Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2806/2023 09.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində imzalanmış xx.xx.2022-ci il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə qeyd olunmuşdur ki, Ərizəçi Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsində 2(006)-4709/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnamədə onların birgə nikahından doğulmuş 25 noyabr 2006-cı il təvəllüdlü X2 və 10 mart 2015ci il təvəllüdlü X1 onlar yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Lakin, 2(006)-4709/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnamə icra olunmamışdır. 14 mart 2022-ci il tarixində Bakı 5 saylı mediasiya təşkilatında tərəflər arasında barışıq sazişi bağlanmışdır və razılığa gəlmişlər ki, İİ tərəf Nəsimi Rayon Məhkəməsinin 2(006)-4709/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentə görə ödənilməmiş 8 aylıq borcunu 2022-ci ilin avqust ayına qədər aylıq aliment məbləğində əlavələr şəklində ödəyib qurtaracaq. Tərəflər razılaşırlar ki, 1 avqust 2022-ci il tarixdən başlayaraq onların birgə nikahından doğulmuş 25 noyabr 2006-cı il təvəllüdlü X2 və 10 mart 2015-ci il təvəllüdlü X1 onlar yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər birinə 193 manat olmaqla, cəmi 386 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, hazırda cavabdehin aliment borcu yoxdur, lakin barışıq sazişi aliment hissəsində cavabdeh tərəfindən tam şəkildə icra edilmir. Bu səbəbdən də sazişin aliment hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs barışıq sazişinin aliment hissəsinə etiraz edərək izahatında bildirmişdir ki, uşaqlar üçün 386 manat məbləğində aliment ödəməyə imkanı yoxdur. Belə ki, hazırda aliment ödəyir və aliment onun birbaşa maaş kartından çıxılır. Bundan əlavə, onun kredit borcu da mövcuddur. Ona görə də barışıq sazişinin təsdiq edilməməsi barədə qətnamə qəbul edilməsini mıəhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, barışıq sazişinin təsdiq edilməsi barədə ərizə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır: Maddə 2. Barışığın şərtləri 2.1. Tərəflər razılığa gəlirlər ki, İİ tərəf Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4709/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentə görə ödənilməmiş 8 aylıq borcunu 2022-ci ilin avqust ayına qədər aylıq aliment məbləğinə əlavələr şəklində ödəyib qurtaracaq. 2.2. Tərəflər razılaşırlar ki, 1 avqust 2022-ci il tarixdən başlayaraq, onların birgə nikahından doğulmuş 25 noyabr 2006-cı il təvəllüdlü X2 və 10 mart 2015-ci il təvəllüdlü X1 onlar yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər birinə 193 manat olmaqla, cəmi 386 manat aliment ödəyəcək. 2.3. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırki mübahisə ilı əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.4. Saziş könüll icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunna tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.5. Əgər saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notariusun icra qeydinə əsasən həyata keçirilə bilər. 2.6. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol vermyəcəkdir. Maddə 3. Digər şərtlər 3.1. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.2. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya saziş imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər həmçinin təsdiq edirlər ki, onlar sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.3. Tərəflər razılaşırlar ki, hazlrki sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Tərəflər mediasiya zamanı əldə edilmiş hər hansı bir məlumatı və ya sənədləri məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyirlər. 3.4. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.4.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə, 3.4.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə, 3.4.3. mediasiya və ya hazırki sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara, 3.4.4. qarşı tərəfin yazılı icazəsi ilə, 3.4.5. yaxın qohumlara, 3.4.6. sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 3.5. Bu sazişin məzmununun sazişin 3.4.1 və 3.4.5 bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. 3.6. Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcək. 3.7. Bu saziş tərəflər arasında vahid razılaşma təklif edir və bu mövzuda yazılı və şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu saziş bütün tərəflər və ya onların nümayəndələri və mediator tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu saziş son imzanın atıldığı gündən qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında barışıq sazişi bağlanmış, barışıq sazişinin bütün şərtlərinə əməl edilmiş və icra edilmişdir. Lakin, Maraqlı şəxs tərəfindən barışıq sazişinin aliment ilə bağlı olan hissəsi icra edilmir və aliment əksik məbləğdə ödənilir. Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilmədiyindən barışıq sazişinin məhkəmə qaydasında təsdiq olunmasına zərurət yaranmışdır. Bundan başqa, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmişdir, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Məhkəmə qeyd edir ki, 14 mart 2022-ci il tarixli barışıq sazişinin bir hissəsi ümumi şərtlərdən ibarətdir. Buna görə də barışıq sazişinin həmin hissədə də təsdiq edilməsinə zərurət yoxdur. Əlavə olaraq qeyd edilməlidir ki, sazişin təsdiq edilməyən hissəsinin təsdiq edilən hissədən ayrılması mümkündür. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş qanunazidd olmayan hissədə məhkəmə tərəfindən təsdiq edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinin tələblərinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi qismən təmin edilməli, belə ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi aşağıda göstərilən hissədə, yəni: “Maddə 2. Barışığın şərtləri 2.2. Tərəflər razılaşırlar ki, 1 avqust 2022-ci il tarixdən başlayaraq, onların birgə nikahından doğulmuş 25 noyabr 2006-cı il təvəllüdlü X2 və 10 mart 2015-ci il təvəllüdlü X1 onlar yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər birinə 193 manat olmaqla, cəmi 386 manat aliment ödəyəcək”... hissəsində təsdiq edilməli, qalan hissədə isə təsdiq edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: “Maddə 2. Barışığın şərtləri 2.2. Tərəflər razılaşırlar ki, 1 avqust 2022-ci il tarixdən başlayaraq, onların birgə nikahından doğulmuş 25 noyabr 2006-cı il təvəllüdlü X2 və 10 mart 2015-ci il təvəllüdlü X1 onlar yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər birinə 193 manat olmaqla, cəmi 386 manat aliment ödəyəcək”... hissəsində təsdiq edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-2806/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2806/2023
09.06.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver