Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-273/2024 13.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı aktın ləğvi və borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən İddiaçı adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli 602059 saylı aktın ləğv edilməsi və iddiaçının 059266 nömrəli abonent koduna yazılmış 4095 manat su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə haqqının ödənişinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus ünvan 1 ünvanda yerləşən avtoyuyucunu xx.xx.2023-cü il tarixdə X4 ilə bağladığı icarə müqaviləsi əsasında onun istifadəsinə vermişdir. Həmin tarixdən “Azərsu" ASC tərəfindən təqdim edilmiş smart kartı əsasında icarəçi ödəniş etmiş və sudan istifadə etmişdir. Eyni zamanda iki gündən bir Azərsu ASC-nin Nəsimi Sukanal İdarəsinin nəzarətçiləri gəlib yerində yoxlanış aparırlar. İcarəçi hardasa 6 ayda yaxın müddətdir ki, həmin avtoyuyucunu işlədir və bu günədək heç vaxt problem yaşamamışlar. xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə “Azərsu" ASC-nin Nəsimi rayon Sukanal İdarəsi tərəfindən ona 602059 saylı xx.xx.2023-cü il tarixli Akt və 4104 manat su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə haqqının ödənişi fakturasını göndərmişdir. “Azərsu" ASC-nin Nəsimi rayon Sukanal İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 602059 saylı aktda qeyd edilir ki, “Yuxarıda qeyd edilən ünvana baxış keçirildi. Baxış keçirilən zaman məlum oldu ki, abonent obyektə məxsus sayqacdan əvvəl birbaşa qoşulma edərək d20 mm-lik boru vasitəsilə ehtiyyat su çənini doldurmaqla sudan qeyri-qanuni istifadə edir." Bildirmək istəmişdir ki, həmin aktın tərtib edilməsində nə onun nə də ki, icarəçi tərəfindən ümumiyyətlə heç kimin iştirakı qeyd edilməmişdir. O, hesab etmişdir ki, həmin akt qanunsuz olaraq tərtib edilmişdir. O, videoçəkilşlə tanış olmaq istəsə də bunun üçün cavabdehin nümayəndələri ona heç bir şərait yaratmayıblar. Sadəcə bircə onu bilir ki, guya baxış gecə saatlarında həyata keçirilmişdir. Ondan əlavə olaraq bildirmək istəmişdir ki, cavabdeh həmin 4104 manat borc məbləğini birbaşa onun smart kartına yönəltmiş və icarəçi demək olar ki, sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmir. Karta yönəltdiyi bütün məbləğlər vurulan kimi borcundan silinir. O, xx.xx.2023-cü il tarixdə X4 ilə icarə müqaviləsi bağlamış və ondan sonra fəaliyyətə başlamışdır. Mənsur xx.xx.2023-cü il tarixdən öncə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə ödəniş etmişdir. Necə ola bilər ki, 6 ay işləyən obyektə görə ona 360 gün üçün sərfıyyət hesablanmışdır. Ondan əlavə olaraq bildirmək istəmişdir ki, lap fakt özünü təsdiq etsə belə hesab edir ki, xx.xx.2023-cü il tarixdən 5 gün üçün ona cərimə hesablanmalıdır bu da ki, 5 saatdan hesablansa ən çoxu 287 manat (5saat* 1.14=28.7m3 *1 manat =28.7 manat*5 gün 143,5 manat *2, 287 manat) ola bilər. Ondan əlavə olaraq bildirmək istəmişdir ki, hətta “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 saylı qərarının 4 saylı əlavəsində belə olan halda d20mm boru ilə sudan qanunsuz istifadə edilməsi ən çox 3 ay üçün 513 manat hesablana bilər. Hesab etmişdir ki, həmin akt qanunsuz tərtib edilərək ona şişirdilmiş məbləğdə borc tərtib edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verməklə onun təmin olunmasını xahiş etdi. İzahatında bildirdi ki, həmin icarə obyektində kənar xəttdən istifadə edilsə də, dəymiş ziyan tələb olunan məbləğdə ola bilməz. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X2 iddia tələbini etiraf etməyərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləməklə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan icarəyə verən İddiaçı ilə icarəçi X4 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış icarə müqaviləsinin surətindən görünür ki, həmin müqavilə icarəyə verənin xüsusi mülkiyyətində olan ümumi sahəsi 16.4 kv.m olan ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsini icarəçiyə icarə verməsi haqqında bağlanmışdır. İş materiallarında olan Cavabdeh ASC tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş 602059 saylı aktda göstərilmişdir ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə baxış keçirilərkən məlum olmuşdur ki, abonent obyektə məxsus sayqacdan əvvəl birbaşa qoşulma edərək d 20mm-lik boru vasitəsilə ehtiyat su çənini doldurmaqla ondan qeyri-qanuni istifadə edir. İş materiallarında olan qanunsuz istifadə fakturasından görünür ki, İddiaçı tərəfindən dəymiş maddi ziyan olaraq 4104 manat hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın: 4.1, 4.1.1, 4.1.2, 4.1.3 və 4.1.7-ci maddələrinə əsasən, su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq, STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək, suölçən cihazlar və ya onlara vurulmuş plomblar hər hansı səbəbdən zədələndikdə (xarab olduqda), növbəti iş günündən gec olmayaraq, bu barədə STKM-i xəbərdar etmək istehlakçının vəzifələridir. 3.1.1. STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək; 3.1.2. smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış və ya suölçən cihaz quraşdırılmamış istehlakçıdan verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq təqdim edilmiş hesabın ödənilməsini tələb etmək. 8.6. Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. 8.7. Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. Məhkəmə araşdırması zamanı su xəttinə qanunsuz qoşulma barədə tərtib edilmiş akta əlavə edilmiş diskə iddiaçının iştirakı ilə baxış keçirilərkən, ünvan 3 ünvanında iddiaçıya məxsus obyektdə sayğacdan kənar su borusunun mövcud olması və onun vasitəsi ilə sudan istifadə halı müşahidə edilmişdir. İddiaçı bunu işə gəbul edilmiş yeni işçinin səhv borudan istifadə etməsi ilə izah etməyə çalışmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı tərəfindən silinməsi tələb edilən borc, iddiaçının abunə koduna hesablanmış cərimə borcudur. Həmin məbləğ 360 gün müddətində sərf edilmiş 2052 m3 suya görə hesablanmış məbləğdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Göstərilən normanın tələbinə görə sübut etmə vəzifəsi tərəflərin üzərinə düşür, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı aktın ləğvi və borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-273/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-273/2024
13.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver