Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2788/2024 27.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ndə yerləşən fərdi yaşayış evinə əsassız olaraq hesablanmış 5000 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı cavabdeh “Azərişıq" ASC-nin ona məxsus fərdi yaşayış evinə əsassız olaraq baxış keçirən zaman fərdi yaşayış evinin sayğacına qoşulmuş maqnit olduğunu demişdilər. Evdən kənarda olan sayğaca maqnitin qoyulmasında onun heç bir məlumatı olmamışdır. Buna baxmayaraq əsassız şəkildə onun işıq xəttini kəsmişlər. Qeyd etmək istəmişdir ki hazırda fərdi yaşayış sahəsində işığa çox böyük ehtiyac vardır. Hal-hazırda evdə himayəmdə ruhi xəstə oğlu vardır. İşıq olmaması onlar üçün böyük problemdir. Borcun hesablanmasına əsas olmuş sənədləri ona təqdim etdikdə cavabdeh tərəfindən hədsiz saxtakarlığının şahidi olmuşdur. Belə ki, işıqdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olmuşdur. Cərimənin hesablama qaydasına baxdıqda cavabdeh təşkilatın nə dərəcədə intehlakçılara zülm verdiyinin şahidi olmuşdur. Cavabdeh təşkilat istifadəsində olan və hər ay ödənişini etdiyi işığa əsassız şəkildə 5000 manat borc yazmışdır. Bundan böyük absurd o, görməmişdir. Cavabdeh təşkilat öz inhisarçı mövqeyindən sui-istifadə edərək istehlakçılara qarşı istədikləri cürə hərəkət edirlər. Bu cür saxtakarlığa yol vermiş cavabdehdən istənilən qanunsuz hərəkətləri gözləmək olar. Cavabdehin yazdığı orcdan elə çıxır ki, guya ki, o, işıq sayğacı qoşulandan ödəniş etməmişdir. Lakin, o, mütəmadi şəkildə işığa ödəniş etmişdir. Qeyd etmək istəmişdir ki, o, təbii işıqdan qanunsuz istifadə etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsi, həmçinin törəmə cəmiyyətlərinin yaradılması, yenidən təşkili və ya ləğv edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətirin fəaliyyətinin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 1206 nömrəli Sərəncamına (bundan sonra - Sərəncam) uyğun olaraq həyata keçirilir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbinin təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi və zahatında qeyd etdi ki, sistemdən verilmiş çıxarışda iddia tələbində qeyd edilən məbləğdə borcunun olması göstərilmişdir. Həmin borc məbləği hazırda da mövcuddur və iddiaçı tərəfindən həmin borc ödənilməlidir. Məhkəmənin əvvəlki iclasında şahid qismində ifadə vermiş "xxxx" ASC-də mühəndis vəzifəsində işləyən Akif Məmmədov bildirmişdir ki, iddiaçıya məxsus evə həmçinin onun bilavasitə iştirakı ilə baxış keçirilmiş və akt tərtib edilmişdir. Baxış zamanı evin daxilində deyil, kənarda (yaşayış evinin hasarının xarici tərəfində) quraşdırılmış sayğacın üzərinə maqnitin qoyulması müəyyən edilmiş, sayğac dövrədən tam kənarlaşdırılmış və yenisi ilə əvəzlənmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatını və şahid ifadəsini dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında akt-protokoldan görünür ki, sayğacın “A” fazasının çıxış yuvası termiki təsir nəticəsində yanmış, sayğac istismara yararsızdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli akt № 001524-dən görünür ki, sayğaca baxış keçirərkən məlum olmuşdur ki, baxış zamanı sayğacın üzərinə maqnitin qoyulması müəyyən edilmiş, sayğac dövrədən tam kənarlaşdırılmış və yenisi ilə əvəzlənmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icra vərəqindən görünür ki, xx.xx.2023cü il tarixli akta əsasən 4934.54 manat borcun ödənilməsi qərara alınmışdır. Məhkəmə iclası zamanı tərəflərin iştirakı ilə tərtib edilmiş akta əlavə edilmiş CD diskdə olan video fayla baxış keçirilmiş və sayğacın özərinə maqnitin yerləşdirilməsi müşahidə edilmişdir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Qaydaların 7.7-cı bəndinə əsaəsn bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna ol-maqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. “Eletroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunun 19.16-cı maddəsinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusiyaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, mülki mübahisəyə qiymət verərək qeyd edir ki, iddiaçı tərəfindən silinməsi tələb olunan 5000 manat məbləğində borcun əsasını - enerjitəchizatı müəssisəsi (cavabdeh) tərəfindən akt əsasında abonentin (iddiaçının) abunə hesabına hesablanmış pul məbləğləri olduğundan, yaranmış borcun əsaslı olması halı barədə sübutetmə yükü cavabdehin üzərinə düşür. Həmin akta görə ümumilikdə 5000 manat məbləğində iddiaçının öhdəliyinin yaranmasının mötəbərliyini əks etdirən sübutlar məhkəməyə təqdim olunmadığından və həmin borcun yaranmasının əsaslı olması, aşkar edilmiş müdaxilədə istehlakçının təqsiri müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli, buna görə də, 70 manat dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" ASC tərəfindən ünvan 1 ünvanına xx.xx.2024-cü il tarixli Akt NİM №001524 akt əsasında (abonent kodu **********01376) əsassız hesablanmış 5000 manat borc silinməli, "xxxx" ASC-dən 70 manat alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. "xxxx" ASC tərəfindən ünvan 1 ünvanına Akt NİM №001524 akt əsasında (abonent kodu **********01376) əsassız hesablanmış 5000 manat borc silinsin. "xxxx" ASC-dən 70 manat alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-2788/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2788/2024
27.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver