Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2897/2024 02.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı1 nümayəndəsi X4, digər nümayəndəsi (vəkili) Vəkil, İddiaçı2, Cavabdeh2 MMC-nin nümayəndələri X2 və Nümayəndə iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı6 və İddiaçı5 cavabdehlər Cavabdeh1 MMMC-yə və Cavabdeh2 MMC-yə qarşı «müqavilənin və iclas protokollarının etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı6 və İddiaçı5 cavabdehlər Cavabdeh1 MMMC-yə və Cavabdeh2 MMC-yə qarşı «müqavilənin və iclas protokollarının etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMMC-nin İdarə Heyəti ilə Cavabdeh2 MMC arasında bağlanmış «Xidmətlərin göstərilməsi haqqında» xx.xx.2022-ci il tarixil 01/22 nömrəli müqavilənin bağlandığı andan, Cavabdeh1 X10 xx.xx.2022-ci il tarixil 01/22 saylı və xx.xx.2023-cü il tarixli 01/22 nömrəli qərarlarının (protokollarının) isə qəbul edildiyi andan etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıların yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 787-ci məhəllə Xətai prospekti 40 A ünvandakı 16 mərtəbəli (+mansard), 3 girişli kooperativ yaşayış binası mövcud vəziyyətdə istismara 2015-ci il tarixdə qəbul edilmişdir. Binanın mənzillərinin satışı hələ istismara qəbuldan xeyli əvvəldən başlamış, alğı-satqıdan sonra alıcılar tərəfindən özəlləşdirilmişdir. İddia üzrə 1-ci Cavabdeh1 xx.xx.2022-ci il tarixdə təsis edilmiş, xx.xx.2022-ci il tarixdə isə dövlət qeydiyyatına alınmışdır. İddiaçılara məlum olmuşdur ki, binaya və orada yaşayan sakinlərə müvafiq xidmətlərin göstərilməsi məqsədi ilə cavabdehlər, yəni Cavabdeh1 MMMC-nin İdarə Heyəti ilə Cavabdeh2 MMC arasında «Xidmətlərin göstərilməsi haqqında» xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmışdır. Cavabdeh1 MMMC-nin X10 xx.xx.2022-ci il tarixli 01/22 saylı protokolu ilə kommunal xidmət haqlarının xx.xx.2022-ci il tarixdən satış müqaviləsindəki hər m2 üçün 0,40 manat, MMMC-nin X10 xx.xx.2023-cü il tarixli 01/22 nömrəli protokolu ilə kommunal xidmət haqlarının xx.xx.2023-cü il tarixdən hər m2 üçün 0,50 manat məbləğində təyin edilməsi qərara alınmışdır. İddiaçılar hesab edirlər ki, cavabdehlər arasında bağlanmış yuxarıda göstərilən «Xidmətlərin göstərilməsi haqqında» xx.xx.2022-ci ii tarixli 01/22 nömrəli müqavilə bağlandığı andan, Cavabdeh1 MMMC-inin X10 xx.xx.2022-ci il tarixli 01/22 saylı və xx.xx.2023-cü il tarixli 01/22 nömrəli protokolları (qərarları) isə qəbul edildiyi andan etibarsız hesab edilməlidir. Belə ki, Cavabdeh1 MMMC-nin İdarə Heyəti subyektiv hüquqa malik olmadığı halda, yəni mənzil qanunvericiliyi ilə cəmiyyətin ümumi yığıncağının səlahiyyətinə aid olan məsələlər (o cümlədən binanın idarə edilməsi, cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarının müəyyən edilməsi) üzrə qərarlar (protokollar) qəbul etmiş və müqavilə bağlamışdır. Mənzil Məcəlləsinin 122.1 və 122.1.1-ci maddələrinə əsasən qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüququ kimi müəyyən olunmuşdur. Mənzil Məcəlləsinin 125.2.4-cü maddəsinə əsasən cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək ümumi yığıncağın səlahiyyətinə aid olunmuşdur. Mənzil Məcəlləsinin 138.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin və ya mənziltikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin bu Məcəllənin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir. Göründüyü kimi, cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarı cəmiyyətin ümumi yığıncağının deyil, İdarə Heyətinin qərarı ilə müəyyən olunmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçı1 nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.Həmçinin bildirdi ki, ümumi yığıncaq keçirilmədən nə xidmət haqqları müəyyən edilə bilərdi, nə də də xidmətlərin göstərilməsi ilə bağlı müqavilə bağlana bilərdi. İdarə Heyətinin belə bir səlahiyyəti olmamışdır. İddiaçı1 nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.Həmçinin bildirdi ki, tərəflər arasında bundan əvvəl olmuş məhkəmə mübahisələri zamanı da həmin müqavilənin bağlanmasına apellyasiya məhkəməsi tərəfindən münasibət göstərilmişdir. İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, təmsil etdiyi hüquq şəxslə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti arasında bağlanmış müqavilənin etibarsız sayılması üçün əsaslar yoxdur, müqavilə qanunla nəzərdə tutulmuş qaydada bağlanmışdır və həmin müqavilə üzrə nəzərdə tutulmuş xidmətlər də tərəflərindən göstərilməkdədir. Odur ki, həmin müqavilənin etibarsızlığına əsaslar yoxdur, buna dair iddia əsassızdır və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 MMC-nin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia tələbi əsassızdır. Müştərək Cəmiyyət qeydiyyatdan keçən zaman ümumi yığıncaqda Cavabdeh2 də dəvət edilmişdi. Həmçinin, Vüqar bəy də iclasda iştirak etmiş və razılıq vermişdir. Onlar tərəfdən xidmətlərin göstərilməsində cəmiyyətin heç bir vəzifəsi dəyişməmişdir. Müqavilə olduğu kimidir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, digər iddiaçılar və Cavabdeh1 MMMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə mülki işə gəlməyən digər iddiaçıların və Cavabdeh1 MMMC-nin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 12 iyun 2015-ci il tarixli RX seriyalı ******* saylı, 13 oktyabr 2017-ci il tarixli RX seriyalı ******* saylı, 07 avqust 2019-cu il tarixli ********** qeydiyyat nömrəli, 21 sentyabr 2017-ci il tarixli RX seriyalı ******* saylı, 30 dekabr 2016-cı il tarixli RX seriyalı ******* saylı, 10 fevral 2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 40a saylı evin 100 saylı mənzili İddiaçı3 adına, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 40a saylı evin 3-cü girişində yerləşən 163 saylı mənzili İddiaçı1, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 787-ci məhəllə 40a saylı evin 3-cü girişində yerləşən 159 saylı mənzili İddiaçı2, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 40a saylı evin 179 saylı mənzili İddiaçı4, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 40a saylı evin 2-ci girişində yerləşən 61 saylı mənzili İddiaçı6, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 787-ci məhəllə 40a saylı evin 82 saylı mənzili İddiaçı5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh1 X10 xx.xx.2022-ci il tarixil 01/22 saylı protokolunda qeyd edilmiş qərarından görünür ki, binaya tam və hərtərəfli baxış keçirilib tədbirlər planı hazırlanaraq müzakirə olunması və təsdiqlənməsi üçün MMMC-nin idarə heyətinə təqdim edilməsi, binanın idarə olunmasının Cavabdeh2 MMC-yə həvalə olunması, kommunal xidmət haqlarının xx.xx.2022-ci il tarixdən Bakı şəhərindəki təcrübə nəzərə alınaraq satış müqaviləsindəki hər m2 üçün 0,40 manat təyin edilməsi, kommunal xidmət haqqını ödəməyən mənzil mülkiyyətçiləri ilə sonuncu danışıqların aparılmasının Aşur Ağayevə həvalə edilməsi, sanitar-kpidemioloji vəziyyət nəzərə alınaraq mərtəbələrdən məişət tullantıları toplanan qabların yığışdırılması və həmin xidmətin dayandırılması qərara alınmışdır. Cavabdeh1 MMMC-nin İdarə Heyəti ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixil 01/22 nömrəli «Xidmətlərin göstərilməsi haqqında» müqavilədən görünür ki, müqavilə tərəfləri olaraq Cavabdeh1 MMMC-nin idarə heyətinin sədri xanım X5 və Cavabdeh2 MMC-nin direktoru Loğma Cəmaləddinov arasında müqavilədə nəzərdə tutulmuş xidmətlərin göstərilməsi haqqında müqavilə və həmin müqaviləyə 1 saylı Əlavə bağlanmışdır. Cavabdeh1 X10 xx.xx.2023-cü il tarixli 01/22 nömrəli protokolunda qeyd edilmiş qərarından görünür ki, liftlərin ana platalarında tənzimlənmə işlərinin aparılması, kommunal xidmət haqlarının xx.xx.2023-cü il tarixdən hər m2 üçün 0,50 manat təyin edilməsi, kommunal xidmət haqqını ödəməyən mənzil mülkiyyətçiləri ilə sonuncu danışıqların aparılmasının Aşur Ağayevə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-6283/2023 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli 2(007)-461/2023 nömrəli qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 mart 2023cü il tarixli 2(007)-461/2023 nömrəli qətnaməsi qismən-X1 1304,7 manat pulun tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmış, Cavabdeh2 MMCnin X1 1304,7 manat pulun tutulması tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-2544/2024 saylı qətnaməsindən görünür ki, cavabdehlər İddiaçı3 və İddiaçı1 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-429/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Cavabdeh2 MMC-nin cavabdehlər İddiaçı3 və İddiaçı1 qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 122.1 və 122.1.1-ci maddələrinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq. 122.2-ci maddəsinə əsasən əgər bu çoxmənzilli binanın sahə mülkiyyətçilərinin hüquqlarını və qanuni mənafelərini pozmursa, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti aşağıdakı hüquqlara malikdir: 122.2.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının bir hissəsini istifadəyə və ya məhdud istifadəyə vermək; 122.2.2-ci maddəsinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilmiş qaydada çoxmənzilli binanın ümumi əmlakının bir hissəsində əlavə tikinti və yenidənqurma işləri (o cümlədən ümumi əmlakın genişləndirilməsi və ya üstünün tikilib artırılması) aparmaq; 122.2.3-cü maddəsinə əsasən torpaq sahələrini mənzil tikintisinin həyata keçirilməsi, təsərrüfat və digər tikililərin tikilməsi və sonradan istismar edilməsi məqsədi ilə istifadəyə götürmək və ya çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə satın almaq; 122.2.4-cü maddəsinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq çoxmənzilli binanın sahə mülkiyyətçiləri adından və onların hesabına həmin binaya bitişik olan ayrılmış torpaq sahələrində tikinti işləri aparmaq; 122.2.5-ci maddəsinə əsasən əqdlər bağlamaq və cəmiyyətin məqsəd və vəzifələrinə uyğun olan digər hərəkətlər etmək. 125.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və bu Məcəllə, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır. 125.2.4-cü və 125.2.12-ci maddələrinə əsasən cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək və çoxmənzilli binanın ümumi əmlakının icarəyə verilməsi və ya bu əmlaka dair digər hüquqların verilməsi haqqında, həmçinin bu Məcəllənin 122.2.1.-122.2.4-cü maddələrində nəzərdə tutulmuş məsələlər üzrə qərarlar qəbul etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aiddir. 129.2-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin sədri cəmiyyətin adından etibarnamə verilmədən hərəkət edir, ödəniş sənədlərini imzalayır və qanunvericiliklə, cəmiyyətin nizamnaməsi ilə idarə heyətinin və ya cəmiyyət iştirakçılarının ümumi yığıncağının razılığını tələb etməyən əqdlər bağlayır, çoxmənzilli binaya xidmət göstərən işçilərə dair cəmiyyətin daxili qaydalarını və onların əməyinin ödənilməsinə dair təklifləri işləyib hazırlayır və təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim edir. 138.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin bu Məcəllənin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 349-cu maddəsinə əsasən hüquqi şəxsin öz nizamnaməsində müəyyənləşdirilmiş fəaliyyət məqsədlərinə zidd olaraq bağladığı əqd, əgər əqddə iştirak edən digər tərəfin onun qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu sübuta yetirilərsə, həmin hüquqi şəxs və ya onun təsisçisi tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Təqdim olunmuş sənədlərdən göründüyü kimi, Cavabdeh1 MMMC-nin İdarə Heyətinin iclasında kommunal xərclər və s. barədə qərarlar qəbul edilmiş, həmçinin İdarə Heyətinin sədri şəxsində və digər Cavabdeh2 MMC ilə xx.xx.2022-ci il tarixil 01/22 nömrəli «Xidmətlərin göstərilməsi haqqında» müqavilə bağlamışdır. Halbuki bu qəbildən olan qərarların qəbul edilməsi mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aiddir. Qeyd etmək lazımdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin 35 və 36-cı bəndlərində göstərilmişdir ki, Mənzil Məcəlləsinin 122.1 cə 122.1.1-ci maddələrinə əsasən qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüququ kimi müəyyən olunmuş, həmin Məcəllənin 125.2 və 125.2.12-ci maddələrinə əsasən çoxmənzilli binanın ümumi əmlakının icarəyə verilməsi və ya bu əmlaka dair digər hüquqların verilməsi haqqında, həmçinin bu Məcəllənin 122.2.1-122.2.4cü maddələrində nəzərdə tutulmuş məsələlər üzrə qərarlar qəbul etmək ümumi yığıncağın səlahiyyətinə aid edilmişdir. Yəni idarəçinin seçilməsi yalnız ümumi yığıncağın səlahiyyətində olan məsələdir və Məcəllənin 127.2-ci maddəsində də qeyd olunmuşdur ki, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aid edilən məsələlər istisna olmaqla, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti cəmiyyətin fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə qərarlar qəbul edə bilər.Lakin işin hallarından görünür ki, bu barədə ümumi yığıncağın qərarı mövcud deyildir, binanın idarə olunmasının Cavabdeh2 MMC-yə həvalə olunması Mənzil Məcəlləsinin 127.2-ci maddəsini tələblərinə zidd olaraq MMMC-nin X10 xx.xx.2022-ci il tarixli 01/2 saylı protokolu əsasında həyata keçirilmişdir.Halbuki bu barədə ümumi yığıncağın qərarı olduqdan sonra Mənzil Məcəlləsinin 128.0.4-cü maddəsinə müvafiq olaraq idarə heyəti həmin qərara uyğun olaraq çoxmənzilli binanı (binaları) idarə etmək və ya idarə olunmasına dair müqavilə bağlaya bilərdi. Göründüyü kimi, Cavabdeh1 MMMC tərəfindən Mənzil Məcəlləsində təsbit olunmuş müvafiq maddi hüquq normasının imperativ xarakterli göstərişinə riayət olunmadan (subyektiv hüquq) qərarlar qəbul edilmiş və həmin qərarlara istinad olunaraq, digər Cavabdeh2 MMC ilə «Xidmətlərin göstərilməsi haqqında» müqavilə bağlanmışdır. Belə olduğu təqdirdə, istər yuxarıda göstərilən qərarlar, istərsə də bağlanmış müqavilə özözlüyündə etibarsızdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilən hal ondan ibarətdir ki, hazırki iş üzrə iddiaçılar Cavabdeh1 MMMC-nin ümumi yığıncaq keçirilmədən, müvafiq məsələlərə dair qərarlar qəbul edilmədən Cəmiyyətin İdarə Heyəti tərəfindən cəmiyyətin idarəetməsinin həyata keçirilməsinin digər Cavabdeh2 MMC-yə həvalə edilməsindən və həmçinin eyni prosedurlara riayət edilmədən müvafiq ödənişlərin İdarə Heyətinin üzvləri tərəfindən müəyyən edilməsindən narazıdılar. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçıların binanın yaşayış sahələrinin mülkiyyətçiləri kimi binada xidmət haqları ilə bağlı mütləq ödənişlərin müəyyən edilməsində qanunla nəzərdə tutulmuş iştirakları təmin edilməmiş, bunun üçün ümumi yığıncaq keçirilməmişdir. X12 səlahiyyətlərinə aid olmayan məsələ ilə bağlı qanunsuz qərar qəbul etmişdir. Eyni zamanda hazırki iş üzrə iddiaçıların da iştirakı və razılığı əsasında idarəetmə formasının müəyyənləşdirilməsində mövqeləri öyrənilməmiş və İdarə Heyəti öz seçiminə əsasən digər Cavabdeh2 MMC ilə müqavilə bağlayaraq Cəmiyyətə müvafiq xidmətlərin göstərilməsini xidmət müqaviləsi əsasında Cavabdeh2 MMC-yə tapşırmışdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh1 MMMC-nin İdarə Heyəti ilə Cavabdeh2 MMC arasında bağlanmış «Xidmətlərin göstərilməsi haqqında» xx.xx.2022ci il tarixil 01/22 nömrəli müqavilə bağlandığı andan, Cavabdeh1 X10 xx.xx.2022-ci il tarixil 01/22 saylı və xx.xx.2023-cü il tarixli 01/22 nömrəli qərarları (protokolları) isə qəbul edildiyi andan etibarsız hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 MMMC-nin İdarə Heyəti ilə Cavabdeh2 MMC arasında bağlanmış «Xidmətlərin göstərilməsi haqqında» xx.xx.2022-ci il tarixil 01/22 nömrəli müqavilə bağlandığı andan, Cavabdeh1 X10 xx.xx.2022-ci il tarixil 01/22 saylı və xx.xx.2023-cü il tarixli 01/22 nömrəli qərarları (protokolları) isə qəbul edildiyi andan etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2897/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2897/2024
02.08.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver