Məhkəmə qərarları › İş №2(006)-2813/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2813/2022

22.07.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2813/2022 22.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı – İddiaçı, Cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi – X5 iştirakları ilə, İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «müqavilənin etibarsız hesab edilməsi və pul vəsaitinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi, daha sonra Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iki dəfə ayrı-ayrı ərizələrlə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 568 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi və 3.917 manat 20 qəpik məbləğində pul vəsaitinin ona qaytarılması öhdəliyinin LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, guya Cavabdeh1 ASC-nin Cənub filialında onunla həmin bank arasında xx.xx.2011-ci il tarixli 568 saylı kredit müqaviləsi bağlanmışdır. Bu müqavilə əsasında guya ona 6.200 ABŞ dolları kredit verilmişdir. Əslində onun belə bir müqavilədən xəbəri olmamışdır. Bu saxta yolla və onun sənədlərindən istifadə edilməklə bağlanmış bir müqavilədir. Həmin müqaviləni o vaxtlar Cavabdeh1 ASCnin Cənub filialında müdir işləmiş X1 yolla bağlamışdır. X2 bu cinayət əməli Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli qərarı ilə öz təsdiqini tapmış və həmin qərar Bakı Apellyasiya Məhkəməsində dəyişdirilmədən saxlanılmışdır. Lakin bütün bunlara baxmayaraq, həmin saxta müqavilə əsasında ondan 3.917 manat 20 qəpik tutulmuşdur. Buna görə də, o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ümidi ancaq məhkəməyədir. Sonradan məhkəmənin təşəbbüsü ilə Mərkəzi Bank mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində mülki işə cəlb edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X6 məhkəmə iclasında izahatında bildirdi ki, vətəndaş İddiaçı kompensasiya hesablanmışdır, lakin "xxxx" ASC üzərindən hesablanmışdır, Cavabdeh1 ASC üzərindən hesablanmamışdır. Fərmanın 2-ci hissəsinə görə Fərman 01 mart 2019-cu il tarixdə qüvvəyə mindiyi tarixdə vətəndaşın MKR məlumat bazasında 2 bankda öhdəlik üzrə borcu olduğundan proporsional qaydada həmin borclar kütləsinə nisbətdə bölünmüşdür. Borcların ödənilməsi məqsədi ilə azaldılmasına aiddir. Cavabdeh1 ASC-də hansı ki, vətəndaşın məlumat bazasında borcu kredit kimi görsənirdi. 3.719 manat 19 qəpik vəsait həmin borclara yönəldilmişdir. Vətəndaş təxminən 2020-ci ilin may-iyun aylarında Mərkəzi Banka müraciət etmiş və Mərkəzi Bank tərəfindən müəyyən olunmuşdur ki, borca dair müqavilə etibarsızdır. Bununla da müəyyən etmişlər ki, vətəndaşa ayrılan pul kompensasiyası müqaviləyə deyil, vətəndaşın sərəncamına verilməlidir. Qeyd edilən məsələ ilə bağlı banka göstəriş vermişlər, göstəriş ilə bağlı məktubu elektron kabinet vasitəsi ilə icraatda olan iş materiallarına əlavə etmişlər. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 07 fevral 2018-ci il tarixli 1(103)-110/2018 saylı qərarından görünür ki, X4 barəsində Azərbaycan Respublikası CM-nin aidiyyatı maddələri ilə ittihamedici hökm çıxarılmışdır. İttiham aktı üzrə təqsirləndirilən şəxsin ittiham edildiyi epizodlardan biri İddiaçı adına xx.xx.2011-ci il tarixli 568 nömrəli kredit müqaviləsi ilə 6.200 ABŞ dolları məbləğində, həmin dövrün məzənnəsi ilə 4.876 manat 92 qəpik pul vəsaitini götürüb, özünün şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə edib Cavabdeh1 ASC-yə külli miqdarda ziyan vurmaqla ona etibar edilmiş özgənin əmlakını mənimsəyərək talaması ilə bağlı olmuşdur. Həmin məhkəmə aktı ilə təsdiq olunur ki, İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanması qeyd olunan müqavilə bağlandığı andan etibarsız əqddir. İddiaçı Cavabdeh1 ASC ilə xx.xx.2011-ci il tarixli 568 nömrəli kredit müqaviləsi bağlamamış, həmçinin həmin müqavilə üzrə bankdan 6.200 ABŞ dolları məbləğində, həmin dövrün məzənnəsi ilə 4.876 manat 92 qəpik pul vəsaiti almamışdır. Qanunvericilikdə müqavilənin etibarsız hesab edilməsinin əsasları təsbit olunmuşdur. Hazırkı iş üzrə müqavilənin etibarsız hesab edilməsi üçün bütün əsaslar mövcuddur. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia müqavilənin etibarsız hesab edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankının Əmanətlərin Sığortalanması Fonduna ünvanladığı 12 iyun 2020-ci il tarixli 26-10381-2020 saylı məktubundan görünür ki, İddiaçı LPO Cavabdeh1 ASC ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Bankına daxil olmuş müraciətinə baxılmışdır. Vətəndaşın müraciətində qeyd olunan məsələ ilə əlaqədar Əmanətlərin Sığortalanması Fondunun nəzərinə çatdırılmışdır ki, ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmündə və Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarında İddiaçı adına Cavabdeh1 ASC-nin Cənub filialında rəsmiləşdirilən xx.xx.2011-ci il tarixli 568 saylı kredit müqaviləsinin saxta olması müəyyən edilib. Bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2018-ci il tarixli 1(103)-110/2018 saylı qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü dəyişiklik edilmədən saxlanılmışdır. ƏSF-nin nəzərinə çatdırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2018-ci il tarixli 1(103)-110/2018 saylı xüsusi qərardadı ilə fondun cavabdehə qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə məhkəmə baxışı zamanı Cavabdeh1 ASC-nin əməkdaşlarının hərəkətlərində «vəzifə saxtakarlığı» (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 397.1, 397.2 və 398.1.1-ci maddəsində nəzərdə tutulan) cinayətlərin əlamətlərinin aşkar olunması barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumat verilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq Əmanətlərin Sığortalanması Fondundan Mərkəzləşdirilmiş Kredit Reyestrində və Azərbaycan Kpedit Bürosunun məlumat bazasında müvafiq düzəlişin edilməsi, xx.xx.2019-cu il tarixli Fərmana əsasən vətəndaşa dövlət büdcəsinin vəsaiti hesabına ayrılmış borcun azaldılmasına yönəldilən 3.917 manat 19 qəpik kompensasiya məbləğinin vətəndaşın sərəncamına verilməsi və nəticəsi barədə məlumatın 5 iş günü ərzində Mərkəzi Banka təqdim edilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankı iddiaçıya 12 oktyabr 2020-ci il tarixli məktub ünvanlayaraq, müraciəti ilə bağlı Əmanətlərin Sığortalanması Fonduna icrası məcburi göstəriş məktubu ünvanlandığı bildirilərək, Fonda müraciət etməsi tövsiyə olunmuşdur. Mərkəzi Bankın nümayəndəsinin izahatından və problemli kreditlərin kompensasiyası ilə bağlı məlumatlardan göründüyü kimi, iddiaçıya ödənilməli kompensasiya məbləği olan 3.917 manat 19 qəpik LPO Cavabdeh1 ASC ilə bağlanması göstərilən saxta müqavilə üzrə borca görə deyil, iddiaçının digər banka ("xxxx" ASC-yə) olan borcu ilə bağlı hesablanmışdır, həmin məbləğ saxta (bağlandığı andan etibarsız olan) müqavilə üzrə borca yönəldilə bilməz və iddiaçıya ödənilməlidir. Bu səbəbdən, iddia tələbi pul vəsaitinin tutulmasına dair hissədə də əsaslıdır və təmin edilməlidir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanması göstərilən xx.xx.2011-ci il tarixli 568 saylı kredit müqaviləsi etibarsız hesab edilməli, 3.917 manat 20 qəpik məbləğində pul vəsaiti, həmçinin ödənilmiş 100 manat dövlət rüsumu LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanması göstərilən xx.xx.2011-ci il tarixli 568 saylı kredit müqaviləsi etibarsız hesab edilsin. 3.917 manat 20 qəpik məbləğində pul vəsaiti, həmçinin ödənilmiş 100 manat dövlət rüsumu LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar