Məhkəmə qərarları › İş №2(006)-2772/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2772/2022

09.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2772/2022 09.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “X1 Kredit Təşkilatı” MMC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab olunması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X1 Kredit Təşkilatı” MMC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab olunması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla “X1 Kredit Təşkilatı” MMC arasında bağlanmış 24.06.2021-ci il tarixli ********* nömrəli kredit müqaviləsinin etibarsız hesab olunması, kredit borcu üzrə tələb olunan 4.863,21 manat faiz borcunun və 7.263 manat məbləğində dəbbə pulunun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh “X1 Kredit Təşkilatı” MMC arasında 24.06.2021-ci il tarixli ********* nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən, 36 ay müddətinə illik 32 % ödəmək şərtilə 27.000 manat məbləğində pul vəsaiti aylıq ödəniş 1.175,97 manat olmaqla iddiaçıya kredit verilmişdir. Kredit müqaviləsi üzrə irəli gələn tələbin təminatı olaraq, iddiaçının anası Allahverənova Navad Abdulla qızının mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu, Ə.Hacıyev küçəsində yerləşən 54 saylı evin 40 nömrəli mənzili girov qoyulması məqsədilə cavabdeh “X1 Kredit Təşkilatı” MMC ilə anası arasında 24.06.2021-ci il tarixli 2021/00877-İP nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmək məqsədilə iddiaçı tərəfindən cavabdeh “X1 Kredit Təşkilatı” MMC-nin hesabına ümumilikdə 2.600 manat məbləğində pulun ödənişi təmin olunmuşdur. Lakin maddi və digər səbəblər üzrə imkanlarının məhdudlaşdırılması ilə əlaqədar olaraq kredit müqaviləsinə əsasən, iddiaçı üzərinə düşən öhdəliyini yerinə yetirə bilmədiyindən, onun tərəfindən cavabdehə müraciət olunaraq aylıq ödənişlərinin və kredit müqaviləsinə əsasən illik 32 % dərəcəsi ilə hesablanan faizin azaldılmasını xahiş etmişdir. Cavabdeh iddiaçının xahişini nəzərə almadan 03.02.2022-ci il tarixdə onun qeydiyyatda olduğu ünvana göndərdirdiyi bildirişə əsasən, iddiaçının kredit borcu üzrə 27.000 manat əsas, 4.863,21 manat faiz borcu və 7.263 manat dəbbə pulu olmaqla cəmi 39.126,21 manat məbləğində borc yarandığını bildirmişdir. İddiaçı kredit borcu üzrə hesablanmış faizlərin və dəbbə pulunun yüksək olması ilə razılaşmayaraq, cavabdehə öz etirazını bildirmişdir. İddiaçı kredit borcunun ödənilməsindən boyun qaçırmır, üzərinə düşən öhdəlikləri tam yerinə yetirmək istəmişdir, lakin cavabdeh tərəfindən ona heç bir güzəşt edilməməsi və yüksək dərəcədə faiz borcu və dəbbə pulunun ödənilməsi tələbinə görə aralarında narazılıq yaranmışdır. Hal-hazırda cavabdehin müraciətinə əsasən, kredit borcu üzrə yaranmış 27.000 manat əsas, 4.863,21 manat faiz borcu və 7.263 manat dəbbə pulu olmaqla cəmi 39.126,21 manat məbləğində pulun iddiaçıdan tutulması məqsədilə anası Allahverənova Navad Abdulla qızının mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu, Ə.Hacıyev küçəsində yerləşən 54 saylı evin 40 nömrəli mənzili hərrac vasitəsilə satılması üçün Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. İddiaçı hesab edir ki, belə olan halda aralarında olan narazılığa görə və cavabdeh tərəfindən kredit borcu üzrə əsassız hesablanmış 4.863,21 manat faiz borcu və 7.263 manat dəbbə pulu məhkəmə tərəfindən silinməli və kredit müqaviləsinin etibarsız hesab olunmasına dair qətnamə qəbul edilməlidir. İddiaçı məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunmsını məhkəmədən xahiş etdi. Məhkəmənin 09.06.2022-ci il tarixli 2(006)-2772/2022-009 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bundan əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinin əsassız olduğunu bildirmiş, iddiaçıya dəfələrlə müraciət olunmasına və bildirişlər göndərilməsinə baxmayaraq, onun məsələyə məsuliyyətsiz yanaşmasını və cavabdehlə əlaqə saxlamadığını qeyd etmişdir. Həmçinin, müqavilənin könüllü bağlanılmasını vurğulayaraq, heç bir qanun pozuntusuna yol verilmədiyini də bildirmişdir. Cavabdehin nümayəndəsi iş üzrə 03.03.2022-ci il tarixli 8İ-2130 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin olmasını təsdiqləmiş, iddiaçının həmin icra qeydi ilə bağlı müraciət etmək hüququnun olduğunu, həmçinin, hazırda həmin qeydin icraya yönəldiyini və Nizami rayon İcra və Probasiya Şöbəsinin icraatında olduğunu bildirmişdir. İddia əsassız olduğundan rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 09.06.2022-ci il tarixli 2(006)-2772/2022-010 saylı qərardadı ilə iddia tələbinin “kredit borcu üzrə tələb olunan 4.863,21 manat faiz borcunun və 7.263 manat məbləğində dəbbə pulunun silinməsi” hissəsində iş üzrə icraata xitam verilmişdir Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan 24.06.2021-ci il tarixli 2021/00877 saylı kredit müqaviləsindən görünür ki, “X1 Kredit Təşkilatı” MMC İddiaçı şəxsi məqsədlər üçün 36 ay müddətinə illik 32 % ödəmək şərtilə 27.000 manat məbləğində kredit vermiş, İddiaçı isə müqavilə üzrə bütün ödənişləri vaxtında həyata keçirməyi öhdəsinə götürmüşdür. Həmçinin, müqavilədən görünür ki, İddiaçı müqavilənin hər səhifəsi ilə yanaşı, 6-cı bəndində də ünvan və rekvizitləri göstərilməklə “borc alan” qismində müqaviləyə imza etmişdir. İş materiallarında olan 24.06.2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, 24.06.2021-ci il tarixdə İddiaçı 27.000 manat məbləğində kredit verilmişdir, İddiaçı tərəfindən isə "xxxx" MMC-yə 16.08.2021-ci il tarixdə 1.076 manat, 30.08.2021-ci il tarixdə 124 manat və 07.10.2021-ci il tarixdə 1.200 manat olmaqla, ümumilikdə 2.400 manat məbləğində ödəniş edilmişdir. Həmçinin, ödənişlərə dair müvafiq qəbzlər də iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 03.02.2022-ci il tarixli 076 nömrəli bildirişdən görünür ki, İddiaçı və Allahverənova Navad Abdulla qızı kredit öhdəliyi qısa zamanda icra edilmədiyi halda, ipoteka predmetinə məhkəmə qaydasında və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosesinə başlanılması barədə xəbərdar edilmişdirlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 15.02.2022-ci il tarixli **********24 nömrəli cavab məktubundan görünür ki, Bakı şəhəri Nizami rayonu, Əlif Hacıyev küçəsi, 54 saylı evin 40 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan 25.02.2022-ci il tarixli 140 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı 24.06.2021-ci il tarixli kredit müqaviləsi üzrə "xxxx" MMC-yə əsas borc üzrə 27.000 manat, faiz borcu üzrə 4.863,21 manat və dəbbə pulu üzrə 7.263 manat olmaqla, cəmi 39.126,21 manat məbləğində borcu vardır. İş materiallarında olan 25.02.2022-ci il tarixli 141 nömrəli ərizədən görünür ki, "xxxx" MMC ipoteka predmetinə icra qeydi əsasında tutmanın yönəldilməsi barədə ərizə ilə Bakı şəhəri 9 saylı Notariat Kontoruna müraciət etmişdir. İş materiallarında olan 03.03.2022-ci il tarixli 8İ-2130 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydindən görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı "xxxx" MMC-dən illik 32 % olmaqla 36 ay müddətinə götürdüyü 27.000 manat məbləğində kreditin və həmin kreditin öhdəliklərinin pozulmasından yaranan 2021/00877 saylı kredit üzrə 27.000 manat əsas borc, 4.863,21 manat faiz borcu və 7.263 manat məbləğində dəbbə pulu, cəmi 39.126,21 manat məbləğində ödəniləcək pul məbləğinə tutma ipoteka saxlayan AZ1078, ünvan 4 ünvanında yerləşən "xxxx" MMC-nin tələbi ilə ipoteka qoyan ünvan 2 ünvanında qeydiyyatda olan Allahverənova Navad Abdulla qızına məxsus olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 64.64 kv.m olan mənzilə yönəldilmiş, likvid dəyəri 57.500 manat olmaqla mənzilin hərracda satılması, satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilən mübahisəsiz hal ondan ibarət olmuşdur ki, İddiaçı ilə cavabdeh “X1 Kredit Təşkilatı” MMC arasında 24.06.2021-ci il tarixində 2021/00877 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya şəxsi məqsədlər üçün 36 ay müddətinə illik 32 % ödəmək şərtilə 27.000 manat məbləğində kredit verilmiş, iddiaçı isə müqavilə üzrə bütün ödənişləri vaxtında həyata keçirməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilənin bütün səhifələrinə imza etməklə müqavilənin şərtləri ilə razı olduğunu açıq-aşkar ifadə etmişdir. Lakin sonradan iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etməmiş, belə ki, 16.08.2021-ci il tarixdə 1.076 manat, 30.08.2021-ci il tarixdə 124 manat və 07.10.2021-ci il tarixdə 1.200 manat olmaqla, müqavilə üzrə ümumilikdə 2.400 manat məbləğində cavabdehə ödəniş etmişdir. Beləliklə, iddiaçının cavabdehə 25.02.2022-ci il tarixinə əsas borc üzrə 27.000 manat, faiz borcu üzrə 4.863,21 manat və dəbbə pulu üzrə 7.263 manat olmaqla, cəmi 39.126,21 manat borcu yaranmışdır. Cavabdeh iddiaçının öhdəliyinin icrasının təmini məqsədilə 03.02.2022-ci il tarixdə 076 nömrəli bildirişlə ona və ipoteka qoyan Allahverənova Navad Abdulla qızına kredit öhdəliyini qısa zamanda icra etməyi təklif etmiş, əks halda ipoteka predmetinə məhkəmə qaydasında və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosesinə başlanılacağını onlara bildirmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində ipoteka predmeti olan Bakı şəhəri Nizami rayonu, Əlif Hacıyev küçəsi, 54 saylı evin 40 saylı mənzilinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Cavabdeh ipoteka predmetinə icra qeydi əsasında tutmanın yönəldilməsi barədə ərizə ilə Bakı şəhəri 9 saylı Notariat Kontoruna müraciət etmişdir və 03.03.2022-ci il tarixli 8İ-2130 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi ilə kredit müqaviləsi üzrə borcun tutulması ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 64.64 kv.m olan mənzilə yönəldilmiş, likvid dəyəri 57.500 manat olmaqla mənzilin hərracda satılması, satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması nəzərdə tutulmuşdur. Həmin icra sənədi Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən etibarsızlığı mübahisələndirilən kredit müqaviləsi qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib edilməklə tərəflərin razılığı ilə bağlanmışdır. İddiaçı müqavilənin bütün səhifələrinə imza çəkmiş, cavabdeh tərəfindən ona verilən kredit məbləğini əldə etmiş, lakin öz öhdəliyini tam yerinə yetirə bilmədiyindən cavabdeh tərəfindən hesablanmış borc məbləğindən narazı olmuşdur. Bu səbəbdən də, müqavilənin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Lakin hazırki mübahisədə mülki qanunvericiliyin tələbləri baxımından müqavilənin etibarsız hesab edilməsi şərtlərinin heç biri aşkar edilməmiş və iddia tələbinin əsassız olduğu qənaətinə gəlinmişdir. Həmçinin, qeyd edilməlidir ki, iddiaçı cavabdeh tərəfindən ona ünvanlanan bildirişlərə laqeyd yanaşmış, icra qeydini isə mübahisələndirməmişdir. Göstərilənləri ümumiləşdirərək qeyd edilməlidir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinin tələblərinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Belə ki, Mülki Məcəllənin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik tərəfindən əqdin etibarlı olması aşağıdakı şərtlər sistemi daxilində müəyyən edilir: 1) məzmunun qanuniliyi; 2) əqdi həyata keçirən hüquqi və fiziki şəxslərin əqddə iştirak etmək qabiliyyətinin olması; 3) iradə və iradə ifadəsinin müvafiqliyi; 4) əqdin formasına riayət edilməsi. Göründüyü kimi, əqdlərin etibarlılığı onu təşkil edən elementlərin etibarlılığından asılıdır. Əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq, etibarsız əqdlər bir neçə qrupa bölünür: subyektiv tərkibinin, iradənin, formanın və məzmunun qüsurlu olduğu etibarsız əqdlər. İradə və iradə ifadəsinin vahidliyi əqdin etibarlılığının zəruri şərtidir. İradənin qüsurlu olduğu əqdlərdə ya tərəfin əqdin bağlanmasına daxili iradəsi olmur, ya da onun daxili iradəsi düzgün formalaşmır. Məhkəmə, həmçinin, qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə iş materiallarını müqayisəli şəkildə araşdıraraq hesab edir ki, mübahisələndirilən kredit müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozulmaqla bağlanması qənaətinə gəlmək üçün əsaslar yoxdur. İstinad olunan hüquq normalarından və işin hallarından görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən müqavilənin etibarsızlığı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bu səbəbdən də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, müqavilənin etibarsız hesab olunmasına dəlalət edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “X1 Kredit Təşkilatı” MMC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar