Məhkəmə qərarları › İş №2(006)-273/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-273/2023

01.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-273/2023 01.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh (X16 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atasının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,02355 ha torpaq sahəsi və üzərində tikilmiş 397,8 m2 olan yaşayış evinə dair xx.xx.2015-ci il tarixdə verilmiş Bakı şəhəri 31 saylı DNK-nın 4Ə-105 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməklə, ƏMDK-nın yanında DƏDRX-nin verdiyi çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X4 xx.xx.2018-ci il tarixdə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. X2 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. O, bacısı X12 ilə birlikdə yaşayış yerləri olmadığı üçün kirayədə yaşayırlar. Atası sağlığında ünvan 1 ünvanda yerləşən 0,02355 ha torpaq sahəsini və üstündə tikilən 397,8 m2 evi öz adına rəsmiləşdirərək xx.xx.2012-ci il tarixdə ƏMDK-nın yanında DƏDRX-dən çıxarış da almışdır. Atası Cavabdeh ilə iş birliyi qurmuş, ona 10.000 manata yaxın borcu yaranmışdır. Atası yarınmış borcu ödəmək üçün cavabdehdən vaxt istəmişdir. Lakin Cavabdeh polislərlə əlaqəyə girərək DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə müraciət edir. İş birliyi zamanı yaranmış, yəni mülki xarakter daşıyan iş BMCQMİ-də araşdırılmış və atası orada bərk incidilərək, fiziki təqyiqlər olmuş və bildirilmişdir ki, atası cavabdehə əmlaka dair etibarnamə verməlidir. Atası qorxaraq, məcbur qalaraq borcundan 10 dəfələrlə çox, yəni 80.100 minlik dəyərində olan əmlakına (evə) dair cavabdehə etibarnamə vermişdir. Atası cavabdehlə razılığa gəlir ki, o, borcu qayıtarır, cavabdeh isə etibarnaməni ləğv etsin. Razılığa gələndən sonra atası xx.xx.2015-ci il tarixdə 9 saylı notariat kontorunda Cavabdeh əmlaka dair etibarnamə vermişdir. İki aydan sonra cavabdeh atasının inamından sui-istifadə edib aldadaraq, atasının xəbəri olmadan xx.xx.2015-ci il tarixdə atasının adına olan daşınmaz əmlakı, yəni 0,02355 ha torpaq sahəsini və 397,8 m2 olan evi özgəninkiləşdirmişdir. Atası bu xəbəri eşidəndən sonra xəstəlik tapmış, 2 il xəstə yatmış, xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Düşünür ki, atasının ölümünə səbəb cavabdehin qanunsuz hərəkətəri olmuşdur. Ona görə də, o, 7 saylı xüsusi notariat ofisinə müraciət etmiş və xx.xx.2022-ci il tarixdə atasının vərəsəsi olması barədə vərəsəlik işi açılmışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Cavabdeh məhkəmə iclasında iddiaya mahiyyəti üzrə baxılmasını tələb etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddiaya mahiyyəti üzrə baxılmasını tələb etdi. Məhkəmə cavabdeh tərəfin mülki işə mahiyyəti üzrə baxılmasını tələb etdiyini nəzərə alaraq, mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etdi və izahatında bildirdi ki, iddia ərizəsində göstərilənlər cəfəngiyyatdır. Bundan başqa, mövcud qanunvericilik normalarının tələblərinə görə, iddia müddəti ötürüldüyündən iddia rədd edilməlidir. Bu səbəbdən, iddia müddəti tətbiq edilməklə, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin və cavabdehin nümayəndəsinin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, şahid X5 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Cavabdeh ona müraciət edərək mübahisəsi gedən torpağı satmağını istəmişdir. O da etibarnamə əsasında həmin torpağın beş sotunu 8500 manata satmışdır. Sonradan torpağın Cavabdeh adına olmadığı, dövlətin adına olduğu məlum olmuşdur. Cavabdeh etibarnamələri almaq üçün xərclədiyi pulları və 8500 manat torpağa görə ödənilmiş pulu tələb etsə də, heç bir nəticəsi olmamış, pullar geri qaytarılmamışdır. X7 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Cavabdeh şəxsən tanımır, sadəcə olaraq ondan torpaq almışdır. Sonra da məlum olmuşdur ki, torpağın sənədlərində problem var və etibarnamələr də ləğv olunmuşdur. X3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, belə bir evin olduğunu bilmiş və Cavabdeh müraciət edərək müqaviləylə almışdır. Həyətin qıfılın bir neçə dəfə qırdıqları üçün Cavabdeh bununla bağlı müraciət etmiş və Cavabdeh onu Talıbov Sərhadla tanış etmişdir. T.Sərhad ona demişdir ki, Cavabdeh pul borcu vardır. T.Talıbı tanımır, yalnız 1-2 dəfə T.Sərhadı görmüşdür. X1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Talıbov Sərhad və Cavabdeh tanıyır. 2013-2014-cü illərdə Cavabdehlə görüşmüş və ona demişdir ki, taxta satmış lakin pulun ala bilməmişdir. Təxmini 100.000-110.000 dollar borc idi. T.Talıbı ümumiyyətlə tanımır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi X9 mülkiyyətində olmuşdur (Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış məlumatlarına əsasən). Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin 24 oktyabr 2022-ci il tarixli **********82 saylı məktubundan görünür ki, həmin fərdi yaşayış evi (əvvəlki ünvanı - Əzizbəyov rayonu Hövsan südçülük sovxozu Vaqif küçəsi ev 59) X9 adına xx.xx.2003-cü il tarixdə ilkin qeydiyyata alınmışdır. Həmin fərdi yaşayış evi X9 etibarnamə üzrə nümayəndəsi Cavabdeh ilə X16 arasında imzalanmış Bakı şəhəri 31 saylı NK-nın 4ə-105 reyestr nömrəli xx.xx.2015-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən sonuncunun adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Daşınmaz əmlaka dair bağlanmış alğı-satqı müqaviləsinin və etibarnamənin surəti iş materiallarına əlavə olunmuşdur. Ölüm haqqında şəhadənamədən göründüyü kimi, iddiaçının X4 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində bronxların və ya ağciyərin aşağı payının bədxassəli yenitörəməsindən vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş digər sənədlərdən görünür ki, X15 tərəfindən cavabdehə 28 iyul 2015-ci il tarixdə 7E-16944 saylı etibarnamə verilmişdir. X15 14 iyul 2016-cı il tarixdə Bakı şəhəri 9 saylı Notariat Kontoruna etibarnamənin ləğvinə dair yazılı ərizə ilə müraciət etmişdir. Həmin ərizə əsasında etibarnamə ləğv edilmişdir. İş materiallarından görünür ki, hazırda mərhum S.Talıbovun oğlu tərəfindən mübahisələndirilən alğı-satqı müqaviləsi etibarnamə ləğv olunan müddətdən xeyli öncə bağlanmışdır. S.Talıbov sağlığında etibarnamənin ləğvinə dair yazılı ərizə ilə müraciət etsə də, alğı-satqı müqaviləsini mübahisələndirməmişdir. Alğı-satqı müqaviləsinin bağlandığı xx.xx.2015-ci il tarixdən bu günədək 7 ildən çox vaxt keçmişdir. S.Talıbovun vəfat etdiyi tarixədək isə 2 il 6 ay vaxt keçmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, iddiaçının mübahisələndirdiyi əqdin etibarsız hesab edilməsi üçün qanuni əsas yoxdur. Müqavilənin etibarsız hesab edilməsinin qanuni əsasları müvafiq maddi hüquq normalarında öz əksini tapmışdır. Hazırkı iş üzrə qeyd olunan əsaslar müəyyən edilmir. İddiaçı tərəfindən iddia müddəti üzürsüz səbəblərdən ötürülməsi barədə cavabdehin ərizəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına əsasən Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Göstərilənlərə əsasən, hazırkı iş üzrə əqdin əhəmiyyətsizliyi müəyyən edilmədiyindən müddətin xeyli ötürülüməsinə baxmayaraq məhkəmə müddətin tətbiqi ilə bağlı zərurət görmür. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh (X16 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh (X16 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar