Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2845/2023 26.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Abdulova İlahə Telman qızının katibliyi, İddiaçı, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə 26 iyul 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt şəhər filialında bağlanmış RGTK-4774549A125 saylı, 07 fevral 2022-ci il tarixli kredit müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə onun hazırda həbsdə olan oğlu Hüseynov Feyzi Alı oğlu arasında xx.xx.2018-ci il tarixdə 19730 manat kredit vəsaitinin alınması barədə müqavilə imzalanmışdır. 2022-ci ildə cavabdehin nümayəndələri onunla əlaqə saxlayaraq oğlunun kredit müqaviləsi üzrə öhdəliyinin yerinə yetirilməsini, əks təqdirdə oğlunun başqa bir işlə bağlı barəsində aparılan cinayət işinin nəticəsinin ağırlaşdırılacağı bildirilmişdir. Buna görə o, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt şəhər filialına yaxınlaşmış və məzmunu ona məlum olmayan xx.xx.2022-ci il tarixli müqaviləyə imza atmışdır. Sonradan ona məlum olmuşdur ki, oğlu Hüseynov Feyzi Alı oğlunun kredit borcunu öz üzərinə götürmüşdür. Bir müddətdir ki, borc onun pensiyasından tutulur, lakin hazırda maddi vəziyyəti yaxşı olmadığından, həmçinin səhhətində yaranmış problemlərlə bağlı almalı olduğu dərman ləvzimatları və ailənin saxlanılması ilə bağlı digər xərclər olduğundan həmin borcu ödəməkdə çətinlik çəkir. Göstərilənləri nəzərə alaraq, məhkəmədən iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, iddiaçı ilə bank arasında xx.xx.2022-ci il tarixli, RGTK4774549A125 nömrəli kredit müqaviləsi imzalanmışdır. Həmin tarixdə kreditin ayrılması üçün iddiaçı tərəfindən banka ərizə ilə müraciət edilmişdir. Ərizədə qeyd olunmuşdur ki, İddiaçı ona rəsmiləşdiriləcək kreditin hesabına xx.xx.2018-ci il tarixli, 108GTKR6407280AA saylı kredit müqaviləsi üzrə olan borcun vaxtından əvvəl ödənilməsini xahiş etmişdir. İddiaçının “müqavilənin etibarsız hesab edilməsi” ilə bağlı ərizəsi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı kredit müqaviləsi və əlavə sənədləri imzalayarkən öz iradə ifadəsini göstərərək kreditor qarşısında yaranmış öhdəlikləri üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmçinin bildirmişdir ki, müştərilərlə müqavilə rəsmiləşdirildikdə həmin müqavilədə tərəflərin hüquqları, öhdəlikləri, öhdəliklərin icra müddəti və icra qaydası aydın şəkildə qeyd edilir və həmin müqavilələr imzalanmamışdan öncə müştərilərə müqavilədə qeyd edilən məsələlərlə bağlı Bank tərəfindən ətraflı izahat verilir. İddiaçı müqaviləni imzalamaqla kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və müqavilənin digər şərtləri ilə tanış olduğunu və həmin şərtləri qəbul etdiyini təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə əsasən maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. İddiaçı iddia ərizəsində də etiraf etdiyi kimi, kredit müqaviləsi üzrə ödəniş qrafikinə uyğun ödənişlər olmuşdur. Ödəniş qrafiki üzrə ilk tarix xx.xx.2022-ci il olaraq qeyd olunub. İddia ərizəsi isə məhkəmənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olunub. Yəni Mülki Məcəllə ilə müəyyən edilmiş iddiaçıya əqdi mübahisələndirmək hüququ verən müddət artıq ötürülmüşdür. Həmçinin iddiaçı iddia ərizəsində müqavilənin etibarsız hesab edilməsini tələb etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək onun rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə Hüseynov Feyzi Alı oğlu arasında bağlanmış 30 noyabr 2018-ci il tarixli, 108GTKR6407280AA saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən Hüseynov Feyzi Alı oğluna 48 ay müddətinə 19730 (on doqquz min yeddi yüz otuz) manat məbləğində kredit vəsaiti verilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt şəhər filialına ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsinin surətindən görünür ki, İddiaçı ona gündəlik tələbat məqsədləri üçün 72 ay müddətinə 18487 (on səkkiz min dörd yüz səksən yeddi) manat 21 (iyirmi bir) qəpik məbləğində kredit vəsaiti verilməsini xahiş etmiş və bağlanacaq kredit müqaviləsinin şərtlərinə əsasən qrafik üzrə aylıq ödəniş məbləğinin (ödənilməli olan əsas borc, hesablanmış faiz və cərimə məbləğinin) onun kart hesabına köçürülən əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etiraz etməmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt şəhər filialına ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsinin surətindən görünür ki, İddiaçı ona rəsmiləşdiriləcək kreditin hesabına xx.xx.2017-ci il tarixli, **********01944125 saylı və xx.xx.2018-ci il tarixli, 108GTKR6407280AA saylı kredit müqavilələri üzrə olan borcun vaxtından əvvəl tam ödənilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RGTK4774549A125 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı 72 ay müddətinə 18487 (on səkkiz min dörd yüz səksən yeddi) manat 21 (iyirmi bir) qəpik məbləğində kredit vəsaiti verilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış ərizəsinin surətindən görünür ki, İddiaçı onun fərdi məlumatlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə təqdim edilməsinə razılıq vermiş və onun fərdi məlumatlarının Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən istifadə edilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanan 20xx/xx/2647 saylı, 10 aprel 2023-cü il tarixli məktubun surətindən görünür ki, həbs olunmuş Hüseynov Feyzi Alı oğlunun adına olan kredit üzrə borc qalığı restrukturizasiya edilərək onunla Bankın “Sumqayıt” filialı arasında xx.xx.2022-ci il tarixdə 72 ay müddətinə 18487 (on səkkiz min dörd yüz səksən yeddi) manat 21 (iyirmi bir) qəpik məbləğində kredit müqaviləsi rəsmiləşdirilmişdir. Müqavilədə tərəflərin hüquqları, öhdəlikləri, öhdəliklərin icra qaydası və digər şərtlər razılaşdırılmış, faiz tətbiqinin dayandırılması, borcun və ya onun bir hissəsinin bağışlanması nəzərdə tutulmamışdır. Müqaviləyə əsasən əsas və faiz borcları qədər vəsait borcalanın sərəncamı olmadan onun istənilən bank hesabından akseptsiz qaydada tutula (silinə) bilər və ya borclar ödənilənədək borcların məbləği həcmində vəsait borcalanın istənilən hesabına bloklaşdırıla bilər. Müqavilə üzrə güzəşt tətbiqi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə Hüseynov Feyzi Alı oğlu arasında bağlanmış 30 noyabr 2018-ci il tarixli, 108GTKR6407280AA saylı kredit müqaviləsinə əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən Hüseynov Feyzi Alı oğluna 48 ay müddətinə 19730 (on doqquz min yeddi yüz otuz) manat məbləğində kredit vəsaiti verilmişdir. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt şəhər filialına xx.xx.2022-ci il tarixdə ərizə ünvanlayaraq ona rəsmiləşdiriləcək kreditin hesabına xx.xx.2017-ci il tarixli, **********01944125 saylı kredit müqaviləsi və oğlunun adına olan xx.xx.2018-ci il tarixli, 108GTKR6407280AA saylı kredit müqaviləsi üzrə olan borcun vaxtından əvvəl tam ödənilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt şəhər filialına xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək ona gündəlik təlabat məqsədləri üçün 72 ay müddətinə 18487 (on səkkiz min dörd yüz səksən yeddi) manat 21 (iyirmi bir) qəpik məbləğində kredit vəsaiti verilməsini xahiş etmiş və qrafik üzrə aylıq ödəniş məbləğinin (ödənilməli olan əsas borc, hesablanmış faiz və cərimə məbləğinin) onun kart hesabına köçürülən əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etiraz etməmişdir. İddiaçı arasında xx.xx.2022-ci il tarixdə RGTK4774549A125 saylı kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı 72 ay müddətinə 18487 (on səkkiz min dörd yüz səksən yeddi) manat 21 (iyirmi bir) qəpik məbləğində kredit vəsaiti verilmişdir. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının istinad etdiyi hallara əsasən iddia tələblərinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1, 339.2-ci və 339.3-cü maddələri təşkil edir. Mülki Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər Mülki Məcəllənin 339.2-ci maddəsinin tələblərinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən müəyyən olunur ki, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin maddələrin məzmununa görə “aldatma” dedikdə əqd üzrə mühüm əhəmiyyət kəsb edən faktlar və hallar barədə tərəfin digər tərəfə qəsdən yanlış məlumat verilməsi anlaşılır. Aldatma nəticəsində bağlanmış əqd onun aldatma olmadan bağlana bilməyəcəyi aşkar olduğu halda mübahisələndirilə bilər. Məhkəmə hesab edir ki, hazırkı işdə qeyd olunan maddənin dispozisiya şərtləri müəyyən edilmir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçının RGTK-4774549A125 saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin bağlanması məqsədi ilə aldadılması barədə dəlillər öz təsdiqini tapmamış, mübahisə predmeti olan kredit müqaviləsinin bağlanması qanunvericiliyin şərtlərinə tam əməl edilməklə həyata keçirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, hazırki işdə mübahisələndirilən kredit müqaviləsi qanunvericiliyə uyğun şəkildə bağlanılmış, həmin müqavilə, müqavilə tərəfi olan şəxslər tərəfindən imzalanmış və hərəkətlərinin hüquqi nəticələri onlara məlum olmuşdur. İddiaçı kredit müqaviləsinin aldatma nəticəsində bağlanmasına və müqaviləni bağlayarkən məlumatlandırılmamasına istinad etsə də, qeyd edilən halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da, Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Əksinə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisələndirilən müqavilədə iddiaçının iradəsi ilə bağlanılmış və onun özü tərəfindən imzalanmışdır. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Digər tərəfdən məhkəmə hesab edir ki, iddiaçı hazırki tələbi irəli sürərkən qanunvericilikdə nəzərdə tutulmuş müddəti də ötürmüşdür. Belə ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 2020-ci il tarixli Qərarına əsasə Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İşin araşdırılan hallarından da göründüyü kimi iddiaçı mübahisələndirdiyi müqaviləni xx.xx.2022-ci il tarixdə bağlamış və öz izahatında da qeyd etdiyi kimi hər ay onun pensiyasından müqavilədə nəzərdə tutulan məbləğdə pul tutulur. Odur ki, iddiaçı xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malik olduğu halda müvafiq halı bildiyi vaxtdan bir ildən çox müddət keçdikdən sonra (yəni xx.xx.2023cü il tarixdə) məhkəməyə müraciət etdiyindən bu hüququ da itirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “pul tələbinə dair” iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi əsassız olduğundan rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Əfsanə Heydərova
Məhkəmə qərarları › İş №2(006)-2845/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2845/2023
26.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver