Məhkəmə qərarları › İş №2(006)-2889/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2889/2021

02.06.2021 · Müqavilələrin ləğv edilməsi - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2889/2021 02.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit borcunun restrukturiyasiya edilməsi, kredit müqaviləsinə xitam verilməsi, güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Nəsimi rayon Məhkəməsinə müraciət edərək, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 saylı fərmanına uyğun olaraq keçmiş “Nikoyl” X4” ASC, hal-hazırkı adla Cavabdeh ASC-nin Bərdə şəhər filialı ilə onun arasında bağlanmış 06 aprel 2015-ci il tarixli, 12-SKMF-3-0-259-15 saylı kredit müqaviləsi üzrə yaranmış kredit borcunun restrukturizasiya olunması, həmin kredit müqaviləsinin xitam verilməsi və onunla güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanması öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini bildirdi və izahatında göstərdi ki, onunla keçmiş "Nikoyl" X4” Açıq Səhmdar Cəmiyyətinin Bərdə şəhər filialı, halhazırki adla ”Cavabdeh” arasında 06 aprel 2015-ci il tarixli kredit müqaviləsi bağlanılmışdır ki, bu müqaviləyə əsasən bank tərəfindən ona 36 ay müddətinə illik 6 % ödəmək şərti ilə 15 000 (on beş min) manat məbləğində kredit ayrılmışdır. Kredit müqavilələri ilə bağlı onunla bank arasında ipoteka müqaviləsi də bağlanılmışdır ki, ipoteka müqaviləsinə əsasən X5 məxsus Bərdə rayonu, Hacallı kəndində yerləşən 3 otaqlı, 141,8 kvadrat metr ümumi, 101,6 kvadrat metr yaşayış, 40,231 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evi ilə 0,73 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Lakin qeyd edilən dövrdə baş vermiş qlobal maliyyə böhranı, habelə Azərbaycan manatının devalvasiyaya uğraması səbəbindən onun da maliyyə durumum kəskin şəkildə pisləşmiş və onun bank qarşısında ödənişlərin həyata keçirilməsində problemləri yaranmışdır. Bütün bunlardan bankın da məlumatı olmuş və ödənişlərin normal həyata keçirilməsinin təmini üsulu kimi onun üçün individual ödəniş cədvəlinin tərtib edilməsi tərəfindən banka təklif edilsə də, bankın rəhbərliyi tərəfindən bu məsələ öz müsbət həllini tapmamışdır. Kreditin ödənilməsində yaranmış çətinliklərlə bağlı ödənişlərin normal qaydada həyata keçirilməsi üçün möhlət verilməsi və fərdi (individual) cədvəlin tərtib edilməsi ilə əlaqədar qeyd olunan banka dəfələrlə etdiyim müraciətlər də nəticəsiz qalmışdır. Nəticədə, iddiaçı "Nikoyl"(”Cavabdeh”) İKB ASC kredit üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimə faizinin tutulması və tutmanın ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi barədə iddia ərizəsi ilə Bərdə rayon Məhkəməsinə müraciət etmişdir. Bərdə rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli, 2(021)-2097/2018 saylı qətnaməsi ilə iddiaçı "Nikoyl" X1 və digərlərinə qarşı iddia tələbi qismən təmin edilmiş, kredit müqaviləsi üzrə ondan "Nikoyl" (”Cavabdeh”) İKB ASCnin xeyrinə 13125,0 manat əsas borcun, 1172,01 manat faiz borcunun, 20 manat cərimə borcunun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun tutulması, tutmanın ipoteka predmeti olan X5 məxsus Bərdə rayonu, Hacallı kəndində yerləşən 3 otaqlı, 141,8 kvadrat metr ümumi, 101,6 kvadrat metr yaşayış, 40,231 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evi ilə 0,73 ha torpaq sahəsinə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərraca çıxarılaraq satılması və satışdan əldə olunan pulla kreditin ödənilməsi qət olunmuşdur. Ancaq məlum olduğu kimi, məhkəmə qətnaməsinin çıxarıldığı müddətdən sonra ölkə başçısının məlum fərmanı ilə fiziki şəxslər tərəfindən vaxtı keçirilmiş kreditlərlə bağlı müvafiq hüquqi tənzimləmə aparılmışdır. Belə ki, ’’Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli,551 saylı Fərmanının 6-cı bəndində banklara tövsiyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər və borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Adı çəkilən Fərmanın 8.10-cu bəndində göstərilmişdir ki, məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. Ancaq "Nikoyl" (”Cavabdeh”) İKB ASC bugünədək bu Fərmanın tələblərini nəinki yerinə yetirməmiş, icra məmurlarının vasitəsi ilə əsassız olaraq ondan qətnamədə müəyyən edilmiş pul məbləğini almağa cəhd göstərmişdir. Hesab edir ki, bu sahədə vəziyyətin dəyişməsi və ölkə başçısının yuxarıda göstərilən Fərmanının qüvvəyə minməsi səbəbindən məhkəmə qətnaməsi ilə tənzimlənmiş mübahisəli məsələ artıq hüquqi müstəvidə deyil, ölkə başçısının sözügedən Fərmanının tələbləri əsasında bankla onun arasında çözülməli idi və onun bank qarşısında olan kredit borcu restrukturizasiya edilməklə cavabdehlə onun arasında güzəştli şərtlərlə yeni kredit müqaviləsi bağlanılmalı di. Belə ki, onun borclu olduğu kredit məbləği ölkə başçısının yuxarıda qeyd olunan fərmanının təsiri altına düşmüşdür. Təəssüf ki, kredit borcunun restrukturizasiya edilməklə onunla güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılması barədə cavabdehə dəfələrlə etdiyi şifahi və yazılı müraciətlər bugünədək hər hansı bir nəticə verməmişdir. 2019-cu və 2020-ci illər ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına etdiyi bir neçə yazılı müraciətləri baxılması üçün təkrarən "Nikoyl"(”Cavabdeh”) İKB ASC-ə göndərilmiş, ancaq sonuncu buna da əhəmiyyət verməmişdir. Halbuki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin ''əlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 fevral tarixli 551 nömrəli Fərmanının 3.1-ci və 7.3-cü bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 288 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin 4.10.12-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin ********** №-li 27 mart 2019-cu il tarixli Qərarı qəbul edilmişdir ki, onun aldığı kredit məbləği də həmin qərara əsasən tənzimlənməli və onun tələblərinə uyğun olaraq restrukturizasiya edilməlidir. Məlum olduğu ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilmiş və onun səlahiyyətləri hal-hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Onun Azərbaycan Respublikasının Mərkəzi Bankına etdiyi sonuncu müraciətinə əsasən onunla telefon əlaqəsi saxlanılaraq bildiurilmişdir ki, cavabdehin təqdim etdiyi kredit borcu restrukturizasiya olunan şəxslərin siyahısına əsasən onun adına da müvafiq qurumun yaratdığı elektron portalda əks olunmuş və kredit borcunun faizləri silinərək onun adına güzəştli şərtlərlə müvafiq kredit məbləğinin ayrılması müəyyən olunmuşdur. Cavabdehin bugünədək onun yeni müqavilə çağlamadığını nəzərə alaraq bunun məsuliyyətinin "Nikoyİ" (”Cavabdeh”) İKB ASC-nin üzərinə düşdüyü bildirilərək ona müvafiq qaydada məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bütün bu səbəblərə görə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. ’’Azərbaycan Respublikasında fizika şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 saylı Fərmanının 5.1-ci bəndinə əsasən bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682.000000 manat mabləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsinin təmin edilməsi Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Beləliklə, Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və aşağıda qeyd olunan maddi və prosessual hüquq normalarına uyğun olaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Respublikası Mərkəzi Bankının 05 noyabr 2020-ci il tarixli məktubundan görünür ki, Sizin müraciətinizə Azərbaycan Respublikasının Mərkəzi Bankının Apelyasiya Komissiyasında baxılmışdır. Mərkəzi Banka daha əvvəl daxil olmuş müraciətinizlə bağlı Sizə 28 avqust 2020-ci il tarixli, 26-13930-2020 saylı və 22 sentyavr 2020-ci il tarixli, 26-15268-2020 saylı məktublarla cavab verilmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı (Fərman) fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə hazırlanmışdır. Fərmanın icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla 27 mart 2019-cu il tarixdə ********** nömrəli Qərarla Palata tərəfindən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiq edilmişdir. Fərmanın 1-ci hissəsinə əsasən devalvasiyaların baş verdiyi tarixlərə (21.02.2015ci və 21.12.2015-ci il tarixlərə) fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinə kompensasiyaların verilməsi, habelə 01 mart 2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollaradək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası nəzərdə tutulmuşdur. Fərmanın 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləği, ödəniş ediləcək fiziki şəxslərin siyahısı və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləği qırx beş gün müddətində müəyyən edilməli və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bərdə rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli, 2(021)-2097/2018 saylı qətnaməsi ilə iddiaçı "Nikoyl" X1 və digərlərinə qarşı iddia tələbi qismən təmin edilmiş, kredit müqaviləsi üzrə ondan "Nikoyl" (”Cavabdeh”) İKB ASC-nin xeyrinə 13125,0 manat əsas borcun, 1172,01 manat faiz borcunun, 20 manat cərimə borcunun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun tutulması, tutmanın ipoteka predmeti olan X5 məxsus Bərdə rayonu, Hacallı kəndində yerləşən 3 otaqlı, 141,8 kvadrat metr ümumi, 101,6 kvadrat metr yaşayış, 40,231 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evi ilə 0,73 ha torpaq sahəsinə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərraca çıxarılaraq satılması və satışdan əldə olunan pulla kreditin ödənilməsi qət olunmuşdur. Ancaq məlum olduğu kimi, məhkəmə qətnaməsinin çıxarıldığı müddətdən sonra ölkə başçısının məlum fərmanı ilə fiziki şəxslər tərəfindən vaxtı keçirilmiş kreditlərlə bağlı müvafiq hüquqi tənzimləmə aparılmışdır. Belə ki, ’’Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli,551 saylı Fərmanının 6-cı bəndində banklara tövsiyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər və borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Məhkəmə iddia tələblərinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit borcunun restrukturiyasiya edilməsi, kredit müqaviləsinə xitam verilməsi, güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanması” tələbinə dair iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddia qismən təmin edilməli, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 saylı fərmanına uyğun olaraq keçmiş “Nikoyl” X4” ASC, hal-hazırkı adla Cavabdeh ASC-nin Bərdə şəhər filialı ilə onun arasında bağlanmış 06 aprel 2015-ci il tarixli, 12-SKMF-3-0- 259-15 saylı kredit müqaviləsi üzrə yaranmış kredit borcunun restrukturizasiya olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 saylı fərmanına uyğun olaraq keçmiş “Nikoyl” X4” ASC, hal-hazırkı adla Cavabdeh ASC-nin Bərdə şəhər filialı ilə onun arasında bağlanmış 06 aprel 2015-ci il tarixli, 12-SKMF-3-0-259-15 saylı kredit müqaviləsi üzrə yaranmış kredit borcunun restrukturizasiya olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar