Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-276/2021 08.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 və cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması və s." tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1873/2018 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq birgə nikahdan anadan olan övladları xx.xx.2006-cı il təvəllüdlü Ağayev Ramid Rövşən oğlunun, xx.xx.2012-ci il təvəllüdlü Ağayeva Aydan Rövşən qızının və xx.xx.2015-ci il təvəllüdlü Ağayev Mikayıl Rövşən oğlunun saxlanması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla ümümilikdə 510 manat sabit pul məbləğində alimentin, Ağayev Mikayıl Rövşən oğlunun müalicəsi ilə bağlı xərclədiyi 920,65 manat pulun ½ hissəsinin, yəni 460,30 manatın və Ağayev Ramid Rövşən oğlunun müalicəsi ilə bağlı xərclədiyi 360,60 manat pulun ½ hissəsinin, yəni 180,30 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1873/2018 saylı, xx xxxx 2019-cu il tarixli qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq birgə nikahdan anadan olan övladları xx.xx.2006cı il təvəllüdlü Ağayev Ramid Rövşən oğlunun, xx.xx.2012-ci il təvəllüdlü Ağayeva Aydan Rövşən qızının və xx.xx.2015-ci il təvəllüdlü Ağayev Mikayıl Rövşən oğlunun saxlanması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla ümümilikdə 525 manat sabit pul məbləğində alimentin, Ağayev Mikayıl Rövşən oğlunun müalicəsi ilə bağlı xərclədiyi 965,60 manat pulun ½ hissəsinin, yəni 482,80 manatın, Ağayeva Aydan Rövşən qızının müalicəsi ilə bağlı xərclədiyi 350,60 manat pulun ½ hissəsinin, yəni 175,30 manat pulun və Ağayev Ramid Rövşən oğlunun müalicəsi ilə bağlı xərclədiyi 541,80 manat pulun ½ hissəsinin, yəni 270,90 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2007-ci ildə nikaha daxil olmuşdur. Birgə nikahlarından üç övladları - xx.xx.2006-cı il təvəllüdlü Ağayev Ramid Rövşən oğlu, xx.xx.2012-ci il təvəllüdlü Ağayeva Aydan Rövşən qızı və xx.xx.2015-ci il təvəllüdlü Ağayev Mikayıl Rövşən oğlu dünyaya gəlmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3225/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında xx xxxxxx 2007-ci il tarixdə Masallı rayon Səmidxan ərazi nümayəndəliyində bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü Ağayev Ramid Rövşən oğlu, xx.xx.2012-ci il təvəllüdlü Ağayeva Aydan Rövşən qızı və xx.xx.2015-ci il təvəllüdlü Ağayev Mikayıl Rövşən oğlu onun yanında saxlanılmışdır. Nəsimi Rayon Məhkəməsinin eyni tarixli, eyni nömrəli qətnaməsi ilə Cavabdeh xx xxxx 2017-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü Ağayev Ramid Rövşən oğlunun, xx.xx.2012-ci il təvəllüdlü Ağayeva Aydan Rövşən qızının və xx.xx.2015-ci il təvəllüdlü Ağayev Mikayıl Rövşən oğlunun saxlanması üçün hər ay hər uşaq üçün 136 manat olmaqla, cəmi 408 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. O, uşaqların maddi təminatını ödəyə bilmədiyi üçün məcbur olub iddia ərizəsi ilə yenidən Nəsimi Rayon Məhkəməsinə müraciət edərək həmin məhkəmənin 2(006)-3225/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarım artırılması, birgə nikahlarından anadan olan övladları xx.xx.2006-cı il təvəllüdlü Ağayev Ramid Rövşən oğlunun, xx.xx.2012-ci il təvəllüdlü Ağayeva Aydan Rövşən qızının və xx.xx.2015-ci il təvəllüdlü Ağayev Mikayıl Rövşən oğlunun saxlanması üçün hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 462 manat sabit pul məbləğində alimentin, xx.xx.2006-cı il təvəllüdlü Ağayev Ramid Rövşən oğlunun saxlanması ilə bağlı əlavə xərclərə görə hər ay 100 manat tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Onun iddia ərizəsi əsasında başlanılmış mülki işə Nəsimi Rayon Məhkəməsində hakim Rəşid Səmədovun icraatında baxılmış, iddia tələbi qismən təmin edilərək birgə nikahlarından anadan olan övladları xx.xx.2006-cı il təvəllüdlü Ağayev Ramid Rövşən oğlunun, xx.xx.2012-ci il təvəllüdlü Ağayeva Aydan Rövşən qızının və xx.xx.2015-ci il təvəllüdlü Ağayev Mikayıl Rövşən oğlunun saxlanması üçün hər ay hər uşaq üçün 154 manat olmaqla cəmi 462 manat sabit pul məbləğində alimentin, xx.xx.2006-cı il təvəllüdlü Ağayev Ramid Rövşən oğlunun saxlanması ilə bağlı əlavə xərclərə görə hər ay 50 manat tutularaq ona verilməsinə dair 2(006)-3049/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnamə qəbul edilmişdir. Sonradan o, alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1873/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onun iddiası təmin olunmuş, birgə nikahdan olan övladlarının saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 160 manat sabit pul məbləğində aliment tutulmuşdur. Uşaqların hər üçü onun himayəsindədir. Onların bütün maddi tələbatlarını o ödəyir. Bir uşağı azyaşlı, digər iki oğlu isə həm azyaşlı, həm də xəstə olduğu üçün heç bir yerdə işləyə bilmir. Ona görə də maddi vəziyyəti pisdir. X7 Rövşən oğlunun və Ağayev Mikayıl Rövşən oğlunun sağlamlıq imkanları məhduddur. Qızının da görmə qabiliyyəti zəifdir. Onların maddi tələbatı digər uşaqların maddi tələbatından daha çoxdur. Belə ki, onlar mütəmadi dərman qəbul etməli, həkimin nəzarətində olmalı, tibbi prosedurlardan vaxtlı-vaxtında keçməlidir. Ona görə də cavabdeh tərəfindən ödənilən alimentin miqdan artırılmalı və uşaqların müalicəsi üçün xərclədiyi məbləğin yarısı cavabdehə aid olmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək yuxarıda göstərilən məzmunda izahat vermiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, cavabdeh onun oğludur. İddiaçının da qeyd etdiyi kimi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş və xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü Ağayev Ramid Rövşən oğlu, xx.xx.2012-ci il təvəllüdlü Ağayeva Aydan Rövşən qızı və xx.xx.2015-ci il təvəllüdlü Ağayev Mikayıl Rövşən oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 136 manat, cəmi 408 manat sabit pul məbləğində aliment pulunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Sonradan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq üç uşaq üçün 480 manat və əlavə xərclərə görə 50 manat müəyyən edilmişdir. Sözügedən qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş və oğlu onların köməyi ilə qeyd olunan qətnaməni icra edir. Alimentin məbləğinin dəyişdirilməsini (artırılması və ya azaldılmasını) nəzərdə tutan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Göründüyü kimi, qanunvericilik məhkəmə tərəfindən təyin olunmuş alimentin miqdarının sonradan dəyişdirilməsi üçün iki halı müəyyənləşdirmişdir. Bunlardan biri tərəflərin maddi vəziyyəti, digəri isə ailə vəziyyətində dəyişikliyin olması ilə bağlıdır. Hazırkı iş üzrə həmin halların heç biri mövcud deyildir. Belə ki, oğlu heç bir yerdə işləmir, heç bir yerdən gəliri yoxdur. Valideynlərinin və qohumlarının hesabına dolanır. Həmçinin yenidən ailə qurub və ikinci nikahından bir övladı dünyaya gəlmişdir. Eləcə də, iddiaçının qeyd etdiyi iki uşağın xəstə olması və sağlamlıq imkanlarının məhdud olması yalandır, iddiaçının bununla bağlı təqdim etdiyi sənədlər saxtadır. Sağlamlıq imkanlarının məhdud olmasını həkim məsləhət komissiyası təyin edir, “Cerman Hospital” təyin etmir. Reseptlər saxtadır. Həm də ki, dövlətimizdə səhiyyə pulsuzdur. Dövlətimiz öz vətəndaşlarına qayğı göstərir, iddiaçının uşaqları sağlam ola-ola belə böyük məbləğdə müalicə xərclərini haradan tapdığını anlamırlar. Uşaqlar tamamilə sağlamdırlar, iddiaçı artıq pul almaq üçün bunlara əl atmışdır. Müalicə xərcləri ilə bağlı yazılan məbləğlər də yalandır. İddiaçı alimentin artırılması tələbi ilə 2019-cu ildə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, tələbi qismən təmin edilmiş, verdikləri apelyasiya şikayəti ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Həmçinin oğlu maddi vəziyyətinin yaxşı olmadığı üçün alimentin azaldılması ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, lakin onun tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təmin olunmamışdır. İddiaçı oğlunun maddi vəziyyətinin yaxşı olmasını qeyd etsə də, bu barədə hər hansı sübut təqdim etməmişdir. Bu isə iddianın rədd edilməsi üçün əsasdır. Tələb olunan alimenti ödəməyə oğlunun maddi imkanı olmadığından alimentin miqdarının artırılması yalnız çıxarılacaq qətnamənin icrasında problemlər yaradacaqdır. Dövlətimiz aztəminatlı ailələrin dolanışığı üçün mütəmadi olaraq müəyyən tədbirlər görür. Buna ünvanlı dövlət sosial yardımını misal göstərmək olar. İddiaçı təyin olunmuş aliment uşaqların saxlanması üçün yetərli deyildirsə, bununla yanaşı ünvanlı dövlət sosial yardımı da ala bilər. Lakin onun bu hüquqdan istifadə etməməsi yalnız oğlunun çətin durumda qoymaq məqsədi daşımasını göstərir. Qanunvericilik uşağı saxlamağı təkcə atanın üzərinə qoymur. Bu məsuliyyətə ananı da şərik edir. Yəni uşağın saxlanılması üçün tələb olunan vəsait təkcə cavabdehə yox, həm də iddiaçıya aiddir. İddiaçının heç bir işlə məşğul olmaması onlardan asılı deyildir. Qarşı tərəfin maddi imkanı yaxşıdır. Bakı şəhərində 6 evləri var, 4-nü kirayə veriblər. Onların kirayədən aylıq gəliri azı 3-4 min manat təşkil edir. Onların məqsədi budur ki, oğlunu intihar həddinə çatdırsınlar. Oğlunun ucqar kənddə yaşamağını, kənddə iş yerlərinin olmadığını, təsərrüfat işləri ilə 480 manat alimenti və 50 manat əlavə xərci, cəmi 530 manatı ödəməyin çətin olduğunu, oğlunun ailəli olduğunu, körpə qızının olmasını, sabit işinin olmamasını nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X4 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3225/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqların ananın yanında saxlanması və hər uşaq üçün hər ay 136 manat olmaqla, cəmi 408 manat məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. İddiaçı yenidən Nəsimi Rayon Məhkəməsinə müraciət edərək müəyyən olunmuş alimentin miqdarının artırılması, hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 462 manat sabit pul məbləğində alimentin, xx.xx.2006-cı il təvəllüdlü Ağayev Ramid Rövşən oğlunun saxlanması ilə bağlı əlavə xərclərə görə hər ay 100 manat tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi qismən təmin edilmiş, hər uşaq üçün hər ay 154 manat olmaqla, cəmi 462 manat sabit pul məbləğində alimentin və Ağayev Ramid Rövşən oğlunun saxlanması ilə bağlı əlavə xərclərə görə hər ay 50 manat tutularaq iddiaçıya verilməsinə dair 2(006)-3049/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnamə qəbul edilmişdir. Daha sonra iddiaçı iddia ərizəsi ilə müraciət edərək hər ay hər uşaq üçün 160 manat olmaqla ümumilikdə 480 manat sabit pul məbləğində alimentin və Ağayev Ramid Rövşən oğlunun saxlanması ilə bağlı əlavə xərclərə görə hər ay 100 manat miqdarında pulun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul etməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1873/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, hər uşağa görə 160 manat olmaqla ümumilikdə 480 manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb ona ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4536/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2006-cı il təvəllüdlü Ağayev Ramid Rövşən oğlunun və xx.xx.2015-ci il təvəllüdlü Ağayev Mikayıl Rövşən oğlunun saxlanılması ilə bağlı əlavə xərclərə görə hər ay hər uşağa görə 40 manat sabit pulun Cavabdeh tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin 2(103)-14648 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4536/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilmişdir. İddiaçının hər dəfə eyni məzmunlu ərizə ilə məhkəməyə müraciət etməsi əsassızdır. Bundan əlavə məhkəmə araşdırmasının ədalətli həlli üçün uşaqlar barədə məhkəmə tibbi ekspertizasının təyin edilməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət edilsə də, iddiaçı tərəf təkidlə uşaqların ekspertizadan keçirilməsinə qarşı olduqlarını bildirmişdir. Bu da onların iddialarının əsassız olması anlamına gəlir. İddiaçı tərəf cavabdeh tərəfin maddi vəziyyətində müsbətə doğru dəyişiklik olmasını, qazancının çox olmasını ərizəsində qeyd etsə də bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Ancaq cavabdeh tərəf olaraq məhkəməyə cavabdehin heç bir yerdə işləməməsini, cavabdehin yeni ailə qurması və bu nikahdan da yetkinlik yaşına çatmayan övladının olmasını, hazırda ayrıldıqları və həmin uşağa da aliment ödəməsini, eyni zamanda bütün dünyanı, həmçinin ölkəmizi cənginə alan Covid-19 pandemiyası ilə əlaqədar işsizliklə bağlı dövlətimizdən hər ay 190 manat müavinət almasını təsdiq edən sənədləri məhkəməyə təqdim etmişlər. Hesab edirlər ki, təqdim etdikləri sübutlara əsasən İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərclərin alınması” tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası, Masallı rayonu Səmidxan ərazi nümayəndəliyi tərəfindən xx xxxxxx 2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı 884129 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ağayev Ramid Rövşən oğlu xx xxxx 2006-cı il tarixdə Masallı rayonunda anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 2007-cü ildə 03 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası, Masallı rayonu Səmidxan ərazi nümayəndəliyi tərəfindən xx xxxx 2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 818613 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ağayeva Aydan Rövşən qızı xx xxxxxx 2012-ci il tarixdə Masallı rayonunda anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxx 2012-ci ildə 05 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası, Masallı rayonu Səmidxan ərazi nümayəndəliyi tərəfindən xx xxxx 2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 487624 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ağayev Mikayıl Rövşən oğlu xx xxxxxx 2015-ci il tarixdə Masallı rayonunda anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxx 2015-ci ildə 06 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-3049/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiasının qismən təmin edilməsi, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2006-cı il təvəllüdlü Ağayev Ramid Rövşən oğlunun, xx.xx.2012-ci il təvəllüdlü Ağayeva Aydan Rövşən qızının və xx.xx.2015-ci il təvəllüdlü Ağayev Mikayıl Rövşən oğlunun yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 462 manat sabit pul məbləğində alimentin və xx.xx.2006-cı il təvəllüdlü Ağayev Ramid Rövşən oğlunun saxlanması ilə bağlı əlavə xərclərə görə hər ay 50 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2(006)-1873/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərclərin alınması” tələbinə dair iddiasının qismən təmin edilməsi, alimentin məbləğinin artırılaraq xx.xx.2006-cı il təvəllüdlü Ağayev Ramid Rövşən oğlunun, xx.xx.2012-ci il təvəllüdlü Ağayeva Aydan Rövşən qızının və xx.xx.2015-ci il təvəllüdlü Ağayev Mikayıl Rövşən oğlunun yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 480 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-1270/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 6ÜŞ-27913/20 saylı arayışından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5296/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1270/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5296/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-14648/2019 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü Ağayev Ramid Rövşən oğlu və xx.xx.2015-ci il təvəllüdlü Ağayev Mikayıl Rövşən oğlunun saxlanılması ilə bağlı əlavə xərclərə görə hər ay, hər uşağa görə 40 manat sabit pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-4536/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-4536/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddianın həmin hissədə də təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2019-cu il tarixli elektron çıxarışın surətindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü Ağayev Ramid Rövşən oğlu sağlamlıq imkanları məhdud uşaqdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflərin birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü Ağayev Ramid Rövşən oğlu, xx.xx.2012-ci il təvəllüdlü Ağayeva Aydan Rövşən qızı və xx.xx.2015-ci il təvəllüdlü Ağayev Mikayıl Rövşən oğlu anadan olmuşdur. Tərəflər arasında olan nikah pozulmuş, uşaqlar analarının yanında saxlanmışlar. Nəsimi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(006)-3049/2018 saylı qətnaməsinə əsasən tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 154 manat olmaqla cəmi 452 manat sabit pul məbləğində aliment və xx.xx.2006-cı il təvəllüdlü Ağayev Ramid Rövşən oğlunun saxlanılması ilə bağlı əlavə xərclərə görə hər ay 50 manat məbləğində pulun tutulub İddiaçı verilməsi qət edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(006)-1873/2019 saylı qətnaməsinə əsasən alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 480 manat təyin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-14648/2019 saylı qətnaməsinə əsasən xx.xx.2006-cı il təvəllüdlü Ağayev Ramid Rövşən oğlu və xx.xx.2015-ci il təvəllüdlü Ağayev Mikayıl Rövşən oğlunun saxlanılması ilə bağlı əlavə xərclərə görə hər ay, hər uşağa görə 40 manat sabit pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-4536/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-4536/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddianın həmin hissədə də təmin edilməməsi qət edilmişdir. Hazırda iddiaçı təyin olunmuş alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 525 manat təyin edilməsi, həmçinin, Ağayev Mikayıl Rövşən oğlunun müalicəsi ilə bağlı xərclədiyi 965,60 manat pulun ½ hissəsinin, yəni 482,80 manatın, Ağayeva Aydan Rövşən qızının müalicəsi ilə bağlı xərclədiyi 350,60 manat pulun ½ hissəsinin, yəni 175,30 manat pulun və Ağayev Ramid Rövşən oğlunun müalicəsi ilə bağlı xərclədiyi 541,80 manat pulun ½ hissəsinin, yəni 270,90 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iddia tələbinin tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşaqların hər biri üçün hər ay 175 manat olmaqla cəmi 525 manat alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMTnin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2/2016 saylı qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşaqların mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, məhkəmə xx.xx.2006-cı il təvəllüdlü Ağayev Ramid Rövşən oğlunun, xx.xx.2012-ci il təvəllüdlü Ağayeva Aydan Rövşən qızının və xx.xx.2015-ci il təvəllüdlü Ağayev Mikayıl Rövşən oğlunun saxlanmaları üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin artırılaraq hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 525 manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Məhkəmə iddia tələbinin uşaqların müalicəsi ilə bağlı xərclənmiş vəsaitin ½ hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2015-ci il tarixli qərarında qeyd olunur ki, AM-nin 80 və 81-ci maddələrinin “əmək qabiliyyəti olmayan” müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir. AM-nin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir. AM-nin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə... qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, tərəflərin birgə nikahından olan xx.xx.2006-cı il təvəllüdlü Ağayev Ramid Rövşən oğlu sağlamlıq imkanları məhdud uşaqdır və onun saxlanması üçün əlavə xərclərə görə hər ay 50 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını təmin edən qətnamə mövcuddur. Bu halda iddiaçının Ağayev Ramid Rövşən oğlunun müalicəsi üçün çəkilən xərcin yarısını yenidən cavabdehdən tələb etməsi əsassızdır. Həmçinin, iddiaçı digər yetkinlik yaşına çatmamış uşaqlarının saxlanması üçün əlavə xərcin tutulmasının zəruriliyini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən, tələb xx.xx.2012-ci il təvəllüdlü Ağayeva Aydan Rövşən qızının və xx.xx.2015-ci il təvəllüdlü Ağayev Mikayıl Rövşən oğlunun müalicəsi üçün çəkilən xərcin yarısının cavabdehdən tutulması hissəsində də əsassızdır. Məhkəmə onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə əlavə xərc müəyyən edilərkən cavabdehin də ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq başqa maraqları nəzərə alınmalıdır. İddiaçı cavabdehin işləməsinə və ödədiyi aliment və əlavə xərcdən başqa daha artıq məbləğdə əlavə xərci ödəmək imkanına malik qazancının yaxud digər gəlirlərinin olmasına dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Çünki, əsas meyar uşağın əlavə xərcə ehtiyacının olması və valideynin bunu nə dərəcədə ödəmək iqtidarında olmasıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi çəkilmiş xərclərin bölünməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, alimentin məbləği artırılaraq xx.xx.2006-cı il təvəllüdlü Ağayev Ramid Rövşən oğlunun, xx.xx.2012-ci il təvəllüdlü Ağayeva Aydan Rövşən qızının və xx.xx.2015-ci il təvəllüdlü Ağayev Mikayıl Rövşən oğlunun yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 525 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Alimentin məbləği artırılaraq xx.xx.2006-cı il təvəllüdlü Ağayev Ramid Rövşən oğlunun, xx.xx.2012-ci il təvəllüdlü Ağayeva Aydan Rövşən qızının və xx.xx.2015-ci il təvəllüdlü Ağayev Mikayıl Rövşən oğlunun yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 525 (beş yüz iyirmi beş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-276/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-276/2021
08.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver