Məhkəmə qərarları › İş №2(006)-284/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-284/2021

28.01.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-284/2021 28.01.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X1 iştirakı ilə, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinə qarşı "müqavilələrin etibarsız hesab edilməsi" tələbinə dair ilkin və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 01 saylı kredit müqaviləsinin və bu kredit müqaviləsi əsasında tərtib olunmuş xx.xx.2017-ci il tarixli, 01 saylı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, onun məlumatı olmadan Cavabdeh ASC ilə “xxxx” MMC arasında xx.xx.2017-ci il tarixdə, 01 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, bank tərəfindən borc alana 24 ay müddətinə, illik 8% faiz dərəcəsi olmaqla 1,203,415 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilə bağlanarkən “xxxx” MMC guya İddiaçı şəxsində təmsil olunmuş və müqavilə onun tərəfindən imzalanmışdır. Bundan başqa, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə guya onunla Cavabdeh ASC arasında xx.xx.2017-ci il tarixdə 01 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə də onun tərəfindən imzalanmamışdır. O, həm kredit müqaviləsinin, həm də zaminlik müqaviləsinin mövcudluğu barədə yalnız Nəsimi rayon Məhkəməsində icraatda olmuş Cavabdeh ASC-nin ona və digər cavabdehlərə qarşı olan mülki işdən sonra bilmişdir. O, cavabdeh bankla zaminlik müqaviləsi bağlamaq arzusu və istəyində olmamışdır. Elə bir niyyəti də olmamışdır. Göstərilənlərə əsasən ilkin iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh ASC-nin xeyrinə onun işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi olaraq 50.000 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-582/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh ASC ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli 01 saylı kredit müqaviləsinə əsasən cavabdehlər “xxxx” MMC-dən, Xəlilov Elçin Möhübət oğlundan və İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xeyrinə cəmi 1,317,440.72 ABŞ dolları məbləğini təşkil edən pul vəsaitinin tutulması və s. qət edilmişdir. Bank tərəfindən Nəsimi Rayon Məhkəməsinə göndərilmiş xx xxxxxxx 2018-ci il tarixli iddia tələbi bir ildən artıq olan müddət ərzində məhkəmənin icraatında olmuş, xx.xx.2019-cu il tarixinədək davam etmiş məhkəmə prosesində cavabdeh tərəfindən iddiaya dair hər hansı etiraz və ya vəsatət verilməmişdir. Bundan başqa, xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi Bakı şəhəri 53 saylı notariat ofisində İddiaçı və Bankın nümayəndəsinin iştirakı ilə fotoşəkillər əlavə edilməklə bağlanmış və təsdiq edilmiş, eyni tarixli kredit müqaviləsi də cavabdeh tərəfindən imzalanmış, qeyd edilən xüsusatlara da Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-582/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə hüquqi qiymət verilmişdir. İlkin İddiaçı tərəfindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi yuxarıda istinad edilən qətnamənin icrasına mane olmaq, süni olaraq məhkəmə prosesini uzatmaq məqsədi daşıyır. Banka qarşı iddia qaldırmaqla cavabdeh Bankı saxtakarlıqda ittiham etməklə onun işgüzar nüfuzuna xələl gətirmiş olur. İddiaçı iddia ərizəsində qeyd etdiyi məsələlər, xüsusilə də kredit və zaminlik müqavilələrinin onun tərəfindən imzalanmaması barədə irəli sürdüyü fikirlər Bankı saxtakarlıqda ittiham etmək deməkdir və bu hal Bankın işgüzar nüfuzuna xələl gətirir. İddiaçı Bank barəsində həqiqəti əks etdirməyən, Bankın işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması nəticəsində Bankın işgüzar nüfuzuna vurulmuş zərəri 50.000 manat həcmində qiymətləndirirlər. Göstərilənlərə əsasən qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X4 ilkin iddia ərizəsinə uyğun məmzunda izahat verərək ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X2 qarşılıqlı ərizəsinə uyğun məmzunda izahat verərək qarşılıqlı iddianın təmin edilməsi, ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh ASC ilə “xxxx” MMC (cəmiyyətin baş direktoru İddiaçı şəxsində) arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh ASC “xxxx” MMC-yə xx xxxxxx 2019-cu il tarixinədək, illik 8% ödəmək şərti ilə 1.203,415.00 ABŞ dolları məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ASC (borc verən) ilə İddiaçı (zamin) arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin borcalanın (“xxxx” MMC-nin) Bank qarşısında xx xxxxxx 2017-ci il tarixli 01 saylı kredit müqaviləsi üzrə Banka olan kredit və ona hesablanmış faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və lazımi qaydada icra etməməsi nəticəsində Banka dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, yaranan və yarana biləcək hər cür zərər üçün borcalan ilə eyni həcmdə məsuliyyət daşımağa öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 4/874 №-li rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017ci il tarixli, 02 saylı zaminlik müqaviləsinin arxa tərəfində “İddiaçı oğlu” yazısı və həmin yazının qarşısında imza qrafasındakı imza - imza və mətn nümunələri təqdim olunan İddiaçı tərəfindən icra olunmuşdur. (Aparılmış tədqiqatın dəyəri 126 manat təşkil edir). Məhkəmə ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər: Həmin Məcəllənin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; Həmin Məcəllənin 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; Eyni Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; Həmin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır; Həmin Məcəllənin 337.4-ci maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.3-cü maddəsinin tələbinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2020-ci tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının tətbiqi üçün əhəmiyyət kəsb etmir. Qanunvericiliyin qeyd edilən norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Göründüyü kimi, əhəmiyyətsiz əqdlər üzrə qanunla bir illik kəsici müddət (mübahisələndirmə müddəti) müəyyən olunmuşdur. Əhəmiyyətsiz əqdlərdə bu müddətin axımı onun icrasına başlanıldığı gündən başlayır. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmə və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Ona görə də, Mülki Məcəllənin 354.2-ci maddəsi tətbiq edilərkən, yalnız iki hal araşdırılmalıdır: 1) maraqlı şəxs nə vaxt əqdin etibarsız sayılmasına əsas verən halları bilib və ya bilməli idi, 2) həmin gündən hesablandıqda əqdi hansı müddətdə mübahisələndirib. Eyni zamanda həmin müddətin tətbiq edilməsi üçün cavabdeh tərəfindən ərizənin verilməsi də tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aiddir. Məhkəmə qeyd edir ki, İddiaçı mübahisələndirdiyi müqavilələrin etibarsız hesab edilməsinə əsas olaraq həmin müqavilələrdəki imzaların ona məxsus olmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, aparılmış məhkəmə araşdırması zamanı təyin edilmiş ekpertiza nəticəsində Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 02 saylı zaminlik müqaviləsinin arxa tərəfində "İddiaçı oğlu” yazısı və həmin yazının qarşısında imza qrafasındakı imza - imza və mətn nümunələri təqdim olunan İddiaçı tərəfindən icra olunduğu müəyyən edilmişdir. Həmçinin iş materialları ilə müəyyən edilir ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı əqdlərin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdlərin etibarsızlığını mübahisələndirməmiş, bununla da onun həmin hüququna xitam verilmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, iddiaçının istinad etdiyi etibarsızlıq şərtlərinin faktiki hallarını sübut etmək yükü onu iddia edən tərəfin üzərinə düşür. Bununla belə, istinad olunan etibarsızlıq halının hər hansı bir zəruri şərtinin aşkar edilməməsi bu xarakterli iddia tələbinin rədd edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 23.4-cü maddəsinə görə, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 23.6-cı maddəsinə görə, bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. İlkin iddia üzrə cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyəti qarşılıqlı iddia tələbində ilkin iddia üzrə İddiaçı məhkəmədə kredit və zaminlik müqavilələrinin onun tərəfindən imzalanmamasını əsas gətirərək iddia qaldırmaqla həqiqətə uyğun olmayan məlumatlar yaydığını və həmin məlumatlar nəticəsində "Cavabdeh" ASC-nin işgüzar nüfuzuna xələl gətirdiyini bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 7 №-li xx xxx 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Qeyd edilən üç haldan biri olmazsa, iddia təmin oluna bilməz. Eyni zamanda, həmin Qərarda göstərilir ki, iddiaçı onun şərəf və ləyaqətinə toxunan məlumatların cavabdeh tərəfindən yayılması faktını sübut etməlidir. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciəti, məhkəmə müdafiəsindən istifadə etmək hüququ "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinin işgüzar nüfuzuna zərər vurulması kimi qiymətləndirilə bilməz. Beləliklə qarşılıqlı iddia tələbi də əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, ilkin və qarşılıqlı iddialar rədd edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilmədiyindən iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 126 manat ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinə qarşı "müqavilələrin etibarsız hesab edilməsi" tələbinə dair ilkin iddiası təmin edilməsin. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 126 (yüz iyirmi altı) manat məbləğində pul vəsaiti ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar