Məhkəmə qərarları › İş №2(006)-2794/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2794/2023

23.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2794/2023 23.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi, müqavilə üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə X3 arasında olan xx.xx.2022-ci il tarixli 1 nömrəli ilkin razılaşma müqaviləsinin etibarsız heab edilməsi, müqavilə üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzilin sökülməsinə görə verilən 250000 manat kompensasiya məbləğinin iddiaçılar və cavabdeh (4 nəfər) arasında bərabər qayadada bölünməsini xahiş etmişdirlər. Yasamal Rayon Məhkəməsinin 16(004)-111/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə söküntü işlərinin aparılması şəxslərə qadağan edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(004)-400/2023 saylı iddia tələbləri rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-2864/2023 saylı qətnaməsilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Hazırda yeni açılmış hallar nəzərə alınmaqla yeni iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilənin etibarsız hesab edilməsi, müqavilə üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılması barədə yeni qətnamənin qəbul edilməsi xahiş edilir. Mübahisəli ünvanda fərdi tikili iddiaçı və 3-cü şəxsin özlərinə məxsus olmuş ana və atası mübahisəli ünvanda yaşamışlar orada iddiaçılar və 3-cü şəxs dünyaya gəlmiş orada birlikdə təsərrüfat aparmışdırlar. İddiaçılar sonradan ailə qurmuş və orada müəyyən müddətlərdə köçmüşdürlər. Daimi olaraq gediş gəlişləri olmuş, və pasport qeydiyyatındadırlar (hazırki günədək). Mənzil ailəyə məxsus olmuşdur, bütün ailə olaraq orada yaşayıb təsərrüfat aparmışdırlar, sonra isə hazırki iş üzrə 3-cü şəxs qardaşı Bəndəliyev Rauf orada yaşamışdır. İddiaçıların və onların valideynlərinin mübahisəli evi təmir işləri apardığı kimi, heç bir iş görmədən, təsərrüfat aparmadan 3-cü şəxs oarda yaşamışdır. Ev sənədsiz olmuş sadəcə olaraq onların ailəsi orada yaşadığı üçün və ailəyə məxsus olduğuna görə hamı yaşamaqla orada qeydiyyatda olmuşdur. İş üzrə cavabdeh '"LUX RESİDENCE’’ MMC qanunsuz olaraq iş üzrə 3-cü şəxs olan Bəndəliyev Raufla 24 oktyabr 2023-cü il tarixli ilkin razılaşma müqaviləsi bağlamış və ona müxtəlif müddətlərdə cəmi 250000 manat pul ödəmişdir. Baxmayaraq ki, İddiaçı1, İddiaçı2 mübahisəli ünvanda yaşamaqla qeydiyyatdadır. Onların razılıq ərizələri alınmadan mübahisəli ev sökülmüşdür, (tam söküntü işləri aparılmayıb). Belə bir əqdin bağlanması qəbul edilməli olsa, onda onlar da orada qeydiyyatdadırlar doğulmuşlar yaşamışlar, təsərrüfat aparmışlar, onlarla niyə əqd bağlanılmamışdır onlara niyə pul ödənilməmiş, onların fikri niyə öyrənilməmişdir? İşin mübahisəsiz halı ondan ibarətdir ki, sökülməsi nəzərdə tutulan və artıq qismən sökülmüş ünvan 2 ünvanında yerləşən evdə İddiaçı1, İddiaçı2 həmçinin X3 qeydiyyatda olmuşlar və hazırda qeydiyyatdadırlar. Cavabdehlə 3-cü şəxs arasında bağlanmış Müqavilə etibarsız hesab edilməklə tərəflər əvvəlki vəziyytə qaytarılmalıdır. Məhkəmədə iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh MMC ilə sakin X3 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış ilkin razılaşmanın surətindən görünür ki, həmin razılaşma bu Razılaşma sakinə məxsus yaşayış sahəsi şirkət tərəfindən sökülərək əvəzində ona kompensasiya verilməsi, sakin tərəfindən mənzilin boşaldılması və şirkət təhvil verilməsi ilə əlaqədar tərəflərin gələcəkdə müqavilə bağlamaqla bağlı hüquq və öhdəliklərini müəyyən edilməsi haqqında bağlanmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və X1 cavabdeh X2 qarşı pul tələbinə dair iddiaları təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçılar hazırki iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməzlər. Çünki, onlar mübahisəli yaşayış sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişlərdir. Bu hal qəbul edilmiş məhkəmə qətnamələri ilə də öz təsdiqini tapmışdır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd edir ki, iddiaçıların ünvan 3 ünvanında yerləşən əmlaka dair kompensasiya tələb etmələrinə dair mülki iş Cavabdeh MMC ilə X3 arasında ünvan 3 ünvanında yerləşən əmlaka dair 250 000 manat kompensasiyanın verilməsi haqqında bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə iş üçün preyudisial əhəmiyyət kəsb edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsində göstərilmişdir ki, İddiaçı1 və İddiaçı2 ünvan 3 ünvanda qeydiyyatda olsalar da, orada yaşamamışlar və bu səbəbdən də onların mənzilin sökülməsi ilə əlaqədar kompensasiya almaq hüquqları olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsində göstərilmişdir ki, iddiaçıların ünvan 3 ünvana sahiblik, istifadə və sərəncam hüquqları mövcud olmamışdır. Göründüyü kimi iddiaçıların sözügedən əmlaka dair heç bir hüquqları mövcud deyildir. İddiaçılar yalnız həmin əmlaka dair hər hansı hüquqlarının mövcudluğunu sübut edə bildikləri halda hazırki iddia tələbi ilə çıxış edə bilərlər. Hazırki halda isə sözügedən əmlak üzərində qanunla nəzərdə tutulmuş qaydada hüquq əldə etmələrini təsdiq edən hər hansı bir sübutları olmadığından məhkəmənin qənaətinə görə, iddiaçılar irəli sürdükləri tələbə münasibətdə ümumiyyətlə subyektiv hüquqa malik şəxs deyildirlər və həmin tələbə məhz bu kontekstdə qiymət verilməlidir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçıların etibarsız hesab edilməsi tələb olunan müqavilənin nəticələri onların hər hansı hüquqlarına toxunmur. Belə ki, həmin müqavilənin predmetinə dair qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquqları olmadığı üçün onların sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibləri kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidr. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd edilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia rədd edilməli olduğundan, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi, müqavilə üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılması barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar