Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2861/2024 07.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Cavabdeh "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdehlər "xxxx" X5 Səhmdar Cəmiyyəti, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Avid oğlu və Cavabdeh5 qarşı "müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" X5 Səhmdar Cəmiyyəti, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Avid oğlu və Cavabdeh5 qarşı "müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh2 arasında bağlanmış 07 fevral 2015-ci il tarixli, 099UGİ/15-2 saylı ipoteka müqaviləsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi X2 tərəflərindən verilmiş yazılı izahatı müdafiə edərək iddia tələbinin rədd edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, hazırki mülki iş üzrə iddiaçıdan pulun tutulması ilə bağlı məhkəməyə tərəflərindən müraciət edilmişdir. Bununla bağlı qətnamə mövcuddur, lakin qanuni qüvvəsini almamışdır. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış, lakin qabaqcadan heç bir məlumat vermədən məhkəmə hazırlıq iclasında iştirak etməmişlər. Məhkəmə hazırki işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdeh "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, hazırda iddiaçı cavabdehlər "xxxx" KB ASC ilə Cavabdeh2 arasında bağlanmış 07 fevral 2015-ci il tarixli, 099UGİ/15-2 saylı ipoteka müqaviləsinin etibarsız sayılmasını tələb etsə də, bunu əsas iki meyarla bağlamışdır. Birinci olaraq etibaramə institundan suiistifadə etməklə bağlanmış müqavilə və ipoteka haqqında qanunun tələblərinin pozulması ilə bağlı bağlanmış ipoteka müqaviləsi. Məhkəmə bu halda ilk növbədə qeyd edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Belə ki, daha əvvəl hazırki iş üzrə İddiaçı 07 fevral 2015-ci il tarixli, 099UGİ/15-2 saylı ipoteka müqaviləsinin etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş (etibarnmədən sui istifadə etməklə və onun razılığı olmadan bağlanma barədə), lakin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4295/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında İddiaçı həmin tələbi rədd edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Bundan başqa ikinci əsas üzrə isə iddiaçı daha əvvəl qaldırdığı iddiasının Cavabdeh2 ondan xəbərsiz mənzili ipotekaya qoyması ilə əsaslandırdığı üçün məhkəmə qətnaməsi əsasında rədd edildiyini qeyd edərək, hazırda isə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 10.5-ci maddəsinə əsaslanaraq sözügedən ipoteka müqaviləsinin qanunvericiliyin heç bir tələbi nəzərə alınmadan bağlanıldığını bildirmiş və 07 fevral 2015-ci il tarixli, 099UGİ/15-2 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddia qaldırmışdır. Məhkəmə hesab edir ki, əqdə əsaslanan tələb üzrə işin icraatda olduğu və ya məhkəmə aktının qəbul edildiyi nəzərə alınmadan həmin əqdin etibarsız hesab edilməsinə dair tələblərin icraata qəbul edilməsi və baxılması yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli, 02/2022 saylı qərardadına əsasən əqdə əsaslanan iddia irəli sürülənədək tərəflər həmin əqdin etibarsız hesab edilməsinə dair tələblə məhkəməyə müraciət etməkdə sərbəstdirlər. Sadəcə olaraq, bu tələbə baxılaraq qiymət verildiyi halda, sonradan həmin əqdə əsaslanan iddiaya baxılması zamanı əvvəlki iş üzrə etibarsızlıqla bağlı qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən edilmiş hallar bu iş üçün preyudisial əhəmiyyət kəsb etməklə, təkrar qiymətləndirmə imkanını aradan qaldırmış olacaqdır. Beləliklə, mülki prosessual qanunvericiliyin qeyd edilən tələbləri baxımından belə qənaət hasil olur ki, əqdə əsaslanan iddialara baxıldığı halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsi tələblərinin irəli sürülməsi və onlara baxılması yolverilməzdir. Ona görə də, əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan MPM-in 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi cavabdeh daha əvvəl pulun tutulması ilə bağlı məhkəməyə müraciət etmiş, məhkəmənin qətnaməsi əsasında hazırki iddiaçıdan pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının əlavə olaraq “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5-ci maddəsinə əsaslanaraq hazırki iddia tələbini irəli sürməsi yuxarıda qeyd edilənlərə əsasən yolverilməzdir. Məhkəmə qeyd edir ki, hazırki tələb üzrə işin icraatına həm də işə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməli və iddiaçı Sabunçu Rayon Məhkəməsinin 2(008)-4295/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, hazırki tələbini apellyasiya qaydasında mübahisələndirməlidir (və ya mübahisələndirməli idi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər “X4” Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Avid oğlu, Cavabdeh5 qarşı "müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçıya həmçinin izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-2861/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2861/2024
07.06.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver