Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2825/2023 28.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən əsassız yazılmış 1300 (bir min üç yüz) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2008-ci ildən ünvan 1 ünvanında yerləşən həyət tipli evdə yaşayır. İddiaçının yaşadığı evə xx.xx.2009-cu il tarixdə "xxxx" ASC tərəfindən sayğac quraşdırılmış, abunəçi vaxtlı-vaxtında ödəniş etmiş, heç bir borcu yaranmamışdır. "xxxx" ASC-nin Bakı şəhəri Sabunçu rayonu RETSİ-nin əməkdaşları tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunmasının vəziyyəti yoxlanılarkən elektrik enerjisindən qeydiyyatsız və sayğacsız istifadə edilməsi faktı aşkarlanaraq Rİ 218455 nömrəli akt tərtib edilərək, xx.xx.2021-ci il tarixdə guya yoxlama zamanı məlum olmuşdur ki, abunəçinin (yəni iddiaçının) 1803,48 (bir min səkkiz yüz üç manat qırx səkkiz qəpik) manat borcu yaranmış (hansı səbəbdən bilinmir), həmin borcdan (iddiaçının aldığı pensiyadan tutulmuş) hal-hazırda iddiaçının 1300 (bir min üç yüz) manat borcu qalmışdır. İş üzrə cavabdeh olan "xxxx" ASC-nin Azərişıq Müştəri Xidmətləri tərəfindən iddiaçıya aid elektrik sayğacına baxış keçirərkən 2008-2009-cu illər arası onun cavabdehə hal-hazırda 1300 (bir min üç yüz) borc yaranmışdır ki, həmin borc ödənilməlidir. İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında xx.xx.2009-cu ildə müqavilə bağlanmış, həmin vaxtdan 12 (on iki) il keçdikdən sonra "xxxx" ASC-nin Azərişıq Müştəri Xidmətləri iddiaçıya qarşı qanunsuz akt bağlayıb, cərimə tətbiq edərkən, qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini nəzərə almamış, qanuna əməl etməmişdir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, sonuncu dəfə ödəniş edən zaman 1095 manat məbləğində borcunun qaldığını öyrənmişdir. Məhkəmə iclasında cavabdeh “Azərişıq» ASC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyib, rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: "xxxx" ASC-nin abonentin hərəkət cədvəlindən görünür ki, Sabunçu, 2 Zabrat, İstilik kombinatı, Ev (Bina): 0071, Mənzil: 0000 ünvanı üzrə İddiaçı məxsus **********10000 nömrəli abunə kodunun 2023-cü il üzrə borcu 1090.69 manat təşkil edir. xx.xx.2023-cü il tarixli abunə haqqında sənəddən görünür ki, Sabunçu, 2 Zabrat, İstilik kombinatı, Ev (Bina): 0071, Mənzil: 0000 ünvanı üzrə İddiaçı məxsus **********10000 nömrəli abunə koduna 2007-ci ilin yanvar ayından etibarən aktlar üzrə, 2009-cu ilin mart ayından etibarən isə sayğac göstəricilərinə əsasən hesablama aparılmışdır. xx.xx.2009-cu il tarixdə sayğac quraşdırma xidmət bədəli üzrə borc hesablanmışdır. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış müraciətin araşdırılmasına dair xx.xx.2022-ci il tarixli 01 99/Ə-718/6435 nömrəli məktubdan görünür ki, **********10000 nömrəli kod üzrə elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, xx.xx.2021-ci il tarixində Sabunçu RETSİ-nin əməkdaşları tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunmasının vəziyyəti yoxlanılarkən elektrik enerjisindən qeydiyyatsız və sayğacsız istifadə edilməsi faktı aşkarlanaraq Rİ 218455 nömrəli akt tərtib edilmiş, 336 kVt.s – 20.16 manat dəyərində ödəniş sənədi hazırlanmışdır. xx.xx.2016-cı il tarixli Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin “Dövlət orqanlarının idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısının və onun tətbiq olunmasına dair göstərişin təsdiq edilməsi haqqında” 3/1 nömrəli qərarı ilə sənədlərin saxlanma müddəti 5 ildir. Bu səbəbdən US 218455 nömrəli aktın baxılması mümkün deyildir. Ekran görüntüsündən (fotoşəkildən) görünür ki, Mahiyəddin A.Əskərova məxsus **********10000 nömrəli abonent kodunun borcu 1095 manat təşkil edir. Beləliklə, tərəflərin izahatları və mülki işin materialları əsasında məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstilik kombinatı, Yeni məhəllə ünvanında yerləşən 71 saylı evə cavabdeh "xxxx" ASC tərəfindən 2009-cu ilin mart ayında sayğac quraşdırılmışdır. Ev üzrə abunə kodunun nömrəsi **********10000-dır. Həmin abunə koduna 2007-ci ilin yanvar ayından etibarən aktlar üzrə orta sərfiyyata əsasən hesablama aparılaraq 2009-cu ilin mart ayında sayğac quraşdırılanadək əksəriyyəti 40 manatdan yuxarı olan borclar hesablanıb yazılmış, 2009cu ilin mart ayından etibarən isə sayğac göstəricilərinə əsasən daha az məbləğlərdə sərfiyyat borclarının olması müəyyən olunmuşdur. Hazırda iddiaçı 2007-ci ildən 2009-cu ildə sayğac quraşdırılanadək yaranan borcların onun abunə koduna əsassız yazılmasını iddia edərək bildirir ki, 2009-cu ilin fevral-mart aylarında evə sayğac çəkdirib, orada yaşamağa başlamışdır. Buna görə də cavabdeh tərəfindən əsassız yazılmış məbləğin silinməsini məhkəmədən xahiş edir. Cavabdeh tərəf isə həmin ünvanda 2007-ci ildən 2009-cu ilədək sayğacsız istifadə olduğunu, buna görə də yazılmış borcun əsaslı olduğunu bildirərək, borcun silinməməsini məhkəmədən xahiş edir. Məhkəmə işin faktiki hallarına əsasən hesab edir ki, cavabdeh tərəfindən 2009-cu ilin mart ayında iddiaçıya məxsus ünvana sayğac quraşdırılanadək yazılmış borc üzrə hazırda abunə kodunun qalıq borcunu təşkil edən 1095 manat borc əsassız hesab olunaraq silinməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli abunə haqqında sənəd əsasında məhkəmə tərəfindən müəyyən edilir ki, 2007-ci ildən 2009-cu ilin mart ayında iddiaçıya məxsus ünvana sayğac quraşdırılanadək cavabdeh tərəfindən hazırda təqdim edilə bilməyən və tərtib edildiyi zaman iddiaçının və ya bitərəf üçüncü şəxsin iştirakının təmin olunub-olunmadığı mübahisəli olan aktlar əsasında iddiaçının yaşamadığı dövr ərzində ona borc yazılmışdır. Həmin sənəd əsasında o da müəyyən edilir ki, mübahisəli borcların məbləğləri sayğac quraşdırılan dövrdən etibarən sərfiyyata görə hesablanan borcların məbləğləri ilə kəskin fərqlənir. Belə ki, aktlar üzrə hesablanmış borcların məbləğləri sərfiyyat borclarının məbləğlərindən nəzərəçarpan dərəcədə yüksəkdir. İddiaçı borcun ona məxsus olmadığını, əsassız yazıldığını mübahisələndirir, cavabdeh tərəf isə borcların əsaslı yazılmasına və həqiqətən də, iddiaçıya məxsus borc olmasına dair sübutlarını məhkəməyə təqdim edə bilmir. Bu günədək cavabdeh tərəfindən iddiaçıya qarşı həmin borc məbləğinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edilməməsi də göstərir ki, cavabdehin borcun əsaslı yazılmasına və həqiqətən də, iddiaçıya məxsus olmasına dair sübutları yoxdur və borcun iddiaçıya məxsus olmasından əmin deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın: 7.1-ci bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. 7.2-ci bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 9.1-ci bəndinə görə, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Məhkəmə göstərilənləri ümumiləşdirərək qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona məxsus abunə koduna yazılmış 1300 manat borcun əsassız olduğunu mübahisələndirmiş, məhkəmə tərəfindən toplanmış sübutlar əsasında iddiaçıya məxsus abunə kodu üzrə onun cavabdehə 1095 manat məbləğində borcunun olduğu müəyyən edilmiş, cavabdeh qeyd olunan borc məbləğinin 2007-2008-ci illər üzrə sayğac quraşdırılmazdan əvvəl ünvanda edilmiş sərfiyyata görə aktlar üzrə yazıldığını bildirsə də, onun yaranma əsasları və hesablanma qaydası barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçıya məxsus **********10000 nömrəli abunə koduna "xxxx" ASC tərəfindən əsassız yazılmış 1095 (bir min doxsan beş) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən əsassız yazılmış 1095 (bir min doxsan beş) manat məbləğində borc **********10000 nömrəli abunə hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-2825/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2825/2023
28.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver