borclar barəsində aparılır. Lakin iş materiallarından görünür ki, borcun yaranmasına əsas olmuş əməliyyatlar həyata keçirildiyi 2024cü ilin sonunda – daha dəqiqi, dekabr ayından etibarən iddiaçı bu borcu mübahisələndirmiş – cavabdeh polisə, 2025-ci ilin yanvar ayında isə bankın özünə müraciət etmiş (hətta, cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məktubla iddiaçıya cavab məktubu göndərilmiş), həmçinin xx.xx.2025-ci il tarixdə isə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Lakin qeyd olunanlara baxmayaraq, cavabdeh "xxxx" ASC iddiaçıya xx.xx.2025-ci il tarixli bildiriş göndərərək 6097.2 manat məbləğində borcun 20 gün müddətində ödənilmədiyi təqdirdə notarius tərəfindən icra qeydinin aparılacağı barədə məlumat vermişdir. Notarius isə kredit müqaviləsi barədə mübahisə olduğuna görə icra qeydi aparmamalı olduğu halda xx.xx.2025-ci il tarixdə icra qeydi aparmışdır.

55. Bank iddiaçıya göndərdiyi bildirişdə əsas borcun və faiz borcunun məbləğini birlikdə göstərmiş, ondan cəmi nə qədər əsas borcun, nə qədər faiz borcunun tələb edilməsini dəqiqliklə qeyd etməmiş (faiz borcu barəsində mübahisə mövcuddur), bununla da Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli 24-N nömrəli qərarı ilə təsdiq edilmiş “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən Bildiriş”in formasına dair 3-cü bəndin tələblərini pozmuşdur. Bundan başqa cavabdeh "xxxx" ASC qeyd olunan kredit müqaviləsi barəsində məhkəmə mübahisəsi olmasına baxmayaraq, sanki mübahisəsiz borcmuş kimi icra qeydinin aparılması barədə notariusa ərizə ünvanlamışdır. Bununla da notarius “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 2-ci hissəsinin tələblərini pozmaqla icra qeydi aparmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməli, ünvan n xüsusi notariusu Cavabdeh3 tərəfindən aparılmış xx.xx.2025-ci il tarixli 8İ-6520 reyestr nömrəli icra qeydi ləğv edilməlidir.

56. İddia tələbinin “kredit müqaviləsində qeyd edilən faizlərin akseptsiz qaydada tutulmasına qadağa qoyulması” hissəsi ilə bağlı qeyd edilməlidir ki, tərəflər arasında bağlanması mübahisəsiz olan müqavilə şərtlərində iddiaçının “onun sərəncamı olmadan (akseptsiz qaydada) hesabdan vəsaitin silinməsi şərtlərini, Tam kartla aparılan əməliyyatlar üzrə limitlər, faiz dərəcələrinin müəyyən olunmasını qəbul etməsi qeyd edilmiş və iddiaçı da bu şərtləri qəbul edərək, müqaviləni imzalamışdır. İddiaçı məhkəmə iclasında pulu götürdüyünü və kiməsə göndərdiyini qəbul etdiyini bildirmişdir. Lakin kreditin haram olduğunu, faiz hesablanmamasını xahiş etmişdir. Halbuki, Kredit müqaviləsində qeyd edilən faizlərin akseptsiz qaydada tutulmalarına qadağa qoyulması nə müqavilə şərtlərinə, nə də qanunvericiliyin tələblərinə uyğun gəlmir. Qeyd etmək zəruridir ki, iş materiallarında olan müvafiq qərara əsasən iddiaçının müraciəti əsasında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin müvafiq polis şöbəsində faktla bağlı Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə cinayət işinin başlanılması və iddiaçının zərərçəkmiş şəxs qismində tanınması müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçıya ayrılmış kredit məbləğinin bir hissəsindən üçüncü şəxs(lər)in istifadə etməsinin nəticəsi kimi iddiaçının ona vurulmuş zərəri (iddiaçıdan tələb edilən kredit məbləği, ona hesablanmış faizlər və cərimələr) həmin şəxslərdən tələb etmək hüququ vardır. Eyni zamanda, iddiaçının hal-hazırda cinayət işinin ibtidai istintaqını aparan müvafiq hüquq mühafizə orqanından bu barədə sübutları müvafiq banklardan əldə etməyi tələb etmək, bunun nəticəsində də həmin şəxslərin müəyyən edilərək vurulmuş zərərin ödənilməsini onlardan tələb etmək hüququ da vardır.

57. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus olduğu mübahisələndirilməyən, tərəflər arasındakı müqavilədə göstərilən mobil nömrəyə müvafiq əməliyyatlar aparılmamışdan qabaq (rəqəmsal kart rekvizitlərini görmək və hələ mobil tətbiqə daxil olmaq istənildikdə) cavabdeh bank tərəfindən təhlükəsizlik tədbirlərinə tam əməl edilərək, OTP-kodlar göndərilməsi, bundan sonra həmin kodların təsdiqlənərək mobil tətbiqin başqa cihaza köçürülməsi, iddiaçıya məxsus olması mübahisəsiz olan kredit məbləğindən müvafiq məbləğdə pulun iddiaçının kartından başqa karta köçürülməsi işdə olan mötəbər sübutlarla tam təsdiqini tapdığından, iddiaçının hüququnun pozulması ilə nəticələnən həmin hadisədə cavabdehin (işçilərinin) təqsirinin olması istisna edilir.

58. Çünki cavabdeh bank iddiaçıya tətbiqə birdəfəlik giriş üçün təyin olunan həmin kodları göndərdiyi mesajın mətnində “Təhlükəsizliyiniz üçün bu kodu digər şəxslərə bildirməyin” məzmununda xəbərdarlıq da ünvanlamışdır. Bu xəbərdarlığa baxmayaraq, iddiaçı məxfiliyini qorumalı olduğu məlumatlara lazımi diqqət və ehtiyatlılıq göstərdiyini sübuta yetirməmiş, əksinə həmin məxfi məlumatı başqası ilə paylaşmışdır.

59. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərində müqavilədə göstərilən nömrə ilə aparılmış əməliyyatların iddiaçının özü tərəfindən edilmiş kimi qəbul ediləcəyi, əks halda isə iddiaçının məsuliyyət daşıyacağı razılaşdırıldığından məhkəmə hesab edir ki, üçüncü şəxslərin hərəkətləri nəticəsində iddiaçının hüququnun pozulması heç bir halda cavabdeh bankın (və ya işçilərinin) təhlükəsizlik tədbirlərinə əməl etməməsi kimi qiymətləndirilməməlidir. Çünki əks yanaşma, yəni kreditoru müdafiəsiz qoyan belə hüquqi qeyri-müəyyənlik ümumi mülki dövriyyənin davamlılığına, kredit münasibətlərinin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarar.

60. Belə olan halda, yəni kredit müqaviləsi bağlanmış hesab edildiyi halda sadəcə əsas borcun hesablanıb faiz borclarının hesablanmaması da mülki dövriyyənin davamlılığının pozulmasına, eləcə də tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin pozulmasına səbəb olacaqdır.

61. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan n xüsusi notariusu Cavabdeh3 tərəfindən aparılmış xx.xx.2025-ci il tarixli 8İ-6520 reyestr nömrəli icra qeydi ləğv edilməli, iddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir.

d) Tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

62. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsi (müqavilə bağlanan vaxt qüvvədə olan redaksiyada): Maddə 14.2, 14.2.1. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 740.1-740.2. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Maddə 742.5, 742.5.2. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla) halında müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Maddə 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Maddə 746-4.1. İstehlakçı istehlak kreditini istənilən vaxt xəbərdarlıq etmədən tamamilə və ya qismən borcverənə qaytara bilər. Bu halda, kreditin qalıq müddətinə görə hesablanmış faizlər və (və ya) digər haqlar vaxtından əvvəl ödənilmiş məbləğə mütənasib olaraq azaldılır. Maddə 964. Hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. Müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir.

63. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 38.1, 38.1.2-38.1.3. Ödəniş alətini əldə etdikdən dərhal sonra onun fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının təhlükəsiz saxlanmasını təmin etmək; ödəniş alətinin itirilməsini, oğurlanmasını və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə olunmasını müəyyən etdikdə ödəniş xidməti təchizatçısını və ya onun tərəfindən səlahiyyətləndirilmiş digər şəxsi dərhal məlumatlandırmaq ödəniş xidməti istifadəçisinin ödəniş alətinə münasibətdə vəzifələrindəndir.

64. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

66. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ünvan n xüsusi notariusu Cavabdeh3 tərəfindən aparılmış xx.xx.2025-ci il tarixli 8İ-6520 reyestr nömrəli icra qeydi ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir.

67. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 40 (qırx) manat hissəsi cavabdeh "xxxx" ASCdən tutularaq İddiaçı verilməli, qalan hissəsi İddiaçı aid edilməlidir.

Nəticə:

68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. ünvan n xüsusi notariusu Cavabdeh3 tərəfindən aparılmış xx.xx.2025-ci il tarixli 8İ-6520 reyestr nömrəli icra qeydi ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 40 (qırx) manat hissəsi cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı verilsin, dövlət rüsumunun qalan hissəsi İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar