Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-273/2021 17.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Mirzəəli oğluna və «Cavabdeh4» Yaşayış Kompleksinə qarşı «Cavabdeh4» Yaşayış Kompleksi ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mirzəəli oğlu arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Mirzəəli oğluna və «Cavabdeh4» Yaşayış Kompleksinə qarşı «Cavabdeh4» Yaşayış Kompleksi ilə İddiaçı, Cavabdeh2 və Cavabdeh3 Mirzəəli oğlu arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Cavabdeh4» Yaşayış Kompleksi ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mirzəəli oğlu arasında Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli küçəsi 34 saylı evin sökülməsinə dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh3 Əli oğlu ilə 1999-cu ildə ailə qurarkən sonuncunun yaşadığı Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli küçəsində yerləşən 34 saylı evə gəlin köçmüşdür və bundan sonra həmin ünvanda yaşamağa başlamışdır. Cavabdeh3 Əli oğlu ilə onun birgə nikahından xx xxxxxx 2000-ci il tarixdə X5 və xx xxxx 2009-cu il tarixdə X4 doğulmuşdur. Cavabdeh3 Mirzəəli oğlu ilə bir müddət mehriban yaşasalar da, sonradan cavabdehlərin dözülməz hərəkətləri nəticəsində Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 2(006)-870/2017 saylı qətnaməsi ilə onların nikahları pozulmuşdur və birgə nikahdan doğulmuş uşaqları onun himayəsində saxlanılmışdır. Cavabdeh3 Mirzəəli oğlu ilə nikahının pozulmasına baxmayaraq, o, cavabdehlərin yaşadıqları və özünün də qeydiyyatda olduğu ünvan 1 ünvanda yaşamışdır. Sonradan cavabdehlərin qeyri-qanuni hərəkətləri nəticəsində onun həmin evdə yaşamasında çətinliklər yaranmışdır. Lakin, buna baxmayaraq, o və azyaşlı uşaqları həmin evdə yaşamağa çalışmışlar. Çünki onların başqa yaşayış yerləri yox idi. Lakin, cavabdehlər onu və azyaşlı uşaqlarını döyərək, həmin mənzildən qovmuşlar, amma buna baxmayaraq onlar qeyd olunan evə gedib-gəlmişlər. Çünki həmin evdə ona məxsus bir sıra əşyalar var idi. Həmin əşyalar ona görə həmin evdə idilər ki, həmin əşyaları yığmağa başqa yeri yox idi. Həmçinin, cavabdehlərin onu Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli küçəsi 34 saylı evə buraxmamalarına baxmayaraq, o, həmin evdən istifadə etmək və yaşamaq istəmişdir. Elə buna görə də, özünə məxsus əşyaları həmin evdən çıxarmamışdır. Bir müddət öncə o, Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli küçəsi 34 saylı evə yaşamaq məqsədi ilə gələrkən, gördüklərinə inana bilməmişdir. Belə ki, həmin vaxt ona məlum olmuşdur ki, cavabdehlərlə həmin evin sökülməsinə qeyri-qanuni olaraq «Cavabdeh4» Yaşayış Kompleksi arasında müqavilə bağlanmışdır. Həmin yaşayış kompleksi isə Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli küçəsi 34 saylı evi sökmüşdür. Bundan sonra o, «Cavabdeh4» Yaşayış Kompleksinin Bakı şəhəri Nəsimi rayonu Nəsib bəy Yusifbəyli və Abbas Səhhət küçələrinin kəsişməsində (Tibb Universiteti ilə üzbə-üz) olan ofisinə getmişdir. Həmin ofisdə olarkən o, «Cavabdeh4» Yaşayış Kompleksinin işçilərinə bildirmişdir ki, sonuncular onun məlumatı olmadan hansı əsasa görə Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli küçəsi 34 saylı evin sökülməsinə dair digər cavabdehlərlə razılığa gəlmişlər? Bu zaman həmin yaşayış kompleksinin Məcid adlı işçisi ona bildirmişdir ki, o, Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli küçəsi 34 saylı evə heç bir aidiyyəti yoxdur, çünki o, həmin evdə qeydiyyatda deyil. Bu zaman sonuncu ona hətta saxta sənəd də təqdim edərək göstərmişdir ki, onun bu evdə qeydiyyatı yoxdur. Hətta həmin Məcid adlı şəxs ona ASAN xidmət mərkəzi tərəfindən verilmiş sənədi də göstərərək demişdir ki, həmin sənəd ASAN xidmət mərkəzi tərəfindən verilmişdir, həmin sənədlə də təsdiq olunur ki, o, Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli küçəsi 34 saylı evdə qeydiyyatda deyil. Həmin şəxsin bu sözlərindən sonra o, ASAN xidmət mərkəzinə gedərək, yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayış almışdır. Həmin arayışa diqqət yetirdikdə görmüşdür ki, xx xxxx 2002-ci il tarixdən hal-hazıradək o, ünvan 1 ünvanda qeydiyyatdadır. Bundan sonra o, «Cavabdeh4» Yaşayış Kompleksinin yerləşdiyi ünvana gedərək, həmin arayışı oranın işçilərinə göstərmişdir. Bu zaman da, orada olan Məcid adlı şəxs ona çox aqressiv və kobud şəkildə bildirmişdir ki, onun aldığı sənəd saxtadır. Bundan sonra o, həmin şəxslərdən «Cavabdeh4» Yaşayış Kompleksi ilə digər cavabdehlər arasında bağlanmış Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli küçəsi 34 saylı ev sökülməsinə dair müqavilənin surətini istəmişdir. Bu zaman həmin şəxslər onu kobud şəkildə oradan uzaqlaşdıraraq, bildirmişlər ki, ona heç bir müqavilə verilməyəcək. Bundan sonra o, vəkil vasitəsi ilə məsələnin həll edilməsinə çalışmışdır. Bu məqsədlə, vəkil X3 ilə müqavilə bağlamışdır ki, sonuncu onun hüquqlarını təmsil edərək, ona kömək etsin. Buna görə də, nümayəndəsi və vəkili tərəfindən «Cavabdeh4» Yaşayış Kompleksinə Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli küçəsi 34 saylı evin sökülməsinə dair müqavilənin surətlərinin alınmasına dair sorğuları həmin yaşayış kompleksinə aparmışdır. Lakin, yaşayış kompleksinin işçiləri həmin sorğunu qəbul etməkdən imtina etmişlər. Bundan sonra vəkili poçt vasitəsi ilə və şəxsən özü həmin müqavilənin əldə edilməsinə dair sorğunu «Cavabdeh4» Yaşayış Kompleksinə təqdim etməyə çalışmış, lakin buna baxmayaraq, həmin sorğular qəbul edilməmişdir. Hesab edir ki, «Cavabdeh4» Yaşayış Kompleksi ilə digər cavabdehlər arasında Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli küçəsi 34 saylı evin sökülməsinə dair bağlanmış müqavilə etibarsızdır. Çünki, cavabdehlər həmin müqaviləni bağlayarkən qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşlar. Müqavilə onun xəbəri olmadan bağlanmışdır. Bu, onun hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Bu səbəbdən hesab edir ki, həmin müqavilə etibarsız hesab edilməlidir. İddiaçının nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçının həmin mənzildə istifadə hüququ olmamışdır belə ki, iddiaçı keçmiş həyat yoldaşı ilə iki dəfə nikahda olmaqla sonradan boşanmaqla ümumiyyətlə həmin mənzildə yaşamamışlar. Bu isə iş materiallarından da aydın görünür. Belə ki, həmin mənzil bir neçə il bundan əvvəl sökülməsindən iddiaçı təzə xəbər tutmaqla cavabdehlərdən pul almaq niyyəti ilə bu iddianı qaldırmışdır. İddiaçının həmin mənzilə istifadə hüququnun olması barədə iddiaçı tərəf hər hansı sübut təqdim edə bilmədiyindən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 Mirzəəli oğluna və «Cavabdeh4» Yaşayış Kompleksinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və cavabdeh «Cavabdeh4» Yaşayış Kompleksinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və cavabdeh «Cavabdeh4» Yaşayış Kompleksinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili X2 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2003-cü il tarixli 2-1153/2003 saylı qətnaməsindən görünür ki, Cavabdeh3 Mirzəəli oğlunun İddiaçı qarşı «nikahın pozulması» tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh3 Mirzəəli oğlu ilə İddiaçı arasında xx xxxxxxx 1999-cu il tarixdə Səadət Sarayında bağlanmış nikah pozulmuş, xx.xx.2000-ci il təvəllüdlü Mirzə anası İddiaçı yanında saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 2(006)-870/2017 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh3 Mirzəəli oğluna qarşı «nikahın pozulması və aliment» tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh3 Mirzəəli oğlu ilə İddiaçı arasında xx xxxxxxx 2009-cu il tarixdə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsində 770 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2000-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X4 anaları İddiaçı yanında saxlanılmış, Cavabdeh3 Mirzəəli oğlundan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxxx 2016-cı il tarixdən başlayaraq hər ay hər uşağa görə 137 manat, cəmi 274 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, xx.xx.2017-ci il tarixdən ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 58 m2 olan yaşayış sahəsi (mənzil) xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 2620 nömrəli reyestr kitabının 244219 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, iddiaçı mübahisələndirdiyi müqavilənin təsdiq olunmuş surətini məhkəməyə təqdim etməmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, cavabdehlərin özlərində də müqavilənin surəti mövcud deyil. Belə ki, müqavilə bir nüsxə olmuş, həmin nüsxə imzalandıqdan sonra Yaşayış Kompleksində qalmışdır. Məhkəmə iddiaçı tərəfin vəsatətinə əsasən cavabdeh «Cavabdeh4» Yaşayış Kompleksinə sorğu ünvanlasa da, sorğu məktubları «ünvan tam deyil» qeydi ilə geri qaytarılmışdır. Tərəflərin verdiyi şifahi məlumata əsasən müqavilə 2018-ci ildə bağlanmışdır. Göründüyü kimi, müqavilə bağlanan dövrdə tərəflər nikahda olmamışlar. İddia ərizəsində adı qeyd olunan yaşayış sahəsi öncələr iddiaçının keçmiş qayınatasına məxsus olmuşdur. Sonradan həmin yaşayış sahəsi vərəsəlik hüququ üzrə iddiaçının keçmiş baldızının mülkiyyətinə keçmişdir. İddiaçı məhkəməyə müqavilə bağlanan tarixdə mənzildən istifadə hüququnun olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. X7 Məhkəməsi «X1» qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar – nisyə alğı-satqı müqaviləsi, borcun mövcud olması barədə qəbz və s. məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Mirzəəli oğluna və «Cavabdeh4» Yaşayış Kompleksinə qarşı «Cavabdeh4» Yaşayış Kompleksi ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mirzəəli oğlu arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Mirzəəli oğluna və «Cavabdeh4» Yaşayış Kompleksinə qarşı «Cavabdeh4» Yaşayış Kompleksi ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mirzəəli oğlu arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-273/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-273/2021
17.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver