Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2825/2021 14.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı «müqavilənin dəyişdirilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «müqavilənin dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə aralarında bağlanılmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin dəyişdirilməsi, borcu üzrə cari ödənişin aylıq sabit olaraq 50-100 manat məbləğində müəyyənləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC ilə aralarında xx.xx.2020-ci il tarixli RGTK1642084A116 saylı kredit müqaviləsi imzalanmış, həmin müqavilə üzrə məbləğ 9.464 manat 75 qəpik, bu məbləğin hesablanmış faizlə birlikdə ödənilməsi üçün təyin edilmiş müddət 84 ay, faiz dərəcəsi 20 % olmaqla, aylıq ödəniş formal olaraq 210 manat 18 qəpik miqdarında müəyyən edilmişdir. Qeyd edir ki, cari ödənişlər üzrə hesablanmış faiz əsas borca edilən ödənişin məbləğindən təqribən 3 dəfə çoxdur (Cari ödəniş: Əsas borcun ödənişi – 47 manat 18 qəpik, faiz ödənişi – 163 manat). Mühüm olaraq onu da qeyd edir ki, kredit müqaviləsi üzrə müəyyən edilmiş aylıq ödənişlər avtomatik olaraq əmək haqqı kartından tutulur. Məhkəmənin nəzərinə çatdırır ki, o, hazırda «xxxx» ASC-nin Binəqədi RETSİ-də nəzarətçi-mühəndis çalışır. Aylıq vəzifə maaşı nominal olaraq 545 manat təşkil edir. Xüsusi olaraq məhkəmənin nəzərinə çatdırır ki, ailə üzvləri olan anası ağır təzyiq xəstəliyindən əziyyət çəkir, bacısı isə ruhi xəstədir, atası isə heç yerdə işləmir. Qeyd edir ki, ailə üzvlərindən heç biri işləmir. Bu da onların ona kömək etməsini qeyri-mümkün edir. Həmin şəxslər onun himayəsindədir. Məlumdur ki, Azərbaycanda 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat, yaşayış minimumu isə əmək qabiliyyətli əhali üçün 190 manat məbləğində müəyyənləşdirilmişdir. Sözügedən kredit müqaviləsi üzrə hazırkı ödənişin aylıq miqdarı, cərimə faizləri ilə əmək haqqından tutulması və nəticə etibarı ilə əsas borca həddən ziyadə hesablanmış faizlərin ödənilməsi öhdəliyinin icrası onun və ailəsinin zəruri yaşam şəraitinə, fiziki-mənəvi sağlamlığına, eləcə də həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq mallarının alınmasına münasib olmadığı üçün o, Cavabdeh ASC-yə müqavilənin 3.2.5-ci bəndini rəhbər tutaraq, xx.xx.2020-ci il tarixdə kredit müqaviləsinin dəyişdirilməsi haqqında müraciət etmişdir. Lakin bankdan ona cavab məktubunda bunun mümkün olmadığını demişlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, Cavabdeh ASC-nin Şuşa filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli RGTK2459946A162 nömrəli kredit müqaviləsinə əsasən, borc alana 84 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 9.464 manat 75 qəpik məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1-ci bəndinə əsasən kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borc alana müəyyən müddətdə, məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək və təminatlılıq şərti ilə kredit verilməsini öhdəsinə götürmüşdür. İddia ərizəsi ilə bağlı bildirirlər ki, qeyd olunan tələb əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı kredit müqaviləsinin şərtləri ilə tanış olmuş, öz iradəsi ilə qeyd olunan kredit müqaviləsini, həmçinin onun ayrılmaz hissəsi olan ödəniş qrafikini imzalamış, kredit müqaviləsinin və ödənişin şərtlərini qəbul etmişdir. Həmin müqavilə üzrə ödəniş qrafikinə əsasən iddiaçı hər ay 210 manat 18 qəpik məbləğində ödəniş etməlidir. Aylıq ödənişdən faiz və əsas borc üzrə silinən məbləğ qalıq borca görə dəyişir. Qrafikdən də görünür ki, son aylarda əsas borca silinən məbləğ ilk aylarda silinənə nisbətdə çoxdur. Bildirirlər ki, bank peşəkar kredit təşkilatıdır və kreditlər üzrə ödəniş qrafiki düstur əsasında hesablanır. Əgər tərəf kreditin faiz dərəcəsi və aylıq ödəniş məbləği ilə razı deyildisə, bu zaman müqaviləni bağlamaqdan imtina edə bilərdi. İddia tələbinin bir hissəsi isə aylıq ödənişlərin sabit olaraq 50-100 manat müəyyən olunmasıdır. Bu isə tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddətinə, illik faiz dərəcəsinə uyğun olmur. Əlavə olaraq qeyd edirlər ki, iddiaçı daha öncə də oxşar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, banka qarşı iddia qaldırmışdır. Lakin daha sonra həmin kredit müqavilə üzrə borcun bağlanması üçün yenidən kreditin rəsmiləşdirilməsi məqsədi ilə banka müraciət etmişdir. Qeyd olunanlardan da görünür ki, iddiaçı öz iradəsi ilə banka müraciət edərək müəyyən şərtlərlə (faiz, müddət) kreditin verilməsinə razılaşır, krediti əldə etdikdən sonra isə məhkəmə yolu ilə aylıq ödəniş məbləğini dəyişməyə çalışır. Bu isə yalnız hüquqdan sui-istifadə etməkdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarına, Mülki Məcəllənin 324.1, 324.2, 385.1, 389.1, 390.1, 390.3, 421.1, 421.2, 423.2, 425.1, 442-ci maddələri). İddia ərizəsinin iddiaçının əmək haqqı kartından pul tutulması ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edirlər ki, bank qanuna uyğun hərəkət edərək, iddiaçının heç bir hüququnu pozmamışdır. Mülki Məcəllənin 964.2-ci maddəsinə əsasən müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. Bankla iddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli RGTK2459946A162 nömrəli kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən bank müştərinin əsas, faiz və digər borclarını onun sərəncamı olmadan, akseptsiz qaydada (əlavə razılığı olmadan) onun istənilən bank hesabından tuta bilər. Akseptsiz qaydada tutulma (silinmə) barədə xx.xx.2020-ci il tarixli razılıq ərizəsi də sübut edir ki, iddiaçı müqavilə bağlanarkən sərbəst şəkildə öz iradə ifadəsini bildirmişdir. Tərəflərin iradə ifadəsinin müqavilənin bağlanmasının zəruri şərti olduğunu, habelə müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla nəzərdə tutulmuş hüququ olduğunu və müqavilənin bağlanılması məsələsini şəxs öz iradəsinə uyğun olaraq həll etdiyni nəzərə alaraq, Bank öz üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Bununla bağlı, bankın atdığı addımlar qanunauyğun olmuşdur. Həmçinin, müştərinin bank qarşısında öhdəliyinin icrasının təmin edilməsinin bir üsulu kimi müştərinin bankda olan hesablarından pul vəsaitlərinin müştərinin sərəncamı olmadan, akseptsiz qaydada silinməsi hüququ mülki qanunvericiliyin tələblərinə tam cavab verir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarına əsasən, mülki hüquq subyektləri mülki qanunvericiliyin tələblərinə zidd olmayan həmin Məcəllənin 460.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliyin icrasının təmin edilməsinin digər üsulunu öz aralarında iradə sərbəstliyi prinsipinə uyğun olaraq, əsas müqavilə ilə yanaşı ayrıca bağlanan müqavilədə müəyyən edə bilərlər. Digər üsullar sırasında bəzi nağdsız ödəmə vasitələrini – akkreditiv, inkasso, akseptsiz çıxarış, əvvəlcədən ödəmə və s. göstərmək olar. Göründüyü kimi, Konstitusiya Məhkəməsi akseptsiz qaydada silinməli digər təminat üsulları sırasına daxil edilmişdir. Müqavilə azadlığına hüquqi qiymət verən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2015-ci il tarixli qərarında göstərmişdir ki, «Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 15-ci maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına zəmanət verilir». Müqavilə azadlığının təminatı olaraq müştərilərlə müqavilə rəsmiləşdirildikdə həmin müqavilələrdə tərəflərin hüquqları, öhdəlikləri, öhdəliklərin icra müddəti və öhdəliklərin icra qaydası aydın şəkildə qeyd edilir və həmin müqavilələr imzalanmamışdan öncə müştərilərə müqavilədə qeyd edilən məsələlərlə bağlı bank tərəfindən ətraflı izahat verilir. O, habelə çıxışı ilə bağlı iddia ərizəsinə etirazı məhkəməyə təqdim etdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh ASC-nin Şuşa filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli RGTK2459946A162 nömrəli kredit müqaviləsinə əsasən, borc alana 84 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 9.464 manat 75 qəpik məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1-ci bəndinə əsasən kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borc alana müəyyən müddətdə, məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək və təminatlılıq şərti ilə kredit verilməsini öhdəsinə götürmüşdür. Kreditor olan Cavabdeh ASC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək, iddiaçıya 9.464 manat 75 qəpik məbləğində kredit vermişdir. Hazırda İddiaçı xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin dəyişdirilməsi, borcu üzrə cari ödənişin aylıq sabit olaraq 50-100 manat məbləğində müəyyənləşdirilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarından göründüyü kimi, müqavilənin dəyişdirilməsi üçün əsas mövcud deyil. Müqavilə tərələrin iradə ifadəsinə əsasən bağlanmış, müqavilə bağlanarkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh tərəfindən iddiaçının hüquqları pozulmamışdır. Kredit müqaviləsi üzrə tutulmalı olan məbləğlərin 50-100 manat olmaqla sabit məbləğdə ödənilməsi tələbinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə məhkəmə müdaxilə edə bilməz, tərəflər müqavilə bağlayarkən ödəniş cədvəlini, tarixlərini və məbləğlərini müəyyən etmişlər. Tərəflərin bağladıqları müqavilə şərtləri həm iddiaçı, həm də cavabdeh tərəfindən icra edilməlidir. Cavabdeh bank öz üzərinə götürdüyü öhdəliyi icra edərək, kredit məbləğini iddiaçıya vermişdir. İddiaçı da, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməlidir. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı «müqavilənin dəyişdirilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «müqavilənin dəyişdirilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2825/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2825/2021
14.04.2021 · Müqavilələrin dəyişdirilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver