Məhkəmə qərarları › İş №2(006)-2780/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2780/2021

02.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2780/2021 02.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov İlham Məmməd oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İddiaçı AAA oğlunun iştirakı ilə İddiaçı AAA oğlunun cavabdeh BBB-nə qarşı "əsassız hesablanmış borcun silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı AAA oğlu cavabdeh BBB-nə qarşı "əsassız hesablanmış borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 Təchizatı və Satışı İdarəsinin qərəzli münasibəti səbəbindən Sumqayıt şəhəri, Şirvan y/s 3A ünvanında yerləşən iddiaçının evinin (kod **********01141) elektrik sayğacında istifadə etdiyi elektrik sərfiyyatına görə aylıq verilən bildirişlərlə Abunə haqqında olan göstəricilər düzgün göstərilmir. Belə ki, evinin elektrik enerjisindən istifadəyə görə sayğacda göstərilən sayğac oxunuşuna görə iddiaçının enerji təchizatı təşkilatına borcu yoxdur. Lakin Abunə haqqında sənəddə mənşəyi məlum olmayan 1700 manat borc göstərilir. İddiaçı, BBB-nin sədri **** ünvanladığı müraciətdə ****-nin rəisi *** ona qarşı qərəzli əməllərinin onu təngə gətirməsi barədə dəfələrlə müraciət etmişdir. Lakin heç bir faydası olmayıb. **** qərəzli münasibəti əsasında iddiaçı əvvəllər dəfələrlə məhkəmələrə müraciət etmişdir. BBB-nin yarandığı tarixdən rəis Şahin Əliyevin istədiyi rüşvəti vermədiyi üçün iddiaçının evinə məxsus sayğacın enerji mənbəyi əsassız olaraq açılıb. Vəzifə səlahiyyətlərindən sui-istifadə edən rəis **** təkidi və göstərişi ilə aylarla iddiaçının evinə elektrik enerjisi verilməyib. Xeyrinə məhkəmə qətnaməsi ola-ola 13.06.2015-ci ildən 14.10.2015-ci ilədək əsassız olaraq iddiaçının evinin elektrik enerjisi dayandırılıb. 18.11.2015-ci il tarixdən 22.02.2017-ci il tarixə, yəni bir il, üç aya iddiaçının evinə iki qat şişirdilmiş 4250,39 manat enerji sərfiyyatı hesablanıb. İddiaçı məmur özbaşınalığının qurbanına çevrilərək məcbur qalıb ödəmişdir. Əsassız olaraq bu qanunsuzluğu ört-basdır etmək üçün iddiaçının evinin sayğacı heç bir əsas olmadan rəis Şahin Əliyevin göstərişi ilə 09.03.2017-ci il tarixdə dəyişdirildi. Bu ona hesablanmışdı ki, iddiaçının evində istifadə etmədiyi enerji sərfiyyatına görə artıq ödədiyi vəsait ört-basdır olunsun. İddiaçı bunu onunla izah edir ki, o, hal-hazırda həmin evdə yaşayır. Hər ay evinin sayğacına uyğun olaraq istifadə etdiyi enerji sərfiyyatını vaxtlıvaxtında ödəyir. 13.04.2017-ci ildən 13.04.2018-ci ilə kimi yəni bir il, üç aya iddiaçı 1389,2 manat evinin sayğacına uyğun olaraq işlətdiyi enerji sərfiyyatına görə pul ödəmişdir. Eyni zamanda, iddiaçı 09.05.2018-ci il tarixdən 14.05.2018-ci il tarixə olan dövr ərzində 2029,98 manat enerji sərfiyyatına görə ödəmişdir. 12.09.2018-ci il tarixdən 13.07.2020-ci il tarixə iddiaçı evinin sayğacına əsasən istifadə etdiyi enerjiyə görə 2090,54 manat ödəmişdir. İddiaçının göstərdiyi üç haldakı bir il, üç ay ərzində evinin sayğac göstəricisinə görə istifadə olunan enerji sərfiyyatı 18.11.2015-ci ildən 22.02.2017-ci il tarixə olan dövr növbəti dövrlərə nisbətən iki dəfə şişirdilib. Yəni, 18.11.2015-ci il tarixdən 22.02.2017-ci il tarixə 4250 manat; 13.04.2017-ci ildən 13.04.2018-ci il tarixə 1389,2 manat; 09.05.2018-ci il tarixdən 14.05.2018-ci il tarixə 2029,98 manat; 12.09.2018-ci il tarixdən 13.07.2020-ci il tarixə 2090,54 manat. Beləliklə 18.11.2015-ci il tarixdən 22.02.2017-ci il tarixə əsassız olaraq iddiaçının evinin sayğacına görə istifadə olunan enerji sərfiyyatı iki dəfə şişirdilib. Hal hazırda isə heç bir əsas olmadan 1700 manat Abunə hesabında borc kimi göstərilir. Göstərilənlərə əsasən iddiaçının evinin **********01141 nömrəli sayğacına istifadə etmədiyi enerji sərfiyyatına görə əsassız olaraq hesablanmış 1700 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı AAA oğlu iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında cavabdeh BBB-nin nümayəndəsi X1 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının sayğaca müdaxiləsinə görə əvvəllər akt tərtib olunmuş, bu akt isə sonradan məhkəmə qaydasında ləğv edilmişdir. Hazırda iddiaçının enerji sərfiyyatına görə BBB-yə borcu mövcuddur. Həmin borc limitdən artıq sərfiyyata görə yaranmışdır. Bu səbəbdən iddianı əsassız hesab edərək, rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh BBB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 185.5-ci maddəsinə əsasən işə cavabdeh BBB-nin nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İşin materiallarında olan BBB tərəfindən verilmiş **********01141 saylı kod üzrə abunə haqqında arayışdan görünür ki, 19.02.2021-ci il tarixə abonentə sayğac oxunması üzrə 11675,71 manat, aktlar bölməsi üzrə 3682,08 manat borc hesablanmış, ümumi olaraq 13873 manat ödəniş aparılmışdır. Qeyd olunan tarixə abonentin 1484,79 borcu olmuşdur. BBB tərəfindən verilmiş **********01141 saylı kod üzrə abunə haqqında arayışdan görünür ki, 24.03.2021-ci il tarixə abonentə sayğac oxunması üzrə 11847,49 manat, aktlar bölməsi üzrə 3768,24 manat borc hesablanmış, ümumi olaraq 14123 manat ödəniş aparılmışdır. Qeyd olunan tarixə abonentin 1492,73 borcu olmuşdur. 11.03.2021-ci il tarixli bildirişdən görünür ki, abonent AAA oğlunun 09.02.2021-ci il tarixdən 11.03.2021-ci il tarixədək istifadə olunmuş 2454 kVts (300 kVts limitli + 2154 kVts limitdən artıq sərfiyyat) elektrik enerjisinə görə hesablanmış 257,94 manat cari borcu və 1484,79 manat qalıq borc olmaqla 1742,73 manat borcu vardır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 may 2017-ci il tarixli qətnaməsi əsasında 1288,60 manat, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyul 2017 ci il tarixli qətnaməsi əsasında 607,01 manat və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 fevral 2018-ci il tarixli qətnaməsi əsasında 2145,32 manat akt əsasında hesablanmış borc AAA oğlunun abonent hesabından silinmişdir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarlarına əsasən əhali üçün elektrik enerjisindən aylıq istehlak həcminin 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün 0,07 manat, aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün 0,11 manat tariflər müəyyən edilmişdir. Qərardan görünür ki, elektrik enerjisindən aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsinə görə əhali qrupu üçün əlavə olaraq 0,04 manat tarif müəyyən edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, məhkəmə qətnamələri əsasında AAA oğluna müxtəlif dövlərdə hesablanmış əsassız borclar silinmişdir. Hazırda abonentin aylıq elektrik enerji sərfiyyatı güzəştli limiti keçdiyi üçün, limitdən artıq sərfiyyat abunə haqqında arayışın aktlar bölməsi üzrə hissəsində borc olaraq qeyd olunmuşdur. Məsələn, 09.02.2021-1103.2021-ci il tarixlərində limitdən artıq artıq sərfiyyat olan 2154 kVts x 0,04 manat=86,16 manat abunə haqqında arayışın aktlar bölməsi üzrə hissəsində 11.03.2021ci il tarixdə qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enejisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Qeyd olunan Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçı AAA oğlunun silinməsini tələb etdiyi borc elektrik enerjisindən limitdən artıq istifadəyə hesablanmış borcdur. Sərf olunan elektrik enerjisindən istifadəyə görə borc BBB tərəfindən əsaslı olaraq hesablanmış və borcun qanunsuz hesablanması halı öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı AAA oğlunun cavabdeh BBBnə qarşı "əsassız hesablanmış borcun silinməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı AAA oğlunun cavabdeh BBBnə qarşı "əsassız hesablanmış borcun silinməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar