Məhkəmə qərarları › İş №2(006)-2803/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2803/2025

09.10.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2803/2025 09.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı (13 saylı Notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı X7 Cavabdeh qarşı (13 saylı Notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının anası İddiaçı adından cavabdeh Həsənova (Gülmalıyeva) Tamella Həsən qızına, 30 sentyabr 1994-cü il tarixdə etibarnamə alınmışdır. Lakin həmin etibarnamə hüquqi əsası olmayan və qanunsuz sənəddir. Belə ki, etibarnaməni imzaladığı zaman İddiaçı ağır xəstə vəziyyətində olub, nəyə qol çəkdiyini dərk etmə qabiliyyətinə malik olmayıb. Onun xəstəliyə tutulmasından və etibarından suiistifadə edən qardaşı və həyat yoldaşı Gülmalıyeva (Həsənova) Tamella Həsən qızı notariat ofisinə gedə biləcək fiziki gücdə olmadığından qonşunun evini almaq niyyəti ilə evə 13 saylı notariat ofisinin nümayəndəsini gətirməklə onun adından etibarnamə almışlar. Verdiyi etibarnamənin məzmunundan xəbəri olmamışdır Həmin dönəmdə 13 saylı notariat ofisinin müdiri elə qardaşının baldızı olub. Bu hadisədən 2024-cü ilin aprel ayının sonları anasının atasından qalan əmlakın satılması prosesi gedişində məlumatı olmuşdur. Belə ki, onun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciətinə cavab olaraq Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 116 saylı fərdi yaşayış evinin “B” tikilisinin 1/4 hissəsi xx.xx.1994-cü-il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Bakı şəhər 13 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1994-cü il tarixli, 3-M/8-3138 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilməsi barədə yazılı cavab verilmişdir. Bu məlumatı aldıqdan sonra anası insult keçirdi. Təcili tibbi yardımla X12 çatdırılmış və 21 gün reanimasiya şöbəsində müalicə alınmışdır. Göstərilənlərə əsasən xx.xx.1994-cü il tarixli, 3-M/8-3138 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Daha sonra verilən vəsatət əsasında iddiaçı X7 əsl İddiaçı ilə əvəz edilmişdir. 4.Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbinə görə İddiaçı – ağır xəstəlik səbəbindən imza atdığı sənədin mahiyyətini dərk etmək qabiliyyətindən məhrum olmuş, bu səbəbdən tərəfin iradə ifadəsinin pozulduğu hallar nəticəsində hüquq münasibətlərin formalaşması, müqavilənin mübahisələndirilməsinə və nəticədə, onun etibarsız hesab edilməsinə əsas yaradır. Odur ki, əqdin etibarsızlığını iddia edən tərəf bunu sübut etməlidir. İddiaçı əqdi bağladığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyini mütləq olaraq sübuta yetirməlidir. Bundan başqa, mübahisələndirilən əqd 1994-cü ildə bağlanılıb və əqdin bağlanmasındam 30 ildən çox vaxt keçib. Həmçinin, göründüyü kimi iddiaçının vaxtın keçməsi səbəbindən məhkəməyə müraciət etmək hüquq artıq mövcud deyil. Yuxarıda qeyd olunanlara əsasən bildirilir ki, irəli sürülmüş iddia bütövlükdə qanunsuz və əsassızdır, buna görə də təmin edilməməlidir: Odur ki, qeyd edilən halları və iddianın tamamilə əsassız olmasını nəzərə alaraq, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirmişdir ki, cavabdehin nümayəndəsi-vəkili tərəfindən verilmiş sənədlərdən biri saxtadır, belə ki, orada iddiaçının ata adı “Əziz” yox, “Həsən” kimi qeyd olunmuşdur. Etibarnamə anası xəstə olduğu üçün evlərində, 2 notariusun iştirakı ilə tərtib edilmiş, həmin vaxt Cavabdeh da evdə olmuşdur. Cavabdeh bildirmişdir ki, dayısı vəzifəli şəxs olduğuna görə öz adına ev almaqdan çəkinir və bunun üçün ona etibarnamə lazımdır. Anası da buna etiraz etməmiş və yataqda uzandığı halda bir jurnala imza atmışdır. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə sədrlik edənin suallarına cavab olaraq etibarnamənin notariat ofisində yox, evdə tərtib olunması ilə bağlı sübutunun təkcə ailə üzvləri olaraq anasının evdə ikən etibarnaməyə qol çəkdiyinin şahidi olmaları, etibarnamənin yalnız qonşu Rəhilənin evini almaq üçün verildiyini, anasının hələ də sağ olduğunu, onun da öz evinin bağışlanmasına razı olmadığını, Ağcabədi rayonunda yerləşən ata mülkiyyəti satılmasa idi, bundan xəbərlərinin olmayacağını, həmin mənzilin ərazisində yerləşən qeyri-yaşayış sahəsinin 2000-2001-ci ildən fəaliyyət göstərdiyini, qeyri-yaşayış sahəsinin “A” və “B” tikililərinin hər ikisini ehtiva etdiyini, həmin qeyri-yaşayış sahəsindən İddiaçı gəlir əldə etmədiyini, dayısı Həsənin həmin sahəni İbrahim Tatlısəsə icarəyə vermək istədiyini, anasının da dayısının xahişini yerə salmadığını və buna etiraz etmədiyini, iddiaçının mübahisəli mənzildə 1964cü ildə evlənənə qədər yaşadığını, həmin mənzilin tələbə evi kimi kirayəyə verilmədiyini, dayısının 1979-cu ildə evlənənə qədər Ağcabədi rayonundan gələn tələbə qohumlarının həmin mənzildə yaşadıqlarını, 2000-ci ildə dayısının başqa bir mənzilə köçdükdə isə həmin sahəni icarəyə verdiyini, iddiaçının heç vaxt icarə pulu istəmədiyini, çünki buna ehtiyacının olmadığını, qarşı tərəfin nümayəndəsi-vəkilinin suallarına cavab olaraq isə iddiaçının qonşu Rəhilənin evini almaq üçün qardaşına etibarnamə verdiyini, lakin bundan əlavə, anasının öz mülkünün də bağışlandığını, halbuki anasının belə bir niyyəti olmadığını, alqı-satqı müqaviləsində satıcı olaraq qonşu Rəhilə xanımın qeyd olunduğunu, “B” tikilisinin İddiaçı məxsus olması ilə bağlı qeydiyyat vəsiqəsininin orijinalının Cavabdeh tərəfindən necə əldə edildiyini bilmədiyini, onların bundan xəbərlərinin olmadığını, ola bilsin ki, xəlvətcə evdən götürdüyünü, çünki heç vaxt rəfləri açarla bağlamadıqlarını, Ağcabədi rayonundakı mülklə bağlı məsələdən sonra prokurorluğa müraciət etmək istədiklərini, ancaq anasının icazə vermədiyini bildirmişdir. 6.Məhkəmə iclasında cavabdehin nümayəndəsi-vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimata əsasən, notariat hərəkətləri notariat ofisindən kənarda aparılarsa, sənəd üzərində bu qeyd olunmalıdır. Lakin mübahisələndirilən etibarnamənin arxa hissəsində əqdin İddiaçı evində tərtib olunması ilə bağlı hər hansısa bir qeyd yoxdur. Deməli, etibarnamə elə 13 saylı Notariat ofisində verilmişdir. Həmçinin, etibarnaməni Zəminə Abdullayeva yox, Qabıtov soyadlı bir şəxs təsdiqləmişdir. Bundan əlavə, əmlakın həm alqısı, həm də satılması etibarnamə ilə həyata keçirilmişdir. Etibarnamələrdən birində onun müəyyən bir əmlakın satılması üçün 1 ay müddətinə verilməsi konkret göstərilmişdir. Digər mübahisəli etibarnamə isə ümumi etibarnamədir və 1 il müddətinə verilmişdir, yəni iddiaçının iradəsi bu yöndə olmuşdur ki, o, bütün növ əqdlərin bağlanmasına razıdır. Əgər şəxs sırf 1 əmlakın alqı-satqısı üçün Notariat ofisinə gedib etibarnamə verə bilirdisə, alqı-satqı müqaviləsini də özü imzalaya bilərdi. Yəni, etibarnamə sadəcə bir hərəkətin yerinə yetirilməsi üçün verilmiş ola bilməz. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 7.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 8.Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 9.Mülki işin materiallarında olan АЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X7 xx.xx.1967-ci il tarixdə anadan olmuş, ana adı qrafasında İddiaçı qeyd edilmişdir. 10.Mülki işin materiallarında olan İ-ИЕ seriyalı, 435510 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X10 xx.xx.1940-cı il tarixdə anadan olmuşdur. 11.Mülki işin materiallarına X9 verilən İddiaçı məxsus ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış əlavə edilmişdir. 12.Mülki işin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan 15 iyul 2025-ci il tarixli cavab məktubuna əsasən “A” və “B” tikililərindən ibarət Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 116 saylı fərdi yaşayış evi Cavabdeh adına qeydiyyatdan keçmişdir, lakin sonradan sözügedən fərdi yaşayış evinin təyinatı dəyişdirilərək Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 116 saylı qeyri-yaşayış binası kimi qeydiyyata alınmışdır və Cavabdeh mülkiyyətindədir. Sorğu ilə əlaqədar olaraq sözügedən əmlaka dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. 13.Mülki işin materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 432 nömrəli reyestr kitabının 40495 nömrəli vərəqində qeydiyyata alınmışdır. 14.Mülki işin materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən 372877 nömrəli Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası Cavabdeh adına xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 83 nömrəli reyestr kitabının 7916 nömrəli vərəqində qeydiyyata alınmışdır. 15.Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 18 dekabr 2018-ci il tarixli, 371 nömrəli vətəndaş Cavabdeh mənzilinin ölçülərinin dəqiqləşdirilməsi və qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncamına əsasən Cavabdeh məxsus Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi 116 saylı evin ümumi sahəsi 160 kv.m hesab edilərək qeyri-yaşayış sahəsinə keçirilmişdir. 16.Mülki işin materiallarında olan 5 saylı Bakı “Asan xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən verilən xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2018-ci il tarixdə ölmüş X5 vərəsəsi arvadı-Cavabdehdır. Şəhadətnamə verilən miras əmlaklardan biri ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə X8 verilmiş **********07-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 122.1 kv.m olan fərdi yaşayış evindən və yerləşdiyi 0.01239 ha torpaq sahəsi olmuşdur. 17.Mülki işin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024cü il tarixli cavab məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 116 saylı fərdi yaşayış evinin “B” tikilisinin 1/4 hissəsi xx.xx.1994-cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 13 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1994-cü il tarixli, 3-M/8-3138 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. 18.Mülki işin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 116 saylı fərdi yaşayış evinin “B” tikilisinin 1/4 hissəsi Bakı şəhəri 13 saylı notariat kontorunun 3- M/7-2080 reyestr nömrəli, xx.xx.1994-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1994-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 13 saylı dövlət notariat kontorunun xx.xx.1994-cü il tarixli, 3-M/8-3138 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X5 adına özgəninkiləşdirilmişdir. 19.Bakı şəhəri 13 saylı notariat ofisi tərəfindən tərtib edilmiş 3-M/8-3138 reyestr nömrəli bağışlama müqaviləsinin materiallarında olan 13 saylı notariat kontorunda xx.xx.1994-cü il tarixdə 4-m/9-3002 reyestr nömrəsi ilə təsdiq edilmiş etibarnamə əsasında İddiaçı Həsən qızının adından hərəkət edən X3 və X11 arasında bağlanmış xx.xx.1994-cü il tarixli tikilinin bağışlanması müqaviləsinə əsasən İddiaçı Həsən qızı şəxsi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 5 ünvanında yerləşən “V” və “A” tikilisində ¼ payı öz qardaşı vətəndaş X8 bağışlayır və X11 göstərilən hədiyyəni qəbul edir. 20.Bakı şəhəri 13 saylı notariat ofisi tərəfindən tərtib edilmiş 3-M/8-3138 reyestr nömrəli bağışlama müqaviləsinin materiallarında olan xx.xx.1994-cü il tarixli etibarnaməyə əsasən İddiaçı bu etibarnamə əsasında ünvan 5 ünvanında yaşayan vətəndaş X2 bütün əmlakını, nədən ibarət olmasından və harada yerləşməsindən asılı olmayaraq idarə etmək və sərəncam vermək, buna müvafiq olaraq qanunla icazə verilən bütün əqdləri bağlamaq, xüsusən, tikililəri və digər əmlakı satmaq, almaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, girov qoymaq və girovu qəbul etmək və s. etibar etmişdir. 21.Mülki işin materiallarına əlavə edilmiş 14 avqust 2012-ci il tarixli əmlakın icarəyə verilməsi haqqında müqaviləyə əsasən ünvan 6 ünvanda yerləşən yaşayış sahəsinin mülkiyyətçisi X11 həmin ünvanda yerləşən 50 kv.m əsas, 20 kv.m köməkçi sahəni sərgisatış salonu kimi “Azərpak” BM-ə aylıq 500 manat icarə haqqı ödənilməsi şərtilə icarəyə vermişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 22.Beləliklə, işin araşdırılan halları əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 116 saylı fərdi yaşayış evinin “B” tikilisinin ¼ hissəsi İddiaçı mülkiyyətində olmuş, daha sonra xx.xx.1994-cü il tarixli, 3-M/8-3138 reyestr nömrəli bağışlama müqaviləsi əsasında İddiaçı tərəfindən Cavabdeh verilən etibarnamə əsasında sonuncunun yoldaşı-iddiaçının qardaşı X8 bağışlanmışdır. 23.Müəyyən edilmişdir ki, X11 vəfat etdikdən sonra “A” və “B” tikililərindən ibarət olan Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 116 saylı fərdi yaşayış evi bütövlükdə cavabdehin adına qeydiyyatdan keçmiş, daha sonra isə cavabdehin müraciəti əsasında fərdi yaşayış evinin təyinatı dəyişdirilərək qeyri-yaşayış sahəsinə çevrilmiş və hazırda da qeyri-yaşayış sahəsi kimi icarəyə verilmişdir. 24.X1 iddiaçının səlahiyyətli nümayəndəsi (qızı) olaraq iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia edir ki, xx.xx.1994-cü il tarixdə iddiaçı tərəfindən cavabdehə verilən etibarnamə yalnız qonşudakı evin alınması ilə əlaqədar olaraq verilmiş, lakin cavabdeh iddiaçının etibarından sui-istifadə edərək həmin evin alqı-satqısından əlavə eyni zamanda iddiaçının mülkiyyətində olan evi də həmin etibarnamə əsasında 3-M/8-3138 reyestr nömrəli bağışlama müqaviləsi əsasında həyat yoldaşı, yəni iddiaçının qardaşı X8 bağışlamışdır. İddiaçı, sözügedən etibarnaməni cavabdehə verdiyi zaman xəstə, yatalaq vəziyyətində olduğu üçün etibarnamənin mahiyyətini, nəyə imza çəkdiyini dərk etmədiyini bildirir. Odur ki, hazırda iddiaçı tərəf qeyd edilənlərə əsasən xx.xx.1994-cü il tarixli, 3-M/8- 3138 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. 25.Cavabdeh tərəf isə iddia tələbini qəbul etməyərək, onun rədd edilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 26.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 27.“Azərbaycan SSR Mülki Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Sovet Sosialist Respublikasının 1964-cü il 11 sentyabr tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan): 39-cu maddəsinə əsasən vətəndaşların və təşkilatların mülki hüquqlarının və ya vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkətləri əqd hesab edilir. Əqdlər birtərəfli, iki və ya çoxtərəfli (müqavilələr) ola bilər. Əqdlər şifahi və ya yazılı bağlana bilər. Yazılı əqdlər iki cür olur: sadə əqdlər və notariat qaydasında təsdiq edilməli olan əqdlər. Qanunla müəyyən forması nəzərdə tutulmayan əqdlər şəxsin hərəkətindən onun əqd bağlamağa razı olduğu açıq-aşkar göründüyü halda da bağlanmış hesab edilir. 41-ci maddəsinə əsasən yazılı əqdlər onları bağlayan şəxslər tərəfindən imzalanmalıdır. Əgər vətəndaş fiziki qüsuruna, xəstəliyinə və ya hər hansı sair səbəblərə görə əqdi özü imzalaya bilmirsə, onun tapşırığı ilə başqa vətəndaş imzalaya bilər. 43-cü maddəsinə əsasən əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. 44-cü maddəsinə əsasən qanunun tələblərinə müvafiq olmayan əqd etibarsızdır. Qanunla tələb olunan formaya riayət etməmək əqdin etibarsızlığına, yalnız belə nəticə bilavasitə qanunda göstərildiyi halda səbəb olur. Etibarsız əqd üzrə tərəflərdən hər biri, əqd üzrə alınmış bütün şeyləri digər tərəfə qaytarmağa borcludur, alınmış şeyləri eyni ilə qaytarmaq mümkün olmadıqda, qanunda əqdin etibarsızlığının sair nəticələri nəzərdə tutulmamışsa, onların dəyərini pulla ödəməlidir. 52-ci maddəsinə əsasən aldatma, zor, hədə təsiri altında və ya bir tərəfin nümayəndəsinin digər tərəfin nümayəndəsi ilə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağladığı əqd, habelə vətəndaşın ağır vəziyyətə düşməsi nəticəsində onun üçün son dərəcə əlverişsiz şəraitdə məcburən bağladığı əqd zərər çəkənin, yaxud dövlət təşkilatının, kooperativ və ya sair ictimai təşkilatın iddiası üzrə etibarsız hesab edilə bilər. Əqd göstərilən əsaslardan birinə görə etibarsız hesab edildikdə, digər tərəfin əqd üzrə aldığının hamısı zərər çəkənə qaytarılır, alınanı eyni ilə qaytarmaq mümkün olmadıqda, onun dəyəri pulla ödənilir. Zərər çəkənin əsassız olaraq aldığı dövlət mədaxilinə keçirilir. Bundan əlavə, digər tərəf zərər çəkənin çəkdiyi xərcləri, əmlakın itirilməsi və ya zədələnməsi xərclərini ödəməlidir. 55-ci maddəsinə əsasən etibarsız sayılan əqd, bağlandığı vaxtdan etibarsız hesab olunur. Lakin əqdin məzmunundan, onun ancaq gələcək vaxtda xitam edilə biləcəyi məlum olarsa, əqdin qüvvəsi gələcək vaxtda xitam edilmiş sayılır. 58-ci maddəsinə əsasən vətəndaşlar və hüquqi şəxslər, öz xarakterinə görə ancaq vətəndaşlar tərəfindən şəxsən bağlanılmalı olan, habelə qanunda göstərilən digər əqdlər istisna olmaqla, əqdləri özlərinin seçdikləri nümayəndələr vasitəsi ilə bağlaya bilərlər. Bir şəxsin (nümayəndənin) digər şəxs (təmsil olunan) adından etibarnaməyə, qanuna, yaxud inzibati akta əsaslanan səlahiyyət üzrə bağladığı əqd bilavasitə təmsil olunan üçün mülki hüquq və vəzifələri yaradır, dəyişdirir və xitam edir. Səlahiyyət, nümayəndənin (pərakəndə satışda — satıcı, kassir və s.) fəaliyyət göstərdiyi şəraitdən də aydın ola bilər. Nümayəndə, təmsil etdiyi şəxs adından nə şəxsən özü üçün, nə də eyni zamanda təmsil etdiyi digər şəxs üçün əqd bağlaya bilməz. 60-cı maddəsinə əsasən bir şəxs (etibar edən) adından üçüncü şəxslər qarşısında təmsil olunmaq üçün digər şəxsə (etibar edilənə) verilmiş yazılı səlahiyyət etibarnamə hesab edilir. Bağlanması notariat forması tələb edən əqdlər, habelə dövlət, kooperativ və sair ictimai təşkilatların hərəkətinə dair etibarnamə, bu Məcəllədə nəzərdə tutulan hallar və xüsusi qaydalarla etibarnamənin sair formasına yol verilən digər hallar istisna edilməklə, notariatda təsdiq edilməlidir. 245-ci maddəsinə əsasən bağışlama müqaviləsinə görə bir tərəf müəyyən əmlakı əvəzsiz olaraq digər tərəfin mülkiyyətinə verir. Bağışlama müqaviləsi əmlak verilən vaxt bağlanmış hesab olunur. Yaşayış evini və tikinti materiallarını bağışlama müqaviləsi müvafiq surətdə bu Məcəllənin 230 və 230-1-ci maddələrində müəyyən edilən formada bağlanmalıdır (10, 15, 16, 22). 28.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 29.Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. 30.Hazırki iş üzrə məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının mülkiyyətində olmuş Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 116 saylı fərdi yaşayış evinin “B” tikilisinin ¼ hissəsinin iddiaçı tərəfindən cavabdehə verilən etibarnamə əsasında xx.xx.1994-cü il tarixli, 3-M/8-3138 reyestr nömrəli bağışlama müqaviləsi ilə cavabdeh tərəfindən iddiaçının qardaşına bağışlanması, sonuncu vəfat etdikdən sonra fərdi yaşayış evinin bütövlükdə cavabdehin mülkiyyətinə keçməsi işin mübahisəsiz hallarıdır. 31.Hazırda iddiaçı tərəf cavabdehə verilən etibarnamədən onun tərəfindən suiistifadə edildiyini, belə ki, iddiaçının etibarnaməni verdiyi zaman əsl niyyətinin yalnız başqa bir evin alqı-satqısı ilə bağlı olaraq verildiyini, eləcə də iddiaçının ağır xəstə vəziyyətində olduğundan verdiyi etibarnamənin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmadığını iddia edərək, sözügedən etibarnamə əsasında bağlanan bağışlama müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. 32.Məhkəmə iddia tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən qanunla tələb olunan formaya riayət etməmək əqdin etibarsızlığına, yalnız belə nəticə bilavasitə qanunda göstərildiyi halda səbəb olur. Hazırki iş üzrə məhkəmə bağışlama müqaviləsinin etibarsız hesab edilməsinin dəlillərini əsassız hesab edir. 33.Belə ki, ilk növbədə məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi iddiaçı tərəfindən cavabdehə verilən etibarnamə ümumi (mülkiyyət ilə əlaqədar) etibarnamə olmuşdur. Belə ki, həmin etibarnamə üzrə iddiaçı mülkiyyətində olan bütün əmlakını, nədən ibarət olmasından və harada yerləşməsindən asılı olmayaraq idarə etmək və sərəncam vermək, buna müvafiq olaraq qanunla icazə verilən bütün əqdləri bağlamaq, xüsusən, tikililəri və digər əmlakı satmaq, almaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, girov qoymaq və girovu qəbul etmək və s. etibar etmişdir. 33.Lakin, iddiaçı iddia edir ki, etibarnaməni verərkən iddiaçının niyyəti təkcə qonşudakı evin qardaşının adına alqı-satqısının həyata keçirilməsi olmuş, öz əmlakına dair hansısa bir səlahiyyəti qarşı tərəfə etibar etməmişdir. 34.Məhkəmə bu hal üzrə qeyd edir ki, iddiaçının iddia etdiyi hallar sadəcə mülahizə xarakteri daşımış, belə ki, həmin halları təsdiq edə biləcək sübutlar (etibarnamə verildiyi zaman niyyətin ancaq bir əmlaka münasibətdə olması, eləcə də etibarnamənin verildiyi zaman onun ağır xəstə vəziyyətində olması, nəyə imza çəkməsini dərk etmək qabiliyyətinə malik olmaması) iddiaçı tərəfindən məhkəməyə təqdim edilə bilməmişdir. Halbuki, qanunvericiliyin tələbinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə onu da qeyd edir ki, iddiaçı etibarnaməni cavabdehə vermiş, lakin cavabdeh həmin etibarnamə əsasında öz xeyrinə əqd bağlamamış, bunun əksinə əqdi etibarnamə əsasında iddiaçının oğluna bağışlamışdır, yəni özünün xeyrinə hüquqdan sui-istifadə etməmişdir. 33.Bundan başqa, məhkəmə onu da qeyd edir ki, mübahisələndirilən bağışlama müqaviləsinin bağlanmasından artıq 30 ildən çox vaxt keçmişdir. Həmin vaxtdan indiyə kimi iddiaçının sözügedən müqavilədən xəbərsiz olması halını da məhkəmə ağlabatan hesab etmir. 34.Məhkəmə əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini formalaşdıran xx.xx.2024-cü il tarixli, 2(102)-57/2024 saylı qərarındakı hüquqi mövqeyə əsasən iddiaçı tərəfindən etibarnamənin cavabdehə hansı məqsədlə verilməsi, həmin vəkalətlə əmlakın satılması üçün müvafiq rəsmiləşdirmə aparılmasının hədəflənib-hədəflənmədiyi, başqa sözlə, təmsil olunan iddiaçı və təmsilçi cavabdeh xx.xx.2015-ci il tarixli müqaviləni sonuncunun əri ilə bağlamasına açıq və ya örtülü formada əvvəlcədən razılığının olub-olmaması, yaxud sonradan bəyənməsi, bu kontekstdə tərəflərin əvvəlki və sonrakı davranışlarının nədən ibarət olması mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. 35.Beləliklə işin müəyyən edilən halları da ondan ibarətdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtlərinin pozulması halı müəyyən edilməmişdir. Belə ki, hazırki iş üzrə iddianın dəlilləri sübuta yetirilməmiş, iddia yalnız fərziyyələrə əsaslanmışdır. Mövcud sənədlər və tərəflərin izahatları ilə bağışlama müqaviləsinin notariat qaydasında, hüquqi iradə əsasında və qanunvericiliyə uyğun şəkildə bağlandığı, nəticələrinin isə tərəflər tərəfindən qəbul edildiyin təsdiqləmişdir. 36.Məhkəmə bu hüquqi mövqeləri əsas götürərək belə qənaətə gəlmişdir ki, iddiaçının tələbi sübutlarla təsdiqlənməmişdir və müqavilənin etibarsız hesab olunması üçün qanuni əsaslar mövcud deyil.

37. Məhkəmə həmçinin cavabdeh tərəfindən kəsici müddətin tətbiq edilməsi barədə ərizəyə isə münasibətdə qeyd edir ki, əvvəlki Mülki Məcəllədə (1964) kəsici müddət anlayışı olmamış, yalnız məhkəmənin öz təşəbbüsü ilə iddia müddətinin tətbiq edilməsi müddəası mövcud olmuşdur. Lakin hazırki mülki iş üzrə isə iddianın özü əsassız hesab edildiyindən məhkəmə qeyd edilən ərizəyə münasibət bildirilməsini zəruri hesab etməmişdir. 38.Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı (13 saylı Notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. 39.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 40.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı (13 saylı Notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi”nə dair iddia tələbi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar