Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2767/2025 25.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X11 oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilə vurulmuş maddi zərərin əvəzi olaraq 7406 manat, eləcə də mənəvi ziyan kimi şərəf və ləyaqətinin, əsəb və sarsıntılarının əvəzi kimi 2.000 manat, hazırda iddia tələbinin qaldırılması üçün ödənilmiş 114.06 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı və onun qardaşı X1.az saytında, “Nissan Terrano” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri 3-cü mikrorayonda yerləşən ünvanda Sebuhi adlı maşın alverçisindən xx.xx.2023-cü ildə 8000 manata satın almışlar. Elə həmin gün Sumqayıt şəhərində 4 saylı notariusda onlara baş etibarnamə verilmişdir. Sonradan həmin avtomobildə müxtəlif problemlərin olduğu müşahidə olunmuş, buna görə bir neçə avtoservisə yoxlatdırmağa aparılmışdır. Nəqliyyat vasitəsinin surətlər qutusunda problem olduğu üçün Ayna Sultanova heykəlinə yaxın avtoservisdə Vaqif ustanın yanına aparılmış, o, maşının surətlər qutusunu söküb təmir etmiş və 400 manat zəhməthaqqı almış, ancaq bu problem yenə aradan qalxmamışdır. İnternetdə “YouTube”da Nissan maşınlarının surətlər qutusuna və yanacaq nasosuna, surətlər qutusunun beyninə baxmış və bildirmişdir ki, bunun beyni, nasosu özünün deyil, sadə yanacaq nasosu qoyulub, bundan artıq heç nə edə bilməz. Bundan sonra ustalar biri o birinin yanına göndərə-göndərə Yaşar usta adlı birisinə yönləndirmişlər və bildirmişlər ki, Biləcəridə işləyir, elektrikdir, yaxşı başı çıxır. Telefon nömrəsini aldıqdan sonra Yaşar usta ilə əlaqə saxlamış, “bu maşınlar mənimkidir, nəyi çatmırsa Gürcüstandan gətizdirə bilərəm, narahat olmayın, nəqliyyat vasitəsini düzəldib sizə verərəm” demişdir. Yaşar demişdir ki, biz Biləcəridən Binəqədi istiqamətində gedəndə X10 küçəsi ilə sol tərəfdə çəpəgöy rəngli (Billioner avto servis) bir avtoservisdə işləyir, ora gəlin danışaq. Sabahı günü, təxminən 2023-cü ilin noyabr ayının sonları idi, Bağırov Yaşar onlara demişdir ki, “siz maşını sürə-sürə aparın Xırdalana, orda yanacaq doldurma məntəqəsinin yanındayam, öz maşınımla gəlirəm”. Xırdalanda Rafiq usta adlı biri və Yaşar usta maşına baxdılar, dedilər ki, yanacaq nasosu dəyişilməlidir, surətlər qutusuna gedən “drossel zaslonka” məlumat ötürücüləri bunda yoxdur, çıxarılıb hamısı nasosnəndir. Bir həftəyə Yaşar usta X4 üçün yanacaq nasosu alıb gətirdi. Rafiq usta axşama kimi onu söküb düzəltməyə çalışdı, amma düzəldə bilmədi. Yaşar usta iki dənə yanacaq nasosu alıb gətirmişdi, heç birini Rafiq usta düzəldə bilmədi. Onlardan da 170 manat pul aldı ki, əziyyət çəkib. Yaşar usta onlara dedi ki, “bacıoğlu narahat olmayın mənim əlimdə yaxşı ustalar var, mən düzəldirəcəyəm. Siz maşını aparın qoyun evinizə mən sizə xəbər edəcəm.” Xırdalandan evakuatorla maşını Masazıra aparıb qoydular. Əvvəllər nəqliyyat vasitəsini sürə-sürə aparırdılar, bundan sonra heç ustalar işə sala bilmədilər. Sonradan dekabr ayının əvvəllərində bibisi rəhmətə getdi başları ona qarışdı, Yaşar usta da söz verdi ki, üçüncü dəfə yanacaq nasosu Gürcüstandan sifariş verib (bu aralarda 800 manat ondan pul alıb, kartına göndərmişdir) yaxın günlərdə gələcək. 2024-cü ilin yanvar ayının 28-də Yaşar usta zəng vudu ki, maşını getir Məhəmmədi kəndində bir usta var, onun başı çıxır. İddiaçı nəqliyyat vasitəsini 40 manat evaukatora mindirib Abşeron rayonu Məhəmmədi kəndinə apardı, sonra Yaşar usta gəldi yanında da bir nəfər dedi ki, bu ustadır və bizi usta ilə tanış etdi. Maşını bu düzəldəcək. O, özünü slesar motorist Novruzov llkin Yaşar oğlu (əlaqə telefonu ***-***-**-** ) kimi qələmə verdi və o vaxtdan bu dələduzlar müxtəlif ehtiyat hissələri xarabdır, işləmir, təmir olunmalıdır adı ilə onu soymağa başladılar. Yanvar ayının 30-da İlkin zəng vuraraq demişdi ki, maşını evakuatorla Biləcəriyə, özünün işlədiyi yerə aparmaq istəyir, 40 manat pul göndərin, evakuatora versin, burda dəzgahı yoxdur, maşını Biləcəriyə Yaşar ustanın və özünün işlədiyi avtoservisə aparsın. 2024-cü ilin yanvar ayının 28-dən “Nissan Terrano” markalı avtomobil hələ də təmir olunub verilməmişdir, bu günə kimi 5580 manatdan çox pul Cavabdeh müxtəlif kartlarına (4169-7388-2976-3774 və 6768-….-….-4283), 1300 manatdan çox pul isə Yaşar ustanın kartına, 320 manat da İlkinin qardaşı Xəqaninin kartına köçürülmüşdür. Bu günə kimi Cavabdeh 3-4 dəfə işlədiyi yerlərdən qovulmuş, təzə işlədiyi yer Keşlə qəsəbəsində yerləşdiyi üçün avtoevakuator çağıraraq hərdən iki dəfə 40 manat verərək “Nissan Terrano” markalı nəqliyyat vasitəsini yeni avtoservise aparmışdır. Bir müddət orada işlədikdən sonra İlkin oradan da işdən çıxarıldığı üçün, köhnə iş yerinə Biləcəriyə qayıtmış, nəqliyyat vasitəsini yenə oraya evakuator vasitəsi ilə aparmışdır. Motorun yanacaq nasosunu düzgün quraşdıra bilmədiyi üçün Məhəmmədi kəndində yerləşən bir avtoservisə nəqliyyat vasitəsini 60 manat verib evakuatora aparıb gətirmişlər, 150 manat da həmin yanacaq nasosunu quraşdırmaq üçün ustaya zəhməthaqqı vermişdir. Bu günə kimi Cavabdeh ondan müxtəlif eytiyat hissələri adı ilə 5580 manatdan çox pul almış və yaxud da kartına göndərmişdir, lakin “Nissan Terrano” markalı avtomobil hələ də düzəldilib ona təhvil verilmiyib. Hal hazırda Cavabdeh Binəqədi - Baksol yolunda Mazda və Subari avtomobillərinin ehtiyat hissələrinin sökülüb satılması ilə məşğul olan Cabirin avtoservisində işləyir, hamıdan qaçıb gizlənir, telefonlara cavab vermir, vatsapdan yığanda telefonu götürür. Cavabdeh bu dədləduzluğu nəticəsində ona küllü miqdarda ziyan vurmuşdur. Dəfələrlə zəng vurmağına baxmayaraq Cavabdeh “bu gün sabah, həftə sonu pulunu çatdıracam, maaşımı alım pulunu verəcəm, əvəzində maşına zapçast tapıb verəcəm” adı ilə onu 6 aydır ki aldadır, dələduzluq edir, telefonlarına cavab vermir. Cavabdeh tez tez iş yerini dəyişdiyi üçün onu tapa bilməmişdir, bir iki həftə bir yerdə işləyir, sonra eşidir ki oradan da qovublar, iş yerini tez tez dəyişir. Onun atası Yaşar Novruzova və böyük qardaşı Xəqanini tapmış, onlar ilə danışan da demişlər ki, o adlı oğulları, qardaşları yoxdur, onlarla danışmır, ailə qurandan sonra qaynatasıgilə köçüb onlarda yaşayır. Bundan sonra Cavabdeh qaynatası Elçin adlı şəxsin nömrəsini (050-665- 21) tapdı, İlkinin elədikləri dələduzduqlar ilə bağlı ona məlumat verdi, şikayət edəcəyini bildirdi, o, da bildirdi ki, onun işlərinə qarışmır, heç kimə şikayət etməsin İlkinə deyəcək onunla əlaqə saxlasın. Düzdür üstündən 5-6 saat keçəndən sonra İlkin onu yığdı, üzürxahlıq elədi ki, yaxın yerdə ona olan borclarını qaytaracağını bildirdi. Həmin vaxtdan da 5-6 ay keçib, hər həftə bir gün telefonu götürür, yalandan vədlər verir, sonra yenə də ortalıqdan yox olur. 2024-cü ilin yanvar ayının 28-dən bu iki dələduz ustalar Cavabdeh və Bağırov Yaşar ona həm külli miqdarda zərər vurmuşlar, həmçinin onu şərəf və ləyaqəti, bütün əsəb sistemi ziyan görmüşdür. 2024-cü ilin sentyabr ayının sonlarında İlkin və qardaşı Xəqani ona dedilər ki, Aşeron rayonunda bir usta var İlqar usta, sırf belə dizel ilə işləyən maşınlara baxır, onlar düzəldə bilmədilər, aparıb qoysunlar onun yanına düzəltsin maşını. İlkin dedi ki, ona verdiyi puldan o həmin ustaya ödəniş edəcək. Sabahısı günü Xəqani və Yaşar evakuatora yükləyərək X6 kəndinə yola saldılar. Həmin evakuatorun 30 manat pulunu sonradan İlqar usta ondan aldı ki, maşın bura gələndə heç kim gəlməmişdi evakuatora da özü pul vermişdi. Təxminən 10 gün maşın Abşeron rayonu Məmmədəli kəndində İlqar ustanın işlədiyi servisdə qaldı və onlar dedi ki, ehtiyat hissələrini gətirilsin onlar da maşını düzəldsinlər. 2024-cü ilin oktyabr ayının 6-da o yenidən 350 manat verib nəqliyyat vasitəsinə turbo aldı, halbu ki, onun pulunu Cavabdeh o mart ayında 500 manat və iyun ayında 500 manat olmaqla 1000 manat turbo alışı üçün pul verdi. Ona yazılıb verilən ehtiyat hissələrini almaq üçün Cavabdeh zəng vurdu, o da dedi ki, qoy düzəltsinlər narahat olma o gedib pulunu verib götürəcək. Bundan əlavə həmin gün 230 manat pul verib nəqliyyat vasitəsinə akkumlyator aldı, çunki avtomobilin üzərində akkumlyatoru yox idi, sonuncu dəfə akkumlyatoru avtomobilin üzərindən llkin götürmüşdü. Onda olan məlumatlara görə akkumlyatoru ucuz qiymətinə satıb (İlkin satıb). İlqar usta zəng vurdu ki, maşını düzəlib, gəlib ehtiyat hissələrinin pulunu və ustaların pulunu versin maşınını aparsın, o da dedi ki, İlqar usta onlara heç kimin onlara pul ödəmədiyini və pulununu ödəyib maşını aparmasını demişdi. Yenə naəlac qalıb gedib pulunu ödəyib maşını servisdən çıxarıb gətirib Əhmədlidə yaşadığı binanın həyətinə qoydu. Həmçinin, İlkinin qardaşı Xəqani usta iyul, avqust aylarında ondan 320 manat pul aldı ki, narahat olma müəllim maşını özü yığıb sənə təhvil verəcək. Ailəsinin Naxçıvanda qaldığını, gəlməyə pulları olmadığını, varındısa bu başdan pul verməsini və maşınının nə problemi varsa həll edəcəyini bildirmişdi. Göründüyü kimi, qanunvericilikdə dələduzluq cinayəti törədən təqsirkar şəxsin öncədən niyyətinin özgə əmlakını aldatma və ya etibardan sui-istifadə yolu ilə əvəzsiz ələ keçirmək kimi tövsif olunmuşdur. Novruzov llkinin əməllərinə diqqət yetirərkən görünür ki, aldatmaq niyyəti öncədən olmuşdur və onun həmin avtomobilin təmiri və ehtiyat hissələrini almaq adı ilə bağlı öncədən planları olmuşdur. Hal hazırda da 4-5 nəfər onun bu hərəkətlərinə qörə Novruzov llkini axtarır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, avtomobil ustası kimi fəaliyyət göstərən Cavabdeh 2024-cü ilin yanvar ayından 2024-cü ilin iyul-avqust ayına kimi müxtəlif vaxtlarda müəyyən məbləğlərdə pul ödənişləri etmişdir. Cavabdeh onun avtomobilini işlədiyi fərqli servislərə aparmış, lakin avtomobili təmir etməmişdir. Gördüyü təmir işləri natamam olmuş, avtomobili tam təmir etməmişdir. Avtomobilin təmiri üçün cavabdehə pul da vermişdir. Bunları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı ərizə ilə müraciət edərək, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Məhkəmə iş üzrə iddiaçının izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Belə ki, mülki işin materiallarında olan Azəbaycan Respublikası "xxxx" MMC-nin 001- 20/MY/05-2025 saylı “nəqliyyat vasitəsinin təmiri zamanı dəymiş ziyan” barədə qiymətləndirmə hesabatından görünür ki, “Nissan Terrano” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir işlərinin zamanı dəymiş zərərin müəyyən edilməsi üzrə bazar araşdırması aparılmışdır. Həmin nəqliyyat vasitələrinin orta statistik dəyəri təyin edilmiş, nəticə olaraq 20 may 2025-ci il tarixinə bazar dəyəri 5072 manat həcmində müəyyən edilmişdir. Mülki işin materiallarında olan X2 Binəqədi Rayon Polis İdarəsinin 6-cı bölməsində verdiyi izahatından görünür ki, Aftandilin onunla əlaqədar heç bir narazılığı yoxdur. Aftandilin ona deməsinə görə İlkin onun avtomobilini düzəltmək üçün 6000 manata yaxın pul almış, lakin avtomobili düzəltməmişdir. Mülki işin materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2024-cü il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmadığından, cinayət işinin başlanılmasının rədd edlməsi qərara alınmışdır. Mülki iş materiallarına tərəflər arasında səs yazmalarının, həmçinin elektron qəbzlərin fotoşəkilləri olan yaddaş kartı (fləşkart) və nəqliyyat vasitəsinin fotoşəkilləri əlavə edilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Beləliklə, iddiaçının dəlilləri və iş materialları əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı avtomobilini təmir edilməsi məqsədilə cavabdehə təhvil vermiş və pul ödəmişdir. Lakin cavabdeh həmin maşını təmir etməmiş, əksinə, maşında olan bəzi ehtiyat hissələri də onların ucbatından yoxa çıxmışdır. İddiaçı cavabdehin qanunazidd hərəkətləri nəticəsində ona ziyan dəydiyini bildirərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında şifahi podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı istifadəsində olan əmlakı təmir üçün cavabdehə təhvil vermiş və ödəniş etmiş, lakin cavabdeh öz öhdəliklərini yerinə yetirməyərək maşını təmir etməmiş, eyni zamanda, maşın onda olduğu müddətdə bəzi ehtiyat hissələri də yoxa çıxmışdır. Bununla da iddiaçıya maddi ziyan dəymişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş bütün sübutları tədqiq edərək hesab edir ki, cavabdeh həm şifahi müqavilə üzrə yaranmış öhdəliklərini yerinə yetirməyərək, həm də digər təqsirli hərəkətləri ilə iddiaçıya onun iddia etdiyi məbləğdə maddi və mənəvi ziyan vurmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-443.2-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Mülki Məcəllənin 765-ci maddəsinə əsasən, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Mülki Məcəllənin 777.4-cü maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. Mülki Məcəllənin 779.1-ci maddəsinə görə vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 1096, 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi (avtomobilinin uzun müddət təmir edilməməsi, dəfələrlə cavabdehlə pulunun qaytarılması üçün əlaqələr saxlaması, danışıqlar aparması, polis orqanına şikayətlərin verməsi, məhkəməyə müraciət etməsi və s.) məhz cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verdiyindən cavabdehdən 2.000 manat mənəvi zərər tələb etməsi ağlabatan və ədalətlidir. Bundan əlavə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh maddi zərərin əvəzi olaraq 7.406 (yeddi min dörd yüz altı) manat, mənəvi zərərin əvəzi olaraq 2.000 (iki min) manat olmaqla, cəmi 9.406 (doqquz min dörd yüz altı) manat məbləğində pul və 114,06 (bir yüz on dörd manat altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi olaraq 7.406 (yeddi min dörd yüz altı) manat, mənəvi zərərin əvəzi olaraq 2.000 (iki min) manat olmaqla, cəmi 9.406 (doqquz min dörd yüz altı) manat məbləğində pul və 114,06 (bir yüz on dörd manat altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnamə ona rəsmən təqdim edildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Nəsimi Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmən verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X12
Məhkəmə qərarları › İş №2(006)-2767/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-2767/2025
25.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Şərəf və ləyaqətin müdafiəsi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Şərəfin, ləyaqəti
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver