Məhkəmə qərarları › İş №2(006)-274/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-274/2024

30.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-274/2024 30.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı2 nümayəndəsi X17 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 (X12 mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh Bakı şəhəri 29 saylı Notariat Ofisinə qarşı «miras əmlakın qəbul müddətinin bərpa edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Bakı şəhəri 29 saylı Notariat Ofisinə qarşı «miras əmlakın qəbul müddətinin bərpa edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 dekabr 2014-cü il tarixdə vəfat etmiş X27 xanım Seyidəli qızına məxsus ünvan 1 ünvanda yerləşən 4 saylı evə dair miras əmlakın qəbulu müddətinin buraxılmasının üzürlü hesab edilərək müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, X12 mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əliyeva Bayram xanım Seyidəli qızı iddiaçılar İddiaçı1 və İddiaçı2 anası və digər iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 isə nənələridir. X27 xanım Seyidəli qızının 4 övladı vardır. Bunlar İddiaçı1, İddiaçı2, X13 və X9r. X1 07 noyabr 2022-ci ildə dünyasını dəyişmişdir. Bunu mərhumun adına 15 noyabr 2022-ci ildə verilmiş AZ-İİ seriyalı 304003 saylı ölüm haqqında şəhadətnamə təsdiq edir. Bunu həmçinin iddiaçılara məxsus doğum haqqında şəhadətnamələr təsdiq edir. X27 xanım Seyidəli qızı 06 dekabr 2014-cı ildə «Ağciyər ödemi» xəstəliyindən dünyasını dəyişmişdir. Bunu mərhumun adına 12 dekabr 2014-cü ildə verilmiş AZ-l seriyalı 718449 saylı «Ölum haqqında şəhadətnamə» təsdiq edir. Mərhumun vəfatı tarixində mülkiyyətində ünvan 2 ünvanda yerləşən 4 saylı fərdi ev vardır. Bu barədə mərhumun adına xx.xx.2008-ci ildə MH seriyalı ******* №-li çıxarış verilmişdir. Həmin fərdi evi mərhumun vəfatından sonra iddiaçılar mərhumun qanuni varisləri kimi istifadə etmiş, faktiki miras əmlakı qəbul edib onu idarə etmişlər. Lakin hüquqi savadsızlıq səbəbindən vaxtında notariat orqanına miras əmlakların qəbulu üçün müraciət etməmişlər. Bu yaxınlarda qanuni vərəsələr kimi Bakı şəhəri 29 saylı Notariat Ofisinə mirası qəbul etmək üçün müraciət etmişlər. Bakı şəhəri 29 saylı Notariat Ofisindən mirasın qəbulu müddətini buraxdıqları üçün onlara məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur (xx.xx.2023-cü il tarixli 1136 saylı və xx.xx.2023-cü il tarixli 1492 saylı məktub). Bir daha bildirirlər ki, mərhuməyə məxsus ünvan 2 ünvanda yerləşən 4 saylı fərdi evi faktiki qəbul edib, onu idarə edirlər. Qeyd etmişlər ki, mərhum nənələri Əliyeva Bayram xanım Seyidəli qızı ilə mərhum babaları X18 rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Mərhum babaları X18 07 yanvar 1991-ci ildə «Ağciyər ödemi» xəstəliyindən dünyasını dəyişmişdir. Bunu mərhumun adına 06 may 2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı 795020 saylı «Ölüm haqqında şəhadətnamə» təsdiq edir. İddiaçı2 nümayəndəsi X21 məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçılar İddiaçı3, İddiaçı4 və İddiaçı5 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Həmçinin, mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 münasibətdə miras əmlakı vərəsə kimi qəbul etməsinə etirazlarının olmadığını qeyd etmişlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X12 izahatında mərhumə Əliyeva Bayram xanım Seyidəli qızının anası olmasını, mübahisəli ünvanda özü və iki övladının qeydiyyatda olmasını, oradan köçüb getməsini, həmin ünvanda qardaşı Şakirin yaşamasını, hazırki iş üzrə iddiaçı qismində iştirak etməsinə hələ zərurət görmədiyini qeyd edərək, qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdeh Bakı şəhəri 29 saylı Notariat Ofisinin notariusu məhkəməyə məktubla müraciət edərək, mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunanlara əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, digər iddiaçılar və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə digər iddiaçıların və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxsin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı2 nümayəndəsi X17 izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 12 dekabr 2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı 718449 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Əliyeva Bayram xanım Seyidəli qızı 06 dekabr 2014-cü il tarixdə Bakı şəhərində ağ ciyər ödemindən vəfat etmişdir. - Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən 15 noyabr 2022-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 304003 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X14 07 noyabr 2022-ci il tarixdə vəfat etmişdir. - Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən 06 may 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 795020 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.1991-ci il tarixdə vəfat etmişdir. - Nəsimi rayonu İcra Hakimiyyətinin MKTD-nin Nəsimi rayon MKTB-nin 41 saylı MKİS-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 2 ev 4 fərdi evdir. Hazırda mövcud ev İcra Hakimiyyətinin balansında deyil, dədə-baba mülküdür. - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əliyeva Bayram xanım Seyidəli qızının adına verilmiş seriya MH № ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»dan görünür ki, ünvan 2-da istifadədə olan 0,01721 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 6 otaqlı, 81,7 m2 yaşayış, 52,4 m2 köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Əliyeva Bayram xanım Seyidəli qızının 2/4 hissə, X15 1/4 hissə, X6 1/4 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 91 nömrəli reyestr kitabının 8289 nömrəli vərəqində qeydiyyata alınmışdır. - ünvan 3 ünvanladığı 22 iyun 2023-cü il və 27 iyul 2023-cü il tarixli cavab məktublarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə istinad edərək ötürülmüş müddətin bərpası haqqında məhkəmənin müvafiq qərarı təqdim edildikdən sonra onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi haqqında ərizələrinə baxılacağı bildirilmişdir. - ünvan 4 ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Əliyeva Bayram xanım Seyidəli qızından miras qalmış əmlaka dair Azərbaycan Respublikasının vətəndaşı olan oğlu İddiaçı2, nümayəndəsi X21 vasitəsilə xx.xx.2023-cü ildə notariat ofisinə müraciət edərək vərəsəlik işinin açılmasını xahiş etmiş, həmin tarixdə tərəfindən (A-29/2023 il) nömrə ilə vərəsəlik işi açılmışdır. Məlumat üçün bildirilir ki, vərəsə X4 adından etibarnamə ilə təmsil edən X21 mirasın qəbulu barədə ərizədə vəfat etmiş Əliyeva Bayram xanım Seyidəli qızının digər vərəsələri olan X12, Gülsarə Bayram xanım, İddiaçı5, İddiaçı4, İddiaçı6 və Könül Sənan qızını qeyd etmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən göründüyü kimi, ünvan 2-da istifadədə olan 0,01721 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 6 otaqlı, 81,7 m2 yaşayış, 52,4 m2 köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Əliyeva Bayram xanım Seyidəli qızının 2/4 hissə, X15 1/4 hissə, X6 1/4 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 91 nömrəli reyestr kitabının 8289 nömrəli vərəqində qeydiyyata alınmışdır. Əliyeva Bayram xanım Seyidəli qızının adına Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 23 may 2008-ci il tarixdə MH seriyalı ******* saylı çıxarış verilmişdir. Müəyyən edilmişdir ki, Əliyeva Bayram xanım Seyidəli qızı ilə X11 nikahlarından İddiaçı1, İddiaçı2, X13 və X12 adlı övladları vardır. Təqdim edilmiş ölüm haqqında şəhadətnamələrdən göründüyü kimi, Əliyeva Bayram xanım Seyidəli qızı 06 dekabr 2014-cü il tarixdə, həyat yoldaşı X18 17 yanvar 1991-ci il tarixdə, övladı X14 isə 07 noyabr 2022-ci il tarixdə vəfat etmişdir. Məhkəmə vərəsələrin dairəsini müəyyən edərək qeyd edir ki, Əliyeva Bayram xanım Seyidəli qızı 06 dekabr 2014-cü il tarixdə vəfat etmiş mərhumə X2 miras qalmış əmlaka (ünvan 2-da istifadədə olan 0,01721 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 6 otaqlı, 81,7 m2 yaşayış, 52,4 m2 köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinin 2/4 hissəsini) münasibətdə iddiaçılar İddiaçı1, İddiaçı2, mərhum X7 övladları İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 mərhum X5 varislərdir və bu barədə mübahisə yoxdur. Lakin mərhumənin övladlarından biri olan vərəsə X12 miras əmlakın qəbulu müddətinin buraxılması ilə bağlı müraciət etməmiş, birgə iddiaçı kimi qoşulması təklif edilməsinə baxmayaraq hazırda belə bir fikri olmamasını göstərmişdir. Müəyyən edilmişdir ki, sözügedən miras əmlak mərhumənin vəfatından sonra iddiaçılar tərəfindən faktiki olaraq qəbul edilmiş, həmin evdə davamlı şəkildə yaşayış olmaqla, evdən təyinatı üzrə istifadə edilmişdir. X12 isə orada yaşamasa da, həmin ünvanda qeydiyyatda olmuş və hal-hazıradək qeydiyyatdadır. Hazırda isə İddiaçı2 həmin evdə yaşayır. İddiaçılar həmin əmlak üzərində vərəsə kimi hüquqlarının təsbit olunaraq, adlarına müvafiq şəhadətnamə verilməsi üçün notariat ofisinə müraciət etmişlər. Notariat ofisinin notariusu təqdim olunmuş sənədləri nəzərdən keçirmiş və iddiaçılara Mülki Məcəllənin həmin dövrdə qüvvədə olan 1246-cı maddəsinə istinad etməklə, məktub ünvanlayaraq, ötürülmüş müddətin bərpası haqqında məhkəmənin müvafiq qərarı təqdim edildikdən sonra onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi haqqında ərizələrinə baxılacağı bildirilmişdir. Məhkəmə vurğulayır ki, hazırki mülki iş üzrə mübahisəyə hüquqi qiymət verilərkən «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarının müddəalarına diqqət yetirilməlidir. Belə ki, həmin qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş; Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş; Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Sözügedən qərara əsasən qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Göründüyü kimi, notariat ofisinin yuxarıda qeyd edilən məktubunda istinad edilən maddi hüquq norması qüvvədən düşmüş hesab edilmişdir. Hüquqi müəyyənlik prinsipi baxımından eyni mübahisələr üzrə tətbiq edilmiş maddi hüquq norması kimi çıxış edən Mülki Məcəllənin 1246-cı maddəsi qüvvədən düşdüyündən, bu iddiaçıların hüquqlarının pozulmasına hər hansı əsas vermədiyindən, 06 dekabr 2014-cü il tarixdə vəfat etmiş mərhumə X3 payına uyğun ünvan 2 ünvanda yerləşən 4 saylı evə dair miras əmlakın qəbulu müddətinin buraxılmasına dair notariat ofisinin məktubu artıq hüquqi əhəmiyyətini itirdiyindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarının müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, vərəsələr tərəfindən mirasdan imtina etmə halları olmadığından iddia təmin edilməklə onlar mirası qəbul etmiş vərəsə hesab edilməlidir. Məhkəmə bu qənaətə gələrkən miras əmlakın faktiki olaraq qəbul edildiyini, təyinatı üzrə istifadə olunduğunu, eləcə də vərəsələr arasında hər hansı ixtilaf və mübahisənin olmadığını nəzərə alır və qeyd etməyi zəruri sayır ki, iddiaçılar mirası qəbul etmək üçün notariat ofisinə təqdim etdikləri ərizədə vərəsə X8 adını qeyd etdikləri üçün sonuncunun mirasdan imtina etməsi halı istisna olmaqla bütün vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Məhkəmə həmçinin qeyd etməyi zəruri sayır ki, məhkəmə bu nəticəsi ilə iddia tələbindən də kənara çıxmaya yol vermir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarında göstərilmişdir ki, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. Məhkəmənin həmçinin, məhkəmə araşdırılmasının gedişində aşkara çıxan yeni hallara istinad edərək, iddianın əsasına əlavə etmək hüququ vardır Göründüyü kimi, Mülki Məcəllənin 1246-cı maddəsi qüvvədən düşdüyündən həmin normanın tələbi üzrə də ötürülmüş müddətin bərpası haqqında məhkəmənin müvafiq qərarının təqdim edilməsinə hüquqi zərurət yoxdur və hazırki halda həmin normaya istinadən məhkəmənin icraatında olan iddia tələbinə artıq sözügedən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarının müddəaları baxımından qiymət və nəticə verilməlidir. Belə ki, qanunvericiliyə görə Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Eyni müddəa «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 66.1-ci maddəsində öz əksini tapmışdır. Həmin Qanunun 66.2 və 63.4-cü maddələrinə əsasən Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır, bu qərarlar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 (mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 payı nəzərə alınmaqla) ünvan 2 ünvanda yerləşən 4 saylı evə dair 06 dekabr 2014-cü il tarixdə vəfat etmiş mərhumə Əliyeva Bayram xanım Seyidəli qızının payına uyğun miras əmlakı qəbul etmiş vərəsə hesab edilməlidirlər. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 (mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 payı nəzərə alınmaqla) ünvan 2 ünvanda yerləşən 4 saylı evə dair 06 dekabr 2014-cü il tarixdə vəfat etmiş mərhumə Əliyeva Bayram xanım Seyidəli qızının payına uyğun miras əmlakı qəbul etmiş vərəsə hesab edilsinlər. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar