Məhkəmə qərarları › İş №2(006)-2768/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2768/2021

26.04.2021 · Müqavilələrin ləğv edilməsi - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2768/2021 26.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X6 qızının katibliyi, İddiaçı2, Сavabdeh «xxxx» Bank olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh «xxxx» Bank olmayan Kredit Təşkilatı MMC-yə qarşı “müqavilənin xitam edilməsi və borcun silinməsi” iddia tələbinə dair mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh «xxxx» Bank olmayan Kredit Təşkilatı MMC-yə qarşı “müqavilənin xitam edilməsi və borcun silinməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxx» Bank olmayan Kredit Təşkilatı MMC ilə İddiaçı1 arasında bağlanmış 28.01.2014-cü il tarixli BAKU2-19221-9529 №-li kredit müqaviləsi və həmin müqaviləyə əlavə edilmiş 29.01.2014cü il tarixli “N: AZBA-009190-001/02 saylı Razılaşmanın xitam edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10618/2018 saylı, 04.10.2018-ci il tarixli Qərardadı ilə tərəflər arasında bağlanmış “Barışıq Sazişi”nin icra edildikdən sonra əlavə olaraq əsassız hesablanmış 2135 ABŞ dolları borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx» Bank olmayan Kredit Təşkilatı MMC ilə İddiaçı1, X1, İddiaçı2 və X3 arasında bağlanmış 28.01.2014-cü il tarixli BAKU2-19221-9529 №-li kredit müqaviləsi və həmin müqaviləsinə əsasən illik 20 faizlə 48 ay müddətində 18000 ABŞ dolları məbləğində kredit götürülmüşdür. Kredit məbləğinin təminatı olaraq ünvan 1 ünvanında yerləşən evin ümumi sahəsi 29,6 kv.metr olan 1 otaqdan ibarət 4 nömrəli mənzili ipoteka ilə yüklü edilmiş və buna dair 29.01.2014-cü il tarixli AZBA-009190 saylı ipoteka müqaviləsi bağlanmışdır. Aylıq kreditlər ödəniş cədvəli üzrə vaxtlı-vaxtında ödənsə də, sonradan obyektiv səbəblərə görə kreditin ödənişində çətinliklər yarandığından «xxxx» BOKT MMC qalıq borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə təmin edilmişdir. Həmin işin apellyasiya qaydasında baxışı zamanı tərəflər arasında borcun dəqiqləşdirilməsi və borcun ödənilməsi barədə razılaşma aparılmış, kredit müqaviləsi üzrə borcun 3250 ABŞ dolları müəyyən edildikdən sonra Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10618/2018 saylı, 04.10.2018-ci il tarixli Qərardadı ilə tərəflər arasında imzalanmış Barışıq Sazişinə əsasən qeyd edilən borcun hər ay 100 ABŞ dolları olmaqla kredit təşkilatına ödənilməsi qərara alınmış, Yasamal Rayon Məhkəməsinin 13.10.2017-ci il tarixli qətnaməsi ləğv edilərək işin icraatına xitam verilmişdir. Barışıq Sazişinə əsasən borclular tərəfindən 02.10.2020-ci il tarixində 3613 ABŞ dolları və 22.10.2020-ci il tarixində 238,59 ABŞ dolları pul ödənilməklə Kredit təşkilatına olan borc artıqlaması ilə ödənilmişdir. Kredit təşkilatına “təmizlik” arayışının verilməsi müraciət edilsə də, kredit müqaviləsi üzrə öhdəliklərin tam və vaxtında icra edilməməsi səbəbindən bank qarşısında borc yarandığı, eyni zamanda 28.01.2014cü il tarixli BAKU2-19221-9529 №-li kredit müqaviləsi üzrə qalıq 2135,19 ABŞ dolları qalıq borcla bağlı heç bir iddia və tələbinin olmadığı, gələcəkdə də irəli sürülməyəcəyi qeyd edilmişdir. İddiaçılar tərəfindən şifahi şəkildə banka müraciət edildikdə, onların kredit borclarının olması, Mərkəzləşdirilmiş Kompyuter bazasında adlarınının borclular siyahısından silinmədiyinə görə heç bir halda kredit verilməyəcəyi və kompyuter bazasında qalıq borc kimi göstərilən 2135,19 ABŞ dolları məbləğinə faizlər hesablanacağı, onların adlarının borc siyahısından çıxarılmasının «xxxx» BOKT MMC-nin səlahiyyətlərində olmadığı bildirilmişdir. 28.01.2014-cü il tarixli BAKU2-19221-9529 №-li kredit müqaviləsinə xitam edilmədiyi üçün süni şəkildə kredit faizi hesablanır. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsi dair ərizə ilə məhkəməyə müraciət edərək, «xxxx» Bank olmayan Kredit Təşkilatı MMC ilə İddiaçı1 və X1 arasında bağlanmış 28.01.2014-cü il tarixli BAKU2-19221-9529 №-li kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatların "xxxx" MMC-yə verilməsi vəzifəsinin «xxxx» Bank olmayan Kredit Təşkilatı MMC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, digər İddiaçı1 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İddiaçı1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh «xxxx» Bank olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi X7 iddianı qəbul etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, İddiaçı2 və cavabdehin nümayəndəsinin izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işin materiallarında olan 28.01.2014-cü il tarixli BAKU2-19221-9529 №-li kredit müqaviləsindən görünür ki, «xxxx» Bank olmayan Kredit Təşkilatı MMC tərəfindən İddiaçı1 illik 20 faizlə 48 ay müddətində 18000 ABŞ dolları məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan 28.01.2014-cü il tarixli AZBA-009190-001/01 saylı ipoteka müqaviləsindən görünür ki, kredit məbləğinin təminatı olaraq X2 məxsus olan ünvan 1 ünvanında yerləşən evin ümumi sahəsi 29,6 kv.metr olan 1 otaqdan ibarət 4 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir Mülki işin materiallarında olan 28.01.2014-cü il tarixli AZBA-009190-001/01 saylı razılaşmadan görünür ki, kredit alana illik 20 faizlə 48 ay müddətinə 11400 ABŞ dolları məbləğində kredit “xxxx” ASC, “xxxx” ASC, “xxxx” ASC, “xxxx” MMC-də olan kredit borclarının tam bağlanmasının müaliyyələşdirilməsi məqsədi ilə 1 saylı filialın kassasından nağd verilir. Mülki işin materiallarında olan 29.01.2014-cü il tarixli AZBA-009190-001/02 saylı razılaşmadan görünür ki, kredit alana illik 20 faizlə 48 ay müddətinə 6600 ABŞ dolları məbləğində kredit ünvan 1 ünvanında yerləşən evin ümumi sahəsi 29,6 kv.metr olan 1 otaqdan ibarət 4 nömrəli mənzilin kosmetik təmirinin maliyyələşdirilməsi üçün 1 saylı filialın kassasında verilir. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10618/2018 saylı, 04.10.2018-ci il tarixli qərardadından görünür ki, 28.01.2014-cü il tarixli BAKU2-19221-9529 №-li kredit müqaviləsi üzrə borc məbləği 3250 ABŞ dolları borcun hər ay ən azı 100 ABŞ dolları olmaqla cavabdehlər tərəfindən kredit təşkilatına ödənilməsi, 2019-cu ilin noyabr ayının sonunadək 3250 ABŞ dolları borcun qaytarılacağı halda, cavabdehlərin iddiaçı qarşısında öhdəliklərinin tam icra olunmuş hesab olunması, bu Sazişlə müəyyən edilmiş şərtlərin icra edilməməsi, o cümlədən aylıq 100 ABŞ dolları qaytarmaq öhdəliyinin vaxtında icra edilməməsi, yəni cari təqvim ayında icra edilməməsi də daxil olmaqla, öhdəliklərin lazımi qaydada və vaxtında icra edilməməsi hesab olunacağı, cavabdehlərin Sazişlə müəyyən edilən borcun qaytarılmamış hissəsinin 2747,4 ABŞ dolları artacağını qəbul etmələri, cavabdehlərin ödənişləri nəzərə alınmaqla, onlardan birgə qaydada 3250 ABŞ dolları borcun qaytarılmamış hissəsi və 2747,4 ABŞ dollarının iddiaçının xeyrinə tutulması qərara alınmışdır. Mülki işin materiallarında olan «xxxx» ASC-nin 02.10.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, Emil Məmmədov tərəfindən İddiaçı1 adına olan kredit üzrə 3613 ABŞ dolları məbləğində pul «xxxx Kredit» BMMC-nin hesabına ödənilmişdir. Mülki işin materiallarında olan «xxxx» ASC-nin 02.10.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, Emil Məmmədov tərəfindən İddiaçı1 adına olan kredit üzrə 238,59 ABŞ dolları məbləğində pul «xxxx Kredit» BOKT MMC-nin hesabına ödənilmişdir. Mülki işin materiallarında olan «xxxx Kredit» BOKT MMC-nin 22.10.2020-ci il tarixli bildirişindən görünür ki, İddiaçı1, İddiaçı2, X1 və X3 tərəfindən 28.01.2014-cü il tarixli BAKU2- 19221-9529 №-li kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün onların MMC qarşısında borcu yaranmışdır. Kredit müqaviləsi üzrə qalıq (2135,19 ABŞ dolları) borcla bağlı heç bir iddia və tələb yoxdur və gələcəkdə də irəli sürməyəcəkdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı2 tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsinə görə 30 (otuz) manat rüsum ödənilmişdir, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Mülki Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Mülki Məcəllənin 528-ci maddəsinin tələbinə görə öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Mülki Məcəllənin 529.2-ci maddəsinə əsasən öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. “xxxx”na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydaların 6.1-6.4-cü maddələrinə əsasən bütün banklar qanuna və bu Qaydalara uyğun olaraq MKR-ə məlumatları təqdim etməlidirlər. Məlumatlar təqdim edilmədikdə, bank dərhal MKR-in məlumatlarından istifadə hüququndan məhrum olunur. MKR-də toplanan və oradan alınan məlumatlara qanunla müəyyən olunmuş bank sirrinin qorunması rejimi tətbiq edilir və MKR-dən məlumat alan banklar bu sirrin qorunmasını təmin etməlidirlər. Borcalanların düzgün eyniləşdirilməsinə görə banklar məsuliyyət daşıyırlar. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 28.01.2014-cü il tarixli BAKU2-19221-9529 №-li kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana illik 20 faizlə 48 ay müddətində 18000 ABŞ dolları məbləğində kredit verilmiş, lakin kredit müqaviləsi üzrə öhdəlik icra edilmədiyindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10618/2018 saylı, 04.10.2018-ci il tarixli qərardadı ilə 3250 ABŞ dolları borcun ödənilməsi qərara alınmışdır. Sonradan cavabdeh tərəfindən verilmiş bildirişə əsasən kredit müqaviləsi üzrə 2135,19 ABŞ dolları qalıq borcla bağlı heç bir iddia və tələbin olmadığı, gələcəkdə də buna dair tələb irəli sürülməyəcəyi bildirilmiş, bu hal iş materiallarında olan cavabdeh tərəfindən iddiaçılara ünvanlanmış 22.10.2020ci il tarixli kredit müqaviləsi üzrə borca dair iddia tələblərinin olmamasını əks etdirən məktubla təsdiq edilir. Lakin cavabdeh "xxxx KREDİT” Bank Olmayan Kredit Təşkilatı MMC tərəflər arasındakı hüquq münasibətlərinə öhdəliyin lazımınca icrası nəticəsində xitam verilməsinə, Mülki Məcəllənin 385.2 və 425.2-ci maddələrində təsbit edildiyi kimi, icra ilə bağlı olmayan və bütün müqavilə tərəfləri üçün nəzərdə tutulan müqavilə münasibətlərindən sonra qarşı tərəfin hüquqlarına xüsusi qayğı göstərmək və öhdəliklərin icrasını pozacaq hərəkətlərə yol verməmək vəzifəsini daşıdığına baxmayaraq, "xxxx" MMC-yə iddiaçıların 28.01.2014-cü il tarixli BAKU2-19221-9529 №-li kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatı verməməklə iddiaçının hüquqlarını pozmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, «xxxx Kredit» Bank Olmayan Kredit Təşkilatı MMC ilə İddiaçı1 və İddiaçı2 arasında bağlanmış 28.01.2014-cü il tarixli BAKU2-19221-9529 №-li kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatlar "xxxx" MMC-yə verilməsi vəzifəsi "xxxx Kredit” BOKT MMC-yə həvalə edilməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən cavabdeh "xxxx KREDİT” BOKT MMC-dən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı1 və İddiaçı2 «xxxx Kredit» Bank Olmayan Kredit Təşkilatı MMC-yə 28.01.2014-cü il tarixli BAKU2-19221-9529 №-li kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatların "xxxx" MMC-yə verilməsi vəzifəsi "xxxx Kredit” BOKT MMC-yə həvalə edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu «xxxx Kredit» BOKT MMC-dən alınaraq İddiaçı1 və İddiaçı2 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar