Məhkəmə qərarları › İş №2(006)-2887/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2887/2021

29.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2887/2021 29.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Abbasov Rasul X1 Mahmudovna və X11 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı «qeydiyyat vəsiqəsinin və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Abbasov Rasul Maxmudoviç cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı «qeydiyyat vəsiqəsinin və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Türkmənistan SSR-də anadan olmuşdur. Uzun müddət orada yaşadıqdan sonra iddiaçı valideynləri ilə birlikdə Bakı şəhərinə köçərək məskunlaşmışlar. Həmin vaxt atası Bakı şəhəri, Azadlıq prospekti, ev 70, 49 saylı mənzilin bir hissəsini əldə etmişdir və onun adına icarə müqaviləsi bağlanmışdır. İddiaçı, atası və anası həmin evdə ailə üzvləri kimi qeyd edilmişdir. Daha sonra atası vəfat etmiş və iddiaçı öz ailəsi ilə birlikdə qeyd edilən mənzildə yaşamağa davam etmişdir. Anası isə bir müddət sonra iddiaçının bacılarının yanına Türkmənistana getmiş və bir daha geri qayıtmamışdır. Sovet dövləti dağıldıqdan sonra Türkmənistana getmək üçün xüsusi icazə tələb edildiyindən iddiaçı heç atasının qəbrini belə ziyarət edə bilməmişdir. Anası Azərbaycanı tərk etdikdən sonra iddiaçının bacıları onunla əlaqə yaratmasına imkan verməmişlər, anası isə özü barədə xəbər verməmişdir. İddiaçı dəfələrlə yerli polis orqanlarına müraciət edərək anasının Türkmənistana gedib qayıtmaması ilə bağlı müraciət edərək axtarışının elan edilməsinə nail olmuşdur. Lakin iddiaçıya onun barəsində yalnız ölkədən dəniz yolu ilə getməsi bildirilmişdir. Bundan bir müddət əvvəl iddiaçıya məlum olmuşdur ki, anası vəfat etmişdir. İddiaçının bacıları isə guya ona məxsus olan mənzildən vərəsəliklə bağlı pay almaq üçün Bakıya gəlmişlər. Bəlli olan Covid 19 pandemiyası ilə bağlı olaraq iddiaçı Rusiyadan Bakıya gələ bilmədiyindən notariat kontoruna gələrək əslində anasına heç bir mənzilin məxsus olmamasını bildirə bilməmişdir. Belə ki, atası vəfat etdikdən sonra ünvan 1 ünvanında iddiaçı yaşamışdır və evin sənədləri atasının adına rəsmiləşdirilmişdir. Həmin evlə bağlı iddiaçı tərəfindən hər hansı bir formada əməliyyat aparılması və ya özəlləşdirilməsi ilə bağlı heç yerə müraciət etməmişdir. Belə olan halda anasının 1993-cü ildə mənzili özəlləşdirməsi və bu barədə mənzildə qeydiyyatda olan və ailə üzvü kimi iddiaçının razılığının alınmaması tamamilə qanunsuzdur. İddiaçı 14 saylı Notariat Ofisinə müraciət edərək vərəsəlik işinin nə ilə bağlı açılmasını öyrəndikdə iddiaçıya məlum olmuşdur ki, 1993-cü ildə anasının adına qeydiyyat vəsiqəsi verilmişdir. Halbuki bir daha qeyd edir ki, həmin dövrdə iddiaçı mənzilin özəlləşdirilməsinə dair heç bir razılıq verməmişdir. Belə olan halda qeyd edilən qeydiyyat vəsiqəsinin və mənzilin özəlləşdirilməsi tamamilə əsassızdır və etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən iddia ərizəsini təmin edilərək Bakı şəhəri, Azadlıq prospekti, ev 70, 49 saylı mənzilə dair 17.09.1993-cü il tarixli 3348 saylı qeydiyyat vəsiqəsinin, 14 saylı Notariat Ofisinin vermiş olduğu 30.04.2021-ci il tarixli V-43/2020 saylı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, mülki işin baxışı zamanı verilmiş sorğulara əsasən əldə edilmiş məlumatlarda bildirilir ki, iddiaçının mərhum atası X21 vəfat etdikdən sonra anası X14 iddiaçıdan xəbərsiz olaraq Notariat kontoruna müraciət edərək miras qalmış mənzilin öz adına rəsmiləşdirilməsinə nail olmuşdur. Əldə edilmiş 25.08.1993-cü il tarixli Notariat işindən də müəyyən olur ki, mirası qəbul etmək istəyən şəxs nikah haqqında şəhadətnaməni notariusa təqdim etsə də, nikahdan övdadların olması barədə məlumatı notariusdan gizlətmiş və bununla da miras əmlakı tam olaraq öz adına rəsmiləşdirmişdir. Bununla da faktiki olaraq digər vərəsə İddiaçı Mahmudoviçin vərəsəlik hüququnu pozmuşdur. Daha sonra mübahisəli mənzilə dair öz adına qeydiyyat vəsiqəsi alan X15 artıq özünə məxsus mənzilə dair vəsiyyətnamə qoymuşdur. İşin halları və təqdim edilmiş sənədlərlə birmənalı şəkildə X3 hərəkətlərində qanun pozuntusunun olması sübuta yetirilir. Göstərilənlərə əsasən 13 saylı Notariat Kontorunda X4 adına verilmiş 25.08.1993-cü il tarixli İOİ/93 saylı D-İO/2952 reyestr nömrəli Qanuni vərəsəlik haqqında şəhadətnamənin, onun əsasında X4 adına Bakı şəhəri, Azadlıq prospekti, ev 70, 49 saylı mənzilə dair verilmiş seriya MH № 071942 17.09.1993-cü il tarixli qeydiyyat vəsiqəsinin, 14 saylı Notariat Ofisinin vermiş olduğu 30.04.2021-ci il tarixli V-43/2020 saylı vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş mülkiyyət hüquqlarına dair çıxarışın etibarsız hesab edilməsinə, İddiaçı mərhum X16 vərəsəsi kimi tanınması və Bakı şəhəri, Azadlıq prospekti, ev 70, 49 saylı mənzilə dair vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin, Bakı şəhəri 14 saylı Notariat Ofisinin nümayəndələri və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5 və X18 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin, Bakı şəhəri 14 saylı Notariat Ofisinin nümayəndələrin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən X19 ünvanlanmış 19.09.2017-ci il tarixli məktubun surətindən görünür ki, anası 10.10.1931-ci il təvəllüdlü X20 17.02.2008-ci il tarixdə Bakı Dəniz Limanı vasitəsilə Türkmənistan Respublikasına getmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər 13 saylı notariat ofisi tərəfindən verilmiş D-İO/2931;2952 saylı vərəsəlik işindən görünür ki, 07.03.1992-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Lenin (indiki Azadlıq) prospektində yerləşən 70 saylı evin 49 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə X17 mülkiyyətində olmuşdur; - Aşqabad şəhəri, Proletar rayon VVAQ şöbəsi tərəfindən verilmiş 20.11.1992-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X21 14.11.1992-ci ildə ölmüşdür; - 25.08.1993-cü il tarixli D-10/2952 saylı reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 14.11.1992-ci ildə vəfat etmiş X16 vərəsəsi həyat yoldaşı X6 və o, miras əmlaka ir almalıdır. Miras əmlak mərhuma məxsus Bakı şəhəri, Azadlıq prospekti, 70 nömrəli binada yerləşən 49 nömrəli mənzildən ibarətdir. İş materiallarında olan Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən verilmiş 2V-83 saylı notarial işindən görünür ki, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 17.09.1993-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Azadlıq prospektində yerləşən 70 saylı evin 49 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə X7 mülkiyyətində olmuşdur; - Bakı şəhər 14 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş və X14 tərəfindən tərtib edilmiş 07.06.2007-ci il tarixli vəsiyyətnaməyə əsasən ona məxsus olan Bakı şəhəri, Azadlıq prospektində yerləşən 60 saylı evin 49 nömrəli 2 otaqlı mənzili qızları X12 və X2 vəsiyyət etmişdir. - 5 saylı Bakı «ASAN xidmət» mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12.03.2020-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X14 09.09.2019-cu ildə Türkiyə Respublikası Ankara şəhərində ölmüşdür; - 30.04.2021-ci il tarixli 2V-83 saylı reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 09.09.2019-cu ildə ölmüş X4 vərəsəsi Nargiz Qurbanova və X18 və onlar miras əmlakdan bərabər payda 5/6 hissədə ir almalıdırlar. Miras əmlak X8 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 70 nömrəli evin, ümumi sahəsi 32,6 kv.m. olan 49 nömrəli mənzilini (torpaq sahələrindən başqa) ibarətdir. Göstərilən miras əmlakın məcburi pay hüququ üzrə 1/6 hissəsi açıq saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 06.05.2020-ci il tarixli Çıxarışın kserosurətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 70 saylı evin 49 nömrəli mənzili paylı mülkiyyət hüququ üzrə 5/12 hissə Nargiz Qurbanovanın, 5/12 hissə X9, açıq saxlanılmış 1/6 hissə X4 mülkiyyətindədir. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qüvvədə olan mülki qanunvericiliyə əsasən müddət – subyektiv hüquqların reallaşdırılması və nəticə etibarı ilə müəyyən hüquqi nəticələrin yaranması üçün müəyyənləşdirilmiş vaxt kəsiyidir. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci il sentyabrın 1-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Həmçinin, həmin Qərarda qeyd edilmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi tərəflər arasında mübahisəli hüquq münasibətləri 01 sentyabr 2000-ci il tarixədək yarandığından hazırki iş üzrə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir. 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən iddia müddətinin keçməsindən asılı olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılmaq üçün məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən qəbul edilir. Eyni Məcəllənin 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. Göstərilən Məcəllənin 78-ci maddəsinə əsasən iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Bu qaydadan istisnalar, habelə iddia müddətinin dayandırılması və iddia müddətində fasilə, SSR İttifaqı qanunvericiliyi və bu Məcəllə ilə müəyyən edilir. Qeyd olunan Məcəllənin 82-ci maddəsinin 1-ci bəndinə əsasən iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Göstərilən Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiyalarından göründüyü kimi iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən tətbiq olunur. Hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçı müddətin ötürülməsinin üzrlü səbəbləri kimi vərəsəlik hüququnun rəsmiləşdirilməsi zamanı gedən proseslərdən xəbərinin olmamasını göstərmişdir. Halbuki, atasının vəfat etməsindən və ondan sonra miras əmlakın qalmasından xəbəri olmuşdur. İddiaçının anası X10 atasından miras qalmış əmlakı qanunda nəzərdə tutulmuş müddət ərzində qəbul etdiyindən 27 ildən artıq müddət keçməsinə baxmayaraq, məhkəmə iddiaçının bundan yeni məlumatlı olmasını inandırıcı hesab etmir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunun qeyd olunan tələbinə baxmayaraq, iddiaçı həqiqətən də miras açıldığı vaxtdan vərəsəlik hüququnun qeydə alınması üçün gedən proseslərdən 27 il keçməsinə baxmayaraq, xəbərsiz olduğunu sübuta yetirə bilməmişdir. İddiaçının 14 saylı notariat ofisi tərəfindən verilmiş 30.03.2021-ci il tarixli vərəsəlik hüququ haqqında şəhalətnamənin və onun əsasında verilmiş mülkiyyət hüquqlarına dair çıxarışın etibarsız hesab edilməsi, iddiaçının atasının vərəsəsi kimi tanınması və vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı tələbi X10 adına verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin, onun əsasında verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi tələbi ilə birbaşa əlaqəli olduğundan və həmin tələblər təmin edilmədiyindən, prosesual qənaət prinsipi baxımından iddia bu hissələrdə də təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Abbasov Rasul X1 Mahmudovna və X11 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı «qeydiyyat vəsiqəsinin və vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və s» tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Abbasov Rasul X1 Mahmudovna və X11 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı «qeydiyyat vəsiqəsinin və vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və s» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar