Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-287/2022 28.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1, yeni qaydalara görə Bakı şəhəri Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsi, 200, m5, m5 dair 09 iyun 2007-ci il tarixdə bağlanan müqavilə üzrə "xxxx" MTK-ya 11.550 ABŞ dollarının Mərkəzi Bankın kursuna ekvivalent olaraq manatla artıq ödədiyi pulun ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh MMC əsl cavabdeh "xxxx" MTK ilə əvəz edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" İK MTK ilə aralarında 09 iyun 2007-ci il tarixdə müqavilə bağlanmışdır. Müqavilənin predmetini cavabdehin ünvan 1 ünvanda (Bakı şəhəri Nəsimi rayonu 1059-cu məhəllə İ.Məmmədov ünvanında tikdiyi yaşayış kompleksinin 3-cü blokunun 5-ci mərtəbəsi) inşa etdiyi, 144,1 m2-dən ibarət 4 otaqlı mənzilin tikilərək mülkiyyətinə verilməsi təşkil edir. Müqavilənin 2.2.1-ci bəndinə əsasən alıcı müqavilədə göstərilən 144,1 m2 yaşayış sahəsinin hər kvadrat metri üçün 500 ABŞ dolları olmaqla, cəmi 72.050 ABŞ dollarının Mərkəzi Bankın kursuna ekvivalent olaraq manatla ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.2.2-ci bəndinə görə isə alıcı ümumi məbləğin 100 %-ni, yəni 72.050 ABŞ dollarını müqaviləni imzalandığı gün (09 iyun 2007-ci il) ödəmişdir. 09 iyun 2007-ci il tarixdə onun tərəfindən göstərilən mənzil üçün 72.050 ABŞ dollarının Mərkəzi Bankın kursuna ekvivalent olaraq manatla dərhal ödəmişdir. 27 mart 2019-cu il tarixli 63 saylı maliyyə arayışında göstərilir ki, ünvan 3 ünvanda yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 3-cü blokunun 5-ci mərtəbəsində ayrılmış 144,1 m2-dən ibarət 4 otaqlı 530 saylı mənzilin dəyəri tam ödənilmişdir. Qeyd edilən mənzilin dəyəri üçün onun "xxxx" MTK-ya heç bir borcu yoxdur. Göstərilən mənzilin dəyəri tam həcmdə onun tərəfindən ödənilmişdir. Bunu ona verilən maliyyə arayışı və kassa mədaxil orderinin qəbzi təsdiq edir. Göstərilən mənzil ona təhvil verilmişdir. Həmin mənzil 27 may 2021-ci il tarixdə DƏDRX-də adına hüquqi qeydiyyatdan keçmişdir. Reyestr Xidmətindən çıxarışı və mənzilin texniki pasportunu alanda ona məlum olmuşdur ki, ona satılan mənzilin ümumi sahəsi 144,1 m2 deyil, 121 m2-dir. Yəni nəzərdə tutulduğundan 23,1 m2 azdır. O isə ümumi sahəsi 144,1 m2 olan mənzilin hər kvadrat metri üçün 500 ABŞ dolları olmaqla Mərkəzi Bankın kursuna ekvivalent olaraq manatla ödəmişdir. Belə çıxır ki, o, 23,1 m2 mənzil sahəsi üçün 11.550 ABŞ dolları artıq pul ödəmişdir. Belə olan halda, həmin pul vəsaiti ona geri qaytarılmalıdır. Artıq ödədiyi pul vəsaitinin ona geri qaytarılmaması mülkiyyət hüquqlarını kobud şəkildə məhdudlaşdırır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" MTK-ya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 09 iyun 2007-ci il tarixli müqavilədən görünür ki, İddiaçı ilə "xxxx" MTK arasında sonuncunun Bakı şəhəri Nəsimi rayonu 1059cu məhəllə İ.Məmmədov ünvanda inşa etdiyi yaşayış kompleksinin 3-cü blokunun 5-ci mərtəbəsində ayrılmış 144,1 m2-dən ibarət 4 otaqlı mənzilinin İddiaçı mülkiyyətinə verilməsi barədə müqavilə bağlanmışdır. Müqavilənin 2.2.1-ci bəndinə əsasən mənzilin dəyəri 72.050 ABŞ dolları təşkil etmişdir. 09 iyun 2007-ci il tarixli kassa mədaxil orderinin qəbzindən və 27 mart 2019-cu il tarixli 63 saylı maliyyə arayışından görünür ki, payçı İddiaçı tərəfindən həmin mənzilin pay dəyəri tam şəkildə ödənilmişdir və onun cavabdehə borcu yoxdur. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 (yeni qaydalarla AZ 1078 ünvan 4 ünvanda yerləşən sahəsi 121 m2 olan mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mənzilə dair təqdim olunmuş texniki pasport göstəricilərinə, həmçinin 1 saylı Bakı Ərazi İdarəsinin 01 noyabr 2021-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilənlərə əsasən mənzilin ümumi sahəsi 121 m2, yaşayış sahəsi 70,2 m2 təşkil edir. İddiaçı hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə sahəsi 144,1 m2 olan mənzilin inşa edilərək, ona təhvil verilməsini öhdəsinə götürsə də, faktiki olaraq ona 121 m2 sahəsi olan mənzil təhvil verməklə, müqavilə üzrə öhdəliyini tam şəkildə icra etməmiş, hər m2 sahə üçün 500 ABŞ dolları hesablanmaqla, çatışmayan 23,1 m2 sahə üçün faktiki olaraq ödədiyi 11.550 ABŞ dolları həddində əsassız varlanmışdır. Məhkəmə qeyd edir ki, mənzillərin yaşayış və qeyri-yaşayış sahələrinin hesablanması Şəhərsalma və tikinti Məcəlləsinin normalarına əsasən hesablanır. Şəhərsalma və tikinti Məcəlləsinin 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Məhkəmə, ələlxüsus qeyd edir ki, cavabdeh iddiaçı qarşısında ümumi sahəsi 144,1 m2 olan mənzilin inşa edilərək təhvil verilməsini öhdəsinə götürmüşdür. Hazırda, mübahisə, mənzilin yaşayış və qeyri-yaşayış sahələrinin düzgün hesablanmaması ilə bağlı deyil, mənzilin ümumi sahəsinin müqavilədə qeyd olunan, tərəflər arasında razılaşdırılmış və qiyməti müvafiq şəkildə hesablanmış sahədən az olması ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə icra etməmiş, iddiaçıya ümumi sahəsi 144,1 m2 sahəsi olan mənzil deyil, sahəsi daha az olan mənzil təhvil vermişdir. Digər sözlə ifadə etdikdə, cavabdeh iddiaçının vəsaiti hesabına əsassız varlanmışdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə işə obyektiv, tam, hərtərəfli baxılması üçün iş üzrə müvafiq ekspertiza təyin edərək, ekspert qarşısında cavablandırılması zəruri olan suallar qoymuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul 2022-ci il tarixli 10/2678 saylı ekspert rəyindən görünür ki, ünvan 1 (yeni qaydalarla AZ 1078 ünvan 4 ünvanda yerləşən mənzilin faktiki sahəsi 129,7 m2 təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş «Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları»nın 3.8. bəndinin tələblərinə əsasən sözügedən mənzilin balkonlarının sahəsinin 1,9 və 1,8 m2 (6,4 x 0,3 və 6,0 x 0,3) təşkil etdiyi müəyyən olunur. Belə olan halda, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş «Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları»na əsasən ünvan 1 (yeni qaydalarla AZ 1078 ünvan 4 ünvanda yerləşən mənzilin ümumi sahəsi 121,0 m2 təşkil edir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Göründüyü kimi, cavabdehin iddiaçıdan mənzilin faktiki sahəsinə uyğun olaraq hesablanan dəyərindən əlavə pul vəsait alması üçün qanuni və ya müqavilə əsası yoxdur. Artıq ödənilmiş vəsait cavabdeh tərəfindən iddiaçıya qaytarılmalıdır. Artıq ödənilmiş vəsaitin həcmi hesablanarkən ekspert rəyində olan faktiki sahə əsas götürülməlidir. Beləliklə, müqavilə üzrə mənzilin razılaşdırılmış sahəsi olan 144,1 m2-dən mənzilin faktiki sahəsi olan 129,7 m2 çıxılmalı, alınan sahə 14,4 m2 təşkil edir ki, mənzilin hər kvadrat metrinin qiymətinin 500 ABŞ dolları olması nəzərə alınaraq, iddiaçının artıq ödədiyi vəsait 7.200 ABŞ dolları təşkil edir. Ödəniş qəbzindən görünür ki, məhkəmədən iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, artıq ödənilmiş 7.200 ABŞ dolları pul vəsaiti ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla cavabdeh "xxxx" MTK-dan İddiaçı xeyrinə tutulmalıdır. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. 50 manat ekspertiza xərci cavabdeh "xxxx" İK MTK-dan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Çünki, mənzilin faktiki sahəsi 121 m2 deyil, 129,7 m2 təşkil edir və müvafiq hesablama mənzilin faktiki sahəsi nəzərə alınmaqla həyata keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Artıq ödənilmiş 7.200 ABŞ dolları pul vəsaiti ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla cavabdeh "xxxx" MTK-dan İddiaçı xeyrinə tutulsun. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. 50 manat ekspertiza xərci cavabdeh "xxxx" MTK-dan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-287/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-287/2022
28.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver